“Elm və Təhsil” qəzetinin baş redaktoru,
şair-publisist, araşdırmaçı-jurnalist, nasir,
F.b.Köçərlinin tədqiqatçısı,
dövlət qulluğunun baş müşaviri,
bir çox mükafatlar laeuratı və
“Xarı Bülbül” medalı mükafatçısı
ZiM.Az
"YARİMÇIQ QALMIŞ SEVGİNİN NOTLARI"
(Hekayə)
Xəyyam yeni köçdükləri evin eyvanından şəhəri seyr edirdi. 18 mərtəbəli binanın 15-cü mərtəbəsindən şəhər çox gözəl görünürdü. O şəhərə bir xeyli tamaşa etdikdən sonra evə keçdi və tarı götürərək üzərində çalışmaq istədiyi təzə mahnını ifa etməyə başladı. İfası o qədər də ürəyincə olmadığından, tarı yenə masanın üzərinə qoydu və telefonu götürərək, divanda uzandı.
Xəyyamgil bu binaya yeni köçmüşdülər. Əvvəlki evləri çox darısqal, şəraitsiz olsa da, buradasa otaqlar geniş, hər cür rahatlıq da var idi. Amma hamı başqa-başqa yerlərdən bura köçdükləri üçün, hələ heç bir qonşu ilə ünsiyyətləri yox idi.
Xəyyamgilin ailəsi valideynlərindən və bir də Xəyyamın özündən iki yaş kiçik qardaşı İlhamdan ibarət idi. Xəyyam Milli Konservatoriyanı simli musiqi alətləri fakültəsinin tar kursunu bitirmişdir. Tarı gözəl ifa etsə də nədənsə son günlər mahnı bəstələmək həvəsinə düşmüşdür. Yeni yazdığı əsəri gözəl olsa da, Xəyyam hələ də istədiyini ala bilmirdi. O, evdə söhbət düşəndə deyirdi ki, “elə musiqi yazmaq istəyirəm ki, dillər əzbərinə çevrilsin, o musiqini hər kəs sevsin, zümzümə etsin”.
Qardaşı İlham Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alırdı. Hər iki qardaşın ixtisasları fərqli olsa da İlhamın da musiqiyə çox böyük marağı var idi.
Valideynləri həkim olan qardaşların heç biri onların yolunu davam etdirmək istəmədi və hər ikisi başqa peşəni seçdilər.
Həmişə olduğu kimi bu gün də adi günlərdən biri idi. Xəyyamın valideynləri işə getmişdilər. Dünyanı ağuşuna alan korona pandemiyası idarə və müəssisələrdə fasilələr yaratsa da onların valideynləri demək olar ki, günlərinin çoxunu xəstəxanada keçirirdilər. Artıq bir neçə ay idi ki, valideynlər övladlarının üzünü demək olardı ki, əməlli-başlı görə bilmirdilər. Xəyyam da diplomunu almış, sənədlərini magistraturaya versə də, əslində əsgəri xidmətə getmək üçün çağırış gözləyirdi.
Xəyyamın qulağına fortepianoda ifa olunan müsiqi səsi gəldi. Çox sevdiyi “Yadıma düşdün” mahnısını lap yaxınlıqda yaşayanlardan kimsə çox mükəmməl, dəqiq ifa edirdi. Xəyyam özündən asılı olmayaraq yataqdan qalxdı və pəncərənin önünə keçdi. Musiqi onların pəncərələrinə bitişik olan qonşu evdən gəlirdi. Balkondan o pəncərə çox aydın görünürdü. Maraq Xəyyamı götürdüyündən o qayıdıb yenidən balkona çıxdı. Üzbəüz pəncərəyə tərəf baxdıqda, tül pərdənin arxasından sol tərəfi pəncərəyə tərəf oturmuş incə bir qızın fortepianoda ifa etdiyini gördü. Qız musiqiyə elə aludə olmuşdur ki, ona baxan Xəyyamı görmürdü. Bir qədər sonra mahnı bitdi. Qız ayağa qalxıb pəncərəyə tərəf gəldi, Xəyyamı görüb bir qədər təəccüblü halda başı ilə salam verdi. Xəyyam bir anlıq özünü itirsə də onun salamını aldı. Qız pəncərəni örtüb, oradan çəkildi. Xəyyam evə keçib səhər yeməyi hazırlamağa başladı. Nədənsə fikri qızın yanında qalmışdı. Sanki qızı tanıyırdı, haradasa görmüşdür. Fikirli-fikirli özünə çay süzdü. Evdə çörək yox idi. Qardaşı isə hələ yatırdı. O, SMS yazıb evin altındakı marketə düşdü. Tələsik çörək alıb liftə yaxınlaşdı. Bu zaman liftin qapısı açıldı və bayaq fortepianoda ifa edən qız liftdən çıxdı. Qız yenə də salam verib ötüşdü. Xəyyam liflə qalxa-qalxa qızı hardan tanıdığını düşünməyə başladı. Yadına düşdü ki, pandemiyadan əvvəl konservatoriyada dahi bəstəkar Üzeyir Hacıbəylinin anim günü keçirilmiş, Xəyyam da tarda solo ifa etmişdir. Xəyyamın ifası dinləynlər tərəfindən çox bəyənilmişdir. Tədbir bitdikdən sonra tələbələr Xəyyamın ətrafında toplaşaraq, onun ifasına təriflər söyləyidilər. Qonşuluqda gördüyü qız da bir neçə rəfiqəsi ilə orda idi. Adı Leyla olan bu qız da fortepianoda “Leyli və Məcnun” operasindan kiçik bir hissəni çox gözəl ifa etmiş və alqışlanmışdı. Xəyyam özü də bilmədi ki, nə üçün qızın qonşuluqda olmağından sevindi.
Artıq Xəyyamla Leyla tez-tez, demək olar ki, hər gün rastlaşırdılar. Aralarında ünsiyyət başlamış, hətta Xəyyam Leylaya qonşu olduqlarına nə qədər sevindiyini də söyləmişdir.
Leyla ailənin yeganə övladı idi. Valideynlərinin hər ikisi ziyalı idilər. Xəyyam getdikcə hiss edirdi ki, Leylanı görməyəndə darıxır. Deyəsən Leyla da Xəyyama qarşı biganə deyildi. Xəyyam hər axşam evdə söhbəti fırladıb qonşuların üstünə gətiridi. İlham qardaşına sataşaraq “dayan görək birdən aşiq olarsan” dedikdə Xəyyam cavab vermirdi və xəfifcə gülümsəyirdi.
Xəyyam həqiqətən də Leylaya aşiq olmuşdur. O, hər dəfə Leylagilin qapısının səsini eşidəndə nəyi isə bəhanə edərək evdən çıxır və guya təsadüfən onunla qarşılaşdığını bildirirdi. Leyla ilə Xəyyam ayaq saxlayıb söhbət də edirdilər. Xəyyamın ürəyində saxladığı sözünü demək məqamı yetişmişdir. O, cəsarətini toplayaraq fikrini Leylaya dedi və cavabını istədi. Leyla gülümsəyərək, bir söz demədən qapılarına tərəf getdi və evlərinə çatanda Xəyyama sarı dönərək “axşam fikrimi yazaram” dedi və tez evə girdi. Leyla evə gedib anası Gülnaz xanıma hər şeyi söylədi və özünün də Xəyyama qarşı fikrinin ciddi olduğunu dedi. Anası qızının istəyinə qarşı çıxmadı və atasını da məsələdən agah etdi. Onlar qərara gəldilər ki, onsuz da pandemiyada tədbirlərin keçirilməsinə icaz verilmir. Amma qonşu kimi gəlsinlər, bir söhbət edək.
Nəhayət ki, gənclərin bu arzusu baş tutdu. Qonşular ilk dəfə olaraq əvvəl tanış oldular, sonra isə elçilik məsələsini həll etdilər və Xəyyamla Leylanı çox sakit bir şəraitdə, yalnız ailə üzvlərinin iştirakı ilə nişanladılar. Leylanın Musiqi Akademiyasını bitirməyinə hələ iki ili var idi. Xəyyam isə sənədlərini istəməsə də magistraturaya vermiş və imtahanının vaxtını gözləyirdi. Əslində Xəyyam magisturaturaya hərbi xidmətini başa vurduqdan sonra qəbul olmaq istəyirdi. Dərslər onlayn sistemlə olduğu kimi, imtahanları da evdən çıxmadan cavablandırmaq mümkün idi.
