Bolnisidə Azərbaycan dilində "Ümid" adlı qəzet nəşr olunub

Bolnisidə Azərbaycan dilində "Ümid" adlı qəzet nəşr olunub TƏBRİK EDİRİK!..

Azərbaycanlıların
kompakt yaşadığı
Bolnisi rayonunda
dövlət qeydiyyatından
keçmiş "Ümid" adlı
yeni müstəqil qəzet
nəşr edilib.


Gürcüstandan Nizami Məmmədzadə bildirib ki, yeni nəşr bu günlərdə Bolnisidə rəsmi olaraq
fəaliyyətə başlayan Bolnisi Mədəniyyət Mərkəzinin dəstəyi ilə nəşr olunacaq.

Qeyd edək ki, Mərkəzin sədri Bolnisinin Dəllər kəndindən olan Fikrət Məmmədovdir.

12 səhifədən ibarət qəzetin redaktoru uzun illər mətbuat və təhsil sahəsində çalışan Əlixan Yəhyaoğludur.
Qəzetin ilk nömrəsində Bolnisi Rayon İcra Hakimiyyəti və rayon bələdiyyəsinin rəsmi şəxslərinin, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin, yazıçı və jurnalistlərin təbriki, Azərbaycanın xalq şairləri Zəlimxan Yaqub və Nəriman Həsənzadənin şeirləri, bu il 90 illik yubileyi qeyd olunan və əslən Bolnisinin Saraclı kəndindən olan görkəmli Azərbaycan alimi, məşhur riyaziyyatçı, akademik Zahid Xəlilov haqqında, Gürcüstanda və xarici ölkələrdə baş verən hadisələr barədə xəbərlər və köşə yazılar və digər məlumatlar dərc olunub.

Qəzetin məsləhətçisi Gürcüstanın "Şərəf" ordenli kavaleri, Əməkdar jurnalist Dünyamalı Kərəmdir.
O, qəzetə yazdığı təbriki "Yeni doğan Günəş" adlandırıb və yeni işıq üzü görən mətbuu orqanın Sovet dönəmində Bolnisidə çıxan "Al bayraq""Qələbə bayrağı" qəzetlərinin vətənpərvərlik ənənələrini
yaşadan ilk qaranquşu, layiqli davamçısı olacağını vurğulayıb.

REDAKSİYADAN:

Biz də, “Ümid” qəzetinin araya-ərzəyə gəlməsində
əməyi, zəhməti olan hər kəsə təşəkkür edir,
qəzetin baş redaktoru, qələm dostumuz Əlixan Yəhyaoğlunu,
eləcə də qəzetin bütün yaradıcı heyətini və oxucularını
ürəkdən təbrik edir və yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.AZ

"ŞƏRQİN SƏSİ" və "ELM və TƏHSİL" qəzetləri,
N: 30 (300), dekabr, 2014, səh.32.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: