(1972-2002)
Sahib Almaz oğlu Məmmədov - 1972-ci il
oktyabr ayının 28-də qədim Borçalı mahalında -
indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı
Darvaz kəndində dünyaya göz açıb.
O, 1989-cu ildə Darvaz kənd orta məktəbini bitirmiş,
atası Almaz Məmmədov kimi hərbçi olmaq arzusu onu
Rusiyanın Tümen vilayətinə gətirib çıxarmış və buradakı
Ali Hərbi Məktəbə daxil olmuşdur.
1992-ci ildə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda
qanlı döyüşlər getdiyi bir vaxtda Sahib Məmmədov
Tümen Ali Hərbi Məktəbinin 3-cü kursunda oxuyurdu.
Azərbaycanın belə ağır günlərində bir çox soydaşlarımız kimi,
о da kənarda qalmağı qeyrətinə sığışdırmadı, təhsilini
orda yarımçıq qoyub Bakıya qayıtdı, təhsilini buradakı
Ali Hərbi Məktəbdə davam etdirdi və könüllü olaraq
Azərbaycanın Milli Ordusunda xidmətə başladı.
Milli Orduda xidmətə başladığı gündən ön cəbhədə düşmənlə üzbəüz olan Sahib Məmmədov
1992-ci il noyabrın 14-də yaralansa da, döyüş yolunu davam etdirdi.
1993-cü il iyulun 19-da aldığı yara daha ağır olsa da, müalicəsi başa çatan kimi həkimlər
razılıq verməsə də yenidən cəbhə bölgəsinə yollandı.
Həmişə ön cəbhədə xidmət edən S.Məmmədovun yüksək ixtisaslı kadr kimi
hərbi biliklərə dərindən bələd olması daim onun karına gələrdi.
Hərbi xidmətə təzəcə başlayan gənclərə isə daim qayğı ilə yanaşmış,
onların yetkinləşmələri üçün əlindən gələni əsirgəməmişdir.
Ancaq təəssüf ki, Milli Ordumuzun inkişafı, torpaqlarımızın azad olunması naminə
hələ çox işlər görə biləсək mayor Sahib Məmmədov 2002-ci il noyabr ayının 7-də
minaya düşərək həlak olmuş, Azərbaycan Ordusu igid bir zabitini, borçalılar isə qeyrətli bir eloğlusunu itirmişdir.
Allah rəhmət eləsin!.. Ruhun şad olsun, Sahib!..
Müşfiq BORÇALI,
ZiM.Az
ZiM.Az
SAHİB
Gürcüstanın Bolnisi rayonundakı
Darbaz kəndində dünyaya gəlmiş və
Qarabağda qəhrəmancasına Şəhid olmuş
Sahib Almaz oğlu Məmmədovun
əziz xatirəsinə
Ömrünü yaşadın saf niyyət ilə,
Nə sərvət, nə şöhrət gəzirdin, Sahib!
Nə vaxt dərdli gördün doğma Vətəni,
Başının üstünü kəsərdin, Sahib!
Sən həm kövrək idin, həm ərköyündün,
Elin qüruruyla daim öyündün.
Vətən çağrışına hərbi geyindin,
Fərari kəslərdən küsərdin Sahib!
Ər atalardan da ər oğul törər,
Hünər meydanına mərd igid girər.
Vətən olan yerdə xalq şəhid verər,
Yaralı canınla dözərdin, Sahib!
Xeyir-dua aldın elin, obandan,
Mərdlik miras qalıb Namaz babandan.
Xalqına məhəbbət gəlibdir qandan,
Şöhrətinlə eli bəzərdin, Sahib!
Deyirlər olmayır əsgər yuxusu,
Səngərlərdə keçir vaxtın çoxusu.
Hər an güllə səsi, ölüm qoxusu,
Kim deyər o gündən bezərdin, Sahib!
Xaraba görəndə hər kənd evini,
Yamanca pozubdur sənin kefini.
Harada gördün o "insan div"ini,
Silahla başını əzərdin, Sahib!
Belə olub son vaxt səndə xasiyyət,
Gördün dəyişir o canda vəziyyət.
Qisas al düşməndən edib vəsiyyət,
Yeri-göyü gözlə süzərdin, Sahib!
Xıdır ORUCOĞLU,
2002
Bax: Müşfiq ÇOBANLI, Borçalı şəhidləri. Bakı, 2010.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.