Bir gün Xəyyam Leyladan ona yeni yazdığı bir müsiqi əsərində kömək etməyi xahiş etdi. Xəyyamın anası Ədilə xanım Leylanı çox xoş qarşıladı və onlara mane olmamaq üçün mətbəxdə yemək hazırlamaqla məşğul oldu. Leyla Ədilə xanıma kömək etmək üçün nə qədər xahiş etsə də, Ədilə xanım “qızım siz gedin Xəyyamın yarımçıq qalmış əsərinin notlarını hazırlayın ki, tez tamamlasın” deyib razı olmamışdır. Leyla Xəyyamın tarda ifasını dinlədikcə sanki, ruhən dincəlirdi. Müsiqinin tamamlanmasına çox az qalmışdır. Notlar səliqə ilə köçürülmüş, təkcə sonuncu hissənin akkordlarını yazmaq lazım idi. Leyla əlindən gələn köməkliyi etmək istəyirdi. Əsər o qədər gözəl alınmışdır ki, ora başqa bir əlavə etməyə ehtiyac qalmamışdır. Leylanın bu əsəri olduqca bəyənib, dəyərləndirməyi Xəyyamın ürəyincə oldu.
2020-ci ilin 12 iyul gününü Vətəndə heç də xoş xəbərlə yaşamadı. Tovuz rayonu istiqamətində ermənilər yenə kəndlərimizi atəşə tutaraq, sərhədlərimizi pozmağa cəhd etmişdilər. Milli Ordumuzun əsgər və zabitləri düşmənin layiqli cavabını versələr də bizim tərəfdən də şəhidlərimiz olmuşdur. Belə ki, ordumuzun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və bir neçə mayor, gizir və hərbi qulluqşularımız şəhid olmuşdular. Ölkəni silkələyən bu xəbər hamı kimi Xəyyamı da ayağa qaldırdı. Evdəkilər nə qədər israr etsələr də o magistraturada oxumaqdan imtina edərək hərbi xidmətə yollandı. Gedərkən isə Leylaya yarımçıq qalmış əsərini tapşırmış və “ əsərin son akkordlarını sən işləyərsən, qoy qayıdanda mənə sürpriz olsun” demişdir.
Sentyabrın 27-də separatçı erməni qüvvələrinin yenidən hərbi hissələrimizə atəş açaraq, hücum etmələri müharibənin başlanmasına səbəb oldu. Xəyyam ən qaynar nöqtə olan, Cəbrayıl-Hadrut-Füzuli istiqamətlərində gedən döyüşlərdə idi. Olduqca ağır döyüşlər gedirdi. Hər gün televizorun qarşısında oturan hər kəs bir tərəfdən torpaqlarımızın düşmən işğalından azad olunmasına nə qədər sevinirdisə, digər tərəfdən yüzlərlə hərbçilərimizin və könüllülərimizin şəhid xəbərindən də bir o qədər kədərlənirdilər.
Xəyyamın ağlına da gəlməzdi ki, müharibə belə dəhşətli olurmuş. Filmlərdə görmək başqa, canlı şahid olmaq tamam başqa idi. Hər bir döyüşçü yalnız düşməni məhv etməyi və qələbə qazanmağı düşünürdü. Xəyyam arabir valideynləri ilə və Leylayla telefonda danışırdı. O hər şeyin yaxşı olacağını söyləyir və Leylaya “əsərin son notlarını yazdınmı?-deyə soruşurdu. Leyla isə “yox, sən sağ-salamat gələrsən özün yazarsan” deyirdi.
Xəyyamgilin olduğu dəstə təpələrin arası ilə irəliləyirdi. Komandirləri Teymur özü öndə gedərək, son dərəcə ehtiyatlı tərpənməyi xatırladırdı. Elə bu fikirlə də hücum edəcəkləri halda hansı təpənin dalından nə qədər düşmən olacağını belə düşünmürdülər. Qəfildən hər tərəfi toz duman bürüdü. Göz gözü görmürdü. Top səslərindən qulaq tutulurdu. Xəyyamı topun mərmisinin havası necə kənara atmışdırsa, orada nə qədər qaldığından xəbəri olmadı. O gözlərini açanda ətrafında heç kimi görmədi. Avtomatını qaldırıb, qalxmaq istədi. Yaxşı ki, yaralanmamışdır. Döyüşçü dostlarının şəhid olduğunu, bir neçəsinin isə yaralanaraq köməksiz qaldığını gördü. Bu zaman şəhid olmuş döyüşçünün yanına düşmüş telefon zəng çaldı. Xəyyam tez telefona cavab vermək üçün götürdü. Arxadan gələn bölməmizin döyüşçüləri “hələlik sizə yaxınlaşa bilmirik, özünüzü qoruyun, orda düşmən çoxdur, çalışın düşmən sizi görməsin, uzağı yarım saata sizə köməyə gəlirik” dedi. Xəyyam “burada məndən başqa döyüşçü qalmayıb” deyə cavab verdi. Telefondakı “gəlirik” deyib telefonu qapatdı. Elə bu vaxt Xəyyam otuzdan artıq silahlı düşmənin onu dövrəyə aldığını gördü və hiss elədi ki, yaxınlaşıb onu əsir götürmək istəyirlər. O nəyin bahasına olursa olsun, düşmənə əsir düşməmək üçün şəhid olmağa hazır idi. Odur ki, qumbarnın başlığını xəlvətcə çıxarıb əlində hazır vəziyyətdə tutdu və uzandığı yerdən atəş açaraq bir neçə düşmən leşini torpağa sərdi. Düşmənin irəliyə keçmək istədiyi ərəfədə qəflətən bizimkilər hardansa peyda oldular və özlərini yetirərək köməyə gəldilər. Azğınlaşmış düşmən qaçaraq canını qurtarmaq üçün hara gəldi atəş açırdı. Xəyyam əlindəki qumbaranı düşmən tərəfə atdi. Onlarla leşin yerə sərildiyini gördü. Sevindiyindən ayağa qalxıb yerini gələn döyüşçülərimizə bildirmək istədi. Elə qalxdığı ilə başından dəyən snayper gülləsi Xəyyamı yerə sərdi. Döyüşçülərimiz bütün postları təmizləyib Xəyyamın yanına gəldilər. Xəyyam hələ sağ idi. Sanitar maşını da gəlmişdi. Tez Xəyyamı və bir neçə yaralını maşına qoyub geriyə qospitala göndərmək lazım idi. Xəyyam əlinin işarəsi ilə anlatdı ki, “gecdir, saxlayın, ölürəm” dedi və gözlərini qapadı.
Şəhid xəbəri tez gəlir. Artıq Xəyyamgilin yaşadıqları binada bütün sakinlər yaşayanlar bilirdi ki, onlara şəhid gəlir. Hamı həyətdə şəhidi qarşılamağa çıxmışdır. Xəyyamın atası gözlərini şəhid oglunun gələcəyi yola dikərək baxırdı, anası isə səsini çıxarmadan sakit-sakit “ay balam, nakam balam” deyib ağlayırdı. Leyla da Xəyyamın anasının böyrünə sıxılıb ağlayırdı. Leylanın anası qızının yanında dayanmışdı, bilmirdi ki, sinəsi yanan anaya nə desin, necə təsəlli versin.
İzdiham dalğalandı. Bayraqlara bürünmüş maşın karvanları göründü. Anaların və ora toplaşan qadınların ağlaşma səsi qalxdı. Şəhidimizin cənazəsi maşından çıxarılaraq, hərbçi və Xəyyamın döyüş dostlarının iştirakı ilə ananın qarşısında yerə qoyuldu. Xəyyamın valideynləri göz yaşları işərisində, hər kəsin eşidə biləcəyi uca səslə “oğlum, sənin yoxluğun bu gün mənim sinəmi dağlasa da, mən səninlə qürur duyuram, sən Vətən yolunda can verdin, bayağına bükülərək gəldin. Sən təkcə doğmalarının deyil, Vətənin də fəxri oldun. Şəhadətin mübarək olsun oğlum” dedi.
Leyla göz yaşlarını saxlaya bilmirdi. Hönkürtü ilə ağlayırdı. O, çox sevdiyi nişanlısının tabutuna sığınaraq, “Xəyyam sənin yarımçıq qalmış əsərini tamamlayacağıma söz verirəm, o əsər bizim sevgimiz kimi yarımçıq qalmayacaq”-deyə pıçıltı ilə söylədi.
Müharibə çox ailələri övladsız, çox övladları valideynsiz qoydu. II Vətən müharibəsi zəfərlə başa çatsa da ölkəmiz o müharibənin bizə yaşatdığı ağrı-acıları illərlə unuda bilməyəcəkdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.