Əzizağa ELSEVƏR
azizaghaalekberov@yahoo.com
Düz üç gün idi ki, yurdda rahatlıq pozulmuşdu. Düz üç gün idi ki, ananın göz yaşları qurumurdu. Övladları dil tapa bilmir, inad atını minib hərəsi bir tərəfə çapırdı. Öyüd-nəsihət də kar etmir, öz təsirini itirib boş baş ağrısına çevrilirdi. Axı, niyə, niyə belə olmuşdu?!. Ana bir yana çıxarda bilmir, düşünür, düşünürdü...
* * *
Axşamçağının qara sərini düşmüşdü. İstidən təntimiş yarpaqlar xəfif-xəfif titrəşirdi. Bir az o yanda dağların, dərələrin min illik yuxusuna bələnib gələn Qarayar çayı yorğun–yorğun axıb gedirdi. Suda ayağını yuyan söyüdlər günəş güzgüsündə cilvələnə-cilvələnə pərişan tellərini çiyinlərindən atıb çay boyu axıb getmək istəyirdi. Ümman həsrətiylə, ümman sevgisiylə qovuşmaq üçün. Axı ağacların da insanlar kimi arzuları, göyərən ümidləri var. Onlar da bəzən həsrətdən sıxılıb, bir anlıq özü olmaqdan çıxmaq, çıxmaq istəyirlər. İlğım kimi ərimək, yuxu kimi şirinləşib, heç olmasa, bir əlçim qar ömrü qədər yaşamaq üçün.
Murad yuxudan oyanıb, üz-gözünün tərini sildi. Tənbəl-tənbəl bir-iki dəfə gərnəşib yerindən qalxdı. “Ana, ay ana!”–deyib, eyvana çıxdı. Ürəyi yanırdı. Düşündü: açıq pəncərənin qarşısındakı stolda əyləşib anasının dəmlədiyi darçınlı, mixəkli çaydan bir-iki stəkan içmək heç də pis olmazdı. Sərin meh yorğunluğunu qaçırar, Minay təpəsinə qədər uzanan boş çöllər baxdıqca gözünə işıq, könlünə rahatlıq gətirərdi.
Anasından səs çıxmadı. Təəccübləndi. Həmişə oturan kimi anası mürəbbəli çay gətirər, “İç, oğul, ədviyyəli çaydır, iç, cana xeyirdir.”- deyərdi. “Bəs indi niyə görünmür, niyə səsi çıxmır?!” Marağını boğa bilmədi. Həyətə düşdü. Əkinəcək yerlərinə baxdı. Elə bil qeybə çəkilmişdi. Yox idi ki, yox! Həə, ola bilər, bəlkə qonşudadır. Deyirlər, Saray arvad xəstədir, yəqin elə oradadır.
Saray xala gözəl insan idi. Ürəyi işıqlı, xasiyyəti ipək kimi yupyumşaq idi. Heç vaxt kiminsə pisliyinə çalışmaz, birisinin sözünü o birisinə deməzdi. Küsülüləri barışdırar, dedi-qodulara yol verməzdi. Həmişə əli cəhrənin dəstəyində olar, ömrünü-gününü əridib tökər, ip əyirər, xalça, palaz toxuyar, naxışlı yun corablarla çoxlarını sevindirər, halal, namuslu çörəyilə uşaqlarını böyüdər, heç vaxt onların atasızlıq ağrısından sınmasına yol verməzdi. Davacatı yaxşı bilərdi Saray xala. Birinin başı ağrıyanda yastığının başını kəsdirərdi. Yazda, yayda yığıb qurutduğu ot-alafı əzib bir-birinə qatar, əncam çəkib mərəzi qapıdan qovar, şipşirin diliylə xəstəni ayağa qaldırardı.
Saray arvad böyüyən çox uşaqların nənəsiydi. Həkim çağırmağa vaxt çatdırmayanda (bir də o vaxt, gecənin o vədəsi həkim hardaydı ki!..), gecə yarısı da olsa, ərinməz, doğuş üstündə olan analara kömək əlini uzadardı. Körpələr dünyaya gələr, Saray nənə onları övladları kimi görər, hər dəfə qarşısına çıxanda boynunu qucaqlar, noğullu, nabatlı boxçasından pay verməyi də unutmazdı. İnsafən böyüyən o uşaqlar da onu unutmazdı. Harda olsalar da, həmişə yaddaşlarında Saray nənələri yaşayar, onun sözü, söhbəti, lap elə öyüd, nəsihəti qulaqlarında sırğalanardı.
Qonşuları səslədi. Həmid qardaş, Cəfər dayı, Vəli əmi, Süsən xala, Nabat nənə anamı gördünüzmü? Bu nə sirdi, Allah, heç biri görünmədi, heç biri harayına hay vermədi. O qonşular ki, Muradı heş doğmalarından da ayırmaz, anamı görəndə “Tərbiyəsinə bərəkallah, Murad da bizim balamızdır!”- deyərdilər. Anam da mənim boyuma baxıb öyünər, içərisində qürur hissi keçirər, fərəhindən yerə-göyə sığmazdı. Bəs indi nə olub, yoxamı çıxıblar, qeybəmi çəkiliblər. Bir kəlmə nədir ki, yoxsa məni eşitmək, dinləməkmi istəmirlər?! Ola bilməz! Yüz il gəlsə də onların belə olacağına inanmıram. Heç vaxt, heç vaxt inanmaram. Bəs onda bu nə sirdir. Heç itlər, itlər də hürüşmür axı. Həmişə hənir hiss edən kimi zəncirini çeynəyən Cəfər dayının Alabaşı o da gözə görünmür axı? Qoyunlar, buzovlar mələmir. Küçədən gəlib–gedənlər də yox. Yoxluq nə pis şey imiş. Sükut insanı boğur, işin-için yeyib dağıdır. Sən demə, dünya insanlarıyla gözəlmiş. Yaxşısı, lap elə pisiylə varlıdan da varlıymış.
Yol boyu evlərə baxa-baxa irəlilədi. Heç bir ins-cins gözünə dəymədi. Mübhəm suallar onu içəridən yeyir, cavabsız-cavabsız ötüb keçirdi. Elə bil havasız, qəribə bir boşluğa düşmüşdü.
Dörd yol ayrıcına çatanda gözlərinə inanmadı. Əncir ağacının altındakı iri sal daşın üstündə üç uşaq əyləşmişdi. Səkkiz, on yaş arasında olardılar. İkisi qız, biri oğlan idi. Yaşca kiçik olan qız kövrəlib ağlayır, “anamı istəyirəm, anamı!..”- deyib, içini yeyirdi. Oğlan isə elə bil yumağa dönmüşdü. Sanki sıxıntısı ağır bir daş olub çiyinlərindən asılmışdı. Muradı görəndə üçü də heyrətdən yerindən sıçradı. “Murad dayı!.. Murad dayı!!..”-deyə həyəcanla, sevinclə qişqırıb onu qucaqladılar. Adi vaxt olsaydı, çəkinər, bəlkə də heç belə etməzdilər. Ancaq həyat insanı elə məqamlarda yaxalayıb, elə dolaylardan keçirir ki, bəzən zaman da bu ovqatda köklənməkdə aciz qalır. Bu uşaqlar niyə belə kimsəsiz, unudulmuş vəziyyətdə qalmışdılar?!.. Həə, yenə Burovar meşələrinə moruq, çiyələk dalıyca gedibmişlər yəqin. Bu, elə dolu səbətlərindən, qıpqırmızıya çalan balaca əllərindən də aydın görünür. Eh, Burovarın moruq, çiyələyinin heç bilirsən necə dadlı mürəbbəsi olur? Mürəbbə deyirəm ey sənə, ətrindən, dadından, vallah, heç doymaq olmur.
-Murad dayı, evlər niyə boşalıb?.. Niyə bizi eşidən, dinləyən yoxdur?!.-deyə uşaqlar Muraddan soruşdular. Murad da gözlərini döydü, handan hana:” Mən də sizin kimi, ay Elnur, ay Sevinc, ay Sevda!-dedi. - Elə bilirsiz mən nə isə bilirəm, ya bildiklərimi sizdən gizlədirəm? Yox mənə də çox şey qəribə gəlir. Bəlkə dünyanın axırıdır, biz bilmirik, həə?! Görürsüz, dünyanın gözəlliyi elə insanlarındaymış. Yatmışdım... yuxudaydım. Ayılanda hər şey tərsinə göründü mənə. Bircə, darıxmayın, ağlayıb özünüzü də üzməyin. Ağlamaqla onsuz da heç nə düzəlmir. Ağlamaq yüngüllük gətirsə də, insanı acizləşdirir, soyuq başla düşünməkdən bir az da uzaq salır. Oturmayın, nə qədər qaranlıq düşməyib kəndə baş vurağın, bəlkə bir iz tapdıq.
- Nə olar, telefonla harasa zəng çalın, radionu açın, Murad dayı!- deyə Elnur dil boğaza qoymadı. Bir az da yaxına gəlib Muradın düz gözlərinin içinə baxdı.
- Telefon işləmir, canım- gözüm. İşləsəydi nə vardı ki?! İşıq, qaz da kəsilib. Radio, televizor da hardan olasıdır ki?!- Murad özünü nə qədər sakit aparmaq istəsə də bacarmadı. Həyəcanı əllərinin titrəyişindən, gözlərindən tökülən təlaşdan aydın oxundu. Uşaqlar bunu apaydın gördülər. Hələ üstəlik onun duyğularından da bir pay götürdülər. Yaşca hamısından böyük olan Sevinc qorxa-qorxa səsini içinə salıb soruşdu:- Murad dayı, olmaya cinlər, şeytanlar adamları yolundan azdırıb, gəlib aparıb, həə?! Nənəm düz deyirmiş. Sözə baxmayanları aldadıb aparırlar. Onları tapıb kömək etmək olmaz bəyəm? Axı şeytan olanda nə olar,şeytanın ürəyi yoxdur məgər?..
- Sevinc, nənən səni çox istədiyindən elə deyirmiş, qızım. Cin, şeytan nə gəzir. Pis insanlar şeytandan da pisdir. Bütün pisliklər onların başının altından çıxır. Hər canlıda ürək olsaydı, nə vardı ki, daş olmuş ürəkdə də göyərəsi bir toxum əkmək olardı.
Hava qaralana qədər kəndi xeyli dolaşdılar. Ayağından girib, baş tərəfində dayandılar. Yoruldular. Nə bir ins-cins gözə dəydi, nə də kimsə ortalığa çıxıb onların harayına son qoymaqla intizarını dağıtdı. Dilxorçuluq, əsəbilik, hər şeydən əvvəl isə uşaqların baxışlarından tökülən qorxu, təlaş hissi addım-addım onları izlədi. Küknar, çinar, akasiya, şam ağaclarının dövrələdiyi qəbiristanlığa da baş çəkdilər. Təssüf, çox təəssüf ki, bir işıq ucu tapa bilmədilər. Ümüdsüz-ümüdsüz Muradgilin həyətinə qayıtdılar. Eyvana çıxmadan elə həyətdə-tut ağacının altında-taxtda oturdular. Bir də, qaranlıqda eyvana çıxmağın nə mənası?! Ciyərləri yanırdı. Kəsmə daşı yanaşı atıb ocaq şatdılar, çaydanı qaynamağa qoydular. Böyük yorğunluq, əsəbilik və gərginlikdən sonra elə acmışdılar ki, pendir dürməyini az qala gözlərinə təpəcəkdilər...
Murad ali təhsil almışdı. Zootexnik idi. Gənc olsa da, dünyanın gəlişindən, gedişindən az-çox xəbərdar idi. Bilirdi, dünya nə üzdədir, nə rəngdədir. Bilirdi, bu fani, gəldi–gedər dünyanın kədəri sevincindən üstədir, ədaləti qapılar dalında gözləməkdən xəstədir. Ancaq bu gördüklərini kəsdirə bilmir, lal sükutdan vahimələnir, hövllənib içini yeyirdi. Birdən qara, qorxunc bir fikir şimşək kimi çaxıb Muradı içəridən silkələdi. “Müharibə çəraitidir,- dedi,- düşməndən hər şey gözləmək olar!- öz-özünə düşündü.- Olmaya o bəndə xətər toxandırarlar haa... Allah eləməsin, qulaqlara qurğuşun, onda aləm qarışar bir-birinə. Gör insanların dişiylə-dırnağıyla yaratdığı nə qədər yaşayış yerləri gedər dənizin dibinə...” Sonra qulağını çəkib, “tfu, tfu!.. gör mən nə düşünürəm-dedi.- Dilim qurusun, rəzalətə bir bax, yaxşı şey niyə ağlıma gəlmir, ancaq pis şeylər barədə düşünürəm”,-deyə özü-özünü qınadı. Uşaqlar heç nə hiss etməsinlər deyə var-gəl etdi. Nigarançılığı ona rahatlıq vermədi. Heç nə demədən həyətin ortasına qədər yeridi. Burdan magistral yol aydın görünürdü. Əvvəllər gümüşü ay işığında burada- armud ağacının dibində oturub o yola o qədər baxardı ki, yollar da əriş-arğac olub yaddaşında bitərdi. İrili- xırdalı, ağlı- qaralı maşınlar o yoldan şütüyüb gedər, Muradın şirin, kövrək xəyalı onların arxasınca uzana-uzana arzularını da şəhərə sarı çəkib aparardı. Nədənsə, tez-tez belə anlarda qəribsəyər, yollar bitənə qədər getmək, getmək istəyərdi. Yollar isə bitməz, bitməzdi. Baxdı. İçini yeyə-yeyə xeyli baxdı. Maşınlar görünmədi. Darıxdı. Şübhəsi ona güc gəldi. Düşündü. Nəsə etməlidir, uşaqları qorxutmadan, sakitcə öz işini görməlidir. Onları da, özünü də fəlakətin ağzına atmamalıdır. Murad gecəni dirigözlü açdı. Bir çimir yuxu belə almadığından gözləri qıpqırmızı qızarmışdı. Hələ içindəki təlaş, təşviş də öz işini görmüşdü. Düşünürdü: “Onlar uşaqdı, hələ heç nə bilmirlər, mənsə nəsə fikirləşməliyəm axı?!..” Uşaqlara baxıb ürəyi sızlayır, yazıqlığı gəlirdi. Dünyadan xəbərsiz idilər onlar, heç nəyi bilmirdilər. Bir-birinə qısılıb, gör necə yatmışdılar. Şirin-şirin, mışıl-mışıl. Muradın ürəyi gəlmədi onları oyatmağa. “Qoy yatsınlar!- dedi.- Yazıqdırlar, yuxularına haram qatmayım. Onlar durana qədər mən də bir-iki işi görərəm...” Balta, mişarı götürüb qulangərişə tərəf getdi. Orada evə artırma tikmək üçün aldıqları təzə taxtaları qurumaq üçün yığmışdılar. Kölgəlik idi, günəş işığı da tutmurdu. Ağaclar bir –birinə geyişib üstündə çətir qurmuşdular. Təkcə gün işiğı yox, elə yağışdan, küləkdən, toz-torpaqdan da qoruyurdular. Alanda usta Qiyas demişdi ki, “ Məni tələsdirməyin, yaxşı qurumasa işlətmək olmaz. Bərk ayaqda mənə nə var, işimi görüb pulumu alacam. Amma sonra məni günahkar çıxardacaqsınız ki, bəs bilirdin onda niyə demirdin. Vicdan da yaxşı şeydir axı!...” “ Neynək, sağ olsun ustanı, görünür belə məsləhətmiş...- Murad acı-acı gülümsədi.- Eybi yox, indi kəsib hərəmizə rahat yerləşə biləcəyimiz bir yeşik hazırlayaram!..”- dedi.
Sıxıntı, qorxu, ağrı-acıyla dolu iki gün gəlib keçdi. Bu iki gün iki ay, bəlkə də ili il qədər uzun göründü. Vaxt ərimək bilmədi. Ağır-ağır, tənbəl-tənbəl keçib getdi. Ancaq Muradın qəlbində hər anıyla bir intizar, bir həyacan tufanı qopartdı. Murad ötəri də olsa, yeşik məsəlisini uşaqlara anlatdı.
Səhərin gözü açılar-açılmaz birdən-birə qəribə bir titrəyiş, uğultu qopdu. Qəfil gələn hava axınından yarpaqlar əsim-əsim əsdi, yolunub qucaq-qucaq töküldü, ağaclar budaq-budaq gərildi, qırıldı, qırıldı. Sanki yer titrədi, nəhayətsiz göylər qopub tavanından düşdü. Muradın dəli bağırtısı aləmi başına götürdü : - Qaçın, tez olun, yeşiyinizə sarı qaçın!..
Uşaqlar diksindilər, nə olduğunu kəsdirə bilməsələr də, qara-qorxu içində çinara, yeşiklərinə sarı götürüldülər. Yazıqlar vahimədən boğulur. Əlləri titrəyirdi. Elnurun çinarın yoğun budağına şəridlə bərk-bərk bağladığı yeşiklərə oturanda ayaqları da keyləşib, sözlərinə baxmırdı.
Muradın yenə həyacanlı, narahatlıqla dolu səsi gəlirdi: - Kəməri, kəməri bağlayın! Bərk- bərk yapışıb, gözlərinizi də yumun. Çətini birinci dalğadı. Onu ki, ötürdünüz daha qorxusu yoxdur. Su özü Sizi üstə çıxardacaq, beşik kimi yırğalayacaq, sonra da yavaş-yavaş çəkilib gedəcək. Dözün, qurban olum, birtəhər dözün! Amandı, bircə qorxunu, qorxunu yaxına qoymayın. Qorxduz ki, əliniz keyləşəcək, içinizin təpəri də itəcək. Bu bir sınaqdı, tanrı sınağı. Görünür, bizi pis insanların pis əməlləriylə sınağa çəkir...
Suyun bu qədər təhlükəli olduğunu ilk dəfə idi ki, görürdülər. Axın gəlir, qarşısına çıxan hər şeyi məhv edirdi. Evlərin taxtapuşlarını bir andaca götürüb atır, ağacların budaqlarını qırib çatır və hər şeyi saman çöpü kimi oynadırdı. Bir anlığa hər şey dağılır, hər şey axırdı. Bu bir zülm idi. İnsanların insanlara zülmü.
Murad ürəyində yalvarır, Allaha dua edirdi ki, uşaqlara bir şey olmasın. Olacaqsa, ancaq təkcə ona olsun. Uşaqlar yazıqdırlar. Bir də, axı dünyada, bu qısa ömürdə düz-axıllı nə gün görüblər ki?!..
Birinci zərbə uşaqlara dəyəndə Murad elə düşündü ki, daha onlar üçün hər şey bitdi. Bu dəqiqə budaqlar qırılacaq və suyun axarında dənizə qədər axıb gedəcəklər. Elnurun yeşiyini su dartıb oynadanda, iki dəfə qorxunc fırladanda Murad düşündü ki, yəqin suda boğular. Ancaq çox şükür, pis qurtarmadı. Elnurun cəldliyi, zirəkliyi hər şeyi yaxşılığa yönəltdi. Çinar vüqarını pozmadı, suyun ağzında əzəmətini, qürurunu itirmədi. Güclü qollarını gərib ana kimi uşaqları qucağına aldı, qorudu. Çinar o çətin, o qorxulu məqamda uşaqlara o qədər yaxın, o qədər doğma oldu ki, hətta hənirini, nəfəsini də hiss etdilər
- Murad dayı!.. Murad dayı, ilan!.. bax, ilan, düz üstümüzə gəlir...- deyə qızlar qışqırışdılar.
Murad qayıdıb onların dediyi səmtə baxdı. Suyun üstündə qirilmış iri bir budaq axıb qızlara sarı gəlirdi. Quyruğunu ağacın gövdəsinə dolamış zəhərli ilan başını dik tutub, yazıq-yazıq, ətrafa baxırdı. Qızlar qışqırışır, ilan səsdən özünü itirib bir az da qorxurdu.
Murad qorxu, təlaş içərisində olan qızlara Elnurun kömək etmək istədiyini görcək bərk qəzəbləndi
- Elnur, çəkin!.. Səhvə yol vermə!!..- Murad qeyri-ixtiyari olaraq bərkdən bağırdı:
- Qızlar!.. Sevinc, Sevda... nə olar, siz də sakit olun. Qorxmayın, ilan da öz başının hayındadır. Bu dəqiqə, narahat olmayın, bax, elə indicə o budağı sizdən uzaqlaşdıraram...
Murad iki dəfə cəhd göstərdi. İkisində də cəhdi boşa çıxdı. Güclü su axını onun yeşiyini qızlardan uzaqlaşdırdı. Bir də, bir də cəhd etdi. İlanın oturduğu budaq qızlara yaxınlaşmağa lap az qalmış əlinin arxasıyla budağı güclə bərk-bərk itələdi. Hiss etdi ki, əli zədələndi, nəsə əlinə batdı. Ancaq qorxmadı, ağrıya baxmadı, budağı sürüşdürüb, qızlardan uzaq saldı. İlan da qorxu hiss edibmiş kimi azacıq fısıldadı, gözlərini oynatdı, dilini çıxarıb başını bir az da dik tutdu. Təhlükə sovuşdu. Qızlar sakitləçdi. Ancaq qəfil su burulğanı budağı yerində oynadıb Murada sarı yaxınlaşdırdı. Murad bir az da qəzəbləndi. Qışqıra-qışqıra: - Ay məlun, ay yazıq, ay bədbəxt heyvan! – dedi. – Görmürsən ki, biz də sənin kimiyik? Köməksizik. Ümiddən asılmışıq. İşimiz hələ bitmişdi ki, haa... sənnən də bir igəşək?! Çıx, çıx yoluynan get, axı sənlik burda nə var!..- deyib ilan dolanmış budağı bir də kənara itələdi. Bu dəfə budaq onlardan çox uzaqlaşdı. Suyun axarı onu qabağına qatıb gözdən itirdi.
Bəlkə də il qədər uzun, əzablı görünən saatlar ərimək bilmədi. Suyun səviyyəsi enməsə də, axar ancaq bir az sakitləşdi. Dörd yeşik suyun ağzında sakit-sakit oynadı, beşik kimi yırğalandı. Gecənin soyuq, sıxıntılı qaranlığı düşdü. Bədirlənmiş ay çırağını yandırıb nəhayətsiz göylərin tağından asdı. Düzü- dünya gümüşü rəngə boyandı. Sular ay nurunda titrəyib soyuq-soyuq axdı. Bu soyuqluq bizim iliyimizə, qanımıza qədər işlədi.
Səhərin gözü açılar-açılmaz qızlar qışqırışdılar: “Gözünüz aydın, ay yatanlar, oyanın, gözünüzü açın, suyun səviyyəsi enir!.. Sevinin, Allahın verdiyi yaşamaq haqqımız hələ bitməmişmiş!.. Yaşamaq gözəldir, oyanın... odur, baxın, günəş də doğur. Dünyada Günəşin doğmasını görməkdən böyük səadət varmı?!..”
Günəş doğurdu. Üfüq qızılı- çəhrayı rəngə bürünürdü. Fəcrin yanaqlarına qan çilənirdi. Sular azalıb durulur, yenə quşlar uçurdu. Ana torpaq görünür, günahlarımız ucbatından ayaqlarımız altından qaşıb gizlənmək istəmirdi. Suların dəniz həsrətinə qoşulub axmaq, gəzmək istəmirdi. Elə özü olmaq. Özü qalmaq istəyirdi. Özü olanlar böyük olur axı!..
Birdən bəmbəyaz libaslı, nurani sifətli qoca xəyal kimi Muradın gözünün qabağında göründü.İlahi bir istək, ilahi bir sevgiylə pıçıldayıb: “Böyük Vətən sevgisi yurd istəyindən doğur, bala,- dedi.- Vətənin hər daşı, hər qayası, hər gülü-çiçəyi, hər otu, ələfi də arxa, köməkdir insana. Bərk ayaqda daşının, qayasının böyrünə sığırsan, gülünü, çiçəyini qoxlayıb, otunu-ələfini baş ağrısına əlac edirsən. Onlar Vətənin ruhu, əcdadlarımızın dil açıb danışan istəyidir. Vətən sevgisini unudan, ona arxa çevirən arxasız qalar. Dar məqamda Vətən ən böyük arxa, dayaqdır öz övladına. Yurduna arxa çevirən Vətən istəyini də içində boğar. Ata yurdu sənin ilkinliyin, ucalığın, qürur mənbəyindir. Ata yurdunda daş hasarlar çəkmək o yurda xəyanətdir. Daş soyuqluğunda doğmalığı öldürmək, yadlaşmaq, şübhə toxumunda düşmənçilik cücərdib, gələcəyi kölgələmək, ağrılı-əzablı gecələrin qoynuna atmaqdır. Doğma yurdda daş hasarlar ucaltmayın. Özünüz öz əlinizlə doğmaları oda atmayın. Köçənlərin ruhları da inciyər, didərgin düşər. Ruhlar da keşikçidir, ruhlar da həsrətlidir bir udum doğma nəfəsə. Gedənlər qəlbinin istisinə, ürəyinin oduna büküb o yurdu əmanət qoyur qalanlarına. Gedəndə də lal bir fəryadla: “Qoruyun , qoruyun o yurdu!..” – deyə haray qoparır. Heç insafdımı, o fəryadı unudasan, atasan?! Doğmalığa xəyanət heç vaxt unudulmur, bir gün ağrıya, acıya dönüb qapına gəlir... Mütləq gəlir!..”
Murad üzünü yaxşı görə bilmədiyi bəyaz libasa bürünmüş nurani çöhrəli qocanın sözlərini unuda bilmədi. O, ani göründüyü kimi, ani də nur seli kimi əriyib gecənin qaranlığına qarışdı.
-Murad, ay Murad, bu qədər də yatmaq olar, ay oğul ?! Oyansana. Demişdin məni çağırarsan. O çinardan ötrü bələdiyyəyə gedəcəkdin axı...
Murad gözlərini ovuşdura-ovuşdura yerindən qalxdı.Yuxuda gördükləri ona çatmadı. “İlahi, mən nələr gördüm? Bu yuxuydumu, yoxsa həyatın ona başa salmaq istədiyi bir ibrət dərsi idi? Bilmirəm, bilmirəm, nəydisə bir xəbərdarlıq, bir həyəcan siqnali idi...” – deyə öz-özünə pıçıldadı. Qardaşıyla pis bir məqamda üz- üzə gəlmişdilər. Qardaşı üç gün idi ki, inad atına minib çapmaqda idi. Elə bil gözləri kor olmuşdu. Heç kimi eşitmək, dinləmək, düşünmək istəmirdi. “Yox. Çinar kəsilməlidir!” - deyib inadından dönmürdü ki, dönmürdü. O çinarı atası əkmişdi. Təzə yurda düşdükləri il əkmişdi. Ata yadigarı idi. “Övladlarım o ağaca baxanda məni xatırlar, bu yurdda ata nəfəsi var.” - deyə düşünərlər demişdi. İndi bəs nə oldu, ata yadigarı nə tez unuduldu. Bax, bu yuxu deyildi, atamin ruhu idi yaddaşıma gəlib duyğularımı silkələyir, cırmaqlayır, məni fil yuxusundan, daş duyğusundan ayıltmaq istəyirdi. Qardaşım hasar çəkmək istəyirdi. Hasarın bir ucu şinara toxunurdu. Çinar kəsilməsə nizam pozulacaq, hasarın daşları bir-birinə bənd almayacaqdı. Buna görə qardaşım məndən çinarı kəsməyi tələb edirdi. Bilmirəm, niyə belə inad edirdi. Anamin üç gündən bəri qurumaq bilməyən göz yaşlarını görmək istəmirdi. İnanmıram, inanmıram yuxuda mənə əyan olanlar, ona da nəsə bir şey deməmiş ola. Bu yuxu deyildi, vallah yuxu deyildi. Gələcəkdə olacaqlardan xəbər verən bir fəlakət xəbərdarlığı idi. Bu ruhun pıçıldayan, oyanan, oyandıran hikməti, hekayəti idi. Onu dinləməli, eşitməli və ibrətlənməli idik. Yoxsa, fəlakətdən qaçmaq yox, fəlakətə sarı gedə bilərdik
-Yox, ana, bələdiyyəyə getməyəcəyəm. Qardaşıma da de, çinarı kəsməsin, istəsə lap beş-alti addım bəridən hasarı çəksin. Təki çinar kəsilməsin, ata yadigarıdır. Çinar durduqca elə biləcəm, atamın diqqəti, qayğısı, öyüdü, nəsihəti də bizimlədi. İstək böyük şeydir, ana. İstəksiz yaşamaq olmaz. İstək elə həyatın özü, bir ömrün mənasıdır.
Ana sevincdən oğlunun üzündən öpdü. Noxudu kələğayısının ucuyla gözlərinin yaşını sildi. “Bilmirəm , ay oğul, bilmirəm, Sizə birdən-birə nə oldu. İnadından dönməyən o qardaşın da indi xəbər göndərib ki, daha hasar çəkməyəcək, çinarı da kəsdirməyəcək!..”
Murad pəncərənin qabağında dayanıb mənalı-mənalı Minay təpəsinə sarı baxdı. Uzaqda durnalar uçur, yarpaqlara sarı-sarı zər düşürdü. Çoban Məlik çopur qayaya söykənib, tütəkdə çaldığı “Çoban bayatısı”nda alışır, sürüsü yamaca səpələnib şirin-şirin otlayırdı. Xan çinar tumarlanıb, sığallanıb ömrünə bir fəsil də qatmaq istəyirdi...
Bakı şəhəri ,
2013, 5 aprel -2014, 5 yanvar.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.