PÜNHAN ƏFƏNDİYEV
Zviad Qamsaxurdiyanın hakimiyyəti dövründə 32 kənd, çay və dağın Azərbaycan adları gürcü adları ilə əvəz edildi. Azərbaycan adlarının dəyişdirilməsi, gürcüləşdirilməsi diskriminasiyanın bir növü, özü də çox eybəcər növü idi. Əsası hələ 40-50-ci illərdə qoyulan türk mənşəli qədim toponimlərin gürcüləşdirilməsinin əsas məqsədi yerli əhalini uzaq tarixi keçmişi ilə birləşdirən bağları qırmaq, sakinlərə gəlmə olduqlarını təlqin etmək və milli-etnik kökə malik mənəvi abidələri dağıtmaq idi.
Addəyişmə prosesi Bolnisi rayonundan başladı. Qoçulu-Çapala, Cəfərli-Samtredo, Mığırlı-Vanati, Imirhəsən-Savaneti, Aşağı Qoşakilsə-Kvemo Arkvani, Muğanlı-Farizi, Kolagir-Surtava, Daşlıqullar-Muxrani, Həsənxocalı-Xidisquri, Əsmələr-Mskneti, Arıxlı-Naxiduri… və s. adlandırıldı.
Altı ay ərzində əhalisinin 100 faizi türklər olan 35 kəndin adı dəyişdirildi.
Xrami çayı Bolnisidə «Kçiya» adlandırıldı.
Digər rayonlarda isə çayın əvvəlki adı qaldı.
Gürcüstanda rəsmi dövlət qəzeti olan «Sakartvelos Respublika» 10 iyun 1992-ci il tarixli sayında türklərin tarixinə və mənəviyyatına vurulan bu zərbəni «Tarixi həqiqətin zəfəri» adlandırdı.
Göründüyü kimi adı dəyişdirilən yaşayış məntəqələrindən bir də Arıxlı kəndidir. Heç kəs kəndin adını dəyişməsinə razılıq verməyib. Əksinə kənd sakinləri öz etirazını bildiriblər. O vaxtkı kənd soveti, kəndin deputatı və 17 kənd sakini öz etriaz məktublarını adiyyatı qurumlara göndəriblər. Nə etirazlar, nə müraciətlər, nə də yazılan məktublar Gürcüstan dövlətinin ətəyindən daşı tökdürə bilməyib. İndi Arıxlı adı Naxiduri ilə əvəz olunub. Gürcülər unudur ki, onları məhvdən (XII əsr) xilas edən qıpçaq tayfalarından biri Aruq (Arık, Aruk) tayfası olub və kənd də bu tayfanın adını daşıyır. Gürcüstan millətçiləri bu reallığı həzm edə bilmir və həqiqəti unutdurmağa çalışırlar. Azərbaycanların yerli xalq deyil, Şah Abbas dövründə Gürcüstana köçülənlənlərin nəsili olduqlarını iddia edirlər. Lakin onlar unudurlar ki, tarixi həqiqətləri susdurmaq mümkün deyil. Gürcüstanda yaşayan digər millətlərə qarşı da oxşar siyasət yeridilirdi. Səhv siyasət isə bir gün onu həyata keçirənlərin özünə doğru bumeranq kimi qayıtmalı idi. Qayıtdı da.
Zviad Qamsaxurdiyanın ifrat milətçi mövqeyi, Cənubi Osetiya, Abxaziya siyasətində uğursuzluğu, əhalinin sosial-iqtisadi vəziyyətinin pisləşməsi Gürcüstanda vəziyyəti gərginldəşdirdi. O, çox keçmədən öz siyasətinin girovuna çevrildi. Keçmiş silahdaşlar indi rəqiblərə çevrilmişdilər. T.Kitovani Qamsaxurdiyadan uzaqlaşaraq, tədricən ona müxalif mövqeyə keçdi. Prezident «Mxedrioni» silahlılarnı «cinayətkarlar» adlandıraraq, onların Moskvadan idarə olunduğunu bəyan etdi. Çətin duruma düşən Z.Qamsaxurdiya indi azərbaycanlılarla gürcülərin tarixi dostluq əlaqələrindən danışmağa başladı. Lakin, hər şey gec idi. Z.Qamsaxurdiya hakimiyyəti nəinki qeyri-gürcüləri özündən uzaqlaşdırmış, bütövlükdə Gürcüstanı regionlara bölərək ölkəni fəlakət astanasına gətirmişdi. İmertlərlə kaxetiyalılar, digər gürcü qolları arasında da müəyyən fərqlər qoyulurdu. Yəni bu şəxs sırf gürcülərə qarşı da ayrı-seçkilik siyasəti aparırdı. 1991-ci il dekabrın sonu və 1992-ci il yanvarın əvvəllərində qarşıdurma hərbi toqquşma və vətəndaş savaşı fazasına keçdi. T. Kitovani və Jaba Ioselianiyəyə sadiq qüvvələr Zviad Qamsaxurdiyaya sədaqətli olan hərbi hissələr və qvardiya ilə hərbi toqquşmaya başladılar. Qamsaxurdiya onu əhatə edən insanların təkidilə Tbilisidən çıxmağa məcbur edildi. O, Z.Qamsaxurdiya yanvarın 6-da hakimiyyətdən devrildi. O, əvvəlcə Azərbaycana, daha sonra Ermənistana keçməyə cəhd etdi, amma buralarda onu qəbul etmədilər. Azərbaycanda onun Borçalıda, eləcə də Gürcüstanın digər regionlarında azərbaycanlılara qarşı yeritdiyi siyasəti unutmamışdılar. Bundan sonra o, Çeçenistana uçdu və Dudayev onu qəbul etdi. Bu, o zamanlar baş verirdi ki, Abxaziyada və Cənubi Osetiyada da qanlı döyüşlər gedirdi. Bu vətəndaş savaşı onunla neticələndi ki, qan içində çabalayan Gürcüstan bu torpaqları itirdi.
Zviad Qamsaxurdiya Gürcüstandan qaçdıqdan və öldükdən sonra da bir müddət ölkədə xaos hakim idi. Hadisələrin bu fonunda Eduard Şevardnadze Gürcüstana qayıtdı və Gürcüstan Dövlət Şurasının sədri postunu tutdu, sonra parlamentin sədri oldu. E. Şevardnadzenin hakimiyyətinin ilk illərində respublikada kriminal vəziyyət də ağır idi. Ermənilər də sakit durmurdu. Onlar Borçalıda vəziyyəti gərginləşdirməyə, azərbaycanlılarla gürcülər arasında münasibətləri pisləşdirmək üçün çalışırdı. Bu məqsədlə ermənilər kütləvi informasiya vasitələrindən də istifadə edirdilər. Erməni qəzetləri yazırdı ki, Gürcüstanda ermənilərin vaxtaşırı oğurlanması, gürcü-erməni sərhətdində atışmaları və partlayışları azərbaycanlar törədir. Amma bu təxribat xarakterli məlumatlar o qədər də inandırıcı görünmürdü. Gürcü mətbuatdında ermənilərin özlərinin müxtəlif təxribatlar törətmələri, nifaq salmaları barədə dərc olunan məqalələr bunu deməyə əsas verirdi. «Svobodnaya Qruziya» qəzeti 19 may 1992-ci ildə Gürcüstan Daxili İşlər Nazirliynə istinadən İmir kəndi yaxınlığında körpünün partladılması ilə bağlı yazırdı: «7 mayda saat 3.10-da Marneulinin İmir kəndində Xram çayı üzərindəki körpü partladılıb. Bundan əvvəl bu körpünün yaxınlığında Oqanov familiyalı «balıq tuturdu».
Qəzetin həmin nömrəsində digər bir təxribat haqqında da məlumat verilib: «1992-ci ilin martında 38 nömrəli Bakı–Tiflis qatarında özünü azərbaycanlı kimi təqdim edən erməni Armen Sarkisoviçin fırıldağı baş tutmayıb. O, gürcü sərnişinləri qarət edib və saxlanılarkən etiraf edib ki, göstərişi Tiflis ermənilərindən alıb. Əsas məqsəd isə gürcülərlə azərbaycanlılar arasında ixtilaf, nifaq yaymaq olub».
Hadisələrin bu fonunda E.Şevardnadze Abxaziya və Cənubi Osetiyanı qaytara və ölkənin iqtisadi problemlərini həll edə bilmədi. Gürcüstan ordusu Abxaziyada ağır məğlubiyyətə uğradı və Abxaziyada yaşayanlar gürcülərin əksəriyyəti qaçqın düşdü. Buna baxmayaraq E.Şevardnadze hakimiyyəti əvvəlki səviyyədə olmasa da, borçalılara qarşı ayrı-seckilik siyasəti davam edirdi. 1992-ci ildə Gürcüstan parlamentinin nümayəndə heyəti Bakıya rəsmi səfərdə olarkən bəzi açıqlamalar bunu deməyə əsas verirdi. Gürcüstanın düşdüyü ağır vəziyyətdə Azərbaycandan yardım istəyən nümayəndə heyəti bir tərəfdən iki dövlət arasında dostluq münasibətlərinin vacibliyindən danışır, digər tərəfdən isə Gürcüstandan azərbaycanlıların sıxışdırılıb çıxarılmasına adi hal kimi yanaşırdılar. Deməli, bu dövrdə də azərbaycanlıların ölkədən qovulması planları hələ aktuallığını itirməmişdi. Gürcüstan nümayəndə heyətinin üzvünə verilən, «Azərbaycanlıların tarixi torpaqlarında təhlükəsiz yaşamasına indiki Gürcüstan hökuməti zəmanət verirmi?» sualına cavab çox şeydən xəbər verirdi: «Biz hələlik təminat vermirik… Azərbaycana gələnlərin qarşısını almağa haqqımız yoxdur. Əgər onlar öz vətənlərinə gedirlərsə, buyursunlar. Biz onları yola salmağa həmişə hazırıq».
Gürcüstan nümayəndə heyətinin üzvü unudurdu ki, Borçalı elə borçalıların öz vətənidir və onlar başqa yerə köçmək istəmirlər. Yuxarıdakı açıqlama bir daha göstərir ki, Azərbaycandan yardım istəyən Gürcüstan hakimiyyəti hələ də məkrli niyyətlərindən əl çəkməyib. 1992-ci ilin oktyabrın 11-də Gürcüstan parlamentinə keçirilən seçkilərdə bir nəfər belə azərbaycanlının parlamentə seçilməsinə imkan verilməsi də bu siyasətin davam idi.
1993-cü ilin fevralında Dövlət Şurasının başçısı E. Şevardnadze və Baş nazir T.Siquanın Bakıya rəsmi səfəri və bu səfər zamanı iki dövlət arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilənin imzalanması da, borçalılara qarşı münasibətin dəyişmədiyini bir daha ortaya qoydu. Eduard Şevardnadze Bakıda Borçalı əsilli ziyalılarla görüşündə ziyalılar ondan dəyişdirilən adların yenidən bərpasını tələb etdilər. O isə tələbə ikibaşlı cavab verdi: «Gəlin, əvvəlcə o biri problemləri həll edək, bu bir az ağrılı məsələdir, gözləyək». Amma o, hakimiyyəti dövründə bir dəfə də olsun bu məsələnin üstünə qayıtmadı. Bolnisi rayonunda dəyişdirilən adların, toponimlərin bərpa edilməsini bir yana qalsın, hətta kəndlərin girəcəyində, qəbristanlıqların yaxınlığında xaçlar qoyuldu. Sonrakı dövrlərdə də bu məsələ dəfələrlə qaldırıldı, lakin problem həll olunmamış qaldı.
Belə bir şəraitdə Gürcüstanda istehsal dayanmış, mağazalar isə boş idi. Kriminal qruplar, quldurlar dinc sakinləri qarət edir, maşınlarını əllərindən alır, mal-qarasını oğurlayır və onları öldürürdülər. Xüsusilə mal-qara, maşın oğurluqları geniş yayılmışdı. Həmin vaxt Bolnisi rayonun, sonra isə Azərbaycanın Göyçay rayonun təhlükəsizlik xidmətinin sabiq rəhbəri Nəbi Nəbiyev(KQB Nəbi), tikinti trestinin sabiq rəhbəri Məhəmmədəli Aslanovla birlikdə 5 nəfərin olduğu minik maşının qarşısı silahlı svanlar tərəfindən saxlanıldı. Sükan arxasında isə Məhəmmədəlinin qardaşı Möylə olub. Azərbaycanlılar silah gücünə maşından düşürüldükdən sonra oğrular maşına minərək hadisə yerini tərk ediblər. Maşın bazarından bir neçə gün əvvəl alınmış avtomobil Məhəmmədəliyə məxsus idi. Bu kimi hadisələr ölkə miqyasında artıq adi hall almışdı. Bu dövrdə Arıxlıda da vəziyət gərgin idi. İşsizlik baş alıb gedirdi. İstər Arıxlı, istərsə qonşu kəndlərin sakinləri arasında Azərbaycandan benzin və digər neft məhsulları gətirib yol kənarında satanlar olurdu. Bu isə Arıxılının ilk şəhid verməsində rol oynadı. Tapdıq Suleyman oğlu Yusifov Kolagirdə yeməkxanadan çıxıb Arıxlıya qaydarkən yol kənarında kolagirli bir qadının svanlarla mübahisə etdiyini görür. Svanlar aldıqları benzinin pulunu verməkdən imtina edir, bu azmış kimi qadını da təhqir edirlər. Hətta svanlardan biri qadına silah (avtomat) yönəldərək öldürəcəyi ilə hədələyir. Eyni zamanda söyür. Bunu görən Tapdıq svanlara yaxınlaşaraq onlardan silahı yığısdırmağı, aldıqları benzinin pulunun ödəmələrini tələb edir. Bundan sonra mübahisə daha kəskinləşir. Mübahisə zamanı svanlardan biri Tapdığa atəş açır. Ağır yaralanan Tapdığı Marneuli xəstəxanasına aparsalar da, çox qan itirdiyindən yolda dünyasını dəyişir. Svanlar isə maşına minib qaçmağa çalışsalar da, onlardan birini hadisə yerinə gələn kənd sakinləri tuta bilir. Həmin şəxs də layiq olduğu cəzasını alır. Onun meyiti təzə körpünün yaxınlıına atılır. Qeyd edim ki, Yusifov Tapdıq Suleyman oğlu 1954-cü ildə Arıxlı kəndində müəllim ailəsində anadan olub, 1993-cu ildə quldur gülləsinə tuş gələn Tapdıq Arıxlı kəndinin ilk şəhididir.
1993-cü ilin dekabrında Arıxlıda vəziyyət daha da pisləşdi. Kənddə sakitliyi, nizam-intizamı təımin etmək üçün gənclərdən ibarət dəsdələr təşkil edilmişdi. Bu dəstələr məqsədi isə kəndin müxtəlif məhəllələrində post qurub kəndi cinayətkarların qəfil hücumların qorumaq idi. Hər gün isə bu postlar yoxlanırdı. Bu dəfə postların yoxlanılmasına Nəsib Əhməd oğlu Yusifov, Arif Əhməd oğlu Əhmədov, Qamotun Vəlinin oğlu Rafiq, ağsaqqallardan mantyor Məhəmmədin rəhbərliyi ilə çıxmışdılar. Sürücü isə Süleman müəllin idi. Onlar Həsənxocalı tərəfdən Arıxlıa girişdə şübhəli maşın görüb ona yaxınlaşıblar. Maşından Ariflə Nəsib düşüb, şübhəli maşına yaxınılaşıblar. Onlar maşındakılara sürüb getmələrini məsləhət görsələr də qarşı tərəf razılaşmayıb və nəticədə mübahisə yaranıb. Ariflə Nəsib geri, Cüleyman müəllimin maşınına doğru qayıdarkən şübhəli maşında onların arxasınca atəş açılıb. Nəticədə Ariflə Nəsib ağır yaralanıb. Güllələrdən biri isə mantyor Məhəmmədin dizinə dəyib, diz qapağını sıradan çıxarıb. Rafiq məktəbə tərəf, əkin sahəsinə qaçaraq oradan qarşı tərəfə atəş açıb, lakin atəş pərakəndə açıldığından heç bir nəticə verməyib. Ağır yaralanan Ariflə Nəsib dünyasını dəyişib. Nəsib Əhməd oğlu Yusifov 1958-ci ildə, Arif Əhməd oğlu Əhmədov isə 1963-cu ildə Arıxlı kəndində anadan olublar. Arıxlılar şübhəli maşının arxasınca düşsə də izini itiriblər. Hadisədən sonra kənddə təhlükəsizlik tədbirləri gücləndirilib. Bir gün sonra içərisində svanlar olan minik maşını "dur" əmrinə tabe olmayaraq sürətlə şlaqbaumun yanından keçib gedərkən. arxasınca atılan atəş nəticəsində iki svan öldürülüb, bir neçə nəfər yaralanıb. Bundan sonra hadisələrin nəzarətdən çıxmasının qarşısını almaq üçün Arıxlıya Gürcüstanın qərb rayonlarından avtobuslarla milis dəstələri gətirilib. Hətta, zirehli maşın, tanklar da gətirilib. Lakin sakitlik yarandıqdan sonra bu texnikalar kəndi tərk edib.
Növbəti faciə isə bir il sonra baş verib. Kənd yolundan magistral yola çaxan minik avtomobili şübhəli maşın kimi patrul maşını tərəfindən saxlanılıb. Nömrəsiz minik avtomobilinin sürücüsü Eldənizlə milis arasında mübahisə yaranıb. Milis əməkdaşının açdığı atəş nəticəsində güllə asfalda dəyərək istiqamətini dəyişərək yol kənarıdakı Tengiz Məhəmməd oğlu Əliyevə dəyib. Yaralanan Tengizi xəstəxanaya aparsalar da yola dünyasını dəyişib. Tengiz 1972-ci ildə anadan olmuşdu. Milis əməkdaşı isə arıxlılar tərəfində tutularaq hüquq-mühafizə orqanlarına təhvil verilib və layiq olduğu həbs cəzasını alıb. Basqa bir hadisədə isə Rafiq Yunusov yaralanıb. Postda duran arıxlılar milis kapitanının maşınını saxlayıb. Mübahisə nəticəsində təsadüfən atəş açılıb və Rafik baldırından yüngül yaralanıb. Milis kapitanının maşında körpə uşaq olduğundan onu arıxlılar bağışlayıb.
Artıq bu belə davam edə bilməzdi. İnsanlar gərgin vəziyyətdə idi. İstənilən an insan ölümləri ilə nəticələnə bilən milli qarşıdurmaları baş verə bilərdi. Yaranmış vəziyyət Gürcüstan rəhbərliyinin milli azlıqlara qarşı siyasətinə yenidən baxmağa məcbur etdi. Ölkədəki kriminal, cinayətkar dəstələr prezident E. Şevardnazenin(1995-2003) özü üçün də təhlükəli idi. Onlar zərərsizləşdirilməli idi. T.Kitovani və C.Ioseliani həbs edildikdən sonra Gürcüstan hökuməti Borçalıdakı cinayətkar dəstələri zərərsizləşdirməyə girişdi. Aparılan əməliyyatlar nəticəsində xeyli cinayətkar yaxalandı, insanlara əziyyət-işgəncə verən, soğunçuluqla, qarətlə, qətllərlə məşğul olan silahlı dəstələr dağıdıldı. Onu da qeyd edək ki, bu əməliyyatların aparılmasında E.Şevardnadze komandasında məsul vəzifələrdə hələ də möhkəm bərqərar olan əski «zviadçılar» aktiv iştirak etdiyindən, bir sıra qatı cinayətkarlar himayə edildi və məsuliyyətdən yayındı. Svanların yaşadığı evlərin həyətindəki ot tayalarının altından 200-ə yaxın oğurluq minik maşını müsadirə olundu. Bunların mütləq əksəriyyəti azərbaycanlılara məxsus avtomobillər idi.
Gürcüstan hakimiyyəti tərəfindən həyata keçirilən bu tədbirlər Borçalıda müəyyən sakitlik yaratdı. Lakin bu o demək deyildi ki, diskriminasiya dövrü sona çatdı.
E.Şevardnadze, sadəcə olaraq azərbaycanlıların zorla, silah gücü ilə qovulmasını daha incə üsullarla əvəz etməyə başladı. Bu dövrdəki diskriminasiya aqrar islahatlar həyata keçirilərkən özünü göstərdi. Gürcüstanda aparılan torpaq islahatı zamanı tarixən azərbaycanlılara məxsus olmuş torpaqların bir hissəsi kənardan gəlmiş gürcülərə, xarici ölkə vətəndaşlarına paylanırdı. Nəticədə yerli sakinlərə düşən torpaq sahələri azalırdı. Bir çox hallarda isə azərbaycanlılara istifadəyə yararsız torpaq sahələri ayrılırdı. Belə bir vəziyyətdə öz ənənəvi məşğuliyyətini və peşəsini itirmiş, kənd təsərüfatı ilə məşğul ola bilməyən, öz təsərrüfatlarından məhrum edilmiş azərbaycanlı kəndlilər ucuz işçi qüvvəsinə çevrilir və istər- istəməz gürcü sahibkarlar üçün muzdlu fəhlə kimi işləməyə məcbur olurdular. Yaranmış vəziyyət Borçalıda, o cümlədən Arıxılıda işsizliyin artmasına səbəb olurdu. Bu isə azərbaycanlıları iş tapmaq və ailəsinin dolanışığını təmin etmək üçün başqa ölkələrə getməsinə səbəb olurdu. Ümumiyyətlə, problemlər onların kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün torpaq sahələrinin əldə olunmasından başlamış, yetişdirilən məhsulun satışı, təhsil, sosial təminat, səhiyyə, yaşayış yeri üzrə qeydiyyat, məişətə qədər müxtəlif sahələri əhatə edirdi. Soydaşlarımıza qarşı həyata keçirilən təqiblər, hüquq pozuntuları və Gürcüstan hökumətinin bu vəziyyətə göz yumması, əksər hallarda bunun iştirakçısı olması azərbaycanlılar tərəfindən dəfələrlə narazılıqla qarşılanmışdı.
Sonradan çevriliş yolu ilə hakimiyyətə gəlmiş Mixail Saakaşvili hakimiyyəti də Z.Qamsaxurdiyanın və E.Şevardnadzenin siyasətini daha "üstü örtülü" həyata keçirmıəyə başladı. Bu günkü iqtidarın hakimiyyəti dövründə də həllini gözləyən kifayat qədər problemlər var.
Gürcüstanın gürgüləşdirmə siyasətinin nəticəsində isə azərbaycanlıların sayı xeyli azaldı.
Rəsmi məlumata görə, 1989-cu ildə Gürcüstanda 307.556 azərbaycanlı yaşayıb.
2002-ci ildə bu rəqəm 284.761, 2014-cü ildə isə 233.024 olub.
Rəqəmlər isə hər şeyi deyir!..
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.