Tamella Şuşalı: “ŞUŞA, ZÜMRÜD GÖZLÜM, MƏĞRUR ŞƏHƏRİM”

Tamella Şuşalı: “ŞUŞA, ZÜMRÜD GÖZLÜM, MƏĞRUR ŞƏHƏRİM” Tamella Bəhmən qızı Həsənova (Şuşalı) - 1961-ci il noyabrın 18-də Şuşa şəhərində anadan olub.
1984-cü ildə Xankəndi Pedaqoji İnstitutunu Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirib.
1988-2005-ci illərdə Gəncə Dövlət Universitetində müəllim işləyib.
Hazırda Gəncə şəhər M.A.Abbaszadə adına 20 nömrəli tam orta məktəbin müəllimidir.
Bədii yaradıcılıqla da məşğul olur, müxtəlif mövzularda şeirlər qələmə alır.
Yaradıcılığının əsasını Vətən mövzulu əsərlər təşkil edir.
"Şuşamı axtarıram" adlı şeirlər kitabının müəllifidir.

Hazırda "Borçalı" nəşriyyatında müəllifin “Şuşa, zümrüd gözlüm, məğrur şəhərim” adlı ikinci kitabı nəşrı hazırlanır.

Kitabın redaktoru - pedaqoji elmlər doktoru, professor Rüfət Lətif oğlu Hüseynzadə kitaba ön söz yazıb.

Müəllifi ürəkdən təbrik edir, ona yen-yeni uğurlar arzulayır və aşağıda həmin ön sözü dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az



QƏLBİN VƏTƏN HARAYI

Bu gün yetişən gənc nəslin milli ruhda, mənəvi vətənpərvərlik ruhunda tərbiyəsi daha böyük aktuallıq və əhmiyyət kəsb edir.
Budur, vətənpərvərliklə bağlı dəyərli bir əsər qarşımdadır. İkinci Qarabağ müharibəsində - Böyük Vətən Müharibəsində qələbələrimizdən ruhlanan şair Tamella Şuşalı şeirlərini vətənə, elinə, obasına həsr etmiş, azad olmuş Şuşanın təbiətindən: gülündən, çiçəyindən, dağlarından yazmış, Xarıbülbülündən, möhtəşəm Şuşa qalasından, Vaqifin, Zakirin və Natəvanın şeirlərindən ilham alaraq dəyərli söz çələngi yaratmış, "Şuşa, zümrüd gözlüm, məğrur şəhərim" şeirlər kitabını ərsəyə gətirmişdir.
Şuşa işğaldan azad olanda möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin dediyi: "Əziz Şuşa, sən azadsan!Əziz Şuşa biz qayıtmışıq! Əziz Şuşa biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" - kimi qalibiyyətli, zəfər dolu sözlər hər bir Azərbaycan vətəndaşına, o cümlədən şairimiz Tamella xanımın qələminə güc, ürəyinə təpər vermiş, yüksək vətənpərvərlik ruhunda bu dəyərli şeirlər kitabını yaratmışdır.
Şair bütün qəlbini doğma Vətənə bağlayıb, onun taleyi və dərdi-səri ilə yaşayır. O hələ ll Qarabağ müharibəsi başlamazdan əvvəl gəncliyin dili ilə Ana Vətənə müraciət edirdi:

Tutduğumuz haqq yoludur,
Vətən, çağır, gələrəm.
Bircə qarış torpağınçün
Can verərəm, ölərəm.


44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi şücaət və qəhrəmanlıq müəllifin şeirlərinə və misralarına hopmuş, hər bir itirilmiş ərazimiz mənfur düşmənlərdən təmizləndikcə müəllif yüksək bədii dillə Ordumuzla, əsgərlərimizlə, Ali Baş Komandanımızla fəxr edir:

Cəbrayıl, Füzuli, Zəngilan, Laçın
Bir-bir azad olub tapır əlacın,
Tez olun, Qalanın qapısın açın,
Bir günəştək doğsun cahana Şuşa.


Misralardan aydın göründüyü kimi, müəllif həsrətini çəkdiyi, özünə müqəddəs məbəd sandığı doğma Şuşanın azad olmasını böyük sevinc hisləri ilə qarşılayır:

Yenə Cıdırında nəğmələr dindi,
Natəvan dil açdı, Vaqif sevindi,
Ərlər sayəsində azaddır indi,
Məsciddə yüksəldi səsi azanın,
Ruhun qaytardılar Azərbaycanın.


Kitabdakı diqqəti çəkən şeirlərdən biri də "Durnalar"dır. Sələfləri M.P.Vaqifin və Q.Zakirin Şuşa nisgili ilə dindirdiyi durnaları müəllif Şuşa fatehləri - qəhrəman igidlərimizin başı üzərində pərvazlandıraraq şəhidlərimizin də ruhunu şad etmişdir. Klassiklərimizdən fərqli olaraq şairin durnaları qəmgin-qəmgin ötmürlər, zəfər halayı çəkirlər.
Gözəl qələm sahibi olan Tamella Şuşalının müxtəlif şeir janrlarından istifadə etməsi diqqətəlayiqdir. Belə ki, o, bayatı, qoşma, təcnis, qəzəl janrlarında qələmini sınamış, sərbəst şeirlər də yazmışdır. Çox sevindirici haldır ki, onun yaratdığı qəzəllərində Füzulinin və həmyerlisi Natəvanın ruhu duyulur:

Axtarma təbib, bulma əlac, ruhu fərah tut,
Dərd anlamayan dərdinə dərman ola bilməz.


Təcnis janrına müraciət etməsi və uğurlu cinas qafiyələr yaratması onu göstərir ki, Tamella Şuşalı aşıq şeir janrlarına da dərindən bələddir:

Sevgi dənizində odlanıb yandım,
Alışıb odumdan o su da yandı,
Dərdimi söylədim axan çaylara,
Eşidib kövrəldi, bax su dayandı.


Müəllifə uğurlar arzulayır, Qarabağın tacı, Azərbaycanın mədəniyyət Şuşa paytaxtı haqqında, vətənpərvərlik ruhunda daha yeni əsərlərin meydana gəlməsini diləyirəm.

Rüfət Lətif oğlu
Hüseynzadə
Pedaqoji elmlər doktoru,
professor


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: