80 YAŞIN ASTANASINDA

80 YAŞIN ASTANASINDA
ŞƏRƏFLİ MÜƏLLİM ÖMRÜ YAŞAYAN DƏYƏRLİ İNSAN

“DAĞLAR OĞLU – LƏTIF MƏHƏMMƏD OĞLU”


Haqqında söhbət açmaq istədiyimiz yubilyar,
dağlar oğlu Lətif Abdullayev -
1938-ci il noyabrın 25-də
qədim Borçalı mahalının Başkeçid elində -
indiki Gürcüstanın Dmanisi rayonunda,
diş göynədən bum-buz bulaqarı ilə
şan-şöhrət qazanan, başı dümağ qarlı,
yamacları isə min bir dərdin dərmanı olan
gül-çiçəklərlə bol olan uca dağların ətəyində
yerləşən barlı-bərəkətli Qəmərli kəndində
ziyalı və dindar ailəsində dünyaya göz açıb.

Çox uşaqlı ailədə tərbiyə alan Lətif Məhəmməd oğlu
ilk təhsilini doğulduğu doğma Qəmərli kəndindəki
ibtidai məktəbdə alandan sonra, təhsilini
Qızıl Kilsə kəndindəki orta məktəbdə davam etdirib.
Orta məktəbi də uğurla bitirən Lətif Məhəmməd oğlu
oxumaq, elm öyrənmək, gələcəkdə el-oba üçün
daha yararlı bir insan olmaq arzusu ilə ömrünün
23 yaşında, 1961-ci ildə sənədlərini A.S.Puşkin adına
TDPİ-nin ibtidai təhsil metodikası fakültəsinə verib.
İmtahanlardan qazandığı uğurlar nəticəsində
tələbə adına layiq görülüb.
İllər arxada qalıb. Tələbəlik həyatı qayğılı müəllim ömrü ilə əvəz olunub.
Yəni, 1965-ci ildən doğma kəndinin məktəbinə müəllim təyin olunub.
Və elə bu günə qədər də yaşının çox olmasına baxmayaraq, kənddə gənc müəllim kadrlarının yoxluğu ucbatından öz şərəfli vəzifəsini ləyaqətlə davam etdirir.

Lətif Abdullayev məktəbin ictimai həyatında da həmişə fəal iştirak edir.
O, müxtəlif illərdə Pioner baş dəstə rəhbəri, komsomol katibi,
məktəb ilk partiya təşkilatının katibi və s. vəzifələrdə çalışıb.
Bir çox müsabiqə və kurslarda olub, böyük uğurlar qazanıb.
İşlədiyi müddət ərzində bir çox Fəxri fərmanlar və Təşəkkürnamələrlə təltif olunub.
O cümlədən, “Əlaçı müəllim” Fəxri adına layiq görülüb, Gürcüstan Azərbaycan Ziyalılar Birliyinə üzv seçilib.

Maraqlıdır ki, ötən əsrin 90-cı illərində Başkeçiddə, eləcə də, bütün Borçalı mahalında soydaşlarımıza qarşı haqqsız olaraq törədilən təqib və təzyiqlərə sinə gərən Lətif müəllimi heç bir qorxu yerindən oynada bilməyib. Minlərlə soydaşımız Bakıya, Gəncəyə, Rusiyaya və eləcə də dünyanın başqa bölgələrəinə köç edəndə, o, kasıblığa, aclıq və susuzluğa, qaranlığa, o dövrki siyasi vəziyyətlərə, aldığı cüzi kupon maaşına
əhəmiyyət vermədən elini-obasını tərk etməyib.
Lətif Abdullayev bu günə qədər də doğma məktəbində elin-obanın balalarına yazmaq, oxumaq,
saymaq və danışmaq, bir sözlə, elmlərin ilk əsaslarını öyrədir.

Başkeçid (Dmanisi) rayonunun Qəmərli açıq məktəbinin tədris işləri üzrə meneceri Kamran Abdullayevin
“Təhsil” qəzetində dərc etdirdiyi “Dağlar oğlu – Abdullayev Lətif” sərlövhəli məqaləsində
qeyd etdiyi kimi, el-oba təəssübkeşi, yaxşı insan və daim öz sənətinin dərinliklərinə yol tapmaq arzusu ilə yaşayan Lətif müəllim həm elinin, həm məktəbinin həm də ailəsinin qayğısına qalan bir ziyalıdır.
5 qız və bir oğul atası olmaq nə deməkdir? Qızlrının hamsını evləndirib əllərini başlarına yığmaq, oğul evləndirmək, bir sözlə ata olmaq hər kişinin ağzı deyil. Çətinliklərə sinə gərən Lətif müəllim, əzab-əziyyətlə böyütdüyü balalarının barını dərmək üzrədir. Necə deyərlər, bala badamdır, badamın içi nəvədir. 15 nəvə bir nəticə sahibi Lətif müəllim hələ indən belə xeyli badam içinə sahib olacaqdır.

Bəli, qarşıdan - hazırda ömrünün müdriklik çağını yaşayan
Lətif Abdullayevin anadan olmasının 80 illik yubileyi gəlir.

Biz də fürsətdən istifadə edərək, öncədən Lətif müəllimi
Yubileyi münasibətilə ürəkdən təbrik edirik.
Ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında,
eləcə də pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Tanrı Lətif müəllimə şərəfli müəllim sənətində, elində, obasında, ailəsində daim yar olsun.
Çünki ellərimizin, xüsusən də Başkeçidin bur cür dəyərli insanlara ehtiyacı var!..


Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: