SƏMƏD VURĞUNUN “AZƏRBAYCAN” EPOPEYASI, YAXUD “QIRMIZI ÜZLÜ ALBOM”UN TARIXÇƏSI...

SƏMƏD VURĞUNUN “AZƏRBAYCAN” EPOPEYASI, YAXUD  “QIRMIZI ÜZLÜ ALBOM”UN TARIXÇƏSI... Aslan SALMANSOY
(filologiya elmləri doktoru)

SƏMƏD VURĞUNUN “AZƏRBAYCAN” EPOPEYASI, YAXUD
“QIRMIZI ÜZLÜ ALBOM”UN TARIXÇƏSI...


Səməd Vurğunun “Azərbaycan” adlı poema yazması, əslində, ədəbiyyatşünaslığa çoxdan - 1930-cu illərin ortalarından, şairin əsər üzərində işlədiyi vaxtlardan məlumdur: bu barədə həm müəllifin özü, həm dostları, həm də bəzi vurğunşünaslar məlumat vermişlər. Lakin poemanın müəyyən səbəblər üzündən avtoqrafında olduğu kimi, bütöv şəkildə çap edilməməsi, eləcə də bəzi ədəbiyyatşünasların əsərin özünü - avtoqrafını görmədən, tarixçəsini kifayət qədər öyrənmədən öz ehtimallarına, gümanlarına əsasən mülahizələr irəli sürmələri, əsərlə bağlı dolaşıq fikirlərin meydana çıxmasına səbəb olmuşdur. Əvvəlcə əsərlə bağlı söylənən mülahizələrə nəzər salaq.

S.Vurğunun “Əsərləri”nin altıcildliyində deyilir: “S.Vurğun 1937-ci ildə “Azərbaycan” epopeyası adı ilə əsər yazmaq fikrində olmuş və onu Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 15 illiyi münasibətilə elan edilmiş müsabiqəyə təqdim etmək istəmişdir. Məşhur “Azərbaycan” şeiri epopeyanın proloqu kimi nəzərdə tutulmuş və buraya “Aslan qayası”, “26-lar”, “Dar ağacı” kimi poemalar daxil imiş. Bunu şairin arxivində saxlanan qırmızı üzlü albom da təsdiq edir. Lakin görünür, S.Vurğun sonralar fikrini dəyişmiş və əsəri müsabiqəyə verməmişdir”.
B.Vahabzadə də S.Vurğunun Azərbaycanda sovet hakimiyyəti qurulmasının 15-ci ildönümü münasibətilə elan olunmuş müsabiqə üçün “Azərbaycan” adlı “böyük bir poema” yazdığını, “Azərbaycan” şeirinin bu əsərin proloqu, bir çox poemaların isə (“Dar ağacı”, “26-lar”, “Aslan qayası”, “Qız qayası”, “Talıstan”) həmin əsərin hissələri olduğunu bildirir. Müəllif, əsərin adı çəkilən Müsabiqəyə təqdim edilib-edilməməsi barədə məlumat vermir.
Qırmızı üzlü albomu görüb, təsvirini verən Q.Bayramov da S.Vurğunun bu epopeyanı adı çəkilən Müsabiqəyə təqdim etmək istədiyini, “sonra nədənsə fikrini dəyişdiyini” bildirir.
H.Babayevin əsərlə bağlı fikirlərinin bir qismi əvvəlkilərin təkrarı olsa da, müəllif fərqli mülahizələr də irəli sürür. O, “1930-cu illərin ortalarında S.Vurğunun “Azərbaycan” epopeyası üzərində düşünməyə başladığını, 30-cu illərdə bu epopeyanın xeyli hissəsini qələmə aldığını, sonralar isə Zamanın əsərin planını korrektə etdiyini və onun müəllif tərəfindən daha da genişləndirildiyini” diqqətə çatdırır, eləcə də şairin 1952-ci ildə qələmə aldığı “Zamanın bayraqdarı” poemasının “Azərbaycan” epopeyasını layiqincə tamamladığını bildirir. Başqa sözlə, müəllif “Zamanın bayraqdarı” poemasının da “Azərbaycan” epopeyasının tərkib hissəsi olduğunu güman edir.
Xəlil Rza isə “Bakının dastanı” poemasının “Azərbaycan” epopeyasına daxil olduğunu ehtimal edir: “Zənnimizcə, “Bakının dastanı” bu epopeyanın davamıdır. Çünki, heç ola bilməz ki, Azərbaycandan bəhs etdiyin halda yeni dövrdə onun bütün iqtisadi, siyasi, mədəni nailiyyətlərini özündə təcəssüm etdirən Bakıdan - Azərbaycanın ürəyindən danışmayasan”.
Y.Axundlu “S.Vurğunun otuz poema şəklində düşündüyü “Azərbaycan” dastanına şairin 1948-ci ildə yazdığı “Muğan” poemasının da daxil olduğunu bildirir”.
A.Zeynallı “Səməd Vurğun sənəti” monoqrafiyasında şairin “Azərbaycan epopeyası” adlı çıxışından bir hissəni və altıcildliyin V cildində tərtibçilərin yuxarıda təqdim etdiyimiz qeydini xatırlatdıqdan sonra yazır: “Bütün bunlar və eləcə də “Ordenli qəhrəman” poemasının əldə olmaması bir daha sübut edir ki, S.Vurğun qabaqcadan nəzərdə tutduğu və “Azərbaycan epopeyası”na daxil etmək istədiyi 30 poemanın hamısını tamamlaya bilməmişdir.” Müəllif daha sonra yazır: “S.Vurğunun söz xəzinəmizə bəxş etdiyi 26 poemadan 22-ni, o cümlədən “Komsomol poeması”, “Macəra”, “Muradxan”, “Xumar”, “Lökbatan”, “Kənd səhəri”, “Acı xatirələr”, “26-lar”, “Qız qayası”, “Aslan qayası”, “Bulaq əfsanəsi”, “Dar ağacı”, “Ölən məhəbbət”, “Üsyan”, “Bəsti”, “Yazla qışın deyişməsi”, “Ayın əfsanəsi”, “Hörmüz və Əhrimən”, “Bakının dastanı”, “Muğan” və “Aygün” əsərlərini bu epopeyanın ayrı-ayrı fəsilləri hesab etmək olar”.
Müşahidələr S.Vurğunun, haqqında danışdığımız “Azərbaycan” epopeyasının onun “Azərbaycan” şeiri ilə dolaşıq salındığını da təsdiq edir. Məqalələrindən birində Osman Sarıvəllinin “Yaddaş üçün qeydlər” dəftərçəsinə də toxunan İ.Mustafayev O.Sarıvəllinin həmin qeydləri S.Vurğundan bəzi məsələləri dəqiqləşdirmək məqsədi ilə etdiyini bildirir. Ümumi sayı altı və onlardan beşi “Komsomol poeması”nın yazılma tarixinin dəqiqləşdirilməsi və fəsillər arasındakı dağınıqlığı aradan qaldırmaq istəyi ilə bağlı O.Sarıvəllinin etdiyi qeydlərin sonuncusu belədir: “Demişdi ki ( S.Vurğun-A.S.), “Azərbaycan” adlı yeni dastan yazmışam, oxumaq istəyirəm.Yadına salmaq”. Ardınca İ.Mustafayev yazır: “Yaddaş latın əlifbası ilə yazılıb və tarixi göstərilməyib. Amma, tezislərin sonuncu bəndindən ( İ.Mustafayev məqaləsində qeydlərin altısını da təqdim edib - A.S.) asanlıqla müəyyənləşdirmək mümkündür ki, bunlar 1935-ci ilə aiddir. Məlum olduğu kimi, “Azərbaycan” şeiri həmin vaxt qələmə alınıb və 1936-ci ildə çap olunub”.
İ.Mustafayev O.Sarıvəllinin S.Vurğunun yadına salmaq istədiyi “Azərbaycan” dastanının ustad şairin məşhur “Azərbaycan” şeiri olduğunu güman edir.
“Azərbaycan” adlı “dastan”, “poema”, yaxud “epopeya” adlandırılan əsər haqqında verilən məlumatlarda, göründüyü kimi, təmaslaşan mülahizələrlə yanaşı (mülahizələrin müxtəlif mütəxəssislər tərəfindən sadalanması əsərin orijinalına əsaslanmır, sadəcə sonrakı müəlliflər əvvəlkilərin ehtimallarını bu və ya digər şəkildə təkrarlayırlar ), üst-üstə düşməyən, hətta bir-birini təkzib edən məqamlar da var. Bunlar təbii suallar doğurur: bəs, ədəbiyyatşünaslarımızın, haqqında məlumat verdikləri “Azərbaycan” poeması (dastanı, epopeyası) konkret olaraq hansı əsərdir? S.Vurğun həmin əsəri nə vaxt qələmə alıb? Əsər neçə və hansı başlıqlardan ibarətdir ? Adı çəkilən Müsabiqə nə vaxt elan olunub, nə vaxt ona yekun vurulub ? Doğrudanmı, əsər həmin Müsabiqəyə təqdim edilməyib, ümumiyyətlə bu əsərin taleyi necə olub, tarixçəsi nədən ibarətdir? Bu suallara əsər haqqında söylənən mülahizələrə, qısa da olsa, münasibətimizi bildirərək cavab vermək istəyirik: əvvəlcə, şairin Əsərlərinin altıcildliyində verilən məlumat haqqında.
Bəri başdan qeyd edək ki, altıcildliyin tərtibçiləri əsərin yazıldığı qırmızı üzlü albomun adını çəksələr də, belə məlum olur ki, onun özünə yox, üzünə baxmışlar. Çünki, albomun özündə həm poemanın yazılma tarixi, həm də başlıqları konkret göstərilib.
Bəlli bir həqiqətdir ki, tarixi günlərə həsr edilən müsabiqələr, bir qayda olaraq, qeyd olunası gündən əvvəl elan edilir. O da məlumdur ki, Azərbaycanda Sovet hakimiyyəti 1920-ci ildə qurulub və 15 illik də, təbii ki, 1935-ci ilə təsadüf edir. Altıcildlikdə verilən məlumatdan isə təbii suallar doğur: əvvəla, 1937-ci ildə, yəni Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 15 illiyindən iki il sonra həmin tarixi hadisə ilə əlaqədar necə müsabiqə elan edilə bilərdi? İkincisi, 1937-ci ildə - müsabiqə bitdikdən iki il sonra S.Vurğun həmin müsabiqəyə təqdim etmək üçün necə “əsər yazmaq fikrində” ola, üstəlik, necə “sonralar fikrini dəyişə bilərdi?”. Əslində, ASŞC Xalq Komissarları Şurasının Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 15 illiyi münasibəti ilə “Yaxşı ədəbi əsərlər üçün” müsabiqəsi 1934 -cü il 3 avqust tarixli qərarı ilə (904 saylı) elan edilmiş ( 9 mükafat nəzərdə tutulmuşdur: iki 1-ci, üç 2-ci, dörd 3-cü), əsərlərin təqdimi üçün son müddət 1935-ci il aprelin 1-i müəyyənləşdirilmiş ( “İnqilab və mədəniyət” jurnalı, 1934 № 8, səh.40), 18 mart 1936-cı ildə isə ona yekun vurulmuşdur (Müsabiqəyə yekun vurulmasının uzadılmasına səbəb 15 illiyin 1936-cı ilin yanvarında Moskvada da qeyd edilməsi olmuşdur). Yetmiş dörd əsər təqdim edilmiş Müsabiqənin nəticəsi 3 aprel 1936-cı il tarixli “Kommunist” qəzetində elan edilmiş, “Konkurs jürisi bunlardan yeddisini (I mükafat kimsəyə verilməyib. II mükafat M.S. Ordubadiyə, M.Müşfiqə, M.İbrahimova, III mükafat isə H.Cavidə, A.Şaiqə, T.Hüryana və H.Axundluya verilmişdir) yaxşı ədəbi əsər kimi mükafatlandırmışdır”.
Arxiv materiallarından o da məlum olur ki, S.Vurğun altıcildliyin tərtibçilərinin, eləcə də digər ədəbiyyatşünasların güman etdiklərinin əksinə olaraq “Azərbaycan” poemasını Müsabiqəyə təqdim etmişdir. Bunu 1937-ci ildə etdiyi çıxışlarından birində şair özü təsdiq edir: “ İki il əvvəl ( yəni 1935-ci ildə - A.S.) mən “Azərbaycan” poemasının ilk variantını müsabiqəyə təqdim etdim. O vaxt mənə mükafat yox, poema haqqında yazılı mənfi rəy verdilər”. ( Maraqlısı odur ki, şairin müsabiqəyə təqdim etdiyi əsəri mükafat almasa da, özü Azərbaycanda sovet hakimiyyəti qurulmasının 15 illiyi münasibətilə 1936-cı ilin yanvarında Moskvada keçirilən tədbirlərdə Lenin ordeni ilə təltif edilir. Bu, müsabiqəyə yekun vurulmasından, təxminən iki ay əvvələ təsadüf edir). Bu çıxış da şairin həmin əsəri həm 1937-ci ildən daha əvvəl yazdığına, həm də müsabiqəyə təqdim etdiyinə aydınlıq gətirir. Belə məlum olur ki, bu əsər haqqında məlumat verən mütəxəssislərin bəziləri şairin bu məsələ ilə bağlı mətbu çıxışlarına da kifayət qədər diqqət yetirməyiblər. Belə ki, şair 1935-ci ildə etdiyi çıxışlarından birində əsər üzərində işləməsinin tarixini dəqiqliyi ilə göstərir: “Hal-hazırda Azərbaycan Sosialist Şuralar Cümhuriyyətinin Lenin ordeni almasına ithaf edilmiş “Azərbaycan” poemasının üzərində işləməkdəyəm”. 1937-ci ildəki çıxışlarından birində isə şair deyir: “Son zamanlar mən “Azərbaycan” adlı böyük bir epopeya yazmışam. Burada mənim vətənimin 2000 illik tarixinin əsas mərhələləri və ona azadlıq gətirən Sovet illəri öz əksini tapmışdır. Bu epopeya bir-biri ilə bağlı olan otuz poemadan ibarətdir. Epopeya Azərbaycan xalqının azadlıq mübarizəsinə böyük partiyamızın göstərdiyi tarixi xidmətlərə həsr edilmiş “Ordenli qəhrəman” poeması ilə bitir”.
Göründüyü kimi, şair “Azərbaycan” epopeyası üzərində 1935-ci ilin əvvəllərində işləməkdə olduğunu, 1937-ci ildə isə “əsər yazmaq fikrində olduğunu” yox, onu artıq bitirdiyini deyir.
Yeri gəlmişkən A.Zeynallının mülahizələrinə də aydınlıq gətirək. İrəli sürdüyü fikirlərdən A.Zeynallının da “Azərbaycan (tarixi poema)” əsərinin orijinalını görmədiyi və əsər haqqında tədqiqatçıların 1980-ci illərdən verdikləri məlumatlarla tanış olmadığı bəlli olur. Belə olmasaydı, “Azərbaycan (tarixi poema)”sına daxil olmayan əsərləri onun fəsilləri hesab etməz, “Ordenli qəhrəman” poemasını əldə olmadığını güman etməzdi. Çünki, onun adlarını çəkdiyi poemaların çoxu “Azərbaycan (tarixi poema)” əsərinə daxil deyil, eləcə də “Ordenli qəhrəman” poeması avtoqrafı əsasında A.Zeynallının həmin mülahizələri irəli sürməsindən 7 il əvvəl-1983-cü ildə üzə çıxarılıb, mətbuatda dərc edilmişdi.
İndi də “Azərbaycan”ların eyniləşdirilməsi səbəbinə aydınlıq gətirək. Yazdığı məqalədən məlum olur ki, İ.Mustafayevin “Azərbaycan”ları eyniləşdirməsinin iki əsas səbəbi olub: birincisi, “Azərbaycan” şeirinin də 1935-ci ildə yazılması, ikincisi isə S.Vurğunun həm özünün, həm də sənət dostlarının bəzi əsərlərini “dastan” adlandırması. Qeyd edək ki, S.Vurğun məktublarından birində O.Sarıvəllinin “Gətir, oğlum, gətir” poemasını da dastan adlandırıb. İ.Mustafayev bu fakta işarə ilə yazır: “Səməd Vurğunun dilində “dastan” sözü tez-tez işlədilir və çox vaxt bəhs olunan əsərin janrı forması ilə o qədər də uyuşmur”. Əslində müəllif bu qənaətində haqlıdır ( amma , müəyyən qədər) və bu faktı B.Vahabzadə də qeyd edib. “Kənd səhəri”, “Macəra”, “Talıstan”, “Muradxan” və “Bəsti” poemalarının janr məsələsinə toxunan B.Vahabzadə yazır: “Janrın tələbləri nöqteyi - nəzərindən yanaşsaq, bu əsərlərə poema demək olmaz, çünki onlarda həyatın geniş təsvirindən çox, müəyyən bir lövhə verilir...
Bu əsərləri müəllif özü poema adlandırdığına görə, biz də şərti olaraq belə adlandıracağıq”.
İ.Mustafayevə bu məsələdə ona görə tam deyil, müəyyən qədər haqq qazandırırıq ki, bizim müşahidələrimizə görə “Azərbaycan” poemasına daxil olan əsərlər istisna olmaqla, S.Vurğun şeiri, xüsusilə kiçik həcmli şeirləri dastan adlandırmayıb. O, bəzən iri həcmli şeirlərini “poema” (məsələn, “Şairin ölümü”, “Ordenli qəhrəman” şeirlərini), iri həcmli poemalarını isə “dastan” (məsələn “Muğan” poemasını) adlandırıb. İ.Mustafayevi çaşdıran, yəqin ki, “Azərbaycan” şeirinin də həcminin böyüklüyü olub (23 bənd-115 misra). O, güman edib ki, S.Vurğun 115 misralıq “Azərbaycan” şeirini “dastan” adlandıra bilərdi. Amma, məsələ burasındadır ki, indi əlimizdə olan 115 misralıq mətn “Azərbaycan” şeirinin son variantıdır. İ.Mustafayevin, O.Sarıvəllinin qeydlər apardığını, eləcə də “Azərbaycan” şeirinin qələmə alındığını göstərdiyi 1935-ci ildə, yəni ilk variantında bu şeir cəmi on bənddən (10-cu bənd 2-cinin təkrarıdır) ibarətdir, şeirin adı isə “Azərbaycan” yox, “Şairin türküsü”dür. Elə ilk çapında da şeir (göstərildiyinin əksinə olaraq, ilk dəfə 1936-cı ildə yox, 1935-ci ildə “Kirovabad bolşeviki” qəzetinin 7 iyun tarixli 129-cu sayında dərc edilib) ilk variantda daşıdığı ad ( “Şairin türküsü”) və həcmdədir (on bənd). Şair şeirə 1936-cı il nəşrlərindən başlayaraq “Azərbaycan” adını vermiş, ona yeni bəndlər əlavə etmiş və “Poemanın proloqu” (“Ədəbiyyat qəzeti”, 7 noyabr, 1936, №27), “Poemanın proloqundan bir parça” (“Kirovabad bolşeviki” qəzeti, 18 noyabr, 1936, № 268) qeydləri ilə dərc etdirmişdir.
Beləliklə məlum olur ki, 1935-ci ildə S.Vurğunun, doğrudan da “Azərbaycan” adlı əsəri olub, amma, güman edildiyinin əksinə olaraq o, “Azərbaycan” şeiri yox, “Azərbaycan (tarixi poema)” əsəridir. O.Sarıvəllinin S.Vurğunun yadına salmaq istədiyi “Azərbaycan” adlı dastan da həmin əsər olub.
“Azərbaycan (tarixi poema)” əsərinin yazıldığı qırmızı üzlü albom hazırda S.Vurğunun ev-muzeyində mühafizə olunur. Titul səhifədə : Səməd Vurğun ; “Azərbaycan” ( tarixi poema) ; 1934-1935 ; Bakı - sözləri yazılmış, sonra isə bu əsərlər göstərilən ardıcıllıqla alboma səliqə ilə köçürülmüşdür : “Şairin türküsü”, “Torpağın tələbi”, “Sərgüzəşt”, “Zərdüştün xülyaları”, “Ölən məhəbbət”, “Bulaq əfsanəsi”, “Qılınc və Quran”, “ Dar ağacı”, “Füzulinin dərdi”, “Qız qayası”, “Şairin ölümü”, “Aslan və Mahniyar”, “Acı xatirələr”, “Ölməz qəhrəmanlar”, “Üsyan və quran” və “Ordenli qəhrəman”. Elə buradaca qeyd edək ki, S.Vurğunun dastan, poema və epopeya adlandırdığı əsərin alboma səliqə ilə köçürdüyü “Azərbaycan ( tarixi poema)” olduğuna heç bir şübhə yoxdur, çünki, şairin qeyd etdiyi kimi, “Vətənin iki min illik tarixi” (atəşpərəstlikdən tutmuş əsərin qələmə alındığı dövrə kimi) bu əsərdə təsvir edilir və “Ordenli qəhrəman”la bu əsər bitir.
Biz həmin əsərlərin alboma səliqə ilə köçürüldüyünü təsadüfi vurğulamırıq. Şairin əsərlərinin qaralama avtoqraflarını oxumaq çox çətindir: o, qaralamalarında bütöv parçaları, bəndləri, misraları, sözləri dəfələrlə pozub, yenidən yazmış, əvəzləmələr, əlavələr və ixtisarlar aparmış, üzərlərində ciddi işləmişdir. S.Vurğunun poetik dilinin bulaq suyu kimi saf, təmiz, axıcı olmasının da səbəbi, təkcə istedadı deyil, istedadını ağır zəhmət, gərgin əməklə yoğurması, əsərləri üzərində çox işləməsidir. Şair özü də çıxışlarından birində bu faktı vurğulayır: “Mən şeirlərimin dili üzərində çox çalışıram. Hər kəsin anlaya biləcəyi sadə kəlmələr işlətməklə geniş kütlə daxilindəki ifadə formalarından da istifadə edirəm. Bu sadəlik olduqca çətin və mürəkkəb bir yoldur. Fikri ifadə zamanı müxtəlif ərəb, fars, rus və başqa kəlmə, ifadələr işlətmək yolu asan bir yoldur. Əsil çətinlik isə türk dilində türk şeirləri yaratmaqdır”.
Qırmızı üzlü albomda isə şair əsərdə çox cüzi dəyişikliklər aparmışdır. Aşkar görünür ki, bu, əsərin ağartma avtoqrafıdır. Əsərin buraya səliqə ilə köçürülməsi və tərtib edilməsi (şair alboma qırmızı üz də çəkdirib) şairin onu, həqiqətən də 15 illiklə bağlı Müsabiqəyə təqdim etmək, ardınca da, yəqin ki, nəşr etdirmək üçün hazırladığını bir daha təsdiq edir. Poemaya daxil olan əsərlərin albomdakından əlavə ayrıca avtoqraflarının olması da bu qənaətimizi, yəni həmin əsərlərin müstəqil əsərlər kimi yazıldığını, sonra bir ad altında ümumiləşdirilib, müsabiqəyə təqdim edildiyini təsdiq edir. Poemanın vahid süjet xəttinin olmaması və buraya daxil olan əsərləri şairin sonralar müstəqil əsərlər kimi kitablarına daxil etməsi də fikrimizə qüvvət verir.
S.Vurğunun “Azərbaycan” poemasına 1934-1935-ci illər tarixini qoyması da maraq doğurur. Çünki, poemaya daxil edilən əsərlərin hamısı 1935-ci ildə yazılıb (Doğrudur, şair çıxışlarından birində “Azərbaycan” şeirini (poemada “Şairin türküsü”) 1933-cü ildə yazdığını bildirib”). Amma, “3” və “5” rəqəmlərinin oxşar olması bizdə nəşrlərdə mətbəə xətası nəticəsində “5”-in “3” kimi getməsi gümanını yaradır). Güman edirik ki, şairin alboma 1935-il ilə yanaşı, 1934-cü il tarixini də qoyması 15 illiklə bağlı “Yaxşı ədəbi əsərlər üçün” müsabiqəsinin həmin il elan edilməsi ilə bağlıdır. Yəni, bu tarixlər həm həmin əsərin yazılma, həm də, müsabiqənin elan edilməsi tarixidir.
“Azərbaycan (tarixi poema)” əsəri haqqında söylənilən mülahizələrdə qaranlıq, izaha möhtac olan məqamlar yenə də var. Onlardan biri də poemanı təşkil edən əsərlərin sayı ilə əlaqədardır. Şair, bir parçasını yuxarıda təqdim etdiyimiz çıxışında həmin əsəri tamamladığını bildirdikdən sonra “Bu epopeya bir-biri ilə bağlı olan 30 poemadan ibarətdir” - deyir. Albomda isə, göründüyü kimi, həmin poemaya daxil olan əsərlərin sayı on altıdır: yeddi şeir, doqquz poema. Əslində, S.Vurğunun nə 1935-ci, nə də 1937-ci ilə qədər otuz poeması olmayıb. Şair ömrünün sonuna qədər otuza yaxın (28) poema qələmə alıb.
Güman edirik ki, bəzi vurğunşünasların “Talıstan”, “Bakının dastanı”, “Muğan”, “Zamanın bayraqdarı” və b. poemalarının da “Azərbaycan (tarixi poema)” əsərinə daxil olduğunu güman etmələrinin bir səbəbi də bununla, yəni şairin özünün həmin epopeyanın otuz poemadan ibarət olduğunu bildirməsi ilə əlaqədardır...
Xatırladaq ki, şair 1937-ci ildəki bəzi çıxışlarında həmin əsər üzərində işləyəcəyini və onun yeni variantını yaradacağını vəd edib. Amma, S.Vurğun verdiyi vədin və tədqiqatçılarının güman etdiklərinin əksinə olaraq sonralar əsərə yenidən qayıtmamış, ona yeni başlıqlar əlavə edib “genişləndirməmiş”, 1937-ci ilin noyabrında Moskvada etdiyi çıxışdan sonra həmin əsərin adını, ümumiyyətlə çəkməmişdir.

Güman edirik ki, şairin verdiyi vədi yerinə yetirə bilməməsinin səbəbi ona qarşı təqib və təzyiqlərin artması ilə bağlı olmuşdur. Belə ki, S.Vurğun xalq düşməni elan edilən şairləri (xüsusilə H.Cavid və M.Müşfiqi) “qanadının altına almaqda” günahlandırılmış, eləcə də millətçi kimi təqsirləndirilərək 1937-ci ildə Yİ-nin katibi vəzifəsindən azad edilmişdir.
S.Vurğunun millətçilikdə ittiham edilməsinin əsas səbəbi milli ruhda, Azərbaycançılıq mövzusunda yazdığı əsərlər, xüsusilə “Azərbaycan” şeiri olmuşdur. 1937-ci ilin payızında o vaxtkı NKVD-yə dindirmələrə çağırılan və növbəti dindirmələrin birindən “səhər çayı vaxtı” qayıdan Vurğun qardaşı Mehdixana demişdi: “... “onlar” mənim “Azərbaycan” şeirimdən bərk yapışıblar. Başa düşə bilmirlər ki, bu şeir mənim həyatımın və bütün yaradıcılığımın mənasıdır, rəmzidir... Mən bütün insanlara, bütün xalqlara və millətlərə səadət arzulayıram və bu yolda çalışıram.
Lakin bununla bərabər məndən ötrü ən müqəddəs torpaq Azərbaycandır, ən doğma xalq isə Azərbaycan xalqıdır, onun dili və şeiri mənim vicdan səsimdir, o, mənim doğma anamdır. Əgər buna görə məni millətçi etmək istəyirlərsə, qoy etsinlər. Bir gün gələr, tarix həqiqəti açar!”
Şair konkret olaraq “Azərbaycan (tarixi poema)” əsəri ilə bağlı verdiyi vədi yerinə yetirə bilməsə də, Azərbaycançılıq mövzusunu, doğma Vətənin tərənnümünü digər əsərlərində davam etdirmişdir. Sonralar şair deyirdi: ““Azərbaycan” şeiri mənim həyatıma, bütün həyat proqramıma uyğundur. Mən nə qədər yaşayıb-yaratsam, 1933-cü ildə yazdığım bu kiçik şeirə aşıladığım motivləri bütün əsərlərimdə oxuyacaq, duyacaqsınız.”
Şairin bu şeirinə aşıladığı motivlər, yəni Azərbaycançılıq və vətənçilik mövzuları uzun illərdir ki, vurğunşünasların diqqət mərkəzindədir və mövzu ilə ilgili indiyə qədər çox dəyərli tədqiqatlar aparılmış, indi də aparılmaqdadır. Q.Bayramov yazır: “Məlumdur ki, ədəbiyyatımızda istər Vurğundan qabaq, istər onun yaşadığı dövrdə, istərsə də sonralar Azərbaycan, vətən məhəbbəti mövzularında, hətta adları da “Azərbaycan”, “Vətən” olan çoxlu şeir yazılmışdır... Lakin bu şeirlərin heç biri S.Vurğunun “Azərbaycan”ı qədər şöhrət qazana bilməmişdir”. Müəllif bunun ümdə səbəbini “Azərbaycan” şeirində S.Vurğunun Vətən mövzusunu dərin şair səmimiyyəti ilə qələmə almasında görür: “Şeirdə Vətən hissi mücərrəd, ümumi hiss deyildir; bu, canlı, qızğın bir hisslə yaşanmış vətəndaşlıq pafosudur; Vətəni xalq təfəkkürü, xalq mənəviyyatı, xalqın tarixi təcrübəsi ilə duymağın, dərk etməyin poetik məhsuludur. Məhz bu keyfiyyətlərə görə “Azərbaycan”-Vətən mövzusunda təkrarolunmaz poetik kəşfdir”.
B.Vahabzadə S.Vurğun yaradıclığını dünya görmüş, sinəsi xəzinə, ağ saçlı müdrik qocaya bənzədir. Xalqın nağıl və dastanlarının, atalar sözü və məsəllərinin, muğamları və aşıq mahnılarının, sevinc və kədərinin bu qocanın sinəsində naxış bağladığını bildirir: “Bu qoca ağ saçlı azəri xalqının simvoludur, bəlkə də şairin qəhrəmanlarından Azər babanın özüdür”-deyir.
C.Abdullayev Azərbaycanı Vurğun yaradıcılığının məhvəri hesab edir, “bütün səyyarələr günəş ətrafında dövr etdiyi kimi, şairin də bütün poetik düşüncə silsiləsinin, obrazlar aləminin, söz kəhkəşanının.., nəyi varsa hamısının bu məhvərin-Azərbaycanın başına dolandığını”-bildirir.
Y.Qarayev də həmkarları ilə eyni qənaəti bölüşür: “Vurğun üçün ən böyük tribuna, kosmik orbitdən uca xitabət kürsüsü poeziya idi. Məhz bu tribunadan şair bütün planeti görür və bütün planetdən görünürdü. Lakin daha mənalı olan odur ki, dünya və planet auditoriyasına da o, həmişə “Azərbaycan” monoloqu ilə müraciət edirdi. Vətəndaş və vətənpərvər şair üçün ana vətənin adından uca poetik xitab yox idi. Bir sözlə bütün dünya bu poeziyada öz əksini tapırdı. Lakin dünyanın da mərkəzi bu poeziyada Azərbaycan idi”.
Q.Quliyev məsələyə bir qədər də dərindən və əhatəli yanaşır: “...biz hələ S.Vurğunun “Azərbaycan” şeirinin “Azərbaycan” adlı məkanın SSRİ daxilində, Azərbaycan xalqının sovet xalqı içində əriyib yoxa çıxmasının qarşısını almaqda, bu gün öyünə-öyünə vurğuladığımız mentallığımızın qorunub saxlanmasında rolunu lazımınca dəyərləndirməmişik”. Müəllif haqlı olaraq bu qənaətə gəlir ki, “Azərbyacan” şeirindən sonra azərbaycanlılar üçün Azərbaycan əbədi olaraq ana vətəndir.”
Şübhəsiz, deyilənlər həqiqətdir və deyilənləri bundan məntiqli, obyektiv və obrazlı demək, bəlkə də mümkünsüzdür. Üstəlik, xatırlatdıqlarımız mövzu ilə bağlı deyilənlərin çox cüzi bir qismidir. Vurğunun bütövlükdə yaradıcılığında Azərbaycançılıq mövzusunda yazılanları kənara qoyub, təkcə “Azərbaycan” şeiri haqqındakı mütəxəssis rəylərini toplasaq, mübaliğəsiz deyirik ki, bir kitaba sığmaz. S.Vurğunun “Azərbaycan” şeiri ilə dil açmayan azərbaycanlı körpəsi olmadığı kimi, “Azərbaycan” şeiri haqqında yazmayan, fikir yürütməyən Azərbaycan ədəbiyyatşünası da, demək olar ki yoxdur. Digər tərəfdən o da həqiqətdir ki, “”Azərbaycan” şeirindən sonra poeziyamızda vətənin vəsfi ilə bağlı yaranmış bütün bədii nümunələr bu və ya digər şəkildə S.Vurğunun dünyaduyum və deyim tərzinə söykənir, S.Vurğun ənənələrini davam etdirir... Bu baxımdan məhz S.Vurğunun “Azərbaycan” şeirinin pafosu B.Vahabzadənin uzun illər keçəndən sonra “Gülüstan” poemasını yazmasına imkan yaratmışdır”.
Doğrudur, tədqiqatçılarının da təsqid etdiyi kimi, Azərbaycan və azərbaycançılıq mövzusu Vurğun yaradıcılığının əsas, ana xəttini təşkil edir, onun əsərlərinin baş mövzusu və baş qəhrəmanı Azərbaycandır.
Bu mənada Vurğunun bütövlükdə poetik irsini ən gözəl “Azərbaycannamə”, Azərbaycan haqqında dastan, epopeya adlandırmaq mümkündür. Lakin fakt faktlığında qalır: Şairin çıxışlarında “Azərbaycan” epopeyası, “Azərbaycan” dastanı adlandırdığı əsər qırmızı üzlü alboma yazdığı on altı başlıqdan ibarət “Azərbaycan (tarixi poema)” əsəridir. Albomdakı əsərlərin başlıqlarından da açıq-aşkar görünür ki, yuxarıda adlarını çəkdiyimiz alimlərin güman etdiklərinin əksinə olaraq nə “Talıstan” , nə “Bakının dastanı”, nə “Zamanın bayraqdarı”, nə “Muğan”, nə də ki, adları çəkilən digər poemalar “Azərbaycan (tarixi poema)”nın tərkibinə daxil deyil və şair həmin əsərləri yazar və çap etdirərkən onların “Azərbaycan” poemasının tərkib hissəsi olduğunu (poemaya daxil olan əsərlərin çapında bunu göstərdiyinin əksinə olaraq) qeyd etməyib.
Poemaya daxil olan əsərləri ayrılıqda çap etdirərkən (“Zərdüştün xülyaları” və “Sərgüzəşt” şeirlərindən başqa bütün əsərləri şair özü dərc etdirib) onların adlarında və mətnlərində bəzi dəyişikliklər aparmışdır. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi, “Şairin türküsü” şeiri “Azərbaycan”, “Ordenli qəhrəman” şeiri “Şairin xəyalı”, “Ölməz qəhrəmanlar” poeması “26-lar”, “Üsyan və Quran” poeması “Üsyan”, “Aslan və Mahniyar” poeması “Aslan qayası” adı ilə nəşr edilmiş, “Qılınc və Quran” və “Dar ağacı” poemaları “Dar ağacı” adı altında birləşdirilmişdir.
Müşahidə və müqayisələr şairin bu əsərdən parçaları dərc etdirərkən mətnlərində apardığı dəyişikliklərin (əlavələr, ixtisarlar, əvəzləmələr) bir qisminin sənətkarlıq məsələləri (həm də məzmunda bəzi dəqiqləşdirmələrə ehtiyacın duyulması), digər qisminin isə senzura tələbləri ilə əlaqədar olduğunu təasdiqləyir.
Əsərə diqqətlə fikir verildikdə (yəqin ki, məlum müsabiqənin müddətinin məhdudluğu səbəbindən) bəzi söz və ifadələrin yerinə düşmədiyi hiss olunur. Məsələn, “Şairin ölümü” poemasının avtoqrafında belə misralar var:

“Noldu söylədiyin axar qəzəllər?
Andımı həsrətlə səni gözəllər?”

Yəqin ki, Vaqifin qoşma janrında öz poetik qüdrətini daha çox təsdiqlədiyini nəzərə alan şair çap zamanı həmin misralarda bu şəkildə əvəzləmə aparmışdır:

“Noldu söylədiyin axar qoşmalar?
Andımı həsrətlə səni hər nigar?”

Yaxud, “Üsyan və Quran” poemasının “Havada mığmığa çalır insanı”-misrasındakı “çalır” sözünü “sancır” sözü ilə, “Acı xatirələr” poemasının: “Anamın yanına namusla gəldim”-misrasındakı “namusla” sözünü “ağ üzlə” ifadəsi ilə əvəz etmiş və misralar daha səlis və dəqiq məna kəsb etmişdir. Bundan əlavə şair Türkiyə türkcəsindəki və öz dialektində işlənən sözləri də (çocuk-uşaq, ixtiyar-qoca, əski-köhnə, süyüşmək-sürüşmək və s.) ədəbi dilimizdə işlənən sözlərlə əvəz etmiş, bəzi obrazların adını (Qəşəm-Kərəm) dəyişmişdir. Bu tip əvəzləmələr o qədər də çox deyil. Dəyişikliklərin əksəriyyəti siyasi mahiyyətlidir. “Aslan və Mahniyar” poemasının avtoqrafındakı:

“O gündən titrədi yurdun üstündə,
Cütbaşlı qartalın qanlı bayrağı.
Tarixin doğduğu o qara gündə,
Böyük bir ölkənin söndü çırağı”

-misraları ilə başlayan Rusiyanın Azərbaycanı işğalının mahiyyətini açan böyük bir parça (60 misra) nəşrlərdə ixtisar edilmişdir. Şair əsərin sonrakı hissəsində deyir:

“Üç yüz il ayrıldıq ana dilindən,
Məktəbin adına dedik “uşkola”.
...Yüz il Füzuliyə həsrət qalaraq,
Doğma analara söylədik “mama”.
... Axdı Rusiyaya neft kəmərləri,
Daşıdı onları ilk dəmir yolu.
Tarixə hökm edən o gündən bəri,
Çalışdı yadlara azərin oğlu”.

Görünür, sovet dövründə də davam edən işğalçılıq siyasətinin (ruslaşdırma, sərvətlərimizin talanması və s.) qabardılması “çekist ruhlu” sovet senzorlarının diqqətindən yayınmamış nəticədə parça ixtisar edilmişdir. Həmin əsərin:

“Şəhər qalasının öz açarını,
Knyaz Sisyanova təslim verməli!
Yoxsa... Rusiyanın dağıdan əli,
Böyük bir ölkəni yandıracaqdır”

-bəndindəki “Rusiyanın” sözü “ordumuzun” sözü (guya dağıdan Rusiya deyil), sonrakı misradakı “Böyük bir ölkəni” (şair Azərbaycanı nəzərdə tutur) ifadəsi isə “Sizin də ölkəni” ifadəsi ilə (Azərbaycana böyük ölkə demək olmazmış) əvəz edilir.
Əsərdə işlədilən “türk” sözləri də başqa sözlərlə əvəz olunmuşdur. Belə ki, “Şairin ölümü” əsərindəki:
“Dedin ki, türk dili, türk şeiri gərək”-misrasındakı “türk” kəlmələri “el” sözü ilə əvəzlənmişdir.
Qəribə ixtisarlardan biri “Şairin türküsü” (“Azərbaycan”) şeirində aparılmışdır. Şeirin 1-ci bəndinin 3-cü misrası avtoqrafında: “Terekləri, Arazları”dır. Çap zamanı “Terekləri” sözü mətndən çıxarılmış, misra “Sakit axan Arazları” şəklinə salınmışdır. Bu ixtisarın səbəbi ilk baxışdan bir o qədər də anlaşılmır. Məsələnin mahiyyətinə vardıqda isə bəzi məqamlar üzə çıxır və ixtisarın səbəbi bəlli olur. Müəllif podtekstini anlamaq üçün birinci bəndi bütövlükdə xatırladaq:

“Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan,
Eşitmişəm uzaqlardan,
Terekləri, Arazları,
Sınamışam dostu, yarı”.

Əvvəla, belə bir təbii sual yaranır: şeirdə Azərbaycanın poetik xəritəsini cızan şair bu xəritəyə niyə Terek çayını da daxil edir. S.Vurğun Terek çayının yerinə Azərbaycandakı başqa bir çayın adını çəkə bilməzdimi? “Söz S.Vurğunun əlində mum kimi idi” və şübhəsiz qafiyə və ahəngə xələl gətirmədən o, bunu çox asanlıqla edərdi. Deməli, “Terek” adını şair mətnə məqsədli daxil edib. “Niyə”sini anlamaq üçün əsərə bir də nəzər salaq. “Terekləri” sözü mətndən çıxarıldıqdan sonra:

“Eşitmişəm uzaqlardan,
Sakit axan Arazları”

-misraları uzaq məsafədən Arazı eşitmək, ona qulaq asmaq mənasında başa düşülür. Əgər şair bu fikri çatdırmaq istəsəydi, “eşitmişəm” yerinə, elə “dinləmişəm” sözünü yazardı. Buradakı “uzaqlardan” sözü məsafə yox, zamana, daha dəqiq desək keçmişlərə, uzaq keçmişlərə işarədir. Uzaq keçmişlərə xəyalən səyahət etdikdə isə yada Azərbaycanın ərazisindən Terekin də keçdiyi qədim torpaqları, sərhədləri, Dəmir qapı Dərbənd, eləcə də Şimali Qafqazın və Azərbaycanın ruslar tərəfindən işğalı düşür. Beləliklə, Terek və Araz çaylarının şair tərəfindən yanaşı işlədilməsinin, eləcə də “Terek” sözünün çap zamanı ixtisar edilməsinin səbəbi üzə çıxır. Hər halda mətni biz belə başa düşürük və əgər belə olmasaydı, “Terek” sözü çap zamanı ixtisar edilməzdi...

“Azərbaycan (tarixi poema)” əsərini orijinalda olduğu kimi “Ölməz qəhrəman” dan başqa nəşr etdirməyimizin üç əsas səbəbi var: yuxarıda da qeyd etdiyimiz kimi, Vurğun özü bu poemanı qələmə aldığı şəkildə çap etdirmək istəmişdir. Birinci səbəb də bu, yəni şairin istəyini həyata keçirməkdir. Təkcə müəllif yox, bəzi ədəbiyyatşünaslar da bu əsərin tam şəkildə nəşr edilməsini zəruri saymışlar. Vurğunşünas Q.Bayramov hələ 1980-ci illərin ortalarında yazırdı: “... indi həmin epopeyanı şairin nəzərdə tutduğu strukturda nəşr etməyə möhkəm əsas olduğu kimi, ciddi ehtiyac da vardır”. İkinci səbəb də bu, yəni şairin tədqiqatçılarının da arzularını reallaşdırmaqdır. Üçüncü səbəb isə daha çox əsərin mətninin tekstoloji baxımdan öyrənilməsi ilə əlaqədardır. Düşünürük ki, həm şairin əsərləri üzərində apardığı yaradıcılıq işinin, iş üsulunun, həm də dövrün xüsusiyyətlərinin, senzura tələblərinin üzə çıxarılması, mühit və mətn əlaqələrinin öyrənilməsi həm tədqiqatçıların, həm də şairi olduğu kimi dərk edən arif oxucuların marağına səbəb olacaqdır.

Əsərin orijinalda olduğu kimi nəşri həm şairin özünün, həm də tədqiqatçılarının istəklərini nəzərə alan “Səməd Vurğun fondu”nun prezidenti, şairin ev-muzeyinin direktoru, Vəkilovlar nəslinin layiqli varisi Aygün Vəkilovanın layihəsi əsasında işıq üzü görür. Bu, həm nəvənin soy-adını daşımaqdan haqlı olaraq fəxarət duyduğu müdrik Babasının ruhuna ehtiramı, həm də Azərbaycanın əbədi Vətən statusu qazanmasının poetik düsturunu vermiş, əsərləri hər birimizi bu gün də Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməyə səfərbər edən Vurğunu daha yaxından tanımağa yaratdığı bir fürsətdir.

Azərbaycan jurnalı.-2012.-№ 3.-S.167-175


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: