Tbilisi, 9 may, 2016, AZƏRTAC
Faşizm üzərində Qələbənin 71-ci ildönümü Gürcüstanda da təntənə ilə qeyd olunub.
Böyük Vətən müharibəsində 700 minə yaxın Gürcüstan vətəndaşı iştirak edib,
onların 350 mindən çoxu həlak olub.
Müharibədə döyüşən Gürcüstan vətəndaşları içərisində minlərlə azərbaycanlı olub.
Onlardan biri də 92 yaşlı
Ziyəddin Həmidovdur.
Ziyəddin Həmidov 1924-cü ildə Tbilisi şəhərində ziyalı ailəsində anadan olub. 1941-ci ildə Tbilisidəki M.F.Axundov adına 97 nömrəli (indiki 73 nömrəli) Azərbaycan orta məktəbini əla qiymətlərlə bitirib.
Sonra o, Mahaçqalada kiçik zabitlər məktəbini kiçik-leytenant rütbəsi ilə bitirib.
Z.Həmidov AZƏRTAC-a müsahibəsində deyib: “İlk döyüşüm Qroznı şəhəri uğrunda oldu. Tabeliyimdəki hərbi bölmədə həmişə ciddi intizam və döyüşçülər arasında hərbi-təlim hazırlığı yüksək səviyyədə olub. Sonrakı döyüşlərimiz də yaddaqalan olub. Leytenant rütbəsini Ukrayna sərhədlərinə çatanda aldım. Bizim bölükdə azərbaycanlı, gürcü, rus, ukraynalı və digər millətlərin nümayəndələri də var idi. Onların çoxunu indi də xatırlayıram”.
Z.Həmidov Nova Şaxtı şəhərinin düşmənlərdən azad olunmasında göstərdiyi igidliyə görə Böyük Vətən müharibəsinin II dərəcəli ordeni ilə təltif olunub. Bu onun aldığı dövlət mükafatları sırasında birincisi idi. Amma müharibədə aldığı qəlpə yaralarının sayı daha çoxdur.
Qəhrəmanımız müharibəni baş leytenant rütbəsində başa vurduqdan sonra Tbilisi A.S.Puşkin adına Dövlət Pedaqoji İnstitutunun fizika bölməsinə qəbul olunub və 1955-ci ildə oranı bitirib.
2015-ci ilədək bu məktəbdə çalışan Ziyəddin Həmidovun çoxillik səmərəli pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib.
O, “Şöhrət” ordeni ilə və bir sıra medallarla təltif olunub.
Onun iki övladı, üç nəvəsi var.
Döyüş yoldaşlarını xatırlayarkən gözləri yaşaran Z.Həmidov deyir: “O illər nə qədər qəhrəman övladımızı aldı. Müharibə çoxlu ağır problemlər, ağır dərd gətirən bəladır. O günləri xatırlamaq mənim üçün çox ağırdır. Amma o günlərdən mənim üçün ən əziz və qiymətli gün 9 May tarixidir. Çünki bu gün faşizmin son günüdür və həmin gün nahaq qan tökülməsinə, günahsız insanların ölməsinə son qoydu”.
Bu gün Gürcüstanda 1296 müharibə veteranı var. Onlardan 60-a yaxını azərbaycanlıdır.
Azərbaycanlı veteranlar paytaxt Tbilisidə, Marneuli, Qardabani, Bolnisi, Dmanisi və digər rayonlarda yaşayırlar.
Mayın 9-da Prezident Georgi Marqvelaşvili, Baş nazir Georqi Kvirikaşvili, parlamentin sədri David Usupaşvili, dövlət və hökumət nümayəndələri Tbilisinin mərkəzində “Naməlum əsgər” memorialı önünə əklil və gül dəstələri düzüb, həyatda olan Böyük Vətən müharibəsi veteranlarını təbrik ediblər.
Prezident Georgi Marqvelaşvili Kaxeti bölgəsinin Qurdcaani şəhərində məşhur “Əsgər atası” filmi əsasında yaradılmış abidənin önünə əklil qoyub.
Marneuli rayonunda da müharibə veteranları ilə görüş keçirilib. Rayon icra hakimiyyəti başçısı adından veteranlara qiymətli hədiyyələr və pul mükafatı verilib.
Mayın 10-da isə Tbilisidəki Kikvidze parkında Sovet İttifaqı Qəhrəmanı, 1945-ci ilin mayında Reyxstaqın binası üzərinə qələbə bayrağını sancmış iki nəfərdən biri Meliton Kantariyanın abidəsi açılacaq.
Xətayi Əzizov,
AZƏRTAC-ın xüsusi müxbiri,
Tbilisi.
P.S. :
Bu yazinin ərsəyə gəlməsində mənə köməkliyi dəyən deputat Mahir Rzayevə və Gürcüstanın müharibə və hərbi qüvvələr veteranı, müəllim, jurnalist Qəhrəman Musayevə dərin təşəkkürümü bildirirəm.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.