AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən Zim.Az-a bildiriblər ki, “Web of Science” yüksək indeksli jurnalların, kitabların, konfrans materiallarının və digər nəşrlərin əhatəli toplusuna malik olan, dünyada elmi yeniliklər və təhlil üzrə qızıl standart kimi qəbul edilən biliklər bazasıdır. “Thomson Reuters Web of Science” platformasına üç əsas: “Genişləndirilmiş Elmi İstinad İndeksi” (Science Citation İndex Expanded), “İctimai Elmlər İstinad İndeksi” (Social Sciences Citation İndex), “İncəsənət və Humanitar Elmlər İstinad İndeksi” (Arts and Humanities Citation İndex) kataloqu daxildir. Müvafiq elm sahələrini əhatə edən hər üç kataloq Azərbaycan istifadəçiləri üçün mühüm əhəmiyyət kəsb edir.
Müqavilə çərçivəsində “Thomson Reuters” təşkilatının mütəxəssisləri tərəfindən bu bazaya daxil olan jurnallarda məqalələrin dərc olunması qaydaları, elmi müəssisələrdə əldə olunan yeniliklərin və alimlərin beynəlxalq aləmdə tanınması və s. bu kimi müxtəlif mövzularda mütəmadi olaraq seminar və treninqlər keçirilməsi nəzərdə tutulur.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Thomson Reuters” ilə əməkdaşlığı yüksək dəyərləndirdi və bu Müqavilənin Azərbaycanda elmin inkişafına, onun dünyada nüfuzunun artmasına səbəb olacağını və ayrı-ayrı tədqiqatçılar üçün yeni imkanlar açacağını bildirdi.
Akademik A.Əlizadə son illər AMEA-nın elmi müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi, Akademiyada multidissiplinar tədqiqatların inkişaf etdirilməsi üçün əhəmiyyətli addımlar atıldığını, elmi fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə laboratoriyaların qabaqcıl texnologiyalar və avadanlıqlarla təmin olunduğunu, gənc alim və mütəxəssislərin dünyanın müxtəlif elmi təşkilatlarında təcrübə keçməyə göndərildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Sonra tədbirdə “Thomson Reuters” təşkilatının Əqli Mülkiyyət və Elm Departamentinin İnkişaf Etməkdə olan Bazarlar üzrə baş direktoru Viji Krişnan qeyd etdi ki, “Thomson Reuters” təşkilatının nümayəndələri AMEA ilə əməkdaşlığını növbəti mərhələyə keçirməkdən məmnundur. İmzaladığımız Müqaviləyə əsasən, yüzlərlə azərbaycanlı tədqiqatçı beynəlxalq bilik mərkəzləri ilə uğurlu əməkdaşlıq qurmaq və yerli imkanları maksimum inkişaf etdirmək üçün 20 milyon istifadəçisi olan nüfuzlu “Web of Science” bazasına qoşulmaq imkanı əldə edəcək. O, həmçinin əlavə etdi ki, “bizim üçün, AMEA ilə əməkdaşlıq Azərbaycan Respublikası ilə əlaqələrimizin tarixində çox mühüm mərhələdir. Biz peşəkar dialoqumuza xüsusi əhəmiyyət veririk, AMEA və onun elmi-tədqiqat institutları ilə güclü ümumi proqram yaratmağa nail olacağımıza inanırıq”.
Daha sonra tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev AMEA və “Thomson Reuters” arasında əməkdaşlığın Azərbaycan elmi üçün geniş perspektivlər açdığını qeyd etdi. Akademik gələcəkdə AMEA-nın magistrant və doktorantlarının səmərəli elmi axtarışlar aparması, innovativ elmi nəticələr əldə etməsi baxımından bu elmi bazadan faydalanmağın əhəmiyyətini diqqətə çatdırdı.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.