SEVİNC MƏMMƏDOVA (1965): "SƏNİ TANIMAĞA YAMAN TƏLƏSDİM..."

SEVİNC MƏMMƏDOVA (1965): "SƏNİ TANIMAĞA YAMAN TƏLƏSDİM..." Sevinc Həzrətqulu qızı Məmmədova -
AJB-nin üzvü, şairə-publisist.


1965-ci ildə oktyabrın 27-də
Quba şəhərində anadan olub.

İxtisasca hüquqşünasdır.
Uzun illərdir mətbuatda çalışır.

Quba Radio Verilişləri redaksiyasında
ədəbi işçi və diktor,
rayonda nəşr olunan “Birlik-Edinstvo” qəzeti redaksiyasında korrektor-müxbir kimi fəaliyyət göstərib.

Hazırda ZiM.Az-ın bölgə müxbiridir.

Publisistik məqalələri və müxtəlif səpkili yazıları respublikanın müxtəlif mətbu orqanlarında, məcmulərdə dərc olunur.

“Sükutun səsi” adlı şeirlər kitabının müəllifidir.

Şeirləri "Zirvə" (2017,2018) poeziya antologiyasında dərc olunub.


ZiM.Az


SƏN MƏNİM ŞƏKLİMİ ÜRƏYİNƏ ÇƏK...

Sən mənim şəklimi ürəyinə çək,
Bəlkə uzaq ola qəm, ürəyindən.
Gəzdir sinən altda, gəzdir tütyə tək
Qoy səni qorusun dumandan, çəndən…

Sən mənim şəklimi ürəyinə çək,
Sevən ürəyinə lap yaxın olum,
Sən orda boş yerə kədərlənəndə,
Mən burda bulud tək boşalım, dolum...

Qoruyum ağrıdan, acıdan səni,
Üzünü, gözünü kədər almasın,
Sən mənim şəklimi ürəyinə çək,
O sevən ürəyin gücdən qalmasın...

Çək mənim şəklimi, ürəyinə çək,
Bəlkə ürəyinin həsrəti bitər.
Sənə sirri pünhan, sehri bitməyən,
Bir nağıl söyləsin səhərə qədər...


SƏNİ TANIMAĞA YAMAN TƏLƏSDİM...

Qədrini bilməyə yaman tələsdim,
Yamanca tələsdim səni öyməyə.
Bircə himə bəndmiş dolan buludlar,
Cumdu yollarını yağış döyməyə.

Tələsdim saçına bir sığal çəkib,
Dilinun altında nə var, bölməyə...
Tələsdim yığışıb köçəm qəlbinə
Sən olan dünyada nə var, bilməyə.

Tələsdim ömrümün son baharına,
Yolunu, izini küləklə kəsdim.
Gəlib yetişməmiş vaxt, zaman idin,
Səni tanımağa yaman tələsdim...


SƏNİN ŞEİRİN...

Nə vaxtdı gəzirəm başı havalı,
Gülöyşə gül açıb könlüm nar gəzir.
İz salıb ömürümün bağına payız,
Amma dəli könlüm ilk bahar gəzir...

Düşmüşəm yenə də səndən aralı,
Könlüm nalan gəzir aranı, dağı.
Bir sevən olmasın eşqdən yaralı,
Bu sevən ürəyim bəxtiyar gəzir.

Ətrini, rəngini dəyişib güllər,
Unudub yenə də çəmən mehrini.
Bağın cəh-cəh vuran bülbülü susub,
Verməz bir naşıya, yada sirrini…

Uzanıb getdikcə bu intizarın,
Vaxt, zaman nə yaman bağrımı dəlir?!.
Son görüş yerimiz çəkib əlindən
Hər gün xəyalımla görüşə gəlir.


ZƏNG EDƏSƏN...

Zəng edəsən əlimi,
İşdən-gücdən qoyasan.
Tör-tök qalan masama
Gəlib quş tək qonasan.

Səssizliyin buzları,
Çiliklənə, tökülə.
Zəng edəsən can evim,
Səadətə bükülə.

Zəng edəsən əhvalım,
Bulaq kimi durula,
Saatımın qulağı,
Bir görüşə burula…

Açıla yolların da,
Düyün düşən dolağı,
Qalxım… zəngin səsindən,
Cingildədi qulağım.


DÜŞÜNCƏLƏR

Bir güman ucundan asılı qalıb,
Ümidlər dağ aşır, çay keçir yenə,
Aldanıb felinə düşdüyüm dünya,
Mənə hədə gəlir, od biçir yenə.

Qorxuram yıxılam özüm-özümdən,
Ayağım altından sivişə yollar.
Uzaq tanış kimi, köhnə dost kimi,
Halımı soruşub bilsən, nə olar?

Qaytaraq yerinə qoyaq bir daha,
Olanlar üzündən itən inamı,
Ağlamaz büdrəyib özü yıxılan,
Yəqin bir dönəmdə yıxılır hamı.

Allah sevdiyini çəkər sınağa,
Xəyallar bitsə də ümidlər qalar.
Başı daşa dəyib yıxılan kəsin,
Sıçrayıb yerindən qalxmağı da var.


ÜRƏK HƏSRƏTİNƏ DAYANMIR DAHA

Başımı qatmağa nə vardı bir vaxt,
Dilim dəyməmişdi dilinə sənin.
Əllərin əlimi oxşamamışdı,
Gözü dolmamışdı dumanın, çənin.

Başımı qatmağa nə vardı bir vaxt,
Bala batmamışdı eşqin dodağı.
Lalə tək qızarıb allanmamışdı,
Sığaldan utanıb çiçək yanağı.

Bir sevgi yaşadıq göylər tək təmiz,
Sonu tuş gəlməyə günaha, aha.
Başımı qatmağa nə vardı bir vaxt,
Ürək həsrətinə dayanmır daha.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: