Unutsaq, unudularıq!

Torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda vətən olur deyiblər.
Vətənin torpaqları uğrunda canından keçən torpağa qarışıb Vətənləşənlərin evini, ailəsini və məzarını ara-sıra ziyarət edirik? bunu özümüzə mənəvi borc bilirik. Çünki onlar bizim azad torpaqda yaşamağımız üçün canlarından keçiblər. Reabilitoloq Afaq Yaqubova ilə bu dəfə Sumqayıtda salınmış Şəhidlər Xiyabanındakı şəhidlərimizin məzarını ziyarət etdik, amma bu dəfə o qəhrəmanları böyüdən analarla bərabərik. Onlar bir-bir övladlarından danışaraq acılarını dindirir, digərləri də göz yaşlarını. Hər şəhidin məzarında söylənilən bənzər fikirlər o qədər eynidir ki sanki hamısını bir ana böyüdüb və ya hamısı bir insan haqqında danışır.


Unutsaq, unudularıq! Öncə l Vətən müharibəsində şəhid olmuş əmisi Nadirin adını daşıyan ll vətən müharibəsi şəhidi Nadir Rzayevin məzarını ziyarət etdik. Nadir Rzayev Xüsusi təyinatlı qüvvələrin tərkibində idi. Öz istəyilə hərb yolunu seçmişdi.
Anası Aynur xanım oğlunun həyat yolundan necə vətən sevgisi ilə dolu oğul olmasından danışdı. "Nadir dünyaya şəhid olmaq üçün gəlmişdi indi başa düşürəm" - dedi: - "O kiçik yaşlarından "Mən əmimin qisasını alacam" - deyirdi və aldı da... Özü də qismət elə gətirdi ki, əmisinin şəhid olduğu yerdə - Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid oldu. Aynur xanım deyir ki, bilirəm cənnətdə görüşəcəyik, o vaxta dək özümə dözüm arzu edirəm. Mən onun şəhid olmağı ilə həqiqətən fəxr edirəm. Mənim övladım başqa cür də dünyadan köçə bilərdi, yanğında, yol qəzasında amma o döyüşərək vətəni uğrunda şəhid oldu. Vətən uğrunda sözdə deyil əməldə necə candan keçmək olur onu göstərdi. Mən hər gün ona minnətdarlıq edirəm. O və onun kimi igid oğullar razı olmadı körpələr, analar Xocalıda yaşananları yenə yaşasın, mərdliklə sinəsini önə verib torpağı azad etdilər. Mənim oğlum öz vətən sevgisiylə başqalarına da örnək oldu. Hər zaman onunla fəxr edəcəm."

Unutsaq, unudularıq! Sonra döyüşə gedərkən anasına "ağlayıb eləmə ha, ağlasan inciyərəm" - sözləri ilə hər birimizin qəlbinə həkk olunan Vüsal Allahverdiyevin məzarını ziyarət etdik..

Anası Hicran xanımın susqunluğunu anlamaq çətin olmadı. Vətən boyda oğul itirib necə ağlamasın, amma ağlamadı qürurla dayandı axı biricik oğluna ağlamayacağına söz vermişdi. Nə qədər çətin olsa da dəyanətli dayanmalı idi. Vüsalın həyatı ilə tanış olanda ondan öncə şəhid olan şəhidlərə həsəd aparması "kaş mənə də şəhidlik nəsib olardı" deməsi, dəfələrlə qeyd etməsi məni çox təsirləndirdi. Özü də tək Vüsalın deyil çox şəhidin belə sözlər işlətdiyini eşidirəm. Bu qədər şəhid olmaq arzusu hardan idi görəsən ? Bəlkə İlahi qüvvə onların qulağına bunu pıçıldayırdı? Təbii ki, şəhidlik ali məqamdır hər kəsə nəsib olmur, onlar arzularına çatdılar . Anası Hicran xanım Vüsalın müharibənin başlamasına necə sevinməyindən də danışdı: Sanki toy-bayrama gedirdi. Onu fikrindən daşındırmaq da istədiyim oldu, amma vətəni hər şeydən üstün tutdu. Vüsal o qədər dürüst vicdanlı idi ki ,mənim doğulduğum torpaqda başqaları döyüşüb geri alsa sonra mən orda yaşaya bilmərəm deyirdi. Torpaqların geri alınması onun müqəddəs arzusu idi. Ana onu da əlavə edir ki, mən heç vaxt acımla heç kəsi yormaq ,incitmək istəmirəm. Acı mənimdir mən də öz çiyinlərimdə çəkməliyəm. İşdə də heç kəslə bu barədə danışmıram. Mən Vüsalın ardınca həmişə qürurla baxmışam.Həmişə Allaha dua etmişəm ki mənim göz yaşlarımı səndən başqa heç kim görməsin.
Unutsaq, unudularıq!
Hicran ana, sizin oğlunuz vətən uğrunda canından keçib, acı tək sizin deyil hər birimizindir.

Keçid edirik 18 yaşlı şəhid Eltun Əliyevin məzarına.
Anası Rima xanım: - "Nə yaxşı ki, istədiyi hər şeyi etmişdik", - deyir:

"-Eltun körpəlikdən dəfələrlə ölüb dirilmişdi. Allah onu bizə bağışladı sanırdıq, sən demə şəhid olacaqmış, ona görə Allah hələ zamanı deyil deyə qoruyurmuş."

Hamımız kövrəlirik...

Rima xanım davam edir:
"- Eltun heç vaxt istəmirdi saçımda ağ dən olsun, bir-iki ağ saç görünən kimi saçına rəng qoy, deyirdi.
Bilmirdi ki, saçlarımı özü ağa boyayacaq. Başımı qarlı uca dağa döndərəcək.
Mən Eltunla bərabər dünyanı tərk etdim, digər dərd ortaqlarını göstərib bir-birimizin dərdinə baxıb təsəlli tapırıq.
Hərdən bu qədər səbirli olmaq istətəmirəm, "Eltun, evə qayıt!" - deyə bağırmaq istəyirəm, imkansız olduğunu bilirəm.
Eltunun hər gün qonaqları gəlir, məni bir az da sevindirən odur ki, Eltun xatirələrdə yaşayır.
Unudulduğu gün həmən ürəyim dayanar."
Unutsaq, unudularıq!
- Narahat olmayın, şəhidlər hər zaman qəlbimizdədir, onları unutmağa haqqımız yoxdur.

Elvin Novruzovun anası Gülşən xanımın da digər analar kimi kədərinin, acısının nə qədər böyük olduğu gözlərindən görünür.
Xatirələrini danışır, gülümsəyir həmən göz yaşları sellənib yanağından süzülür:
"Vətən, ey vətən! Sənə ana dedik, ana övladlarına qıyarmı?
Bu qədər igidi torpağın sinəsinə çəkdin."


Anası:
- "Mən Elvinin vətənpərvər olduğunu bilirdim, bu dərəcədə vətənə bağlı olduğunu bilmirdim.
Elvin hara getsə seçilirdi, özünə hörmət qazanırdı.
Əsgər idi az müddətdə manqa komandiri olmuşdu.
Mən onunla həmişə qürur duyurdum, indi daha çox qürur duyuram.
Mənim balam şərəfli yolda canından keçdi.
Hər gün bura gəlib məzarı ilə, evdə şəkilləri ilə danışıram.
Elvin, səninlə fəxr edirəm, deyirəm.
O məni eşidir, inanın ki, eşidir hiss edirəm!.."

Unutsaq, unudularıq!Səmid Əliyevin məzarını ziyarət edirik.
Anası Əsmər xanım onun necə igid oğul olduğundan danışır:
"-Polad Həşimov şəhid olandan sonra hər gün "şəhidlik necə yüksək məqamdı" - deyirdi. Evdən gizlin hərbi komissarlığa könüllü yazılmışdı. Müharibəyə gedəndən sonra da hər dəfə danışanda biz narahat olmayaq deyə hələ bizi qabağa aparmırlar deyirdi. Səmid Nişanlı idi, nişan xonçaları hələ də qalıb, aça bilmirəm" - deyir.

Şəhid Nadirin anası ürək yanğısıyla sözünü kəsir: "- Açma, Nadir üçün, Eltun üçün, Elvin üçün apararıq", - deyir.

Gərək daş olasan ki, bu sözlər təsir etməsin.

Özümü güclə toparlayıram:

Belə gözləmirdik sənin yolunu
Əlləri ayağı sağ gələcəkdin.
Qızların içindən qəşəngin seçib
Hələ sevəcəkdin, seviləcəkdin.

Qayanın daşını töküb başıma
Üzümü bələyib qəm yağışına
Şəhadəti alıb sən ağuşuna
Belə tez məzara köçməyəcəkdin.

Bizi ovutmayır heç bir təsəlli
Hardan əsdi axı ayrılıq yeli?
Ananın atanın büküldü beli
Axı söz vermişdin sağ gələcəkdin.

Al don alacaqdı bacın hərinə
Xına yaxacaqdı gəlin əlinə
Baxıb qız-oğullu gözəl ömrünə
Xoşbəxtəm söyləyib sevinəcəkdin.

Beləcə arzular getdi səninlə
Həyatı dəyişdin vətən eşqinə
Vətən oğul dedi şəhidim , sənə
Rəsmini hər kəsin könlünə çəkdin
Sən ki, söz vermişdin sağ gələcəkdin.

Unutsaq, unudularıq!
Çoxdan idi hər gün yuxuma gəlməsi üçün namazda Allaha dua edirdim. Bir neçə gün əvvəl yuxuma gəldi mənə yaxınlaşdıqca ətrini hiss elədim. Səmid möcüzə kimi neçə ildən sonra dünyaya gəlmişdi. Həqiqətən də sanki şəhid olmaqçün doğulmuşdu. Övladlarımız bu yolu özləri seçdi, Vətəni hər şeydən uca tutdular. Mənim Səmidimin də qisməti şəhid olmaq imiş."

"Nə sümük uğruna it olduq, nə mənfəət uğruna çaqqal, qisas uğruna canavar olduq" - deyən şəhid Salyayev Aqilin anası Xədicə xanıma Sizin oğlunuzun məzarını görmədim? -deyə soruşuram.

Mənim oğlumun məzarı Ağstafa rayonundadır söyləyir, amma hər gün gəlib öz balam kimi hamısını ziyarət edirəm. Hamısı bir- birindən igid oğulları Aqil kimi doğma balam bilirəm.

Biz anaları dinlədikcə Afaq xanımla necə güclü qadınlarımızın olduğuna heyrətlənir, həqiqətən də qəhrəman oğulları qəhrəman anaların böyütdüyünə bir daha əmin oluruq.

Unutsaq, unudularıq! Unutsaq, unudularıq! Unutsaq, unudularıq! Unutsaq, unudularıq!Torpaq müqəddəsdir deyəndə şəhidlərin qanı nəzərdə tutulur. Bizə əmanət olunan bu torpaqları hər birimiz göz-bəbəyimiz kimi qorumalıyıq. Şəhidlərimizin məqamı uca, məkanları cənnətdir. Ruhları şad olsun deyir, ailələrinə Allahdan səbir diləyirəm.

Leyla Mətin,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: