RAMİLƏ ZAHİTQIZI : "BİR TALEYİN HEKAYƏSİ"

RAMİLƏ ZAHİTQIZI : "BİR TALEYİN HEKAYƏSİ" Qadın böyük qüvvədir deyirlər. Öz zərif çiyinlərində dünyanın yükünü daşıyır. Haqqında danışacağım xanımı da Allah həyatında olan çətinliklərlə mübarizə aparmaq üçün yaratmışdı sanki...Uşaqlıqdan üzü bu yana mübarizə ruhu ilə böyümüşdü.Bəzən sakit, bəzən də çılğın təbiəti ilə seçilirdi.
Sevgi golu amma eyni zamanda kasıb, mütəvazi bir ailənin qız övladı,iki qardaşın yeganə bacısı idi, Minayə.Bəstəboy əsmər , suyuşirin bir qız idi.
Zəhməti sevir,evin hər işinə əl atırdı. Uşaqlıqdan taleyinə işləmək, çalışmaq,hər bir əziyyətə qatlaşmaq düşmüşdü. Böyüyüb boya-başa çatdığı dövrlər istəyəni,elçi düşəni çox idi Minayənin. O,isə könlünü qonşu kənddən bir oğlana vermişdi. Ailələr əvvəldən bir-birini tanıdığından Səyyadın elçiləri Minayəgilin qapısından razılıq ilə qayıtmışdılar. Bu iki gəncin izdivacına böyüklər tərəfindən xeyir-dua verilmişdi. Bir neçə aydan sonra Minayə Səyyadgilin evinə gəlin köçdü.Ailə böyük idi. Belə ki, Səyyadın ata-anası, bacı-qardaşı və hətta böyük qardaşı da ailəsi ilə birlikdə eyni evdə yaşayırdılar. Minayə ilk gündən hər kəslə mehriban davranıb ailə üzvlərinin sevgisini qazanmağa çalışırdı.

Aradan bir xeyli müddət keçmişdi.Minayə ilə Səyyadın hələ də ailələrindən körpə səsi gəlmirdi.Onlar müayinə üçün həkimə üz tutdular. Hər ikisi analiz və müayinə olunduqdan sonra nəticələri səbirsizliklə gözləyirdilər. Nəticələr çıxanda ailə çox həyəcanlı idi.Analizlər, təhlillər nəticəsində məlum olmuşdu ki,Səyyad uşaqlıq dövründə keçirdiyi bir xəstəlikdən dolayı övlad sahibi ola bilməz. Bu xəbər hər kəsi sarsıtsa da cütlük öz ailələrini qoruyub saxlamağa bir-birlərinə söz vermişdilər. Səyyadın uşağının olmayacağını eşidən Minayənin ailəsi isə çox narahat idi.Onlar düşünürdülər ki, belə halda Minayəni o evə sadəcə qulluqçu kimi veriblər sanki.Madam ki, uşaqları olmayacaq ayrılmaqları məsləhətdir. Bir müddət sonra Minayənin anası öz fikir və düşüncəsini qızına deyəndə Minayə qəti etiraz etmiş və anasının dedikləri ilə razılşamamışdı.Ana isə təkidlə:" Sən bu boyda külfətin yükünü çəkmək məcburiyyətində deyilsən. Ya ayrıl ya da yoldaşından tələb et ayrıca evə çıxsın.",- deyirdi. Ananın bu fikirləri yavaş-yavaş Minayənin də fikirlərini alt-üst etməyə başlamışdı. Və o, bir axşam Səyyada : "Gəl ayrıca evə çıxaq, ayrı yaşayaq." deyə öz istəyini bildirdi. Səyyad isə onun bu fikri qarşısında təəccüb etdi .Axı nə dəyişmişdi ,nə idi bu istəyə səbəb olan..?
Axı Minayə ailə üzvləri ilə çox mehriban münasibətdə olur .Onu nə vadar edir bu ayrılığa..?
Səyyad ayrı evə çıxmağa qətiyyən lüzum görmürdü və ona görə də Minayənin fikrinə etirazını bildirdi:- Minayə, əzizim,bilirsən ki, atam-anam qocadır. Qardaş-bacım məktəblidir. Digər qardaşım da bizimlə eyni evdə, eyni ocaqda qalır.
Bir-birimizə həyanıq bu evin içində. Hər kəsin öz otağı var evdə.Amma ən azından yemək zamanı bir masa ətrafında toplaşıb bir-birimizdən xəbərdar oluruq. Bunun nəyi pisdir... Və ayrı evə çıxmağa nə ehtiyac var..?
Minayə Səyyadı nə qədər sevsə də ayrı evə çıxmaq, ailənin yükündən azad olmaq istəyi artıq onun fikrindən çıxmırdı. Beləliklə,onlar arasında mübahisələr getdikcə şiddətlənirdi və son nəticədə Minayə yarı könüllü yarı könülsüz tərəddüd içində olsa belə ata ocağına qayıtmaq qərarına gəlmişdi.
Evdə isə valideynləri Minayəni mehriban və gülərüzlə qarşıladılar. Onların ayrılması zatən valideynlərin öz istəyi ilə olmuşdu.
Aradan bir xeyli müddət keçdikdən sonra Minayə üçün yenidən elçi düşüb onunla ailə həyatı qurmaq istəyində olan insanlar onların qapısını döyməyə başladı. Valideynləri Minayəni uyğun bildikləri bir oğlana verdilər. Minayənin ailə qurduğunu eşidən Səyyad isə çox məyus olmuş həyata marağını itirmiş və spirtli içki aludəçisinə çevrilmişdi. Bir müddətdən sonra isə o, qaraciyər serrozundan dünyasını dəyişmişdi.
Minayə isə getdiyi ocaqda artıq iki övlad sahibi olmuşdu. Əvvəllər hər şey normal görünsə də Minayə bir qadın kimi xoşbəxt deyildi. Səyyadın ona olan sevgisi, diqqəti, qayğısı ikinci həyat yoldaşında yox idi. Üstəlik də yoldaşının sonradan aşkara çıxan çox pis bir aludəçiliyi var idi. O narkotik istifadəçisi idi. Və getdikcə bu aludəçiliyi dözülməz bir hala gəlirdi. Minayə günün müəyyən saatlarında istixanada çalışırdı.İşlədiyi müddətdə uşaqları qaynanasının himayəsində qoyurdu. Gərgin zəhmət və əziyyət bahasına əldə etdiyi pulla da ərinin narkotik tələbatlarını ödəmək məcburiyyətində qalırdı.Cünki pul vermədiyi halda döyülür, təhqir olunurdu. Minayə ərinin vəziyyəti ilə bağlı onun anası və doğmalarına həyacan təbili çalsa da onu ciddiyə alıb bu məsələnin qarşısını almağa çalışan olmadı.Ailədə körpə qız və oğlan övladı qarşısında narkoman bir həyat yoldaşı tərəfindən döyülən Minayə artıq ev əşyalarının da əri tərəfindən satılıb narkotik vasitələr üçün xərcləndiyini görəndə yenidən ata evinə dönməyə qərar verdi. Amma onu ilk həyat yoldaşından məhz uşaqları olmadığı üçün ayıran valideynlər bu dəfə nədənsə uşaqları qəbul etmək istəmir , uşaqları atasına ver və sadəcə özün gəl deyirdilər. Minayə isə övladlarını çox sevirdi və onları öz qanadı altına alıb qorumaqda israrlı idi. O, çox çətinlik, əzab-əziyyət çəksə də övladlarını ata ocağında böyüdüb boya-başa çatdırmağa müvəffəq olmuşdu.Artıq oğlu əsgəri xidmətini çəkib anasının yanına dönmüşdü. Qızı isə məktəbi bitirmək üzrə idi. Çətinlikləri qismən arxada qoyduğunu düşündüyü bir məqamda Minayənin amansız bir xəstəliyə düçar olduğu aşkara çıxdı. Bu onun həyatla növbəti mübarizəsi, növbəti sınağı idi.Və o ümidini itirmədən bu sınaqdan da qalib çıxacağına əmin idi. Allahına sığınırdı.
Ümid insanı həyata bağlayan ən mükəmməl vasitədir...

RAMİLƏ ZAHİTQIZI
(ƏLİYEVA)

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: