Səkinə ananın baxışları (Hekayə)

Səkinə  ananın  baxışları  (Hekayə)
Nailə Əli qızı MİRZƏYEVA,
AzTU-nun müəllimi,
filologiya elmləri namizədi.

* * * * * * *
Azərbaycan Texniki Universitetinin
Şəhid məzunlarına ithaf olunur


-Hə, gedirikmi? Yığışmısanmı?
-Yox, incimə. Mən, deyəsən, qalası oldum.
-Nə üçün? Axı, günlərdir ki, hazırlaşırıq. Kişi kimi söz danışmışıq. Bəs sözüvü tutmiyceysən?
-Məgər gedib özgə torpağında, bilmədiyin iş uğrunda ölmək kişilikdirmi?
Camal arxasını mənə çevirib, hirslə qapıdan çıxdı.
“Bu da özünü kişi hesab eləyir” - sözlərini eşitdim.
Səkinə ananın qəmli baxışlarını xatırladım.

* * * * * * *

Həyatda iki sualdan hər zaman qorxmuşam.
Biri “Haralısan?”, o biri isə “kimi daha çox sevirsən: ananı, yoxsa atanı?”
Qaçmışam bu suallardan, ayağım tutduqca qaçmışam.
Uşaqlıqdan yadıma gələn ancaq Səkinə anadır. Neçə yaşım olduğunu bilmirəm. Amma o xatirimdədir ki, təzə paltar geydirdilər mənə. Əlimdə şüşəyə oxşar rəngbərəng konfetlər var idi. Kimin aldığı da yadımda deyil. “Oppalara gedirik” - dedilər. Tək deyildim, başqa uşaqla da vardı. Bu yadımdadır. Sevinirdik. Küçəyə çıxacaq, ağacları, quşları görəcəydik. Xatirimdədir ki, maşınla gəldik. Maşının önündə oturmuş Səkinə ana qapını açıb məni yerə düşürdü. Özü də yerə enib “evə çatdıq” dedi. Binanın içərisindən çıxıb maraqla bizə baxan uşaqlar da elə mənim boyda idilər. Aralarında böyüklər də var idi. Mən əvvəl elə düşünürdüm ki, burada işləyən qadınların hamısının adı Səkinə anadır. Axı, dilim yenicə açılmış və ilk sözüm də “Səkinə ana” olmuşdu. Amma nədənsə ana məni gecələr tək qoyur, onun əvəzinə Xatirə xala deyilən kök arvad gəlirdi. Ancaq mən anamı istəyirdim. Bəzən yuxuya gedənə qədər sakitcə ağlayırdım adyalın altında. Səhər Səkinə ananı görəndə axşamkı umu-küsünü unudurdum. Beləcə günlər keçirdi.
Böyüyürdüm. Yavaş-yavaş öyrəşirdim yeni evimizə. Uşaqlar da mehribanlaşmışdı sanki. Bir dəfə gecə yuxumuz gəlmirdi. Elə bil hamımız sözləşmişdik. Heç kim yatmaq bilmirdi. Axşam növbəsinə gələn Şəlalə xalanı lap hirsləndirmişdik. Qadın qışqırır, işığı söndürüb gedirdi. Ancaq beş dəqiqə sonra yenə səs-küyümüz aləmi başına götürür, başqa qrupları da yuxudan qaldırırdı. Axırda qadın dözməyib təhqir etdi bizi. Bu şıltaqlığımız baha oturdu bizə.
-Ay yetimlər, elə belə etmisiz ki, küçələrdə, zibil qablarında qalmısız,-dedi. Mənasını anlamadığımız sözü eşidər-eşitməz susduq hamımız.
“Yetim” sözünü bir neçə dəfə öz-özümə təkrarladım. Nə vaxt yatmışam, bilmirəm. Oyananda günəş doğmuşdu. Cəld geyindik. Əl-üzümüzü yuyub səhər yeməyi üçün düzüldük. Masa arxasında Səkinə ananı görüb sevindim.-Gəl çıx da, ay dəcəl,-dedi. Axşamdan təkrarladığım sözü unutmamışdım. Verdiyim sualın təsirindən o, əlindəki sıyıq boşqabını aşıracaqdı.
-Anası, “yetim” nə deməkdir?-soruşdum.
Nimçəni qarşıma qoyub getdi. Könülsüz yedim. Tez çayımı içib oynamaq istəyirdim. Amma rəsm çəkməyə apardılar bizi. Mənə yaxınlaşıb
-Kamran, o sözü hardan eşitmisən, bala?-soruşdu.
-Axşam Şəlalə xala dedi bizə.
Bu söhbətin üstə bir də dönmədik. Uşaqları parka aparırdılar. Orada istədikləri dondurmanı aldırıb, istədikləri yelləncəklərdə əylənən uşaqları görüncə bir qısqanclıq dolurdu içimə. Axı, bizim ancaq bir yelləncəkdə yellənmək icazəmiz və pulumuz olurdu. Dondurmanı isə həmişə yarı bölürdük. Mən yenə də elə düşünürdüm ki, bu uşaqlar hamısı Səkinə anaya bizi kimi “ana” deyirlər. Ancaq parkda gördüyümüz oğlan və qızlar ona “müəllimə” deyirdi.
Top aparmışdıq oynamaq üçün. Topu ayağımızla vurur, şənlənib gülürdük. Birdən Camalın vurduğu top yaxınlıqdakı skamyada oturmuş qadının ayağına dəydi. Qadın dönüb
-Adə, rahat oynuyun. O tərəfə at da. Görmürsən adam oturub burda?-dedi.
O biri qadın da
-Az, işin olmasın. Bunlar yetimxana uşaqlarıdır. Görmürsən eyni geyib-lər,-cavabını verdi. Yenə o sözü, “yetim” sözünü eşitdim. Axı, bu nə deməkdi? -soruşdum özümdən.
Artıq 9 yaşım vardı. Böyümüşdüm. Evimizdə olan qadınlar bir-birinə “bu tifillərin qəlbini qırma. Onsuz da qırıqdılar” dediklərini eşidirdim. Əllərimə, ayaqlarıma, sonra da bir “evdə” yaşadığım uşaqların əl-ayaqlarına baxırdım. “Niyə bizə “qırıq” deyir bunlar? Bizim haramız qırıqdı ki?” düşünür, heç nə anlamırdım.
Bir dəfə parkda oynadığımız Azər adlı uşaq əlində dondurma bizə yaxınlaşan qadını göstərib
-Odur, anam gəldi. Sizə də dondurma alıb, ura,-dedi. Hamımız xoşbəxt idik. Birinci dəfə idi ki, bütöv dondurma yeyirdik. Evimizə qayıdanda
-Anası, niyə Azər o qadına ana deyir,-soruşdum Səkinə anadan. Gözləri doldu. Dodaqaltı “can bala” dediyini eşitdim.
-Hə, ana, niyə ona “ana” deyirdi?
Onda buranın internat məktəb, yəni, “yetimlər evi” olduğunu, bizim bura necə düşdüyümüzü heç “ ana” dediyimiz Səkinə xalanın da bilmədiyini öyrəndim. Eşitdiklərimə inanmaq istəmirdim. Amma ata-anaları sağ olan uşaqların yanına gələnlərin olduğunu, onların da dilindən bu kəlmələri eşitdikdə, qibtə qarışıq paxıllığım tuturdu belə uşaqlara. Bir dəfə tərbiyəçi “Camal, atan gəlib, çıx həyətə” deyəndə qeyri-ixtiyari
-Bəs, mənim yanıma nə vaxt gələcəklər?-soruşdum. Amma sualım sükutla qarşılandı, pərt oldum.
On bir yaşında idim. Artıq səkkiz il idi ki, burada idim. Məktəbimizə tez-tez qonaqlar gəlirdi. Onlar bəzən çox, bəzən də iki nəfər: bir kişi, bir qadın olurdu. Adətən, iki nəfər gəlib-gedəndən sonra uşaqlardan kim isə bizim evimizdən gedirdi. Belə vaxtlarda Səkinə ana yer tapmırdı özünə. Gələnlərə yalvarış qarışıq xahişlə “Sizi and verirəm Allaha. Uşağımın ürəyini üzməyin, qəlbini qırmayın” deyirdi. Sonra da bir müddət otağından çıxmırdı. Gedən uşaqları soruşduqda çöhrəsində kədər qarışıq bir sevinc gəzirdi. Titrək dodaqları ilə “onlar öz evlərinə getdilər” deyirdi.
Bir gün yenə iki nəfər gəldi. Hamımıza şirniyyat gətirmişdilər. Gələnlər çox mehriban adama oxşayırdılar. Ən çox da kişi. O, mənimlə xeyli söhbət etdi. Adı Ənvər imiş. Məndən çox şey soruşdu: hansı yeməkləri, hansı idman növünü, hansı cizgi filmlərini sevdiyimi. Sonra qonaqlar getdi. Onların mehribanlığı, səmimiyyəti xoşuma gəlmişdi. Parkda gördüyüm Azəri, onun ailəsini xatırladım. “Bəlkə, bunlar da mənim valideynlərimdir. Məni indi tapıblar”-düşündüm. Sonra ürəyimdən “kaş ki, onlar olaydı” fikri keçdi.
İki gün sonra yenə gəldilər. Bu dəfə onların qarşısına qaçıb, Ənvər əmini qucaqladım. Məni möhkəm qucaqlayıb sinəsinə sıxdı. “Biznən getmək istəyirsənmi?” soruşdu. Gözləri dolmuşdu.
-Hə,-dedim.
Direktorun otağına getdik. Otağa daxil olan kimi:
-Mən oğlumu tapmışam, - dedi. Sevinirdim. Yanılmamışdım, bu onlar idi-mənim atam və anam.
Doğrusu, uşaqlardan, Səkinə anadan ayrılacağım üçün qəribə hisslər keçirirdim. Hətta bəzən ağlamaq da istəyirdim. Ancaq valideynlərim də, Səkinə ana da “səni qovmuruq ki. Ata-ananla gedirsən. Nə vaxt istəsən, bura qonaq gələ bilərsən” deyirdilər. Bu da məni sakitləşdirirdi.
Artıq yeni evimizdəyəm. İnternat məktəbdən ayrıldığım səhnəni yəqin ki, heç vaxt unutmayacam. Nədənsə, mənə elə gəldi ki, hamı kədərlidir, məndən, atamdan və anamdan başqa. Səkinə ana isə heç yox idi. Mənimlə dünən axşam sağollaşmışdı. Xeyli söhbət etmişdi mənimlə. Nədənsə otağın işığını yandırmağa qoymadı. Tez-tez burnunu silirdi əlindəki dəsmalla, “mənə fikir vermə, Kamran, qrip olmuşam” dedi. Onun gəlmədiyini xəstəliklə bağladım. İndi isə burdayam, evimizdə.
Sentyabr ayı gəldi. 5-ci sinifə gedəcəkdim. Yaxınlıqdakı məktəbə sənəd verməyə getdik anamla-onun adı Solmazdır. Direktorla söhbəti qısa oldu.
-Hə, uşaq əvvəl başqa məktəbdə oxuyub. Yeni ev aldığımız üçün məktəbi dəyişməli olmuşuq,-dedi anam.
Sonra mənə bir neçə sual verdilər və hiss etdim ki, cavablardan razıdırlar. Rəsmiyyə müəllimə deyilən bir qadın başımı tumarladı.
-Afərin. İradə xanım mənim sinfimə yazın bu oğlanı,-dedi.
Artıq dörd aya yaxın idi ki, valideynlərimlə idim. Ancaq nədənsə, son zamanlarda tez-tez üşüdüyümü hiss edirdim. Bunun səbəbkarı anam idi. Nədənsə əvvəlki mehribanlığı hiss etmirdim ondan. Bir şey soruşanda qışqırır, atamı da acılayırdı. Bir dəfə süfrə arxasında qəribə hadisə baş verdi. Atam məndən
-Yeməkdən sonra parka gedəkmi?-soruşduqda anam
-Hə, payla pullarını elin ye....
Üzünə dəyən sillə fikrini tamamlamağa imkan vermədi. Mən masadan qalxıb öz otağıma qaçdım. Çarpayının bir kənarına oturdum. Atam gəldi, “gedirikmi?” soruşdu. Mən hazırlaşanda
-Bəs anam?
-Yox. Deyir, paltar yuyacağam. Getdik.
Qayıdanda hər şey hazır idi, ev də təmizlənmişdi, yemək də hazır idi.... Amma üşüyürdüm. Yenə bir gün evdə söz-söhbət düşdü. Dəhlizdə oturub televizor izləyirdim. Bu sözləri eşitdim
-Mən elin uşağını özümlə toya-yasa aparmayacam, mənim uşağımdı deməyəcəm!!!
Özümü pis hiss elədim. Axı, uşaq deyildim. Anladım ki, “elin uşağı” dedikləri mənəm. Susdum. Ancaq ailədə söz-söhbət, soyuqluq daha da artırdı. Bir gün dərsdən gəlib:
-Ana, sabah valideyn iclasım var - dedikdə
-Atan gələr, özü gedər,-cavabını eşitdim...
Axşam evimizə zəng gəldi. Səkinə ana idi. Anam dəstəyə yaxın getmədi, atamla xeyli danışdılar. Mən dəstəyi alanda əllərimin titrədiyini hiss etdim. Özümü ələ almağa çalışdım. Burada olduğum 8 ayda üçüncü dəfə idi zəng çalırdı. Danışdıq. Söhbətin sonunda “ora qonaq gəlmək istəyirəm” dedim. Qısaca “gəl” dedi.
Yatmaq vaxtı idi. Atam həmişəki kimi nahardan sonra dərslərimlə maraqlandı.
-Sabah valideyn iclasımız var,- dedim.
-Anana deyəydin da,-dedi.
Mən susdum, anam da durub otaqdan çıxdı. Atam diqqətlə üzümə baxdı. Heç nə demədim. Amma pərtliyim üzümə yazılmışdı sanki. Açığını deyim ki, atamla daha rahat oluram evdə. Dama oynayırıq, güləşirik də. Bunlar da mənə xoş gəlir. Yataq otaqlarımız üz-üzədir. Mən çantamı yığışdırıb yatağıma girdim. Amma onların işığı hələ də yanırdı, nə haqdasa danışırdılar. Hiss edirdim ki, səslər getdikcə yüksəlir. Nəhayət, anamın bu sözlərini eşitdim
-Getmiyəcəm. Özün gedərsən. Mən niyə camaatın uşağına baxmalıyam. Dedim ki, qardaşım qızını götürək. Yox, buna yetim lazım imiş. Götürmüsən, özün də get.
-Ay qız, axı, razılaşdıq səninlə. Həm də savabdı. Yavaş danış eşidər, yazıqdı.
-Sabah iclasa get, sonra da apar onu detdoma. Bayaq Səkinə mamoçqasıynan danışdı, dedi “qonaq gələcəm sizə”.
Yenə o sözü-yetim sözünü eşitdim. Dünyada ən çox sevdiyim insana lağ edirdi bu qadın. Artıq qərar vermişdim: bir də bu evə qayıtmayacam. Doğrudur, atam yaxşı adamdır, ancaq nə qədər savaşmaq olar? Yox, sabah geri gəlməyəcəm, qalacam “öz evimizdə”. Gecə çox narahat yatdım, hətta heç yatmadım. Çox kövrəlmişdim. Açığını deyim ki, səkkiz ayda bu evə, sinif yoldaşlarıma, ən çox da atama alışmışdım.
Səhər yeməyi masası arxasında oturmuşduq. Bilirdim ki, birlikdə yediyimiz son səhər yeməyidir. Məktəb yaxın olduğu üçün tək gedirdim. Evdən çıxanda hər ikisini də öpdüm. Atam bunu adi qarşıladı. Ancaq anam təəccüblə baxdı mənə. Atamdan “bugün məni aparacaqsanmı?” soruşdum. O da başı ilə “hə” işarəsini bildirdi. Qaçdım. Zəngə az qalırdı.
İclasda Rəsmiyyə müəllimə məni çox təriflədi. Atamın necə fərəhləndiyini gördüm. Amma nə edəydim?
“Evimiz”ə yaxınlaşdıqca həyəcanım artırdı. Hətta ağlamaq gəlirdi içimdən. Çatdıq. Maşın səsinə çıxdı içəridəkilər. Hamı ilə sakitcə görüşdüm. Amma nədənsə Camalı görəndə möhkəm qucaqlaşdıq. Bizim bu hərəkətimiz hamını təsirləndirdi. Səkinə ana məni bağrına basdı. Hiss edirdim ki, bədəni əsir. Üzümə diqqətlə baxdı
-Razısanmı ailəndən?-soruşdu.
Deyəsən, dodaqlarımın titrəməsindən anladı hər şeyi. Atam uşaq və müəllimlərlə söhbət edərkən məni otağına apardı.
-Nə olub, Kamran?
-Anası, mən ora qayıtmayacam, - qəhər məni boğdu.
-Niyə, oğlum? Niyə istəmirsən?
Mən baş verənləri danışdım. Gözləri mənə baxsa da, fikri uzaqlarda idi. Sonda
-Bəlkə, nə isə yaramaz iş tutmusan? Əsəbləşdirmisən ananı?
Gözlərimi yerə dikdim. Bu isə “yox” demək idi.
Otaqdan çıxdıq. Atam gətirdiyimiz şirniyyatları uşaqlara paylamşdı.
-Hə, qoçaq gedirikmi?-soruşdu atam. Mənim əvəzimə Səkinə ana dilləndi
-Olarmı Kamran iki gün qonağımız olsun? Onsuz da bircə cümə günü qalıb həftənin bitməsinə. Burda dərsini oxuyar.
Sonra atam Səkinə xala ilə nə isə danışdı. Onun narahatlığı gözümdən qaçmadı. Onu çox istəyirdim, üzülməsini heç istəməzdim. Amma nə etmək olar? Bir qədər sonra o getdi. Yenə narahat idim. Elə bil heç 12 yaşındakı uşaq deyildim. Ürəyim sancırdı.
-Anası, qarnım ağrıyır,-deyib ürəyimi göstərirdim. Gecə növbəsinə gələn Şəlalə xala “can bala” deyə-deyə ortalıqda gəzirdi. Həmin axşam Səkinə ana da evə getmədi, hər dəqiqə çarpayıma yaxınlaşıb saçımı tumarladı, “evdə” qalıb məni dilə tutmağa çalışdı.
-Kamran, axı sən onları sevirsən, oğlum. Ənvər müəllim də sənə çox bağlanıb. Bəs sən getməsən, o, pis olacaq.
-Yox, anası, mən getsəm pis olacaq. Hər gün mənə görəmi, ya nəyə görəsə dalaşırlar. Anam deyir “geri apar”. O da deyir ki, yox. Mən də istəmirəm onların dalaşmağını. Qoy qalım da, noolar?
Əlini mehribanlıqla başıma çəkdi: Yat, narahat olma. Hər şey yaxşı olar,-dedi.
Səhər yenə nigaran idim atamdan. Amma bildirmədim heç kimə. Bazar günü axşam gəldi Ənvər müəllim. Hamı ilə görüşdü, amma məni qucaqladı. Səkkiz ayda alışdığım bir ətir gəlirdi ondan, ata ətri. Həqiqətən, çox istəyirdim onu. O, yaxşı adamdır. Ancaq bir də getmiyəcəm ora. “Yetim” sözünü eşitmək istəmirəm daha. Orda dura bilməyib məktəbin bağçasına qaçdım. Bir azdan çağırırdılar məni. Camal gəldi dalımca. Ondan
-Getdi?-deyə soruşdum.
-Yox, indi gedir. Ana çağırır səni.
Getdik. Elə bil iki saatın içində Ənvər müəllim həm qocalmış, həm də əsəbləşmişdi. Üzünü mənə tutub
-Sən haqlısan, oğlum. Əslində, o pis insan deyil. Mən onunla yenə danışacam. Sən isə məni gözlə,-dedi. Getdi.
Bir müddət sonra yenə gəldi. Üst-başı səliqəsiz, dağınıq idi. Hədiyyə və şiriniyyat almışdı bizə. Gedəndə
-Oğlum, xarici ölkəyə işləməyə gedirəm. İnşallah, qayıdım, yenə görüşərik,-dedi.
-Təkmi gedirsiz, Ənvər müəllim?-ana sakit səslə soruşdu.
-Tək, Səkinə xanım, tək,-əlini yellədi.
Onunla bir daha görüşmədik. Bir də onlar haqda heç kim heç nə demədi, soruşmadı. Üç il sonra yenə bir ailə övladlığa uşaq götürmək üçün gəldi. “Evimizin” həyətində ilk qarşılaşdıqları mən oldum. Orta yaşlı, çox mehriban insanlar idi. Qadının dilindən “qadan alım” sözü düşmürdü. Düzünü deyim ki, çox ürəyimə yatmışdılar. Sən demə, onlar da mənimlə maraqlanıblar. Qadın direktora
-Ay bacı, qadan alım, elə bizi bura gətirən o oğlanıca verin bizə,-deyib.
Direktor da mənim başıma gələnləri yerli-yataqlı danışıb onlara. Bu zaman qadın göz yaşlarına hakim ola bilməyib.
-Allah insaf versin bunların ata-analarına. Nə günahı var bu tifillərin?-deyib.
Məsələni bilən Səkinə ana çox ehtiyatlı davranmağı tapşırıb onlara. Həmin gündən, demək olar ki, o adamlar bizimlə birgə yaşamağa başladılar. Artıq böyümüşdük deyə, hər şeyi anlayırdıq. Hərdən öz aramızda: bunlar görəsən, uşaq istəyir, ya burda işə giriblər?-deyirdik. Artıq iki aydan çox idi ki, bu vəziyyət davam edirdi. Arada onların evinə də getmişdik, bağlarında da işləmişdik. Bir sözlə, lap doğmalaşmışdıq. Nəhayət, Narıngül xala (qadının adı belə idi) söhbət aşdı:
-Ay oğul, səni görəndən, elə bil öz oğlumu tapmışam. Bizimlə yaşamağa razı olarsanmı? Vallah, mən də, Əhməd əmin də səni “pir” deyib tutacayıq. Özün görürsən, evimizdə də oldun. Tək adamlarıq, kim üçün yaşayırıq sualı veriləndə, ürəyimin başı göynəyir. Gəl, bir-birimizə dayaq olub yaşayaq. Ev də sənin, eşik də sənin, vallah.
Səkinə ananı axtarırdım. Beynimdə dolaşan suallara təkbaşına cavab tapa bilmirdim. Həyətdə tapdım onu. Hər şeydən xəbəri varmış.
-Məncə, pis olmaz. Yaxşı adamlardı, sən də daha uşaq deyilsən. Bugün-sabah 16 yaşın olacaq. Get, oğlum. Qoy sənin də kiməsə köməyin dəysin (məncə, bu ifadəni qəsdlə belə dedi. Mən özümü güclü, lazımlı bilim deyə). Mehriban, gülərüz qadındır Narıngül. Səni heç kim məcbur etmir, oğlum. Ürəyini dinlə.
Razılaşdım. Daha heç nədən qorxmurdum. İndi mən başqalarına lazımam.
Yeni evimizə getdiyimiz gün onlarda toy-bayram oldu. Qohumlar gəldi, qurban da kəsdilər. Məni öz doğmaları kimi qarşıladı burdakı insanlar.
Həm Narıngül ana, həm də Əhməd ata çox mehriban davranırdı mənimlə. Xüsusilə də qadının hər addımbaşı “qadan alım” kəlməsi dilində idi. Çox istəyirdim onları. Məktəbi bitirdim. Kompüter kursuna gedib, informatika elminə az da olsa yiyələndim. Öz bacarığım sayəsində İcra Hakimiyyətində kompüterçi işinə düzəldim. Amma bu arada çox kədərli bir xəbər aldım-Səkinə ananın ikinci oğlu şəhid olmuşdu. “Evimiz”ə getdim. Nə deyəcəyimi, necə təskinlik verəcəyimi bilmirdim. Onu görüb yaxınlaşdım. Əllərindən tutub qeyri-ixtiyari diz çökdüm qarşısında. Mənim bu halıma dözə bilmədi.
-Ayağa dur, oğlum. Nə edirsən?-dedi.
-Ana, məni bağışla. Nə deyəcəyimi bilmirəm.
-Bilirəm, oğlum, Vətən sağolsun. Bəs kimlər getməlidir vətəni qorumağa? Əlbəttə, siz-mənim övladlarım.
Söhbətimiz xeyli çəkdi. Səkinə ana məndən
-Uşaqlardan kiminlə əlaqən var?-soruşdu.
-Muradı, bir də Cəmilə ilə Nigarı görürəm. Necə ki?
-Bizim Camal nəydi? O gün gəlib oğlanların ünvanını soruşurdu. Əməllicə saqqal da qoyub. Bilmirəm heç hara getməkdən, “cihad eləmək”dən danışırdı. Oğlum, cənnətdən, cəhənnəmdən elə danışırdı ki, elə bil oralarda olub. Nə bilim. Sənin yanına gəlsə gör nə deyir, nə istəyir o.
-Yaxşı, ana, soruşaram,-dedim.
Həyat öz axarı ilə gedirdi. Ta ki, Camal gələnə qədər. Axır ki, gəlib çıxdı. Həqiqətən, qarşımda arıq, saqqallı biri durmuşdu. Qucaqlaşdıq. Səkinə ana deyən kimi idi. Dindən-imandan o qədər inandırıcı və şövqlə danışırdı ki, az qala məni də öz davamçısı edəcəkdi. Bir gün o gedəndən sonra Narıngül ana mənə
-Ay bala, sənin bu yoldaşın ağlı başında adama oxşamır. Qadan alım, ondan uzaq dur-dedi.
-O, mənim uşaqlıq dostumdur. Bizə ki, bir zərəri yoxdur?
Onun bizə gəlib-getməyi bir aydan artıq olardı. Nə isə dəyişmişdi içimdə. Bir dəfə Əhməd atanın narahat baxışları ilə qarşılaşdım.
Doğrusu, heç nə deməsə də, bu baxışların altında əzildim. Öz-özümdən soruşdum ki
-Kamran, sən nə edirsən? Nə etmək istəyirsən? Axı, bu adamlar səni öz övladları kimi sevir, sənə ümid bağlayırlar. Bəs sən?
Suallara cavab tapa bilmirdim. Yenə yadıma Səkinə ana düşdü. Səhəri gün “evimiz”ə yollandım. Qəribə hal almışdım. Elə bilirdim hamı mənə təəccüblə baxır. Ananı soruşduqda “otağındadır” dedilər. Qapıya yaxınlaşıb dəstəkdən tutdum. Içəridən gələn səs məni döşəməyə yapışdırdı. O idi, Səkinə ana. Şəhid oğluna ağı deyirdi.
Gül açmaz talam mənim,
Alınmaz qalam mənim.
Vətənə qurban gedən
Şəhidim-balam mənim.

Fikirləşdiyim bütün məsələlər aydınlaşdı sanki. Bu səs içimdə olan bütün sualların cavabı idi. Evə qayıtmaq qərarına gəldim. Bir neçə addım uzaqlaşmışdım. Arxamca qapı açıldı və geri dönəndə Səkinə ananın kədərli baxışları ilə qarşılaşdım.
Başımla sağollaşıb geri qayıtdım.
Axşam Camal gəldi.
-Hə, qardaş, gedirik.
-Hara?
-Bəs neçə vaxtdır nə danışıram?
-İncimə, mən qalası oldum.
-Ə, yekə adamsan, kişi kimi söz danışmışıq. Bəs, sözüvü tutumuyacaqsan?
Cavabım çox sərt oldu.
-Bəs gedib özgə torpağında, lazımsız bir xəyal üçün ölmək kişilikdirmi?
Camal qəzəblə yerə tüpürdü.
Qapıdan çıxanda “Bu da özünü kişi hesab edir” - sözlərini eşitdim.
Fikir vermədim. Çünki yaddaşıma şəhid olmuş oğluna gizlində ağı deyib ağlayan Səkinə ananın baxışları həkk olmuşdu.


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: