MƏHƏBBƏT NİZAM (1951)

MƏHƏBBƏT NİZAM (1951) Məhəbbət Hüseyn oğlu Orucov - 1951-ci ildə qədim Borçalı mahalınn Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı
Saca kəndində anadan olub.
1968-ci ildə qonşu Kirov kəndində orta məktəbi, 1972-ci ildə isə Gəncə Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsini bitirib.
İlk şeirləri “Trialeti” (Başkeçid), “Qələbə bayrağı” (Bolnisi),
“Şən həyat” (Balakən) rayon qəzetlərində, eləcə də respublikanın mərkəzi mətbuat orqanı olan “Sovet Gürcüstanı” (Tiflis) qəzetində dərc olunub. “Çeşmə” (1980), “Dan ulduzu” (1987) ədəbi məcmuələrində, “Sazlı-sözlü Başkeçid” (2017), “Zirvə” (2018) antologiyalarında şeirlərindən nümunələr işıq üzü görüb.
Dörd kitabın – “Həsrətim göydəngəlib” (2004), “Rübailər” (2006), “Ömrüm söz əlindədir” (2012), “Bu yol vətən yoludur” (2018) şeirlər kitabının müəllifidir.
“Sazlı-sözlü Borçalı” Ədəbi Məclisinin üzvüdür.



BORÇALISIZ DARIXMIŞAM


Xəyalımı göylərə çək,
Özümü bulaq başına.
Ürəyimdə solan çiçək,
Baxma gözümün yaşna.

Burulğana at, boğulum,
Yazın dəli harayında.
Bəlkə təzədən doğuldum,
Ömrümə gün yarıyanda.

Bu nə haray, bu nə ündü,
Bu nə ömür, bu nə gündü?
Uzaq-yaxın, yaxın-uzaq,
Göz yollarda, can sürgündü.

Kimi yazır, kimi yozur
Güclülər gücsüzü sıxıb.
Bü dünya həmən dünyadı,
İnsanın paxırı çıxıb.

...Xəyalımı göylərə çək,
Özümü dağlar başına.
Borçalısız darıxmışam,
Qoy baxım torpaq-daşıma…

QARDAŞ, MƏNDƏN ŞAİR OLMAZ

Demə ki, kitabın hanı,
Bu dünyanı yaxşı tanı.
Qurban verəmmədim canı,
Qardaş, məndən şair olmaz.

Nə çox yazan, nə çox pozan,
Şair olsam artar cəzam,
Söz üçün əssə də əzam,
Qardaş, məndən şair olmaz.

Yüz il saza əsir ollam,
Nə aşkar, nə də sirr ollam,
Bir hava çal, yesir ollam,
Qardaş, məndən şair olmaz.

Arazdan keçə bilmədim,
Suyundan içə bilmədim,
Düşməni seçə bilmədim,
Qardaş, məndən şair olmaz.

Ulu Göyçəm qalsa yada,
Qarabağım yansa oda,
Borçalısız bu dünyada,
Qardaş, məndən şair olmaz.

HARDASA UZAQDA BİR AT KİŞNƏYİR

Bir yuxu görmüşəm bu bayram günü,
Qövr edir sinəmin dağı, düyünü,
Dünyaya səs salıb harayı, ünü
Hardasa uzaqda bir at kişnəyir.

Kimdi otaranı, kimdi minəni
Kişnədi, yadıma-saldı dünəni,
Kimə tapşırıbdır babam binəni
Hardasa uzaqda bir at kişnəyir.

O, Söyünçayıdı, bu Məhəmməddər
Əyriqar gəl-deyir, ay Məhəmməd*, gəl!
Yaldan aşammadı, atı tutdu tər,
Hardasa uzaqda bir at kişnəyir.

O kimdi, dikəlib qayadan baxır,
Kimdi, qəzəbindən şimşəklər çaxır?
Gör kimə əyildi bu millət, axır
Hardasa uzaqda bir at kişnəyir.

Kişnədi, sinəmdə bir qəm əridi
At səsi dağların toy nəməridi,
Bəlkə, Xətainin ağ Qəməridi,
Hardasa uzaqda bir at kişnəyir.

Hardasa uzaqda bir at kişnəyir,
İgidlər, yatmayın, atlanın gəlin!
Nədənsə yurd, vətən yada düşməyir
Əsrlər dalından atlanın, gəlin!

Hardasa uzaqda bir at kişnəyir,
Gəzir Koroğlunu, bəlkə Qıratdı?
Yığa bu milləti millət eyləyə,
Hardadı, hardadı gələ bir atlı!
_______________________
*- Sajalı toyçu Məhəmməd

HƏLƏ ÇOX AXACAQ QANIMIZ BİZİM

Neçə ki, ayrıdı başlar bədəndən,
Neçə ki, asılıb daşlar bədəndən,
Neçə ki, qan sorur dişlər bədəndən,
Hələ çox axacaq qanımız bizim.

Namərd başa keçər mərd qayıdınca,
Tülkü dövran sürər qurd qayıdınca,
Vətən qayıdınca, yurd qayıdınca,
Hələ çox axacaq qanımız bizim.

Yurd deyə canımız yandı odlara,
Qoyduq özümüzü çox fəryadlara,
Necə ki, varımız axır yadlara,
Hələ çox axacaq qanımız bizim.

Gülüb, əl çalırıq yalanlara biz,
Durub baş əyirik kalanlara biz,
Necə ki, dözürük talanlara biz,
Hələ çox axacaq qanımız bizim.

Hələ çox axacaq qanımız bizim,
Canımız çıxmasa duyan deyilik.
Eyni xəmirdənik, hamımız bizim,
Dünyanı yesək də doyan deyilik!

OLACAQ

Ay dünyanı görməyənlər, görənlər
Sevib könül verməyənlər, verənlər,
Hardasınız, ay məcnunlar, kərəmlər?
Məhəbbətsiz dünya viran olacaq!

Gülən olsun üzünüzə, gülün ki,
Dərd azalsın, dərdi-qəmi silin ki.
Könül verin, könül alın, bilin ki,
Məhəbbətsiz dünya viran olacaq!

Oxşamasa yarpaq gülü, gül daşı,
Bitməyəcək, yüz də gül ək, gül daşı,
Əzəl-axır dost olarsa gül, naşı,
Məhəbbətsiz dünya viran olacaq!

Yağış yağır bu torpağa sevgidən,
Ay ürəksiz, bu torpağı sevginən!
Qara saça salmayırsa sevgi dən,
Məhəbbətsiz dünya viran olacaq!

İşıqlıdı, nur verilib kimə ki,
Mən eşqimlə həmənkiyəm, həmənki.
Vaxtsız ölsəm, ay sevgilim, demə ki:
- Məhəbbətsiz dünya viran olacaq.

"CƏNGİ” ÇALIN

“Cəngi" çalın, lal yuxudan oyanaq,
Yada düşsün soyadımız, kökümüz.
Dınqıltılar bizi bizdən ayırdı,
Seçəmmədik gövdəni biz, kökü biz.

"Cəngi" çalın, Qırat girsin meydana,
Haray tutsun Dədə Qorqud yurdunu.
Neçə yurdum tapdaq olub yağıya,
Çəkin, düşmən üstə, çəkin ordumu.

"Cəngi" çalın, damarlarda axan qan,
Dönsün Dəli Kürə, Qanlı Araza.
Boğsun dalğasında gavur düşməni,
Bir də oyanmasın o kor yarasa.

"Cəngi" çalın, bələkdəki körpələr
İgid böyüsünlər, ər böyüsünlər.
Düşmənə yerini tanıtmaq üçün,
Qəhrəman böyüsün, nər böyüsünlər.

"Cəngi" çalın, Vətən dursun ayağa,
Azərbaycan özü boyda od olsun.
Söykənək üç rəngli Aylı bayrağa,
Varlığımız ən yenilməz ad olsun!

OYNARIQ

Biz kimik ki, özgənindi toy damı,
Nə çalsalar, o havaya oynarıq.
Toy çalınır, bizdən ötrü nə fərqi,
Ya Adəmə, ya Həvvaya, oynarıq.

Qış yetişir, günü yoxsa günün də,
Sozaltmarıq onu bu toy günündə,
Yallı qurub, yallıbaşı önündə,
Baş əyərik müqəvvaya, oynarıq.

Hey görürük "qeydimizə qalırlar”,
Könlümüzə dağı-daşı salırlar,
Qarabağı gündə yüz yol alırlar…
Çırtıx çalıb bu nəvaya, oynarıq.

Biz beləyik, duymamağı sevirik,
Hər qazanda qaynamağı sevirik,
Oynağanıq, oynamağı sevirik,
Yerli-yersiz hər sədaya oynarıq.

Od da vursan alışmarıq, közərrik,
Dərd gəlndə yandırarıq üzərrik,
Dözümlüyük, hər nə olsa dözərik,
Lap dönsək də binəvaya, oynarıq.

VƏTƏN OĞLU

Aylar ötür, illər keçir,
Yellər əsir, sellər keçir,
Elsiz qalan ellər "köçür"…
Bəsdi yatdın, Vətən oğlu!

İtirdik dostu, həmdəmi,
De, bataq dərddə, qəmdəmi?
Gözündə Xocalı qəmi,
Bəsdi yatdın, Vətən oğlu!

Şuşa sızlar, Göyçə ağlar
Dərd ürəkdə düyçə bağlar,
Göy Tanrısı göycə çağlar,
Bəsdi yatdın, Vətən oğlu!

Bax dünənə, bax sabaha,
Təbriz, Dərbənd qalıb aha,
Qarabağsız dözmə daha,
Bəsdi yatdın, Vətən oğlu…
Bəsdi yatdın!!!

YURDA QAYIT

Bu ağrılar nə azaldı, nə kəsdi,
Anlamadım eşitdiyim nə səsdi?
Yaşamaqçün nə artıqdı, nə bəsdi
Biləmmədim, ömür yaman gödəkmiş.

Bu dünyanın ağrısı var qolunda,
Duyma, duyan yoxsa sağı-solunda,
Karvan görüb, Karvansaray yolunda
Güvəndiyim bir qulana yedəkmiş.

Dərd çoxalır dərdi-qəmi yığalı,
Yadı dosttək bağrımıza sıxalı,
Anlamadıq, başımızın sığalı
Belimizdə zoğlar açan kötəkmiş.

Qayəsi nə, bu milləti öyənin,
Şeytan olub, mələk donu geyənin?
Bizdə gülüb, bizə sağlıq deyənin,
Əlindəki zəhər dolu qədəhmiş.

Ay Məhəbbət, aç başını, fikirləş,
Bəsdi tökdün göz yaşını, fikirlərş,
Yurda qayıt, dağ-daşını fikirləş,
Öz elində dərd-qəmin də fərəhmiş!

QIRMA ÜMİDİNİ

Ümidsiz yaşamaq olmaz dünyada,
Qırma ümidini, qurbanın olum.
Geniş dəryaları dolmaz dünyada,
Yorma ümidini, qurbanın olum.

Bir aç gözlərini bu dünyaya bax,
Gör necə yaradıb bu həyat bizi?
Oynadıb əlində fırfıra kimi,
Göndərir harasa nəhayət bizi.

Hardandı, nədəndi, bu ağıl, kamal?
Ürəkdən vurulmaq, yanmaq nədəndi?
Sevən sevdiyinə xain çıxanda
Çox dərdi gizləyib, danmaq nədəndi?!

Sual bulağıdı dünya binadan,
Sualdan yaranıb bəlkə özü də?
Bəlkə qarşısında durur imtahan,
Cavaba gətirib bəlkə bizi də?!

Ümidsiz yaşamaq olmaz dünyada,
Ümidə dirsəklən qocalanda da.
Yaxşı əməlləri solmaz dünyada,
Yaxşılıqla ucal ucalanda da.

... KİMİNSƏ DAMIR DƏYƏSİ

Yağış döyəcləyir yalı, yamacı,
Gah tökür düzünə, gah da qıyğacı.
Hardasa kiminsə soyuyub sacı,
Hardasa kiminsə damır dəyəsi.

Kimi var, söz aca, kimi var, deyə,
Bənzəyir sahibsiz yanıqlı neyə,
Hardasa bir ana əl açıb göyə,
Hardasa kiminsə damır dəyəsi.

Gələn yan addayır, gedən yan gedir,
Kəsilmiş damardan sanki qan gedir,
Hardasa bir kalan xaniman güdür,
Hardasa kiminsə damır dəyəsi.

Kimin nə dərdinə, kim nə haldadı,
Kim çalıb-oynayır, kim də qaldadı,
Hardasa kiminsə gözü yoldadı,
Hardasa kiminsə damır dəyəsi.

Hardasa bir oğul anıb dağları,
Arxası, vüqarı sanıb dağları,
Hardasa bir nankor danıb dağları,
Hardasa kiminsə damır dəyəsi.

Oyandım yağşın səsinə, durdum,
Boylandım gecəyə, baxıb oturdum,
Hardasa ulayır dedim ki, qurdum,
Hardasa kiminsə damır dəyəsi.

İstədim söz yazam, bir kəlmə deyəm,
Deməzdim kiminsə qəlbinə dəyəm,
Əlsizə əl tutaq, olmasın deyən: -
Hardasa kiminsə damır dəyəsi.

HAVA BÜROSU

Şuşaya qar yağacaq,
Ağdama yağış, bu gün.
Xocalıda borandı,
Odana yığış, bu gün.

Xankəndində sıcaqdı,
Ağdərədə çən, duman.
Fizulidə sulu qar
Yağır, verməyir aman.

Kəlbəcərin yolunu
Tar tutubdu, gedən yox.
Gedib qalanlara da
Bir köməklik edən yox.

İşıqlının döşünə
Yaman dolu düşübdü.
Gecə Laçın yoluna
Bir qaya sürüşübdü.

Qubadlıda küləklər
Dağıdıbdı dam-daşı.
Zəngilana baxmayın,
Tökərsiniz gözyaşı.

Səhər-axşam efirdən
Boylanırıq dağlara.
Cəbrayılda Tək çinar
Dönüb tənha ağlara.

Sağ ol, hava bürosu,
Sağ ol, nə yaxşı varsan.
Bizimçün Qarabağdan
Gətirirsən xəbər, sən!

...Şuşaya qar yağacaq,
Ağdama güllə bu gün.
Bakıda görüş gedir,
Çiçəklə, güllə bu gün...

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: