Azərbaycan alimləri Tbilisidə Şota Rustavelinin 850 illiyinə həsr olunmuş konfransda iştirak edirlər

Azərbaycan alimləri Tbilisidə Şota Rustavelinin 850 illiyinə həsr olunmuş konfransda iştirak edirlər Azərbaycan alimləri Tbilisidə Şota Rustavelinin 850 illiyinə həsr olunmuş konfransda iştirak edirlər Noyabrın 4-də Tbilisidə dahi gürcü şairi Şota Rustavelinin anadan olmasının 850-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb.

İki gün davam edəcək konfransda bir sıra ölkələrdən alimlər, yazıçılar iştirak edirlər.

Azərbaycanı bu tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Ş.Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun direktoru İrma Ratiani tədbiri açaraq dahi şairin yaradıcılığından danışıb.

Sonra İ.Cavaxişvili Tbilisi Dövlət Universitetinin rektoru Georgi Şervaşidze, Gürcüstan Milli Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli və başqaları çıxış edərək Ş.Rustavelinin yaradıcılığına nəzər salıblar.

Akademik İsa Həbibbəyli çıxışında Azərbaycan ilə Gürcüstan arasındakı mədəni, elmi əlaqələrdən danışıb. O deyib: “Ədəbiyyat və elm xadimləri olaraq biz, bu münasibətlərin daha da inkişafı üçün əlimizdən gələni etməliyik”.

İsa Həbibbəyli Şərq intibah dövrünün formalaşmasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin və gürcü xalqının şairi Ş.Rustavelinin xidmətlərini xüsusi qeyd edib. O, konfransın təşkilatçılarına Bakı şəhərinin neftlə çəkilmiş portretini hədiyyə edib.

Qeyd edək ki, akademik İsa Həbibbəyli konfransda geniş məruzə ilə çıxış etmişdir.

Azərbaycan alimləri Tbilisidə Şota Rustavelinin 850 illiyinə həsr olunmuş konfransda iştirak edirlər Jurnalistlərə müsahibəsində akademik İsa Həbibbəyli deyib: “Azərbaycan və Gürcüstan mədəni əlaqələrinin qədim və zəngin tarixi var. Bu gün Tbilisidə Şota Rustavelinin anadan olmasının 850 illiyinə həsr edilmiş tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edir. Bu da müstəqillik illərində mədəni, elmi əlaqələrimizin inkişafının bariz nümunəsidir”.

Akademik bildirib ki, Azərbaycan alimləri bu konfransda Ş.Rustaveli irsinin ölkəmizdə də öyrənilməsindən, əsərlərinin tərcümə edilməsindən və yayılmasından bəhs edəcəklər. Eyni zamanda, Nizami Gəncəvi ilə Ş.Rustavelinin Şərq intibahının formalaşmasındakı misilsiz xidmətlərindən, aparılan tədqiqatların nəticələrindən danışacaqlar.

Onun sözlərinə görə, bu konfrans, bütövlükdə, AMEA ilə Gürcüstan Milli Akademiyası arasında əlaqələrin daha da genişlənməsinə, eləcə də bu ölkədəki müxtəlif elm ocaqları ilə münasibətlərin formalaşmasına müsbət təsir göstərəcək, yeni addımların atılmasına imkan yaradacaq. “Gürcüstan Ədəbiyyat İnstitutu ilə AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutu arasında imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq biz Qurban Səidin “Əli və Nino” əsərinə həsr olunmuş konfransın keçirilməsi barədə də razılıq əldə etmişik. Bu konfransda da nəzərdə tutduğumuz yeni tədbirə hazırlıq işləri müzakirə olunacaq. Bundan başqa, Azərbaycan ədəbiyyatının müstəqillik illərində keçdiyi inkişaf yolu, qazanılan uğurlarımız barədə də gürcü ictimaiyyətinə məlumatlar verəcəyik”, – deyə İ.Həbibbəyli qeyd edib.

Azərbaycan alimləri Tbilisidə Şota Rustavelinin 850 illiyinə həsr olunmuş konfransda iştirak edirlər Gürcüstan Elmlər Akademiyasının üzvü professor Avtandil Arabuli isə bildirib ki, bu gün Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələr digər sahələrdə olduğu kimi, daha da genişlənir. O deyib: “Azərbaycan nümayəndə heyətinin Şota Rustavelinin anadan olmasının 850 illiyinə həsr olunmuş tədbirdə iştirakı buna sübutdur. Azərbaycanlı alimlər burada çıxış edir, Ş.Rustavelivinin yaradıcılığı ilə Nizami Gəncəvi yaradıcılığı arasında paralellər aparırlar. Bu, bizi çox sevindirir. Biz bu əlaqələri daha da inkişaf etdirməliyik. İndiki və gələcək nəsillər üçün mədəni irsimizi qoruyub saxlamalıyıq və inkişaf etdirməliyik.

Qonşu, dost və qardaş Azərbaycan tərəfindən bizim ədəbiyyatımıza, xalq yaradıcılığımıza böyük qiymət verilib. Xalqlarımız arasındakı münasibətlər, xüsusən ədəbiyyat və mədəniyyət sahəsindəki əlaqələrimiz digər xalqlar üçün də nümunədir”.


Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: