Pərixanım Mikayılqızı: "QƏFİL ATILAN GÜLLƏ" (Hekayə)

Pərixanım Mikayılqızı:   "QƏFİL ATILAN GÜLLƏ" (Hekayə) TƏBRİK EDİRİK!..

Tanış olun:
Pərixanım Mikayıl qlzı Muradova - 1953-cü il sentyabrın 14-də Bakı şəhərində anadan olub.
İlk təhsilini Bakıdakı 173 saylı orta məktəbdə alıb,
sonra 30 saylı məktəbdə davam etdirib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirib.
Ədəbiyyata olan həvəsi onu BDU-nin jurnalistika fakultəsinə gətirib və o, Azərbaycan mədəniyyət tarixində xüsusi yeri olan, görkəmli ədəbiyyatşünas, əvəzolunmaz pedaqoq, tənqidçi, publisist və folklorşünas Firidin bəy Köçərlinin həyat və yaradıcılığının tədqiqatına başlayıb. Firidun bəy Köçərlinin uşaq nağılları və hekayələrindən ibarət ayrıca bir kitab da nəşr etdirib.
Uzun illər cənab Prezidentin adını daşıyan
SİYASI SƏNƏDLƏR ARXİVİNDƏ şöbə müdiri və
Dövlət qulluğunun baş müşaviri vəzifəsində çalışıb.
Hazırda isə “Elm və Təhsil” qəzetinin baş redaktoru vəzifəsində çalışır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 5 kitab müəllifidir.
Kitablarından biri Firidin bəy Köçərlinin həyat və yaradıcılığına həsr olunub.
İkisi jurnalistika və ədəbiyyat fakültəsinin tələbələri üçün dərs vəsaitidir.
Digər iki kitabı isə şeirlərdən ibarətdir.
Hazırda daha iki yeni kitab üzərində işləyir.
Azərbaycanda, Türkiyədə və İranda dərc olunan müxtəlif qəzet və jurnallarda, toplu və məcmuələrdə 80-dən çox elmi və publisist məqalələri, həmçinin,
"ZİRVƏ" (2017-2020), "Canım Azərbaycanım" (2019-2020) poeziya antologiyalarında və
"Sazlı-Sözlü Borçalı" (2018-2020), "Ləlvər dağı" (2020), "Şah dağı" (2020) Ədəbi Məcmuələrində
şeirləri dərc olunub. 25-dən çox şeirinə musiqi bəstələnib. İki dəfə Türkiyədə poeziya festifalında iştirak edib.

Pərixanım Muradova ailəlidir.
3 övladı və 7 nəvəsi var.
Övladları ali təhsilli alim və ziyalı təbəqənin nümayəndələridir.
Nəvələrindən iki nəfəri tələbə, digərləri isə məktəblidirlər; hamısı Bakıda yaşayır.


Dəyərli həmkarımız, "Abdulla Şaiq" və "Qızıl qələm" mükafatları laureatı Pərixanım Mikayılqızı
bu günlərdə "ZİRVƏ" poeziya antologiyasında dərc olunan şeirlərinə görə
"Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu" tərəfindən
"ZİRVƏ" mükafatına layiq görülüb və Fəxri Diplom ilə təltif olunub.

Biz də fürsətdən istifadə edərək, ZiM.Az-ın bütün yaradıcı heyəti adından
çox hörmətli Pərixanım Mıkayılqızı"ZİRVƏ" mükafatına layiq görülərək
Fəxri Diplom ilə təltif olunması münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..


Və aşağıda Pərixanım Mıkayılqızının bir hekayəsini dəyərli oxucularımıza ərmağan edirik.


Müşfiq BORÇALI,
ZiM.Az



QƏFİL ATILAN GÜLLƏ

HEKAYƏ

(Hekayədə əsas surətlərin adları Qarabağ müharibəsində şəhid olan Vətən fədailərinin adından götürülmüşdir-Allah bütün şəhidlərimizə rəhmət eləsin)


Qarabağda son günlər yaranmış ictimai-siyasi vəziyyət heç də ürək açan deyildi. Teymur işi ilə əlaqədar tez-tez Bakıya iclasa çağrılırdı və hər dəfə də qayıdıb Xocalıya gələndə eşitdiyi xəbərlərin narahatlığını xanımı Arəstədən gizlətməyə çalışırdı. Lakin, Arəstə bu narahatlığın onun işi ilə bağlı olduğunu hiss edir və Teymura artıq suallar verməməyə çalışırdı. Həm də Arəstə üzərində çalışdığı elmi işini tamamlamaq ərəfəsində olduğundan, bütün fikri-zikri də işlədiyi mövzunun yanında idi. Ona görə də söhbəti çox da uzatmaq istəmirdi. Arəstə Teymurun yeməyini hazır edən kimi tez yazı masasının arxasına keçirdi. Artıq sanalı günləri qalmışdı ki, işini tamamlasın.

Qarabağda adi günlərdən biri idi. Teymur televizorun qarşısında oturub xəbərləri dinləyirdi. Qarabağda vəziyyət son günlər kəskinləşmişdi. Həmişə olduğu kimi yenə Moskvanın televiziya kanalları xəbərlər proqramında yalan məlumatlar verir, Xankəndində erməni separatçılarının törətdiyi ixtişaşların azərbaycanlılar tərəfindən törədildiyini söyləyirdi. Rusiya hökuməti aşıq-aşkar erməniləri müdafiə edirdi. Teymur Arəstəni çağıraraq, vəziyyəti ona anlatmaq istədi. Arəstə həmişə belə söhbətlərə inanmadığını, belə özbaşınalığa kimsənin göz yummayacağını söyləyirdi. Amma deyəsən bu dəfə ki, vəziyyət tamam fərqli idi.

Teymurla Arəstənin ailə qurmaqlarının maraqlı bir sevgi tarixçəsi var idi. Arəstə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin sonuncu kursunda oxuyurdu. O, beş il oxuduğu müddətdə onunla eyni universitetin hüquq fakültəsində oxuyan Teymuru nəinki tanımırdı, hətta görməmişdi. Bəlkə də görmüşdü, fikir verməmişdi. Teymur da eynilə onun kimi Arəstəni tanımırdı. Hər ikisi sonuncu kursdan Qarabağa, Xankəndinə son kurs təcrübəsini keçməyə gedirdilər. Biri Xankəndində yerləşən prokurorluğa, digəri isə oradakı məktəbə. Avtobusa əyləşən gənclər təsadüfən yanaşı oturmalı oldular. Və aralarında olan adi bir söhbət mehriban ünsiyyətə çevrildi. Hər ikisi oxuduqları beş il ərzində universitetdən bir-birilərini tanımadıqlarını çox təəccüblə qarşıladılar. Elə buradan dost münasibəti quran gənclərin dostluğu, sonradan sevgiyə çevrildi. Xankəndinə birlikdə gələn gənclər bir-biri ilə hər gün görüşür, əlaqə saxlayırdılar. Həm də evdən bir qədər uzaqda olmaq onları daha da yaxınlaşdırmışdı. Təcrübələrini bitirən gənclər elə burdan Bakıya da bir qayıtdılar. Əvvəlcə gənclər valideynlərini bir-biriləri ilə tanış etdilər, sonra isə nişanlandılar. Gənclər son kurs təcrübəsindən qayıtdıqda söz vermişdilər ki, işləmək üçün təyinatlarını da Qarabağa, elə Xocalıya alsınlar. Teymur diplomunu alıb əsgəri xidmətə yola düşür, Arəstə isə səbirsizliklə Teymurun hərbi xidmətinin bitməsini gözləməli olur.

Hərbi xidmətini başa vuran Teymur Bakıya qayıdır və Arəstə ilə ailə qurur. Sonra gənclər öz istədikləri kimi təyinatlarını alaraq Xocalıya gəlirlər. Göndəriş üzrə Teymur Xocalının polis idarəsinə müstəntiq, Arəstə də təyinatı üzrə Xocalı məktəblərindən birində dil-ədəbiyyat müəllimi kimi çalışmağa başlayırlar. Qarabağda vəziyyət stabil olmadığından valideynləri gənclərin ora getməsinə razı olmurlar. Lakin, onları fikirlərindən döndərə bilmirlər.

Qarabağa gələn xoşbəxt Teymurla Arəstə sevib qurduqları ailəsinin gələcək taleyinin necə olacağından, onları qabaqda nələrin gözlədiyindən xəbərsiz idilər.

Təyinatı üzrə gələn gənclər ilk gündən üzərlərində sanki bir ağırlıq hiss etməyə başladılar. Lakin, başqa əlac yox idi. İşləməli idilər. Həm bu onların öz arzuları idi, həm də yeni qurulmuş ailənin maddi vəziyyətini düzəltmək üçün çalışmaq lazım idi. Günlər beləcə kecirdi. Son vaxtlar qonşuluqda yaşayan bir neçə erməni ailəsinin onlarla kobud davranması, atmacalı söhbətləri Arəstədən çox Teymuru narahat edirdi. Azərbaycanlı ailələr sayca ermənilərdən çox olsalar da, hökmranlıq ermənilərdə idi. Hətta bir dəfə yenicə işə başladığı vaxtlarda axşam qaranlıqda evə gələn Teymurun qarşısını üç nəfər erməni gənci kəsərək, təmiz Azərbaycan dilində “siz niyə bizim torpağımıza gəlmisiniz, biz kənar adamları burda istəmirik” deməsi ona bərk təsir etmişdi. Teymur isə vəziyyətdən çıxmaq üçün “biz təyinatı üzrə burdayıq” deyib, gəncləri sakitləşdirməyə çalışmışdı. Evə gəldikdə əsəbindən özünə yer tapa bilmirdi. Torpağımızda at oynadan ermənilərin bu qədər qudurğanlıq etdiyini düşünməzdi. Teymur burada demək olar ki, hər kəsi tanıyırdı, amma qarşısını kəsən gənclərin nədənsə heç birini tanımadı. Teymurgilin burda nə bir qohumu, nə bir doğması yox idi ki, dərdini desin, nəsə soruşa bilsin. O, bura gəldiyi gündən hiss edirdi ki, ermənilərin arasında nə isə gizlin bir iş gedir.

Artıq üç ilə yaxın idi ki, Teymurla Arəstə burda yaşayır, işləyir və çətinliyə sinə gərməyə çalışırdılar. Arəstə elmi mövzu götürmək fikrini Teymura dedi. Teymur onun bu fikrini çox gözəl qarşıladı və Teymurun köməkliyi ilə Arəstə Bakıda universitetə gedərək elmi mövzu üzərində çalışmaq istəyini söylədi. Universitetdə müəllimi olmuş Təbriz müəllimin ona yol göstərməyi Arəstəni bir az da ruhlandırdı. O, müəlliminin dəstəyi ilə elmi mövzunu götürüb, imtahanlardan əla qiymət aldı. Elmi rəhbərinin verdiyi tapşırıq ilə Xocalıya qayıdaraq dissertasiya işini yazmağa başladı. Götürdüyü mövzu isə illərdir onun arzuladığı bir mövzu idi-Azərbaycanın görkəmli pedaqoqu, dəyərli ədəbiyyatşünas Firidun bəy Köçərlinin həyat və yaradıcılığının araşdırılması.

Arəstə hər gün işdən gəlib kitabları qarşısına tökərək qeydlər aparmaqla məşğul idi. Çox sevdiyi işlə məşğul olan Arəstə günlərin necə keçdiyini hiss etmirdi. Qonşularının çoxu azərbaycanlılar olsa da ətrafda bir-iki erməni ailəsi də yaşayırdı. Arəstənin azərbaycanlılarla, ümumiyyətlə qonşularla münasibəti yaxşı idi. Lakin, ermənilər onlara qaynayıb-qarışmaq istəmirdilər. Arəstə hörmət əlaməti olaraq onlarla salamlaşsa da hiss edirdi ki, ermənilər onun salamını almaq istəmirdilər. Heç erməni qadınlarının baxışları da ona qarşı mehriban baxış deyildi. Arəstə hətta onu pis nəzərlə süzdüklərini görürdü, onlara fikir verməməyə çalışırdı.

Arəstə də Teymur kimi elmi işi ilə əlaqədar tez-tez Bakıya getməli olurdu. Teymurun işi çox olduğundan o bəzən onunla gedə bilmirdi. Ona görə çox vaxt Arəstə tək getməyə məcbur qalırdı. Artıq onların hər ikisi bu həyata alışmışdı. O, Bakıya gedəndə ilk olaraq, kitabxanalara baş çəkir, oradan mövzusuna aid materialları toplayır, sonra elmi rəhbəri ilə görüşür, məsləhətlər alırdı. O, Bakıda olanda həm öz valideynləri ilə, həm də Teymurun valideynləri ilə görüşürdü. Valideynləri bir-iki dəfə Xocalıya, onlara baş çəkməyə gəlmiş və bir neçə gün övladlarının qonağı da olmuşdular. Hər ikisinin valideyni onlara “üç illinizi tamam edin və Bakıya qayıdın” deyə söyləmişdilər. Teymurla Arəstə razılaşmışdılar.

Arəstə görürdü ki, Teymurun işi həm çətin, həm də çox məsuliyyətlidir. Polis idarəsinin müstəntiqi olan Teymur hər gün burada bir hadisənin şahidi olurdu. Ümumiyyətlə, burada sayca çox azlıq təşkil edən ermənilər son vaxtlar demək olar ki, gündə bir hadisə törədirdilər. Özlərini buraların sahibi kimi aparırdılar. Çox vaxt xuliqanlıq edərək azərbaycanlılarla dava salır, onlara hücum edirdilər. Qəribəsi bu idi ki, hücum edənləri də bir nəfər də tanıyan olmurdu. Burada yaşayan ermənilər bu davalarda iğtişaş törədən ermənilərini müdafiə edir, hər dəfə də toplum olaraq azərbaycanlıların üzərinə gələrək, onları günahkar çıxarırdılar. Bir dəfə bir erməni gənci azərbaycanlının üstünə silah çəkmiş, azərbaycanlıya ailəsini götürüb buradan getməsini tələb etmiş və hətta azərbaycanlını təhdid də etmişdi. İş polis idarəsinə gəlib çıxanda Teymur silahlı erməninin silahı olduğunu ona sübut edə bilmədi. Silahı olduğunu boynundan atan gənc, azərbaycanlıların ona böhtan atdıqlarını dedi. Ermənilər də həmən o gəncin müdafiəsinə qalxdılar. Ara daha da qızışmasın deyə Teymur onları sakitləşdirməyə çalışırdı. Gənci isə cəzasız buraxmaq istəmirdi. Həmən gün Xankəndindən edilən zənglərin əsasında erməni gənc azad edilərək evə buraxıldı. Teymur belə bir vəziyyətdə işləməyin necə çətin olduğunu dərk edirdi. Ermənilərin havadarları güclü idi. Yüksək vəzifələri tutmuş ermənilər və erməni qarışığı olanlar azərbaycanlı məmurların düzgün işləməsinə hər vəchlə mane olmağa çalışır, azərbaycanlıları sıxışdırırdılar. Teymur hər dəfə işi ilə əlaqədar Bakıya gedəndə Bakı şəhər prokurorluğunda bu barədə məlumat verir, hər dəfə də eyni cavabı alırdı: “sən belə işlərə qarışma, ağrımayan başını ağrıtma, öz işinlə məşğul ol.” Teymur isə bəzən hirsini güclə cilovlayırdı və deyə bilmirdi ki, ay məmur, mən elə öz işimlə məşğulam, amma azərbaycanlılara qarşı öz torpağımda haqsızlıq edirlər, bunun qarşısını almaq gərəkdir. Teymur onu da yaxşı bilirdi ki, sapı özümümzdən olan baltalar da bu işdə havadarlıqlarını edirdilər. Teymur narazılıq bildirsə də heç nə edə bilmirdi. Bakıda ədliyyə orqanlarında, prokurorluqda və digər güc strukturlarında məsul vəzifələrdə çalışan erməni əsilli vətəndaşlar onun şikayətlərinə məhəl qoymur, ədalətsizliyə göz yumurdular.

Teymur burada çalışdığı bu üç il ərzində vicdanını itirmədən, vəzifəsinin layiqincə yerinə yetirirdi. O, ermənilər tərəfindən törədilən hadisələrin layiqli cəzasını verir, bəzi hallarda onları düzgün yola çəkməyə çalışırdı, bəzi hallarda isə hətta həbsə də göndərirdi. Teymurun polis rəisi Raquf müəllim də gözəl insan idi. O da demək olar ki, həmişə Teymura haqq işində dəstək olur, ermənilərin cəzalandırılmasına icazə verirdi. Teymur çox zaman günahı olmayan azərbaycanlıların həbs olunmasına etiraz edir, onların işini araşdırıb, işlərinə xitam verdirməyə nail olurdu, günahkarları isə cəzalandırırdı. Teymura dəstək verən daha bir neçə əməliyyatçı və müstəntiq də var idi. Onlar da Teymur kimi cinayətdə əli olan ermənilərin cəzalanmasına çalışır, ədalətsizliyə göz yummurdular. Bu səbəbdən də Xocalıda yaşayan ermənilər Teymuru və dostlarını sevmirdilər. Teymur görürdü ki, onlar sayca çox az olsalar da əməlləri böyük və qorxunc idi. O, bunun sonluğunun heç də yaxşı olmayacağını hiss edirdi. Lakin, haqq-ədalət yolundan dönmürdü.

Evləndiklərindən bəri Teymurun Arəstə ilə rahat gəzdiyi, haradasa istirahət etdiyi olmamışdı. Son günləri isə ana olmağa hazırlaşan Arəstə Bakıdakı xəstəxanalardan birində yatmağa hazırlaşırdı. Teymur onu indidən Bakıya aparmaq istəsə də, Arəstə hələ getmək istəmirdi. Doğuşa iki aya yaxın vaxt qaldığından o əlindəki işini tamamlamadığı üçün Bakıya getmək günlərini uzadırdı. Arəstə Teymurla belə razılığa gəlmişdi ki, doğuşa iki həftə qalmış Bakıya getsin.

1991-ci ilin isti yay günlərindən biri idi. Teymur idarədəki işini tez bitirib, Arəstədən narahat olduğu evə gedib qayıtmaq istəyirdi. Bu zaman idarənin qarşısında səs-küy başladı. Bayıra çıxan Teymur üç-dörd azərbaycanlı kişinin bir nəfər gəncin qollarından tutaraq idarəyə salmağa çalışdığını gördü. Həmişə olduğu kimi yenə eyni ssenari, oxşar hadisə. On nəfərə yaxın erməni isə gənci azərbaycanlıların əlindən qurtarmağa çalışırdı. Teymuru görən adamlar qışqıraraq səs-küy qaldırdılar, ağız deyəni qulaq eşitmirdi. Son günlər bu cür hadisələrin sayı birə-beş artmışdı. Vəziyyət heç də yaxşı deyildi. Səsə polislər də bayıra çıxdılar. Adamları polislərin vasitəsilə sakitləşdirdilər. Əməliyyatçı, müstəntiq, polis hər həs nə baş verdiyi anlamağa çalışırdı. Nəhayət aydın olur ki, gətirilən bu erməni bir azərbaycanlı ailəsinin gənc qızına təcavüz etmək istəyib, lakin qız qışqıraraq köməyə adam çağırmış, erməni gənci qaçmaq istərkən azərbaycanlılar tərəfindən tutularaq idarəyə gətirilmişdi. Erməni gəncini döyən azərbaycanlıların özləri bir neçə erməninin hücumuna məruz qalmış və xəsarət almışdılar. Bu davanın əvvəlcədən hazırlanmış plan olduğu açıq-aşkar məlum idi. Çünki, oraya toplaşmış ermənilər Teymurgili görən kimi” çıxın gedin burdan, Qarabağ bizimdir, onu sizə verməyəcəyik” kimi sözlərlə çığırmağa başladılar. Teymur toplaşanların bir qismini sorğu-sual etmək üçün otağına dəvət etdi. Zərər çəkmiş qızı da idarəyə çağırdılar. Sorğu-sualdan aydın oldu ki, oğlan buranın sakini deyil, uzaq bir erməni kəndindəndir. Buraya öz çirkin məqsədini həyata keçirmək üçün gəlibmiş. Erməni gəncin tez-tez “bura bizim torpağımızdır” deməsi Teymurun heç xoşuna gəlmədi. O üzünü ora yığışan ermənilərə tutaraq “Belə söhbətlər etmək yaxşı deyil. Əgər torpağın kimə məxsus olduğunu bimək istəyirsinizsə, Qarabağ Azərbaycanındır. Amma sizə heç kim burdan çıxın gedin demir. Dost kimi yaşayın, dava-dalaş etmək lazım deyil” dedi. Birtəhər adamları evlərinə göndərən Teymur, zərər çəkmişin atasına, bu işin axırına qədər gedəcəyini və günahkarın cəzasız qalmayacağını deyərək, erməni gənci saxlama otağına saldırdı və sabah işin icrasına başlayacağını söylədi. Teymur küçəyə çıxdıqda hələ də ermənilərin toplum şəklində orda durduqlarını gördü və onlara dağılışmağı söylədi. Ermənini müdafiə edənlərdən biri isə Teymura əyri-əyri baxaraq, “görərsən, bu sənin üçün heç yaxşı olmayacaq” dedi və getdi.

Teymur evə gəldi. Çox yorulmuşdu. Hər gün eşitdiyi xəbərlər, üzləşdiyi hadisələr onu yormuşdu. Qarabağda baş verən hadisələrin əsasında separatçı qüvvələrin torpaq iddiasında olması vəziyyəti yaman gərginləşdirmişdi. Hər gün ermənilər tərəfindən Qarabağın müxtəlif şəhər və rayonlarında törədilən iğtişaşlar, mitinqlər, nümayişlər və hətta ölüm hadisələrinin olması onu narahat edirdi. Vəziyyət olduqca gərgin idi. Son vaxtlar da peyda olmuş saqqalı ermənilər tez-tez kəndlərə hücumlar təşkil edir, dava salır, adamları evlərini tərk edib burdan getməyə məcbur edirdilər. Demək olar ki, əməlli-başlı qarşıdurma yaranmışdı. Arəstə Teymuru heç belə gərgin görməmişdi. O ərinə təsəlli verərək “bəlkə Bakıya qayıdaq” dedi. Teymur burada belə vəziyyət olduğu halda mən Bakıya necə gedim? Səni Bakıya aparıb özüm isə qayıdaram” deyə cavab vermişdi.

Günortaya yaxın idi. Teymur özünü həyətə saldı. İdarə evinə yaxın olduğu üçün gündə bir-iki dəfə evə gəlib, qayıda bilirdi. Havadan od tökülürdü, yaman bürkü idi. Onlar çıxıb həyətdə ağacın kölgəsində oturdular. Arəstə çay süfrəsini elə həyətdə hazırlamışdı, çaydanları gətirmək üçün evə keçdi. Teymur ona “dayan mən də gəlim sənə kömək edim” deyib qalxmaq istədikdə Arəstə çaydanlar əlində evdən çıxdı. Ər və arvad mehribancasına süfrə arxasında oturub çay içərək söhbət edirdilər. Teymur körpəsinin dünyaya gəlişini səbirsizliklə gözləyirdi. O Arəstənin boynunu qucaqlayıb üzündən öpdü. Arəstə gülümsəyib, qonşu evi göstərib “görən olar” dedi. Amma o da sevincini bildirmək üçün “Teymur, bəbəşimizin gəlişinə lap az qaldı, inşallah, elə istəyirəm ki, tezliklə evimizdən körpəmizin səsi gəlsin” deyib Teymura qısıldı. Teymur onun saçlarını tumarlayaraq qoxuladı və “inşallah” dedi.

Çayını içib yenidən idarəyə qayıdan Teymura xəbər verdilər ki, təcili iki günlük Bakıya getməlisən, bu gün axşama orda olmalısan. Teymur həyat yoldaşının hamilə olduğunu, doğum vaxtına çox az qaldığını dedib, onun yerinə başqa adamın göndərilməsini xahiş etdi. Lakin, bunun mümkünsüz olduğunu, onun getməyinin vacib olduğunu söylədilər. Göstəriş Bakıdan gəlmişdi.

Kor-peşman evə qayıdan Teymur əsəbi və narahat idi. O. həm dünən axşam gətirilən və cəzası verilməli olan erməninin işinin yarımçıq qoymaq istəmirdi, həm də belə təcili Bakıya çağrılmasını anlaya bilmədi. O, Arəstəyə “indi təcili Bakıya getməliyəm, bəlkə sən də mənimlə gedəsən? Səni bu vəziyyətdə burada tək qoymaq istəmirəm” dedi. Arəstə “Ay Teymur ilk dəfə deyil ki, gedirsən, narahat olma, arxayın get, vaxta var hələ, birdə ki, sabah axşama inaşallah qayıdırsan da” deyib, Teymuru arxayın etdi. Teymur könülsüz yola düşdü.

Günorta saat ikini vurdu. Arəstə ərini yola salıb, ev işləri ilə məşğul oldu, yeməyini yeyib, yazı masasının arxasına keçdi. Bir xeyli yazı yazdı. Çox oturduğundan idi, ya nədənsə narahat oldu. Ayağa durub o biri otağa keçdi. Başını qarışdırmağa iş axtardı. Körpəsi üçün hazırladığı əşyalara baxdı. Bir az onları oxşadı. Vaxta az qalmışdı. Arəstə hiss edirdi ki, körpəsinin gəlişinə sevinməklə bərabər, həm də çox tələsir. O gülümsəyərək, qarnına sığal çəkdi “bəbəşim, gəlişinə az qaldı, səbirsizliklə yolunu gözləyirəm” dedi. Gəlib divanda əyləşdi. Teymurun ona ad günündə hədiyyə etdiyi yumşaq, iri ag ayı oyuncağını qucağına aldı, başını ayıya söykədi. Elə bil canına xoş bir istilik yayıldı. Bu ona sanki sakitlik gətirirdi.

Gün axşama doğru gedirdi. Arəstə qapını bağlayıb otağa keçdi. Bir az yemək yedi, çay içdi, qəzetləri vərəqlədi. Arada küçədən gələn səslərə də qulaq verirdi. Nədənsə ürəyi birdən sıxıldı. Evləndikləri gündən bəri ilk dəfə idi ki, Arəstə Teymurun Bakıya gedişindən sonra belə narahat olurdu. O Teymurun sağ-salamat Bakıya çatıb, evinə dönməsi üçün dua etdi. Sanki ölkədə gedən siyasi prosesslərin ağırlığını bu gün dərk etdi. “Bircə bu gecəni yola verim, sabah inşallah Teymur burda olacaq, gəlsin deyəcəm köçək Bakıya, özüm də son günlər çox darıxıram” deyə düşündü.

Arəstə vaxtı öldürmək üçün yenə yazı masasına tərəf getdi. Başı işə qarışdığından saatdan xəbəri yox idi. Qəflətən işıqların sönməsi onu diksindirdi. Lampa olmadığından şam yandırdı və yazmağa başladı. Aradan nə qədər keçdiyini bilmədi. “Sonuncu paraqrafı da işləyim bu günlük bəsdir” dedi. Lakin başının arxasında qəfil açılan güllə onu işini tamamlamağa imkan vermədi. O bircə güllə onun həyatına son qoydu. Başı stolun üstünə düşən Arəstə heç bilmədi ki, ərinin Bakıya getməsi ermənilərin Teymur üçün qurduğu məkrli plan idi.Teymur tamamilə bu plandan xəbərsiz idi. Daşnak tör-töküntülərinin növbəti cinayəti Arəstəni qətlə yetirməkləri oldu. Ana bətnində on günə dünyaya göz açacaq uşağın da həyatına son qoyuldu. Bu qanlı cinayət Teymurun Bakıdan Xocalıya qayıtdığında erməni cəlladlarının onun üçün hazırladıqları sürpriz-ssenari idi.

Lakin bu hadisə Azərbaycan üçün heç də sonuncu cinayət olmadı. Arəstənin həlak olmasından bir neçə ay sonra “Xocalı soyqırımı” törədildi. Xocalı faciəsi bəşəriyyətdə törədilən ən qanlı cinayətlərdən biri oldu.

Azərbaycan torpaqlarında Ermənistan adlı dövlətin yaratmasına rəgmən, ermənilər hər zaman bizim millətə qarşı məkrli planlar həyata keçirmiş, qanlı cinayətlər törətmiş, qədim yurdumuz Qarabağ torpaqlarını işğal etmiş, bununla da xəyanəkar olduqlarını bir daha sübur etmişlər. Türklərə sonsuz nifrətlərini gizlətməyən daşnak tör-töküntüləri imkan düşdükcə bizdən intiqam almağa çalışırlar. Lakin, tarixin qanlı səhifələrində Azərbaycanın şanlı qələbəsinin də yeri var imiş. Qarabağ arzusu ürəyində qalan düşmən 10 noyabr 2020-ci il tarixində Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin qətiyyətini, Azərbaycan Ordusunun şücaətini, torpağımız uğrunda canlarını fəda edən şəhidlərimizin cəsarətini, əsgər və zabitlərimizin gücünü, birliyini gördü.

2020-ci ilin 27 sentyabr tarixində işğalçı ermənilər tərəfindən başlanan ədalətsiz müharibənin ədalətli cavabını Azərbaycanın Milli Ordusu layiqincə verdi. Dünya, Azərbaycan hərbçilərinin, əsgər və zabitlərinin 30 il erməni işğalında qalan Qarabağı 44 gün ərzində necə azad etdiyini, Azərbaycanın haqlı zəfər qazandığını gördü.
Müharibə şəhidsiz olmur. Bizim igid oğullarımız mərdliklə ata-baba torpaqlarının azad edilməsində qəhrəmancasına şəhid oldular.
Lakin, heç bir şəhidimizin qanı yerdə qalmadı.
Allah bütün səhidlərimizə rəhmət eləsin.

Pərixanım Mikayılqızı,
AJB-nin üzvü, F.B.Köçərlinin tədqiqatçısı,
“Elm və Təhsil” qəzetinin baş redaktoru,
şair-publisist, dövlət qulluqçusu


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: