FAXRALI KƏNDİ - 2

FAXRALI KƏNDİNİN ALİMLƏRİ:
ELMLƏR DOKTORLARI:



FAXRALI KƏNDİ - 2ORUC PİRİYEV

Oruc Bayram oğlu Piriyev 1921-ci il 25 dekabrda Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. 1938-ci ildə orta məktəbi bitirmiş və 1940-ci ildə isə Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Müharibə dövründə təhsilini yarımçıq qoymuş, könüllü surətdə cəbhəyə getmişdir. Cəbhədə göstərdiyi şücaətlərə görə orden və medallarla təltif edilmişdir. Müharibədən təxris olunduqdan sonra təhsilini Moskva Dövlət Universitetində davam etdirmişdir. 1955-ci ildə həmin universitetdə dissertasiya müdafiə edib, tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 1961-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1960-cı ildən ömrünün sonuna kimi N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun partiya tarixi kafedrasında dossent və kafedra müdiri vəzifələrində çalışmışdır. Bu dövürdə onun pedaqoji fəaliyyəti İnstitutun rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş-ona "Əməkdar ali məktəb işçisi" fəxri adı verilmişdir. Oruc Piriyevin elmi və pedaqoji fəaliyyəti 30 elmi məqalədə, 3 kitabda və bir neçə dərs vəsaiti və metodik göstərişdə öz əksini tapmışdır. Oruc Piriyev 1997-ci il dekabrın 15-də vəfat etmişdir.


FAXRALI KƏNDİ - 2ŞƏMİSTAN MİKAYILOV

Şəmistan Abdu oğlu Mikayılov 1929-cu ilin oktyabr ayında Borçalı mahalının Faxralı kəndində anadan olmuşdur. 1945-ci ildə Şəmistan Mikayılov Marneulli qəsəbəsində fəaliyyət göstərən Borçalı Türk Pedaqoji Texnikumuna daxil olmuş və 1947-ci ildə həmin texnikumu bitirərək Faxralı orta məktəbinə sinif müəllimi təyin edilmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin məntiq-psixologiya şöbəsinə daxil olmuşdur. Əla qiymətlərlə Universiteti bitirmiş və təyinatla Faxralı kənd orta məktəbində məntiq psixologiya və ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. 1958-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (indiki ETPEİ-nin) ədəbiyyatın tədrisi metodikası üzrə aspiranturaya daxil olmuşdur. Şəmistan Mikayılov professor Əliyar Qarabağlının elmi rəhbərliyi ilə "V-VIII siniflərdə ədəbiyyat nəzəriyyəsi anlayışlarının öyrədilməsi" mövzusunda namizədlik dissertasiyasını tamamlayıb, 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) elmi şurasında müdafiə etmiş və elmi dərəcə almışdır. O, tədris metodikası probleminə dərindən nüfuz etmək məqsədilə Bakının 31 saylı məktəbində (ETPEİ-nin baza məktəbi) ədəbiyyat nəzəriyyəsi üzrə fakültativ kurs aparmış, Naxçıvanda, Bakıda, Yerevanda ədəbiyyat müəllimlərinin təkmilləşdirmə kurslarında mühazirələr oxumuşdur. Şəmistan Mikayılov namizədlik dissertasiyasını müdafiə etdikdən sonra on il ardıcıl olaraq tədqiqat aparmış və 1974-cü ildə doktorluq dissertasiyası müdafiə edib, filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1974-1975-ci illərdə Şəmistan Mikayılov ETPEİ-də ədəbiyyatın tədrisi metodikası şöbəsinə müdir təyin olunmuşdur. Onun ədəbiyyatın tədrisi metodikası üzrə fəaliyyəti çoxşaxəli olmuşdur. "Orta məkətbdə ədəbiyyat tədrisi" kitabı böyük uğur qazanmışdır. Bu kitabın 2-ci hissəsi Ş.Mikayılovun rəhbərliyi altında 1976-cı ildə işıq üzü görmüşdür. Şəmistan Mikayılovun elmi-pedaqoji fəaliyyətinin bir istiqamətini ədəbiyyat proqramlarının təkmilləşdirilməsi təşkil etmişdir. 1977-1994-cü illər arasında ədəbiyyatdan proqram və dərsliklərin hazırlanmasına rəhbərlik etmişdir. 1995-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sifarişi ilə ədəbiyyat üzrə test proqramı hazırlamışdır. Şəmistan Mikayılovun tədqiqatının mərkəzi xəttini ədəbiyyat nəzəriyyəsi tədrisinin nəzəri-metodik problemlərinin öyrənilməsi təşkil etmişdir. Onun "Ədbiyyat nəzəriyyəsi" kitabı hər bir orta məktəb şagirdinin və müəlliminin stolüstü kitabına çevrilmişdir. Şəmistan Mikayılovun elmi yaradıcılığı 12 proqram, 7 dərslik və dərs vəsaiti, 20-yə yaxın metodik kitab və kitabçalarda öz əksini tapmışdır. Şəmistan Mikayılovun 200-ə yaxın elmi məqaləsi çap olunmuşdur. Şəmistan Mikayılovun rəhbərliyi və oppanentliyi nəticəsində 5 nəfər elmlər doktoru, 30-a yaxın elmlər namizədi müdafiə etmişdir. O, 20-yə yaxın beynəlxalq və keçmiş SSRİ-nin mərkəzi şəhərlərində keçirilən konfranslarda yaxından iştirak etmiş və məqalələr çap etdirmişdir. Şəmistan Mikayılov ETPEİ-nin direktor vəzifəsinə kimi yüksəlmişdir.


FAXRALI KƏNDİ - 2NAMAZ BƏDƏLOV

Namaz Hüseyn oğlu Bədəlov 1932-ci il may ayının 20-də Borçalı mahalının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. Orta məktəbi doğma kəndində bitirmişdir.1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra doğma yurduna qayıdaraq 1959-cu ilədək Faxralı kəndindəki "Qələbə" kolxozunda aqrotexnik, baş aqronom işləmişdir. 1959-1961-ci illərdə Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun aspirantı olmuşdur. Aspiranturanı müvəffəqiyyətlə bitirdikdən sonra o, 1961-ci ildən bu institutun elmi katibi vəzifəsinə irəli çəkilmişdir.Namaz Bədəlov 1964-ci ildə "Azərbaycanda tut ipəkqurdunun damazlıq yemləməsi üçün çəkil sortlarının seçilməsi" adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. O, 1972-ci ilədək İpəkçilik İnstitutunun elmi katibi vəzifəsində işləmişdir.1972-ci ildən 1990-cı ilədək Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 1985-ci ildə Rostov vilayətinin Don Kənd Təsərrüfatı İnstitutunda "Tut ipəkqurdunda yemi ödəmənin yüksəldilməsinin ekoloji və genetik seleksiya əsasları" adlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi almışdır.O, 1990-cı ildən ömrünün sonuna kimi institutun direktoru vəzifəsində çalışmışdır.1964-cü ildə namizədlik müdafiəsindən sonra Namaz Bədəlov tərəfindən tut ipəkqurdunun seleksiyası və damazlıq işinə aid aktual məsələlər müvəffəqiyyətlə işlənmiş, nəticələri Ümumittifaq (keçmiş SSRİ), respublika və zona elmi-təsərrüfat müşavirələrində mə’ruzə edilmiş, məqalələr çap olunmuş və istehsalata tətbiq edilmişdir.Namaz Bədəlov 150-dən çox elmi əsərin, o cümlədən 5 monoqrafiyanın, 6 ixtiranın müəllifi olmuşdur. Onun rəhbərliyi altında 5 nəfər elmlər namizədi müdafiə etmişdir. O, eyni zamanda 60-dan çox elmi-publisistik məqalələr müəllifidir.15 il daimi olaraq AzKTİ-da və H.Əliyev adına özəl Aqrar Ekologiya İnstitutunda ixtisas fənnindən mühazirə oxumuş və məşğələlər aparmışdır.Namaz Bədəlov keçmiş ÜKTEA Koordinasiya Şurasının üzvü, AzSSR-də ipəkçilik üzrə kənd təsərrüfatının idarə edilməsi sisteminə baxan komissiyanın sədri, AzSSR Dövlət Aqrar Sənaye Komitəsinin heyvandarlıq problemləri üzrə elmi-metodiki Şuranın üzvü, "Şelk" elmi-texniki Ümumittifaq məcmuəsi redkollegiyasının üzvü kimi ipkəçiliyin inkişaf etdirilməsi üçün tədbirlər planının işlənməsində və elmi nailiyyətlərin həyata keçrilməsində fəal iştirak etmişdir.Yüksək ixtisaslı elmi kadrların hazırlanmasında fəal iştirak etmişdir. F.A.Məlikov adına Heyvandarlıq İnstitutunda təşkil olunmuş ixtisaslaşmış müdafiə şurasının bir neçə seçki üzvü seçilmiş, 12 beynəlxalq simpozium və konfranslarda iştirak etmişdir.Namaz Bədəlovun elmi fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, aqrarçı alim kimi 1970-ci ildə "Rəşadətli əməyə görə", "Lenin yubiley medalı", 2 dəfə ÜXTNS-nın gümüş medalı və 1974-cü ildə "Əmək veteranı" medalı ilə təltif olunmuşdur.Namaz Bədəlov 1999-cu ildə vəfat etmişdir.


FAXRALI KƏNDİ - 2ŞAMİL QURBANOV

Şamil Dünyamalı oğlu Qurbanov 1934-cü il may ayının 10-da Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1955-ci ildə orta məktəbi bitirmiş və həmin ildə ADU-nun (indiki BDU-nun) jurnalistika şöbəsinə daxil olmuşdur. Universiteti fərqlənmə diplomu ildə bitirmiş və "Azərbaycan məktəbi" jurnalında ədəbi işçi kimi fəaliyyətə başlamışdır. 1961-ci ildə universitetin jurnalistika fakültəsində baş laborant işləmişdir. 1962-ci ildə Şamil Qurbanov Azərbaycan ədəbiyyatı tarixi kaefdrası üzrə aspiranturaya qəbul olmuş və 1965-ci ildə "Zaqafqaziya rus dilli mətbuatında Azərbaycan ədəbiyyatı (1905-1917)" mövzusunda dissertasiyanı vaxtından əvvəl müdafiə etmiş və filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Müdafiədən sonra o, "Bakı" və "Baku" qəzetlərində ədəbiyyat şö’bəsinin müdiri işləmişdir. 1968-ci ildə yenidən universitetə qayıtmış və "Azərbaycan dili və onun tədrisi metodikası" kafedrasında dosent işləmiş, Azərbaycan dilindən dərs demişdir. 1971-ci ildə Rus ədəbiyyatı tarixi kafedrasına keçmiş və rus ədəbiyyatından mühazirə oxumağa başlamışdır. 1973-cü ildən Türk və Şərqi slavyan xalqları ədəbiyyatı kafedrasına (o zaman "SSRİ xalqları ədəbiyyatı" kafedrası adlanırdı) keçmiş və həmin kafedrada dosent, professor işləmişdir. 1989-cu ildən bu kafedranın müdiridir.1975-ci ildə "XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan-rus ədəbi əlaqələri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, filologiya elmləri doktoru elmi dərəcəsi almışdır.Şamil Qurbanov Azərbaycan ədəbiyyatında yeni səhifələr açmış, indiyə qədər mə’lum olmayan və ya az mə’lum olan şəxsiyyətləri üzə çıxarmışdır. Bunlar Hüseyn Minasazov, Rəhimbəy Məlikov, Məmməd Qarayev, Həmzətbəy Qəbulov, Şirvanski, Sona xanım Axundova, Kərim Yaycılı və başqalarıdır. Onun Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, M.Ə.Rəsulzadə haqqında da dərin tədqiqat əsərləri vardır.Onun ən böyük ədəbi xidməti Ömər Faiq Ne’manzadə və Şeyx Cəmaləddin Əfqani haqqında tədqiqatlarıdır. Bunların hərəsi haqqında məqalələrdən əlavə 4-5 kitab nəşr etdirmişdir, onların böyük xidmətləri şərh olunmuşdur.1978-ci ildən 1992-ci ilə qədər doktorluq elmi dərəcəsi verən Elmi şuranın elmi katibi işləmişdir. 1981-1992-ci illərdə filologiya fakültəsinin qiyabi və axşam şö’bəsinin dekanı olmuşdur. Şamil Qurbanov 10-dan çox beynəlxalq simpozium və konfranslarda (Ankara, Bursa, Tehran,. Bağdad, İsfahan, Moskva, Tbilisi, Daşkənd və Düşənbə) iştirak etmiş, Daşkənd və Tbilisi ali məktəblərində Azərbaycan ədəbiyyatından dərs demişdir. Şamil Qurbanov 1980 - 2004-cü illərdə BDU-nun professoru olmuşdur. 22 kitabın, 300-dən çox məqalənin müəllifidir. Məqalələri İran, İraq, Türkiyə, Gürcüstan və s. ölkələrdə çap olunmuşdur. 1995 və 2000-ci ildə majoritar yolla Bakı şəhərinin Nizami rayonundakı 12 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmişdir. O, Bakı Dövlət Universitetinin "Türk və Şərqi slavyan xalqları ədəbiyyatı" kafedrasının müdiri olmuş və millət vəkili kimi respublika Parlamentində fəal iştirak edirdi. Şamil Qurbanov 2004-cü ilin yanvar ayında Bakı şəhərində vəfat etmişdir.


FAXRALI KƏNDİ - 2ƏLİ HÜSEYNOV

Əli Məhərrəm oğlu Hüseynov 1935-ci il dekabrın 5-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1941- 1952-ci illərdə Faxralı orta məktəbini bitirmişdir. 1952-1953-cü illərdə kolxoz təsərrüfatlarında işləmiş, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) biologiya fakültəsinə daxil olmuşdur. 1959-cu ildə universiteti bitirmiş və bioloq ixtisasına yiyələnmişdir. Həmin il Faxralı orta məktəbində kimya və biologiya müəllimi, sonra isə direktor müavini təyin edilmişdir. 1965-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinin nəzdində biokimya ixtisası üzrə aspiranturaya daxil olmuşdur. O, "Müxtəlif nisbətlərdə makro və mikrogübrələrin pambıq bitkisinin toxumlarında yağın miqdarına və keyfiyyətinə tə’siri" mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. Tədqiqat işini keçmiş Leninqrad şəhərində aparmış və müvəffəqiyyətlə dissertasiya müdafiə etmişdir. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki ADİU-da) saathesabı müəllim, Azərbaycan EA Botanika İnstitutunda kiçik elmi işçi işləmişdir. 1971-ci ildən 1982-ci ilə kimi Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. 1982-ci ildə hazırkı Azərbaycan Dövlət Pedaqoji Universitetində dosent vəzifəsini tutmuşdur. 1995-ci ildə Bakıda "Naxçıvan" özəl Universitetində biologiya kafedrasında professor yerini tutmuşdur. Hal-hazırda ADPU-nun biologiya tədrisi metodikası kafedrasının müdiridir.Ə.Hüseynov 1998-ci ildə "Orta məktəbdə biologiya tədrisinin nəzəri və metodiki əsasları" mövzusunda doktorluq dissertasiyası yazmış və AAK-ya təqdim etmişdir.Ə.Hüseynov elmi-pedaqoji fəaliyyəti ilə əlaqədar olaraq ADPU-da müdafiə şurasının, universitetin elmi şurasının, Təhsil Nazirliyinin elmi-metodik şurasının üzvü seçilmişdir. Əli Hüsyenov 150-dən çox elmi və elmi metodik məqalə, kitab, dərslik və monoqrafiyaların müəllifidir. Orta və ali məktəblər üçün 2 dərslik və dərs vəsaiti, 10 proqram yazıb çap etdirmişdir."Təbiətşünaslıq" orijinal dərsliklərinə görə 1990 və 1993-cü illərdə Azərbaycan Təhsil Nazirliyinin və akademik Xudu Məmmədov adına respublika mükafatına layiq görülmüşdür.1998-ci ildə Beynəlxalq Biologiya Cəmiyyətinin diplomunu almışdır. İngiltərənin Kembric Universitetində dünyanın 500 məşhur alimləri içərisində onun ingiliscə tərcümeyi-halı verilmişdir. Beynəlxalq Biologiya cəmiyyətinin "Qızıl" medalına, "Qızıl ulduz" medalına layiq görülmüşdür. Amerika Bioqrafiya İnstitutu Kembric Universitetindən aldığı mə’lumata əsasən onu Amerika Bioqrafiya İnstitutunun üzvü seçmişdir. Elmi fəaliyyətinə görə ABİ-nin "Qızıl heykəl" və "Honor" medalına layiq görülmüşdür.Əli Hüseynovun "Təbiətşünaslıq" dərslikləri rus dilinə, V sinif üçün dərsliyi həm də ingilis dilinə tərcümə olunmuşdur. Əli Hüseynov ADPU-da kafedra müdiri vəzifəsinə kimi yüksəlmişdir.


FAXRALI KƏNDİ - 2TAHİR PƏNAHOV

Tahir Musa oğlu Pənahov 1936-cı il iyunun 10-da anadan olmuşdur. 1955-ci ildə Faxralı orta məktəbini bitirmişdir. 1960-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirmiş və təyinatla Azərbaycan Politexnik İnstitutunun fizika kafedrasına işə göndərilmişdir. 1962-ci ildə Azərbaycan EA-nın Fizika İnstitutunda aspiranturaya qəbul olunmuş, maqnit hadisələri, metallar fizikası və dəqiq ərintilərin fiziki metalşünaslığı istiqamətində elmi işlər aparmış, 1966-cı ildə namizədlik dissertasiyası müdafiə etmiş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 1988-ci ildə "Nikel əsasında ikiqat və üçqat ərintilərin strukturası və fiziki xassələri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1989-cu ildən professordur. Müxtəlif tərkibli poladların fiziki xassələrinin tədqiqi ilə əlaqədər olaraq bir neçə elmi mərkəz və zavodlarla təsərrüfat hesablı müqavilələr əsasında tədqiqat işləri aparmış, 18 elmi işinin nəticəsi istehsalata tətbiq edilmiş və böyük iqtisadi səmərə vermişdir. 40-dan çox beynəlxalq və respublika konfranslarında mə’ruzələr etmişdir. Onun 7-dən çox müəlliflik şəhadətnaməsi vardır, 150-dən çox elmi məqaləsi çap edilmişdir. 10-dan çox aspirant və tədqiqatçının elmi işlərinə rəhbərlik və opponentlik etmiş, elmlər namizədi yetişdirmişdir. Hazırda çoxkomponentli yumşaq və bərk maqnit materialların texnologiyası, struktur və fiziki xassələrinin kompleks öyrənilməsi ilə bağlı, müasir avadanlıqlarla təchiz edilmiş "Metal və ərintilərin fizikası" elmi-tədqiqat laboratoriyasına rəhbərlik edir. 1965-1993-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspirantura, doktorantura keçmişdir. Amorf materialların texnologiyası sahəsində tədqiqatlar aparmaq üçün Budapeşt Texniki Universitetində ezamiyyətdə olmuş və elmi mühazirələr oxumuşdur.Son beş ildə 10-dan çox elmi konfranslarda çıxış etmişdir. AzTU-nun "metallurgiya" fakültəsində 1991-ci ildə "Metalların fizikası" ixtisasının açılmasının təşəbbüskarı olmuş və tədris planına uyğun olaraq, "Metal və ərintilərin fiziki xassələri", "Eksperimentin texnikası", "Eksperimentin təşkili", "Dəqiq ərintilərin fiziki metalşünaslığı" və s. proqramları tərtib edib çapdan çıxarmışdır. "Metal və ərintilərin fiziki xassələri", "Dəqiq ərintilərin fiziki metalşünaslığı" dərs vəsaitlərini çap etdirmişdir.İxtisaslışdırılmış müdafiə şurasının, Universitet və fakültə elmi şuralarının üzvü olmuşdur. Bir neçə elmi yaradıcılıq Akademiyasının üzvüdür.



FAXRALI KƏNDİ - 2MAHAL QURBANOV

Mahal Şaban oğlu Qurbanov 1957-ci il fevralın 16-da Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1964 -1974-cü illərdə Faxralı orta məktəbini bitirmişdir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Həmin ildən Marneuli şəhər 70 saylı texniki peşə məktəbində müəllimlik fəaliyyətinə başlamış və eyni zamanda Marneuli şəhər orta məktəblərində də dərs demişdir. 1984-cü ildə istehsalatdan ayrılmadan Azərbaycan ETPEİ-nin aspiranturasına daxil olmuş, 1987-ci ildə Tbilisi Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə edib pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. 1989-cu ildə Gəncə şəhərinə köçmüş, Gəncə şəhər 30 saylı orta məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdir. 1990-cı ildə müsabiqə yolu ilə H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Ümumi texniki fənlər kafedrasına müəllim tə’yin olunmuşdur. Sonra dosent vəzifəsinə seçilmişdir. O, H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun tərbiyə işləri üzrə prorektoru vəzifəsinədək yüksəlmişdir. Mahal Qurbanovun elmi və pedaqoji fəaliyyəti 15 elmi əsərdə öz əksini tapmışdır. O, bir sıra respublika səviyyəli elmi konfranslarda iştirak etmiş, məqalələr çap etdirmişdir. 2013-cü ilin yanvar ayında "Müasir dövrdə 8-11-ci sinif şagirdlərinin əxlaqi münasibətlərinin formalaşdırılması” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və "Podaqoqika üzrə elmlər doktoru" elmi dərəcəsini almışdır.


FAXRALI KƏNDİ - 2ƏFLATUN HƏSƏNOV

Əflatun Mürsəl oğlu Həsənov – 1959-cu il dekabrın 12-də qədim Borçalı mahalında – indiki Gürcüstanın Bolnisi rayonundakı Faxralı kəndində anadan olub.
1976-cı ildə Faxralı kəndində orta məktəbi, 1980-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsini bitirib.
1981-1982-ci illərdə hərbi xidmətdə olub.
1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunda elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayıb.
1985-ci ildə isə Leninqrad Dövlət Universitetində aspiranturaya daxil olub.

FAXRALI KƏNDİ - 2 Ə.M.Həsənov 1987-ci ildə “Radiasiya və elektrik boşalmasının tə’siri altında oksid bor maddəsinin səthində baş verən proseslərin” öyrənilməsinə aid namizədlik dissertasiyası, 2000-ci ildə isə bərk cisimlər ixtisası üzrə “Geniş qadağan olunmuş zonalı dielektriklərin iştirakı ilə radiasion və plazma heterogen proseslərin müqayisəli qanunauyğunluqları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

50-dən çox elmi əsərin müəllifidir. Bu əsərlərdən 6-sı Rusiya dövlətinin patenti olmuş, atom və plazma-generatorunda istifadə olunan maddələrin köməyi ilə hidrogen-enerjidaşıyıcısı alınmasına həsr olunub.

Professor Əflatun Həsənov bir monoqrafiya, xarici ölkələrdə çap olunan 16 əsərin müəllifidir. (Böyük Britaniya, Almaniya, Macarıstan, Türkiyə və s.). Onun rəhbərliyi altında iki elmlər namizədi müdafiə edib. O, Azərbaycan Elmlər Akademiyasının Radiasiya tədqiqatları bölməsində laboratoriya müdiri vəzifəsinə kimi yüksəlib.

FAXRALI KƏNDİ - 2 Professor Əflatun Həsənov 2003-cü ildə Milli Aerokosmik Agentliyinin baş direktoru təyin olunub.

2008-ci ildən ARDNŞ-in Ekologiya idarəsinin rəisinin müavini vəzifəsində çalışır. O, Amerika Birləşmiş Ştatlarının Bioqrafiya İnstitutunun Qızıl medalı və “Beynəlxalq səfir ordeni” ilə təltif olunub.

Bu günlərdə dəyərli ziyalımız, tanınmış alim, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya idarəsinin rəis müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əflatun Həsənovun "Xərçəngsiz, infarktsız, insultsuz çox yaşa" adlı yeni və faydalı kitabı işıqüzü görüb. Bu münasibətlə hörmətli Əflatun müəllimi ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az



FAXRALI KƏNDİ - 2İSA XƏLİLOV

İsa Əli oğlu Xəlilov - 1961-ci il may ayının 2-də qədim Borçalı mahalında, indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Faxralı kəndində ziyalı ailəsində dünyaya göz açıb. 1968-1978-ci illərdə Faxralı kəndində orta təhsil alıb. 1978-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) mexanika (maşınqayırma) fakültəsinə daxil olub. Tələbəlik illərində institutun ictimai işində aktiv iştirak etməklə, Lenin təqaüdünə layiq görülüb. 1983-cü ildə institutu fərqlənmə diplomu ilə bitirib, 1983-1984-cü illərdə Bakı məişət kondisionerləri zavodunda mühəndis-texnoloq vəzifəsində çalışıb.

1984-cü ildə Azərbaycan Texniki Universitetinin "Maşın detalları və yükqaldıran-nəqliyyat maşınları" kafedrasına "Maşınşünaslıq" ixtisası üzrə aspiranturaya daxil olub. 1990-cı ildə "Dişli muftaların sistemli ehtimal hesabı alqoritminin yaradılması" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, texnika elmləri namizədi elmi dərəcəsi alıb.

1987-1991-ci illərdə Azərbaycan Politexnik İnstitutunun, indiki Azərbaycan Texniki Universitetinin "Maşın detalları vəyükqaldıran-nəqliyyat maşınları" kafedrasında assistent, 1991-2013-cü illərdə isə həmin kafedrada dosent vəzifəsində işləyib. 2013-cü ildə “Maşın intiqallarının sistemli analizi ilə muftaların seçilməsinin nəzəri əsaslarının işlənməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika üzrə elmlər doktoru elmi dərəcəsi alıb.
2013-2015-ci illərdə “Maşın və mexanizmlər nəzəriyyəsi” kafedrasının müdiri vəzifəsini yerinə yetirib.
2015-ci ilin dekabr ayından həmin kafedranın professorudur.
Bununla yanaşı 1990-1992-ci illərdə həmin universitetin "Robot texnikası" fakültəsində tədris işləri üzrə,
1993-1998-ci illərdə isə elmi işlər üzrə dekan müavini vəzifəsində çalışıb.

O, 1988-ci ildə Moskvada Bauman adına Ali Texnika Məktəbdə ixtisasartırma kursu keçmişdir. 1992-ci ildə Almaniya Federativ Respublikasının Akademik Mübadilələr İdarəsi İsa Xəlilovun elmi fəaliyyətini nəzərə alıb, onu 1992-1993-cü illərdə Boxum şəhərinin Ruhr Universitetinə elmi işə dəvət etmişdir. O, burada tamamilə yeni bir prinsiplə işləyən yumruqlu mexaniki ötürmənin kinematik hesabı alqoritmini tərtib etmişdir.

İsa Xəlilov 1996-1997-ci illərdə AFR-nın 80 illik tarixi olan, bütün dünyada texniki-iqtisadi kadr mübadilələri aparan məşhur Karl Düysberq (Carl Duisberg) cəmiyyətinin dəvəti ilə yenidən Almaniyada olmuşdur. Cəmiyyətin proqramı çərçivəsində sosial bazar iqtisadiyyatı şəraitində müəssisələrin yaradılması, idarə edilməsi kurslarını ən yüksək balla başa vuraraq, 1-ci dərəcəli diploma layiq görülmüşdür. Bu proqram çərçivəsində dünyada ən böyük avtomobil zavodlarından biri olan Wört şəhərindəki Mercedes-Benz zavodunda avtomobillərin istehsalının texniki və iqtisadi təşkili, avtomatlaşdırılmış istehsal şəraitində müəssisələri idarə etmə təcrübəsi keçmişdir.

İsa Xəlilov Daymler Kraysler AC-nin Azərbaycan təmsilçiliyində satış şöbəsinin müdiri vəzifəsinədək yüksəlmişdir. 1997-ci ildə AFR Akademik Mübadilələr İdarəsi yenidən İsa Xəlilovu Almaniyanın Karlsrue Universitetinə elmi işə dəvət etmişdir. O, 1997-1998, 2003, 2006 və 2009-cu illərdə Karlsruhe Universitetində elmi və pedaqoji ixtisasartırma kursları keçmişdir.

İsa Xəlilov 2005-2008–ci illərdə AzTU rektorunun müşaviri vəzifəsində işləmişdir.
2008-ci ildən Azərbaycan Texniki Universitetində tərbiyə işləri üzrə prorektor vəzifəsində çalışır.
70-dən çox elmi-texniki və metodik əsərin, o cümlədən, 1 monoqrafiyanın, 3 dərsliyin, 4 dərs vəsaitinin, 13 elmi-metodik məcmuənin və 2 texniki lüğət kitabının müəllifidir. O cümlədən, "Elevatorların layihələndirilməsi" adlı dərs vəsaiti bu sahədə azərbaycanca yazılmış ilk kitabdır.

Prof. İsa Xəlilov Azərbaycanda ilk dəfə olaraq "Maşınların yaradılmasının texniki əsasları" fənni üzrə mühazirələrin də müəllifidir. Əsərləri Azərbaycanda, Rusiyada, Türkiyədə, Almaniya Federativ Respublikasında nəşr edilib. "Makine elemanları sözlüyü" adlı rusca-azərbaycanca-türkcə-ingiliscə texniki lüğət kitabı Türkiyədə işıqüzü görüb.

Professor İsa Xəlilov - Universitetin elmi, tədris və ictimai işlərində fəal iştirak edir. Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən D 02.171 Dissertasiya Şurasının üzvü, universitetin “İnformasiyalaşdırma Şurası”nın sədridir. 2011-ci və 2015-ci illərdə Azərbaycan Respublikası Təhsil nazirinin “Fəxri Fərman”ı ilə təltif edilmişdir.

Rus və alman dillərində sərbəst danışır.

Ailəlidir, bir oğlu, bir qızı var.

FAXRALI KƏNDİ - 2
Bu gün Azərbaycan Texniki Universitetinin
Tərbiyə işləri üzrə prorektoru,
xalqımızın dəyərli ziyalısı,
tanınmış alim və xeyirxah insan,
texnika elmləri doktoru, professor
İsa Əli oğlu Xəlilovun Ad günüdür.
Daha dəqiq desək, anadan olmasının
55 illik Yubileyidir!..

Biz də çox hörmətli professor İsa Xəlilovu
Ad günü və Yubileyi münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı, elmi-pedaqoji və
ictimai fəaliyyətində yeni-yeni
uğurlar arzulayırıq!...

Müşfiq BORÇALI,
ZiM.Az


02.05.2016



Mənbə: faxralı.com
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: