Canlı yaşadığımız hadisə
("Günahkar Mühit" kitabından bu gün üçün...)
Pəncərədən düşən gün işığı yumulu gözlərimdə qarşımda sarı bir dünyanı əks etdirirdi, oğul. Gözlərimi açdıqda "budilnik"in vurmadığını, dərsə gecikdiyimi anladım. Yadıma düşdü ki, bu gün institutda 1-ci dərsimiz boşdur, amma uşaqlarla sözləşmişdik ki, hər həftənin həmin günü ikinci korpusun dördüncü mərtəbəsində bufetdə yığılırıq. Durdum əynimi geyindim, zəng vurdum Mehman adlı qrup yoldaşıma:
- Qaqa, nə var nə yox ?
- Yatmısan hə? ay səəəni...
- Hə, ee, qaqa. Gecə gec yatmışdım. Hardasız ?
- Dördün bufetində. Gəlirsən?
- İndi durmuşam, çay içib gəlirəm.
- A kişi, neynirsən çayı? gəl burda içərik.
Danışıb, sağollaşdıq. Durdum əynimi geyindim. İnternet klub hələ bağlı idi. Düşdüm metroya. Bu müddət ərzində amma qrup uşaqları ilə heç zəngləşmədik. 28 May metro stansiyasında çıxanda yenidən Mehmana zəng vurdum:
- “Hardasız“ dedim.
-“Qaqa, dördün bufetindən düşürük, bilyard oynamağa gedirik, gəl Asəf Zeynallının qabağına” dedi, telefonu keçirdi.
Beş dəqiqə sonra Azərbaycan Dövlət Neft Akademiyasının qabağında idim. Amma bir qəribəlik var idi. Adi günlərdə normalda dərs gedə - gedə belə institutun qabağında tələbələr olurdu. Siqaret çəkən , dərsə girməyən, dərsi boş keçən və s.
Bu dəfə sakitçilik, bir insan belə yox idi. Əvvəlcə fikirləşdim ki, mənə zarafat ediblər. Bəlkə də bayram günüdür, ya başqa nəsə institut yoxdur heç. Zarafatla məni qaldırıb dərsə gətizdirdilər. Mehmana zəng vurdum götürmədi. Bir də zəng vurdum digər uşaqlara heç biri götürmədi telefonu. Artıq Akademiyanın qabağında idim və gördüyüm mənzərə qarşısında şoka düşdüm. Əlim – ayağım qurumuşdu.
Pilləkanların başında , institutun düz qapısının ağzında bir tələbə qan içində yerdə çabalayırdı. Mən gördüyüm mənzərə qarşısında özümü itirmişdim ki , ətrafdan gələn səs məni ayıltdı.
-“Qaqaş, tez, cəld çək bunu o yana” - dedi. İki nəfər idi. Deyəsən polis işçiləri idi, amma formada deyildilər. Vurulan xarici tələbə idi , Neqr , Mustafa idi adı. Nə qədər təkid eləsələr də başımla “yox” dedim , qorxdum çəkildim qırağa. Çünki nə baş verdiyini anlamamışdım. Bəlkə iki nəfər dalaşıb , bunu vurublar mən əlimi vursam iz qalar kimi fikirlərlə , bu iki nəfər ciblərindən silah çıxardıb içəri girdilər. Mən içəri tərəfə boylandım. 1-ci mərtəbədə yerləşən bufetin düz qabağında “qatıq satan” da qan içində çabalayırdı. Artıq anlamışdım ki , nəsə bədbəxt hadisədir. Bir nəfər qız qaça – qaça gəldi , “atışmadır , hamını öldürürlər , qaçın canınızı qurtarın” ağlayaraq yanımdan keçdi. Özümü itirmədim. Pilləkanlarla yuxarı qalxdım. Sonradan anladım ki , mən birinci mərtəbədə olanda o “şərəfsiz” artıq üçüncü mərtəbədə idi. İnsan harayı , qışqırıq səsləri , qan iyisi ətrafı bürümüşdü. Tələbələr qucaqlarında bir nəfəri düşürdülər, gözündən vurmuşdu. Zombiləşmiş bu məxluq , qabağına çıxan hər kəsə atəş açırdı. Başında qara kepka , gözü heçnə görmürdü . Sanki illərdi vərəq – vərəq işləyib hazırlamışdı bu planı. Qabağına çıxan hər kəsə atəş açırdı. Çox keçməmiş qrup uşaqları qucaqlarında bir oğlan “vurulub , qan itirir , kömək edin” qışqırdı. Başımdan qaynar su töküldü sanki. Ceyhun Aslanov. Qrup yoldaşımız , vurulmuşdu. Köməkləşib aşağı düşürdük. Mənim institutun həyətindən ikinci mərtəbəyə qalxmağım heç 10 dəqiqə çəkməmişdi. Ceyhunu yaralı vəziyyətdə aşağı düşürəndə artıq akademiyanın qabağında sanki mitinq var idi , insan əlindən yer yox idi. “Ambulans” deyə qışqırdıq , tez köməyə gəldilər , maşına qoyduq , birbaşa Semaşkoya. Orada baş verənlərdən daha xəbərimiz olmadı. Ceyhunun həyatı üçün dua edirdik. Arxada təcili tibbi yardım maşını , qabaqda isə biz maşında yol aça – aça gedirdik. Semaşkonun həyətinə çatanda , bütün binalardan , Tibb universitetinin pəncərələrindən millət baxıb , ağlaşırdı. Semaşkonun dəmir darvazası taybatay açıq idi , ambulans maşınları dalbadal yaralıları daşıyırdı. Ceyhunu son dəfə elə maşından düşürdəndə gördüm. Daim deyib - gülən , zarafatcıl , mehriban oğlan idi. Rayondan instituta qəbul olub , ailəsi orda , özü Bakıda kirayədə yaşayırdı. Həm oxuyub , həm işləyirdi. Yaralı vəziyyətdə belə üzü gülürdü . Bir nəfər qrup yoldaşımız yanında girdi içəri , bizi buraxmadılar. 10 dəqiqə keçməmiş çıxdı, uzaqdan görüb, ona tərəf qaçdıq xəbər almaq üçün. Oturub yerə əlində qanlı paltar hönkür - hönkür ağlaması artıq kifayət idi.
Quruyub yerimizdə qalmışdıq. Bir gənc oğlan, hər gün bir yerdə deyib – güldüyümüz tələbə yoldaşımız bu həyatdan nakam köçmüşdü. Və ən dəhşətlisi .. Onun yerində mən də ola bilərdim, Mehman da, Hafiz də.
İnstitutun həyətində olanda zəng gəlmişdi. Açdım danışdım , uşaqlardan kimsə yığmışdı , Semaşkoya gəl dedim. Əlim “No” düyməsində basılı qalıb telefonum da sönüb sən demə. Bütün televiziya , radio , hər yer o hadisədən danışırdı o gün. Şəhər dəymişdi bir –birinə. Evdə də mama , bacı baxıb həyəcanlı şəkildə zəng ediblər ki , zəng çatmır . Evdəkilərin halı pisləşib , anamın ürəyi gedib , yazıq arvad qorxub ki , mənə də nəsə olub yəqin. Təzədən bir təhər axtarıb tapıb yığıblar Hafizə. Bir də onu gördüm Hafiz yaxınlaşdı mənə, əsəbi halda :
- Hanı telefonun ?
- Cibimdə. Kontur lazımdı ?
- Qaqaş yox eee , evdən narahatdılar !!!
- Aydaaa sönüb ee qaqaş.
- Yandır qadası , evdəkilərin halı pisdir.
Telefonu yandıranda gələn zənglər sms şəklində bildirşdə oldu : 175 zəng , 64 sms.
Evlə danışıb yaxşı olduğumu , nigaran qalmamaqlarını dedim. Dönüb uşaqlara tərəf baxanda “indi söndürürəm , mən sizi yığacam deyib “ , Hafizə baxdım. Əli başında, nə edəcəyini bilməyəcək şəkildə mənə baxır. “Nə olub ?” dedim. Bir telefon uzatdı mənə. Baxdım zəng gəlir o telefona , “ATA” yazılıb. Kimindi telefon soruşdum , Ceyhunundu dedilər. Sən danış dedilər. Telefona baxdım , bacarmaram mən dedim , uzatdım Mehmana. Baxdı , yox qaqaş mən də danışa bilmərəm dedi. Kimsə danışmağa cəsarət etmirdi. Nə danışasan ? Nə deyəsən ? 20 il övlad böyüdən bir ataya necə deyəsən ki , övladın ölüb . Həm də durduğu yerdə , şərəfsiz , biqeyrət birinin atəş açması nəticəsində. Amma danışmaq məcburiyyətində idik. Hafiz götürdü :
- Alo , buyurun dayı
- Sən kimsən ? Hanı Ceyhun ????
- Dayı , mən qrup yoldaşıyam Ceyhunun.
- Yooooox , oğlummmmm..
- Dayı , xahiş edirəm sizdən , qulaq asın.
- Ona nəsə olub ? ürəyimiz sıxılırdı bayaqdan.
- Yaralıdı... (sözü yarımçıq qaldı)
- Salam bala , mən əmisiyəm , qırağa çəkildim , düzünü de mənə ( dəstəyi başqa bir kişi götürdü)
- Əmi , ALLAH cənnəti qismət edər inşallah. ALLAH rəhmət eləsin, atasına deyə bilmədim.
- Bu dəqiqə Bakıya çıxırıq biz.
ALLAH heç kəsə övlad acısı göstərməsin oğul. Çox ağır bir dərddir. Ata olmaq , Atalıq borcunu layiqincə yetirim deyərkən , övladının səni , ailəni tərk edib dünyadan köçməsindən ağır dərd yoxdur bu həyatda. Bu gün heç yaşanmayaydı kaş cümləsini pıçıldayırdı dilim bixtiyar. Metroya düşdüm. Üst – başım qan içində. Qan ləkəsi. Girişdə polis saxladı , “Azii ??” başımla “hə” dedim , “Allah kömək olsun, keç” dedi. Qatar gözləyəndə camaatın heyrətlə baxmağı , sanki özlərində cəsarət toplayıb , yaxınlaşıb suallar vermək , məlumat toplamaq istəyirdilər. Qıraqdan pıçıltılar , tanımadığım insanların “qaqaş necə oldu ? gördün sən ?” suallarına əhəmiyyət belə vermirdim. “Ay qaqaş , evə aparaq səni ?” kimi sözlərə isə başımla “yox” deyib , metrodan düşüb ayaqla məhləyə qalxdım. Qonşular , dostlar yığılıb gəldilər. Suallara cavab vermək halında deyildim. Ötərgi cavablarla bir təhər yola verdim. Telefonu söndürüb o gün tez yatdım. Bir müddət akademiyaya getmədim. Televiziyada baxırdım , faciəni törədən Fərdanın atası , oğlunun meyidindən belə imtina elədi. Bir ata övladından necə utandığını onda şahidi oldum. Uşaq vaxtı həyətdə oynayanda atam məni çağırdı : Bir kəlmə səslənməyi kifayət idi , 5 saniyə olmamış qabağında dayanırdım . Buyur ata , nə lazımdır ? deyirdim. Heçnə , ged oyna deyirdi. Sən demə atam sonra qonşu Həmidə indi sən çağır deyirmiş . “Emmiilll , gəl bura” deyəndə , “eeee ata oynayıram da” deyib ağzını gözünü büzəndə Həmid dayının bütün məhlənin yanında keçirdiyi utanc hissləri illərnən gözümün önündən gedməsə də , bu hadisədə Ata – oğul utancı daha acınacaqlı idi. Kişi, övladının neçə valideynin gözlərini yaşlı qoyduğunun fərqində idi. Faciəni törədən Fərdanın Gürcüstanda yaşayan qohumları , kəndləri belə elə bil bir nəfərə görə damğa vurulmuşdu ! Söz yox ki , hər qoyun öz ayağından asılır. Amma insanlar həmişə bildi – bilmədi danışırlar.
Hadisənin səhəri günü instituta getmədim. Səhər yuxudan oyanıb internet klubu açmaq üçün işə getdim. Açarı salıb qapını açmaq istəyirdim ki , iki nəfər qolumdan tutdu. Başımı çevirdim ki , hündür , idmançı görünüşlü orta yaşlarında kişidilər. “Kimsiz ?” “Nə lazımdır ?” soruşmağa macal tapmamış , “otur maşına” deyib dartışdırdılar. Güc verib birini itələdim , o birinin əlindən çıxmağa imkan tapmamış yumruqla burnumdan vurdu , qan açıldı. Sənədini çıxartdı göstərdi ki , “polis”di. Amma formada deyildi. Maşın da polis maşını deyildi. Bunlar məni dartışdıra- dartışdıra maşına salmaq istəyirdi ki :
- Əlinizi çəkin oturacam
- Tez ol otur (qolumu burdu)
- Polis işçisisiz yoxsa adam oğurluğu edirsiz anlamadım.
- Otur , gedək görəcəksən !!!
- Hara gedık ? Neyləmişəm mən , bir səbəbini deyin bilim.
- Nə etdiyini yaxşı bilirsən !!!
- Heç olmasa evə xəbər verim. Yiyəsiz deyiləm ki ? Atam – anam var.
- Çox danışırsan sən !!! (əlimi, gözümü bağladılar) .
Yolda bir kəlmə də danışmadılar. Nə baş verdiyini də anlamırdım. Bəlkə səhv anlaşılma olub ? Yaxın günlərdə nə etmişəm ki ? kimlə prinsipim olub ki ? heç söhbət zad da olmayıb . Həm belə olsaydı bizim bölməyə aparardılar , həm də bu cür əli – qolu bağlı aparmaq ... Gözümü açdığımda qaranlıq bir otaqda idim. Kinolarda gördüyüm qaranlıq otaq , dəyirmi masa , qarşımda siqaretin tüstüsünü zövqlə püfüldədən bir nəfər oturub.
- Biraz əzişdiriblər deyəsən .
- Biraz ? əməlli - başlı əzişdiriblər.
- Harda olduğunu bilirsən ?
- Təxmin edirəm.
- Adın Rüstəm. Gürcüstanda doğulmusan !!!
- Aha.
- Xalqlar Dostluğunda qalırsan !!!
- Aha.
- O, q... – ni hardan tanıyırdın? Necə tanış olmuşdunuz ?
- Kimi deyirsiz ? Heç nə anlamıram.
- Fərdanı.
- Siz kimsiz ?
- Müstəntiq !!!
- Tanımıram dediyiniz adamı.
- Fərdanı tanımırsan ?
- Yox, tanımıram.
- Fərda Xudaverdiyevi tanımırsan?
- Tanımıram dedim.
- Yumor verilişlər aparır, televizorda da görməmisən?
- Onu tanıyıram. Həm bunun bizim söhbətimizə nə dəxli var ki ?
- Hadisə günü dərsə gecikmisən.
- Yatıb qalmışdım. Budu günahım ?
- Halbuki gələ bilərdin.
- Qismət..
- Bəlkə bilərəkdən gecikmisən ?
- Siz nə demək istəyirsiz ?
- Rüstəm , yorma bizi. De görüm Hadisəni törədən o pe... – la hardan tanış idiz ?
- Mən dedim axı tanımıram . İlk dəfə də dünən uzaqdan gördüm , bir də televizorda şəklini. Vəssalam.
- İlk dəfə televizorda şəklini ? ( məni vuran polis)
- Aha.
- Bəs sənin onunla şəklini göstərsək ?
- Ola bilməz !! (Bir anlıq özüm – özümdən şübhələndim) .
- Bax Rüstəm, o da gürcüstanlı, sən də gürcüstanlı. O da Vasmoyda qalır, sən də Vasmoyda qalırsan. Hətta binalarınız arasında məsafə də çox deyil. Araşdırmışıq !!! Vasmoyda tanıdığın adamlar da çoxdu, səni tanıyanlar da, ümumiyyətlə çoxdu. Sən institutu yaxşı tanıyırsan !! Girişi, çıxışı...
- Bir dəqiqə yoldaş müstəntiq !!! Bu hadisədə yaxın bir qrup yoldaşımızı itirdik. Nə qədər anaların gözü yaşlı qaldı. Razıyam , siz dedikləriniz sizi şübhələnməyə vadar edir. Mən də müstəntiq , polis olsam şübhələnərdim. Amma mən gürcüstanlı olmağı qoyaq bir qırağa ilk növbədə mən də kiminsə övladıyam. Mən ana südü əmmişəm, hansısa əxlaqsız , küçədəqalmış böyüdmüyüb məni. Bizim kitabımızda şərəfsizlik , qeyrətsizlik yazılmayıb. Biz gürcüstanlıyıq ! Halal zəhmətimizlə dolanan adamlarıq.. Bir ailəmi maraqlanın. Atam, əmim, dayım kimlərdi, əlinizdə deyil ?
- Əlimizdədi. Əlimizdə olmasa səni bura gətirməzdik. (polis)
- Zor gücü ilə ? Burnuma vurduğun zərbəni unutmadım !!!
- Mübahisəni kəsin !!! Sualıma cavab ver Rüstəm , yaxşı bir əlaqən yoxdu deyirsən. Vasmoyda heç görməmişdin onu ? Bəlkə nə vaxtsa qarşına çıxa , yaxud..
- Yoldaş müstəntiq. Mənimki ancaq dərs – iş – evdi . Siz məni əlimi qolumu bağlayıb əzişdirib gətirmisiz bura. Günahım nədi ? gürcüstanlı olmaq ? hansı məntiqə uyğundur bu ? Meşə cakkalsız olmur !! Bir nəfər belə şərəfsizlik edibsə bunun cəzasını bütün gürcüstanlılar çəkməlidir ?
- Amma edib !!! Sizdən biri edib !!!
- Rəşid Behbudov da bizdən biri idi !!! Zabit Səmədov da !!! Za..
- Ehtiyyac yoxdur. Bilirəm. Səninl...
Sözü yarımçıq qaldı. Qapı açıldı içəri bir nəfər daxil oldu. Gələn adamın vəzifəli şəxs olduğunu hiss elədim ki , müstəntiq ayağa qalxıb üst – başını düzəltdi. Yaxınlaşdı , işığın parlaqlığı gözümə düşdüyündən tanıya bilmədim , əlini çənəmdən tutub o üz , bu üzümə baxdı. “Səni nə günə salıblar bala ?” deyəndə , səsindən tanıdım.
- Boş şeydi , əmi.
- Uşağı bu hala niyə salmısız ki ?
- Cənab polk.. ( müstəntiq sözü ağzında qaldı.)
- Bu cür usul düzgün deyil yoldaş müstəntiq. Başa düşürəm siz öz işinizi görürsüz. Amma ki , siz onda burada oxuyan bütün gürcüstanlı tələbələri yığıb içəri salacaqsız ? Basıb əzişdirəcəksiz ?
- Xalqlarda da yaxın məhlələrdə qalırlar. Fikirləşdik ki, ( müstəntiq )
- Bu bir təxribat idi. Millətimizə, dövlətimizə qarşı təxribat. Günahsız övladlar qurban getdi. Bizim də canımız yandı. Çətin gündə bir olmalıyıq. Hamımız azərbaycanlıyıq !!! gürcüstanlı , göyçaylı , qarabağlı deyilən bir şey yoxdur. Azərbaycanlıyıq hamımız. Yerlibazlıq edənlər bu millətin , bu cəmiyyətin düşmənləridir. Mən də gürcüstanlıyam . Orada anadan olduğumuza baxmayaraq illərdi Bu ölkə üçün can qoyuruq.
- Əmi , bağışlayın sözünüzü kəsirəm, amma bir çoxları anlamırlar ki , bizlər bu ölkənin vətəndaşıyıq. Mən 3-cü kursda oxuyuram . Bu dövlətin gələcəyiyəm, savadlı kadram. Mənə qara yaxmaq, ləkə atmaq, bu millətin gələcəyinə ləkə samaqdır !!!
- Hansı polis vurdu səni? ( gülərək )
- Nə əhəmiyyəti var ki, əmi. O udar mənə yox , gənc nəsilə vuruldu. Burnumuzdan axan qanın zərrə qədər də əhəmiyyəti yoxdur , içimizdən axan qanları görmürlər ki, onsuz.
- Düzdü bala , sən də ged uşaqlarla danış. Divarları zadı yazmaqla dərdə dərman olunmur. ALLAH rəhmət eləsin , acımız böyükdür. Xarici mətbuatdan da gələcəklər , divarlara başsağlığı yazmaqdansa rəhmətə gedənlərin hər birinin ailəsi var , hüzr üçün məclis qurulub , ora gedib başsağlığı versinlər !!!
- Oldu, Əmi.
- Sonra da evə ged. Evdəkilər nigarandı.
Bir həftə ərzində heç akademiyaya gəlmədim. Hadisənin psixoloji təsirinin fərqində idi müəllimlər və göz yumurdular davamiyyətə. Bir müddət sonra gəldim akademiyaya. Uşaqlara zəng elədim, “Türk bufeti”də yığılmışıq , bura gəl dedilər. Bufetə girəndə bir çox nəzərlər məndə idi. Həmişə hörmətlə “Nuş olsun” deyib keçən uşaqlar arxa çevirdilər, görməməzlikdən gəldilər. Əvvəlcə başa düşmədim, uşaqlara tərəf gedəndə bir nəfər yerindən qalxıb, “Elə gəzirsən ki, elə bil heç gürcüstanlı deyilsən !!!” dedi. Başımdan elə bil qaynar su tökdülər. İki əlimlə boğazından yapışdım , uşaqlar qışqırışdı ki, “öldüü, öldüü, boğulur, burax”. Əlimi saldım ağzına, barmaqlarım ilə araladım çənəsini. Baş barmağımı saldım ikisini də, dişləri barmağımı doğram-doğram etsə də ağzını əks tərəfə dartırdım. Ağzını cırmışdım, dodaqlarının qırağından qan gələnə kimi buraxmadım. Tələbələr töküldü əlimdən aldılar. Rektor yanına çağırdı, danladı, töhmət verdi. Və dördüncü kursun sonuna kimi ən adi bir səhvimdə qovulacağımı qulağıma sırğa edim deyə təkrarladı. Vecimə belə deyildi. Etdiyim hərəkətin peşimançılığını çəkmirdim də. Rektorun otağından çıxıb mühazirəyə tələsdim. Akademiyanın kolidorlarında belə artıq baxışlar dəyişmişdi. Çünki etdiyim hərəkət qıraqdan baxan bir çox cahil insanlara dərs olmuşdu.
Zöhrab Məmmədov
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.