Yeni hekayələr toplusu: “Dionisin qələbəsi”

Yeni hekayələr toplusu: “Dionisin qələbəsi”
Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA)
Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
“Müstəqillik dövrü
Azərbaycan ədəbiyyatı”

şöbəsinin
baş elmi işçisi,
tanınmış
ədəbiyyatşünas alim,
filologiya üzrə
elmlər doktoru
Salidə Şəmmədqızının
imzası oxuculara həm də
istedadlı yazıçı kimi
çoxdan tanışdır.
O, hələ tələbəlik illərindən
ardıcıl olaraq həm də
bədii yaradıcılıqla
məşqul olur.

Əsərləri müxtəlif mətbuat orqanlarında və ədəbi məcmuələrdə dərc olunan
Salidə Şəmmədqızı (Salidə Şərifova)
«Əriyən şam» hekayələr toplusunun müəllifidir.

Salidə Şəmmədqızı Azərbaycan Yazıçılar Birliyinin üzvüdür,
Azərbaycan Jurnalistlər İttifaqının «Qızıl Qələm» mükafatı laureatıdır.
O, həm də Rəsul Rza adına Ədəbiyyat Fondunun “Rəsul Rza” adına mükafatına layiq görülüb.
Rusiya Yazıçılar İttifaqının Q.R. Derjavin adına ordeni
M.A.Şoloxov adına beynəlxalq mükafatı ilə təltif olunub.

Bu günlərdə isə Salidə Şəmmədqızının “Dionisin qələbəsi” adlı daha bir hekayələr kitabı
"Elm və Təhsil" nəşriyyatı tərəfindən nəfis şəkildə şap olunuraq oxucuların ixtiyarına verilib.
Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı “Dionisin qələbəsi”, “Mətn cızmaçısı”,
“Layihə oyunu”, “Sən elə şeyləri anlamazsan”, “Ləzzəti - söhbəti”, “Əlyazmalar yanmır”,
“Sənin səlahiyyətin çatırmı?”
“Psixiatrın gündəliyi” adlı hekayələri toplanmışdır.

“Dionisin qələbəsi” hekayələr toplusunun ön sözünün müəllifi Xalq yazıçısı Mövlud Süleymanlı,
redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Yazıçılar İttifaqının üzvü Səidə Əliyevadır.


Xalq yazıçısı Mövlud Süleymanlının "ÖN SÖZ"ündə oxuyuruq:

"Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti Şərifova Salidə elmi fəaliyyətlə peşəkar şəkildə məşğul olur. Eyni zamanda Şərifova Salidə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, «Əriyən şam» hekayələr toplusunun müəllifidir. Hal-hazırda isə onun «Dionisin qələbəsi» ikinci hekayələr toplusu kimi oxuculara təqdim edilir.
«Dionisin qələbəsi» hekayələr toplusuna daxil edilmiş əsərlərin ümumi cəhətini xüsusi vurğulamaq lazımdır. Topluya daxil olan əsərlər bədii yaradıcılıq haqqında hekayələrdir. Topluda əsərlərin süjet xətti yaradıcı şəxsiyyətlərin yaradıcı taleləri ətrafında qurulur. Hekayələrdə ədəbiyyatşünaslığın bir sıra problemləri ətrafında bədii formada fikir mübadiləsi ətraflı işıqlandırılmışdır. Hekayələr Azərbaycan ədəbiyyatında populyarlıq qazanmış sənətçi, yaradıcı, mədəniyyət haqqında bədii nəsr əsərləri, yaradıcı şəxsiyyətlərin yaradıcı taleləri ətrafında süjet xətti qurulması və kamil yaradıcı şəxsiyyətlərin obrazlarının təqdimi ilə maraq doğurur. Ədəbiyyatda əksini tapan sənətkar obrazları dünya ədəbiyyatında «sənətkar haqqında roman» (Künstlerroman) anlayışının, yəni sənətçilərin, yaradıcı insanların, konkret olaraq isə mədəniyyət və elm haqqında bədii nəsr nümunələrinin formalaşmasına səbəb olmuşdur. «Dionisin qələbəsi» toplusuna daxil edilmiş əsərlərin «sənətkar haqqında hekayələrə» və postmodern ədəbiyyatına aid olması haqqında tezisləri irəli sürmək olar.
«Dionisin qələbəsi» toplusuna daxil edilmiş hekayələr sərt realizm ilə seçilirlər. Toplunun bədii üslub baxımdan əsas xüsusiyyətlərindən biri də bu realizmin satirik formada verilməsidir. Müəllif təsvir etdiyi hadisələri, kəskin problemləri bir sıra epizodlarda satirik üslub vasitəsilə absurd dərəcəsinə çatdırır. Əvvəlcədən proqnoz-laşdırmaq olar ki, bu metodika bədii dairələrdən olan bir qrup oxucuların mənfi reaksiyasına səbəb olacaq. Müəllifin bu reaksiyadan çəkinməməsini xüsusi vurğulamaq olar. «Dionisin qələbəsi» hekayələr toplusunda avtobioqrafik hallar özünü göstərsə də, biz hadisələrin təsvirində, müəllifin bədii üslubunda, yazı manerasında, mövzuya yanaşmasında, məzmun dərinliyində dahi ədibimiz M.Ə. Sabirin sarkazmına qəribə yaxınlıq duyuruq. Hekayələrdə satirik təhkiyə formaları ön plana keçir, bu hekayələrdə ədəbiyyat sahəsində baş verən hadisələr yalnız satirik vasitə olaraq cəlbedici predmet kimi özünü göstərir.
Azərbaycan ədəbiyyatında «Dionisin qələ-bəsi» toplusu uğurlu janr təcrübəsi kimi qiymət-ləndirilməlidir. Toplu Azərbaycan ədəbiyyatının janr sisteminin rəngarəngliyinə atılan yeni bir addımdır. Hekayələrin janr xüsusiyyətlərini və problematikasını nəzərə alsaq toplunun ilk növbədə, ədəbiyyatşünaslıqla əlaqəli olan oxucular arasında daha çox maraq doğuracağını ehtimal etmək olar. Bununla da, müəllifin postmodernin trendlərinə riayət etməsini müşahidə edirik – intellektual elitaya ünvanlanmış əsərlərin yaradılması."


Biz də dəyərli qələm dostumuz, çox hörmətli Salidə xanlm Şərifovanı
yeni kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir və ona
yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..

Aygül ÇOBANOVA,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı

ZiM.Az




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: