“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda beynəlxalq konfrans işə başlayıb

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda beynəlxalq konfrans işə başlayıb “Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda beynəlxalq konfrans işə başlayıb Oktyabrın 10-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzusunda II beynəlxalq elmi konfrans işə başlayıb.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan mühacirət ədəbiyyatının çoxcəhətli əhəmiyyətindən, onun tədqiq olunmasını zəruri edən amillərdən, bu sahədə ədəbiyyatşünaslığın qarşında duran mühüm vəzifələrdən danışıb. Bildirib ki, mühacirət ədəbiyyatına həsr olunan
I beynəlxalq konfrans 25 il öncə ədəbiyyatşünas alim Yaşar Qarayevin təşəbbüsü ilə keçirilib və ölkəmizdə mühacirət ədəbiyyatına daha sistemli, əsaslı şəkildə yanaşmanın əsası qoyulub. Akademik İsa Həbibbəyli
I beynəlxalq konfransın Azərbaycanın ictimai, ədəbi fikrində mühacirət anlayışını dərinləşdirdiyini qeyd edib.

Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin yaradıldığını söyləyən AMEA-nın vitse-prezidenti ölkəmizdə Azərbaycan ədəbiyyatının tərkib hissəsi olan mühacirət ədəbiyyatı ilə bağlı araşdırmaların aparıldığını, tədqiqat işlərinin yazıldığını bildirib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 22 noyabr tarixli Sərəncamınına əsasən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” adlı kitablar seriyasının nəşrinə başlanılıb. Nəşrə hazırlanan kitablar seriyasının “Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü ədəbi-elmi irsindən seçmələr” adlı I cildi artıq işıq üzü görüb. Kitabda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövrü yaradıcılığı yer alıb.

Akademik İsa Həbibbəyli hazırda “Azərbaycan ədəbiyyat tarixi” kitabının yeddinci cildinin hazırlandığını və nəşrin Azərbaycan mühacirət ədəbiyyatının inkişaf yoluna həsr olunduğunu diqqətə çatdırıb. Natiq çıxışının sonunda tədbirdə əldə olunan nəticələrin elmimiz üçün faydalı olacağına inamını ifadə edib, konfransa uğurlar arzulayıb.

Konfransda AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, professor Ramiz Abutalıbov, türkiyəli alim, professor Yavuz Akpinar Azərbaycan mühacirət ədəbiyyatının ideya mahiyyətindən, yaradıcılıq prinsiplərindən söz açıblar.
Sonra konfransın işi müxtəlif bölmələr üzrə keçirilib. Bölmə iclaslarında Azərbaycan mühacirət ədəbiyyatının müxtəlif problemlərindən bəhs edən məruzələr dinlənilib.

Bölmə iclaslarında “Azərbaycan mühacirət ədəbiyyatının tədqiqi perspektivləri”, “Xəyal və həqiqətlərin bədii-publisistik təcəssümü (Ceyhun Hacıbəylinin “Bir il xəyallarda... və bütöv bir ömür” memuarı)”, “Məhəmmədəli Rəsulzadə və Azərbaycan klassik ədəbiyyatı”, “Səməd Vurğun və Azərbaycan mühacirət poeziyası”, “Səlim Rəfiqə görə divan ədəbiyyatında məhəlli və ictimai problemlər” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Tədbir çərçivəsində “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Məhəmməd Əmin Rəsulzadə” cildinin təqdimatı da olub.

Konfrans oktyabrın 11-dək davam edəcək.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: