(Məhsəti Əli qızı Məmmədova) -
1969-cu ildə qədim Borçalı mahalında -
indiki Gürcüstanın Bolnisi rayonundakı
Faxralı kəndində ziyalı ailəsində -
Borçalının məşhur müəllim və şairlərindən olan Əli Səngərlinin ocağında dünyaya göz açıb. 1985-ci ildə Faxralı kənd orta məktəbini bitirib. Ailəlidir, iki oğlu var.
Hazırda Bakı şəhərində yaşayır.
Əsasən məhəbbət mövzusunda şeirlər yazır.
"Bülbül və qızlgül" adlı ilk mətbuu şeiri
1983-cü ildə Bolnisidə Azərbaycan və gürcü
dillərində nəşr olunan "Qələbə bayrağı" adlı rayon qəzetində dərc olunub. Sonralar şeirləri Azərbaycanın və Gürcüstanın müxtəlif mətbuat orqanlarında işıqüzü görüb.
1987-ci ildə Tiflisdə nəşr olunan
"Dan ulduzu" ədəbi məcmuəsində,
2017-2018-ci illərdə Bakıda nəşr olunan
5 cildlik "Zirvə" poeziya antologiyasında,
"ZiM.Az", "Zirve.İnfo" və s. saytlarda
dərc olunub.
Biz də hörmətli şairə Məhsəti xanıma
yeni-yeni yaradıcılıq uğurları arzulayır və
aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik!..
ZiM.AZ
TANI MƏNİ ƏZİZİM...
Məni tanımırsan? tanı, əzizim...
Məhsəti Şeydayam yəni əzizim ...
Mahalım Borçalı, kəndim Faxralı
Bax budur sözümün canı, əzizim.
Əli Səngərlinin mən öz qızıyam,
Səmada parlayan Dan ulduzuyam.
Vətən eşqi ilə döyünür qəlbim,
Mən Türkəm... Vətənin elə özüyəm...
Bilməyənlər bilsin bunu, əzizim.
CƏNNƏT GUŞƏM FAXRALI
Kökündən ayrılmış ağac kimiyəm,
Pas atmış, sahibsiz bir saz simiyəm.
Dənizdə yelkənsiz tənha gəmiyəm,
Sənsiz ağlamaqdır peşəm, Faxralım.
Könlüm sənsiz nə sevinər, nə gülər,
Sənsiz mənə qarlı qışdır fəsillər.
Ürəyim kamantək sızlayar, inlər,
Sənsiz mən kəsəyəm - daşam, Faxralım.
Sənsiz şirin yuxulara həsrətəm,
Sənsən mənim xoş məramlı xatirəm.
Səni bir an unutdumsa namərdəm,
Sənsən mənim sevinc - nə'şəm, Faxralım.
Yad şəhərdə taqət gəlməz dizimə,
Cənnət olsa toz görünər gözümə.
Qoynunda bəsimdir kiçik bir kümə,
Hər tərəfi güllü - gülşən, Faxralım.
Vəsv edib hüsnünü ustad şairlər,
Düz beşyüz ad yazıb İsmayıl Güllər.
Mən tərif yazmağa etmədim hünər,
Sənsən mənim cənnət guşəm, Faxralım.
Dünənim, bu günüm, həm də sabahım,
Uyuyur köksündə can - qanım, ruhum.
Səngərli - ustadım, həm Qibləgahım,
Ruhum səndə qalıb, leşəm, Faxralım.
Al canımı, fəda olsun yolunda,
Bu dünyayla vidalaşım yurdumda.
Of demərəm bu gün alsan canımı,
Ömürlük uyuyam sənin qoynynda.
Sənsiz kor kimiyəm, çaşam, Faxralım
Sənsiz, kor kimiyəm, çaşam, Faxralım.
YOLLAR...
"Üzü güləcəkmi yolların, bir də..."
ƏLİ SƏNGƏRLİ.
"...Üzü güləcəkmi yolların bir də"
Yollar dözəcəkmi axı bu dərdə.
Doğma sakinləri onu tərk edib,
Qismətmi olacaq yollar namərdə?!...
Ayaq izlərinə həsrət qalıbdır,
Bağrı başı çatlaq-çatlaq olubdur.
Çatıb qaşlarını kimsəsiz yollar,
Dərin düşüncəylə fikrə dalıbdır...
Yollar dilə gəlib san ki, deyəcək: -
Məni, tənha qoyub hara gedirsiz?!
İlk dəfə yıxılıb siz dura-dura,
Köksümdə iməkləyib, yerimisiniz !...
İndi, dəyişirsiz məni asvalta,
Bir deyin, söyləyin, etdimmi xəta ?!
Axı, bu qoynumda pərvazlanaraq,
Bu yoldan çatmısız, arzu, murada!...
Gəlin, bağrım başı darıxır sizsiz,
Mən çaş-baş qalmışam, qalmışam aciz.
Gəlin, sevindirin arabir məni,
Qoymayın darıxım, qalım mən, yalqız!...
12 .04. 2013.
EY YOL... YOLLARIMIN YOL AYRICISAN...
Ey Yol... Yollarımın yol ayrıcısan,
Baxıram qoynundan gedim... getməyim?...
Mələyə bənzəyən bu vüqarımla,
Mən səni ziyarət edim... etməyim?...
Bilmirəm yoluma nur ələnəcək,
Bilmirəm zülmətə qənşər gələcək.
Bilmirəm taleyim üzə güləcək,
Səninlə məhəbbət edim... etməyim?..
Gülümsə üzümə kədərim bitsin,
Yox olsun acılar qeyb olsun itsin...
Hiss etsəm özümü yolun pərisi,
Ruhunu qiyafət edim... etməyim?..
Vardır hər bir işin sonunda xeyir
Bəlkə... Sevgi dolu dünya gözləyir...
Bir səs pıçıldayır... qorxma... get deyir
Yoluna kəramət edim... etməyim?..
Ey Yol... əllərinlə tut əllərimdən,
Hifz et zalimlərin şər dillərindən...
Lütf eylə... keçməyim qəm sellərindən,
Şəninə şərafət edim... etməyim?..
Ey Yol... Yollarımın yol ayrıcısan!
Baxıram qoynundan gedim... getməyim?!..
NƏ OLAR... RUHUMU İNCİTMƏ MƏNİM...
Nə olar... ruhumu incitmə mənim,
Neynəsəm özünə gələ biməyir...
Gülüşü gözündə canını verir
Sevinə bilməyir gülə bilməyir...
Nə olar... ruhumu incitmə mənim
Qovğasız canına gəl qovğa salma...
Yaşayan ölü tək dolanır sonra
İnsaf et ağlını əlindən alma...
Nə olar... ruhumu incitmə mənim
Sən onun qəlbini dara çəkirsən...
Hər anı cəhənnəm yaşayır elə
Əlinlə ömrünü gora çəkirsən...
Nə olar... ruhumu incitmə mənim
Ruhumun səninlə işi yoxdur ki...
Başına dolanır pərvanə təki
Payızdır... şaxtası... qışı yoxdur ki ...
Nə olar... ruhumu incitmə mənim
Cilovla könlünü... tox tut nəfsini...
Viranə eyləyib xəyallarını
Öldürmə... ruhumun sən EŞQ həzzini...
Nə olar... Ruhumu incitmə mənim
Neynəsəm özünə gələ bilməyir!..
19.02.2015
EŞQ MƏN SƏNƏ AŞİQƏM...
EŞQ mən sənə aşiqəm,
Səni vəsf edir kəlməm.
Ölsəm heç yemərəm qəm,
Oldun ruhuma qibləm.
Sən də sevirsən məni,
Bunu çoxdan duyuram.
Yurd saldığın bu təni,
Oxşadıqca uyuram.
Köçüb getmə bülbülüm,
Məhv olar nağıl dünyam.
Qoy qibtə etsin zülüm,
EŞQimiz aldıqca kam.
YENƏ YAĞIŞ YAĞIR
Yenə yağış yağır səssiz, səmirsiz,
Elə bil eşqimin göz yaşlarıdır...
Ey dünyam bu qədər olma qədirsiz,
Eşqim ki, eşqinə bir ac arıdır...
Baxıram əllərim qoynumda sənə,
De niyə tökmüsən qaş-qabağını?
Vüsalım həsrətdir gülümsə mənə,
Qəlbimə gəl vurma hicran dağını.
Mən ki aşiqinəm sevdalı dünyam,
İzin ver qoynuna sığınım sənin.
Nağıllı qoynunda məst olsun röyam,
Olma ümidimə nə olar qənim...
Sən gülsən - mənim də qəlbim güləcək!
Ruhum gülüşünü cənnət biləcək!..
GƏLƏNDƏ ÖZÜNLƏ ÜMİD DƏ GƏTİR ...
Qəmdən don geyinir sənsiz hər günüm,
Axır gözlərinin yaşı aşağı.
Nolar tezcə qayıt başına dönüm,
Ruhum sənsizlikdən söyləyir ağı.
Sevdalı dünyam da üzümə baxmır,
Küsüb hövsələdən çıxıbdır daha.
Düşübdür qolları yanına qalxmır,
Ümidim bətnində bürünüb aha.
Gələndə özünlə ümid də gətir,
Ümidsiz dünyamda ümidim olsun.
Gəl çilə qəlbimə, eşqinlə ətir
Qoy cənnət nəfəsin ruhuma dolsun.
Ümidsiz yaşamın mənası nədir?!
Ümid eşqimizə bir pərvanədir!..
...DÖNƏN DEYİLƏM...
Qəlbimi kül edib yandırma daha,
Gəl, məni bu qədər qandırma daha,
Özünü bu qədər sındırma daha,
Mən sənə bir daha dönən deyiləm...
Bir dəfə aldandım bəsimdir mənim,
Sən adlı bu sevgi nəsimdir mənim.
Bu hayqırış dolu səsimdir mənim,
Mən sənə bir daha dönən deyiləm...
O qədər qəm-kədər vermisən mənə,
Qoymusan sağalmaz, çarəsiz günə.
And olsun imana, and olsun, dinə,
Mən sənə bir daha dönən deyiləm ...
Sən heç barışmağa üz qoymadınki,
Ağlımda bir şirin söz qoymadınki,
Mənə, xoşbəxtliyi sən qıymadın ki,
Mən sənə bir daha dönən deyiləm...
Peşmanam, deyərək, ovutma məni,
Sən Allah, yolumdan gəl tutma məni,
Yalançı "ninninlə" uyutma məni,
Mən sənə bir daha dönən deyiləm...!
Mən sənə, bir daha, dönən deyiləm...!
19. 02. 2015.
EY MƏNİM NAĞIL DÜNYAM...
Ey mənim nağıl Dünyam,
Özünə yığıl, Dünyam!
Bəsdir, bu qədər mənə
Vermə gəl, ağıl, Dünyam...
Uşaqkən çox inandım
Mən sehirli nağlına,
Uşaqkən aşiq oldum,
Nağıl dünyam, ağlına...
Aldada bilməzsən sən
İnnən belə heç məni,
Əgər aldana bilsəm,
Künah mənim, suç mənim...
Verməyirsən sən mənə
Qıymırsan, hüzur, dünya,
Dizlərin üstə imiş
Çörəyin - duzun dünya.
Edirsən bizləri sən
Qurbanlıq quzu dünya.
Sənə inanmaq üçün
Göstər bir lüzum dünya...!!!
SOLAN YARPAQLAR
Niyə belə göynədirsiz qəlbimi?
Saralan yarpaqlar, solan yarpaqlar...
Ah - naləniz köz öz edir təbimi,
Yerlərdə çürüyüb qalan yarpaqlar...
Sizsiz ağaclar da boynunu bükür,
Çırpınır ağlayır hey haray çəkir.
Onlar da payızın huyundan hürkür,
Siz ey bağırları talan yarpaqlar.
Öyrəşin dünyanın etibarına,
Vəfasız dünyanın əhd-ilqarına,
Məni də salıbdır o öz toruna,
Ruhları ruhum tək viran yarpaqlar.
Yenidən torpağa qovuşacağıq,
Bəlkə heç olmayaq biz bağrı yanıq.
Torpağın altında məmnun yaşarıq,
Sürərik cənnətdə dövran yarpaqlar...
08.09.2015
XƏYALIN YENƏ DƏ DÖYÜR QAPIMI
Xəyalın yenə də döyür qapımı,
Həsrətin sınayır sanki tabını.
Bağlaya səninlə eşq kitabımı,
Kaş qıra qəlbimin Tanrım sapını.
Çəkilə ruhumdan əzab əziyyət,
Gözünə göz vura yenə təbiət,
Tapa səadətim özündə qüvvət,
Etməyə bu nağıl eşqə itaət.
Unuda yaddaşım unuda səni,
Unuda sevirəm deyən kəlməni,
Dadmaya ləbim o yasaq busəni,
Xəyalın sınağa çəkməyə məni.
Bəlkə də, bəlkə də, beləcə mən də
Düşməyəm sən adlı eşqlə kəməndə...
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.