Azərbaycan Yazıçılar Birliyinin üzvü
İradə Gülfir (İradə Gülməmməd qızı Quluyeva) - 1958-ci il dekabrın 25-də Şəki rayonunun Bideyiz kəndində dünyaya gəlib.
1988-ci ildən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Şəki Regional şöbəsinində çalışır və hal-hazırda da həmin şöbənin sədri və Tədris İstehsalat Mərkəzinin direktorudur.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Dünya işığını, gözəlliklərini görməkdən məhrum olsa da, bəsirət gözü açıqdır. İradə Gülfir qələmsiz, kağızsız yazır. Ürəyinin gözü ilə görüb, yazıb yaradır. İti hafizəsi qələmi, ürəyi isə kağızı əvəz edir. Gülfirin könül duyğularından doğan söz qoşumu, fikir qönçələri əlvan bir çiçək buketi olub öz ətrinin oxşarlığı, öz təravətliyi ilə seçimində ümumi bənzəmələrindən xaliliyi ilə fərqlənir. Gülfir şeirlərin birində öz məramını belə açıqlayır, o öz gücünə inanır, həyatın bütün proseslərində kiminsə onun qolundan yapışıb keçməyini, addım atmağını inkar edir, öz gücünə, öz iradəsinə inanır.
İradə Gülfir 11 adda kitabın müəllifidir: “Zülmətdə çırpınan ürək”, “Nəğmə pıçıldayır dodağım mənim”, “Nənəmin əfsanəvi nağılları”, “Qəlb işığında”, “Könül dünyam”, “İşığa gedən yollar” və s. Minlərcə şeirləri, 45 adda poeması, rübailər kitabı var. 22 şeirinə mahnı yazılıb. Vətənpərvər şeirlərinə görə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov diplomçusudur, işlədiyi cəmiyyətin fəxri üzvüdür. Əlillərin Ümumrespublika festivallarının (1998, 2001, 2004, 2007, 2010, 2013-cü illər) qalibi olub, şeir naminasiyası üzrə müsabiqənin laureatı - 1-ci dərəcəli diplomçudur.
Hazırda Bakı şəhərində yaşayır, evlidir, bir qızı, üç nəvəsi var.
ZiM.Az
AZƏRBAYCANIM
Odundan od alan, od parçasıyam,
Ucalan səsimsən Azərbaycanım!
Fəxrim, iftixarım sevimli Vətən,
Gecəm - gündüzümsən Azərbaycanım!
Gur şəlalə axan, dağda qara bax,
Yurduma göz dikən, olacaq dağ -dağ.
Vuran ürəyindir bütöv Qarabağ,
Əzəldən bizimsən Azərbaycanım!
Füsünkar gözəllik bəxş edir hər yan,
Otun, gül - çiçəyin min dərdə dərman.
Gəzdikcə elləri, doymayır insan,
Laləli düzümsən Azərbaycanım!
Yüksəlir ad - sanın dağların kimi,
Boldur hər sərvətin bağların kimi.
Yaşarsan firavan çağların kimi,
Bəbəyim, gözümsən Azərbaycanım!
Övladtək boynuna sarılmışam mən,
Qışına, yazına vurulmuşam mən.
Səni sevə-sevə, var olmuşam mən,
Ürəkdə közümsən Azərbaycanım!
Arzular sonsuzdur sabahlar kimi,
Səndə tapmışam mən, həyat eşqimi.
Gülfir sevə bilməz bunca heç kimi,
Ən şirin sözümsən Azərbaycanım!
BU YOXUŞUN
Ömür yazan, tale yazan, bəxt yazan,
Keçdiyim yol, olmamışdır çox asan.
Bu yollarda dönüb oldum bir ozan,
Söz mülkündə söz-söz olub, bitəcəm,
Bu yoxuşun sonunacan gedəcəm.
Dost-tanışa arxalanıb, ərk etdim,
Dar məqamda saxtalığı dərk etdim.
Pozub əhdi, dostluğumu tərk etdim,
Namərdlərin yanından düz ötəcəm,
Bu yoxuşun sonunacan gedəcəm.
Bu dünyanın yalanından uzağam,
Gözü – könlü tox olmuşam, üz ağam.
Xislətimdə əyri qulum, düz ağam,
Mərdlər üçün ölüm desə, edəcəm,
Bu yoxuşun sonunacan gedəcəm.
Acı nədir, şirin nədir seçmişəm,
Yaxşı nədir, yaman nədir keçmişəm.
Ayrılığın şərbətini içmişəm,
Gedib, gedib bir gün gözdən itəcəm,
Bu yoxuşun sonunacan gedəcəm.
Yolu qoyub, kol-kos dolu iz verib,
Var-dövləti yox yerindən az verib,
Tanrım mənə sirr – sehrli söz verib,
Gülfir deyir zirvələrə yetəcəm,
Bu yoxuşun sonunacan gedəcəm.
Bizim "Zirvə"də!
(Müşfiq Borçalının nəşrə hazırladığı 5 cildlik
"Zirvə" Poeziya antologiyasına həsr edirəm)
Şeir aləminin solmaz baharı,
Bəhərli ağacdır yeni nübarı.
Burda söz mülkinin xiridarları,
Birliyi, vəhdəti, bizim "Zirvə"də!
Elin məhəbbəti bizim "Zirvə"də!
Qoy dünya eşitsin bu səsimizi,
Hərənin öz yolu, həyatda izi.
Xeyirxah insanlar toplayıb bizi,
Əməyi, zəhməti bizim "Zirvə"də!
Dağın əzəməti bizim "Zirvə"də!
Güllü yaz, qızmar yay, payızdı, qışdı,
Zirvədən zirvəyə qanadlı quşdu.
Gün kimi parladı dəniztək çoşdu,
Duyğusu, hikməti bizim "Zirvə"də!
Xeyirxah niyyəti bizim "Zirvə"də!
Bu günüm, sabahım, dünənim Zirvə,
Dağ-dərəm, çöl-düzüm, çəmənim Zirvə.
Öz elim, öz dilim, vətənim Zirvə,
Dostla ünsiyyəti bizim "Zirvə"də!
Çağdaş şeiriyyəti bizim "Zirvə"də!..
P.S.:
3-cü cildində mənim "Dostluğun izi" poemamın da dərc olunduğu bu antologiya -
kitabın həyata vəsiqə almasında əziyyəti olan hər bir kəsə, o cümlədən,
böyük ziyalımız Müşfiq Borçalıya dərindən minnətdarlıq hissilə təşəkkürlərimi bildirirəm.
Kitabda şeirləri çap olanan qələm dostlarımı ürəkdən təbrik edir,
onlara yaradıcılıq uğurları və cansağlığı arzulayıram!..
LAYLA OXUDU
Yenə hüzuruna gəlmişəm sənin,
Yerdəki izinə qurbanam ana!
Uzaqdan duymuşam o xoş ətrini,
Mən özüm özünə qurbanam ana!
Abırdı başında, var örpək anam,
Ay ağır taxtalı, nur-ipək anam.
İzin ver üzündən, bir öpək anam,
Üzünə - gözünə qurbanam ana!
Bağrına basırsan gülə-sevinə,
İsti nəfəsinlə qızındım yenə.
Sanki uşaqlığım qayıtdı mənə,
Oduna - közünə qurbanam ana!
Bilmir çay gətirsin, yeməyi çəksin,
Nəyi var istəyir, süfrəyə töksün.
Nə düşdü yadına ötəndə köksün?
O halal ruzuna qurbanam ana!
Ləzzəti başqadır, bu od-ocağın,
Nə qoymuşdun, yedi, sənin qoçağın.
Rahat, sevimli yer isti qucağın,
Əlinin duzuna qurbanam ana!
Bir gözü sevincli, biri qüssəli,
Saçımda, üzümdə qayğıkeş əli.
Gülfirə bir layla oxudu dili,
Mehriban səsinə qurbanam ana!
Laylana, sözünə qurbanam ana!
DURDUĞUM YERDƏCƏ
(Biri soruşdu: “Necə oldu ki, şair oldun?”)
Xəbərsiz düşmüşəm sözün sehrinə,
Durduğum yerdəcə, şair olmuşam.
Tanrı möcüzəsi deyimmi buna?
Durduğum yerdəcə, şair olmuşam.
Bir həyat yaşadım, ağır cəzadır.
Nələr baş verdisə, dedim qəzadır.
Həvəsim, istəyim sözə-sazadır.
Durduğum yerdəcə, şair olmuşam.
Ağrı –acılara dözdüm, ölmədim,
Çiynimdə daşıdım yükü bölmədim.
Kimsə gözləmədi, özüm bilmədim,
Durduğum yerdəcə, şair olmuşam.
Söz-söz ovunmuşam dərdimə dair,
Dindim kəlimə-kəlimə, yarandı şeir,
Görənlər adıma dedilər şair,
Durduğum yerdəcə, şair olmuşam.
Yazdığım şeirdən güç-qüvvət aldım,
Könül rübabımı duyğumla çaldım.
Özüm də özümə məəttəl qaldım,
Durduğum yerdəcə, şair olmuşam.
Sözlə qanadlanıb, sözlə uçmuşam,
Sözlə şəfəqlənib işıq saçmışam,
Sözlə ürəklərə yollar açmışam,
Durduğum yerdəcə, şair olmuşam.
Hansısa məkəna, yerə yetmədim,
Bununçün məktəbə, dərsə getmədim.
Heçnə düşünmədim, nə hiss etmədim,
Durduğum yerdəcə, şair olmuşam.
İçimdə dünyam var, yurdum-yuvamdır,
Yer-göyüm, dağ-dərəm suyum – havamdır.
Vuruş meydanında sözlə davamdır,
Durduğum yerdəcə, şair olmuşam.
Bitib al gülşənim, düzüm yoncadır,
Şeirim naxış-naxış əlvan xonçadır.
Təbim incə, zərif açan qönçədir,
Durduğum yerdəcə, şair olmuşam.
Könlüm ilhamlanır, söz qonur dilə,
Bəlkə məndən doğur bu dünya belə?
Nəğməli bülbüləm vuruldum gülə,
Durduğum yerdəcə, şair olmuşam.
Uğursuz sevgidən, taleyi kəmdən,
Kor olan gözlərim boğulur nəmdən.
Yaratmaq eşqini almışam qəmdən,
Durduğum yerdəcə, şair olmuşam.
Dikəlib yerimdən, qaxdım söz ilə,
Qarışıb sulara, axdım söz ilə.
Gülfirəm dünyaya baxdım söz ilə.
Durduğum yerdəcə, şair olmuşam.
SÖZƏ QIYMA
Yıxıb ağac kimi, mişarla məni,
Yarsan yarma -yarma, ölən deyiləm.
Güllənin içinə doldurmaq üçün,
Etsən qırma - qırma, ölən deyiləm.
Torpağa basdırsan, cücərə billəm,
Azdırsan meşədə düz gələ billəm.
Tilsimdən, əməldən qurtara billəm,
Qursan qurma - qurma ölən deyiləm.
Qartal kimi məni göylərdə tutsan,
Əfi ilan olub, dipdiri udsan,
Alovun içinə, odlara atsan,
Yansam burma - burma, ölən deyiləm.
Qarğa - quzğun kimi daraşıb söksən,
Torpağın üstünə qanımı töksən,
Xəncərə gətirsən, qılıncla kəssən,
Doğra qıyma - qıyma, ölən deyiləm.
Dörd yanımdan dəlib, biz ələsən də,
Üstümə qar töküb, buz ələsən də,
Bağlayıb ağaca, nizələsən də,
Oysan oyma - oyma, ölən deyiləm.
Gülfirə hökümü söz bildirəcək,
Sözlər ağladacaq, söz güldürəcək.
Öldürsə, öldürsə, söz öldürəcək,
Sözə qıyma, qıyma ölə bilərəm,
Sözlə yaşayaram, sözlə ölərəm.
İradə GÜLFİR,
Şəki,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.