1960-cı ildə Darvaz kənd orta məktəbinin 1-ci sinfinə gedib və 1970-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurub.
1970-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub və 1978-ci ildə Universiteti bitirib.
1971-1973-cü illərdə Sovet ordusu sıralarında xidmət edib. 1976-1980-ci illərdə Bakı şəhərindəki Kirov (indiki Binəqədi) rayonunda komsomol katibi işləyib və həmin illərdə də Moskva şəhərində
Ali Komsomol məktəbində təhsil alıb.
1980-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin göndərişi ilə Daxili İşlər Nazirliyingə işə göndərilib və 2008-ci ilə kimi Polis orqanlarında yüksək vəzifələrdə işləyib.
Polis orqanlarında işləyən zaman Polis Akademiyasında təhsilini davam etdirib.
Qarabağ müharibəsi iştirakçısıdır.
Müharibə və əmək veteranıdır. Təqaüdçüdür.
Rəşid Hacılar harada işləməsindən asılı olmayaraq poeziya, şeirə meyl onun daimi həvəsi olub.
"Bir ev gözləyir bizi" şeirlər kitabının müəllifidir.
Şeirləri "ZİRVƏ" poeziya antologiyasında, eləcə də respublikanın dövri mətbuatında dərc olunub.
Ailəlidir. Üç övladı, yeddi nəvəsi var. Övladlarının hər üçü ali təhsillidir.
Sazlı-sözlü Borçalının
(Bakıda Borçalı əsilli yazarların yaratdığı
"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin üzvlərinin sayı
gündən-günə coxalır)
Ürəyi sözlə doludur,
Sazlı-sözlü Borçalının.
Getdiyi haqqın yoludur,
Sazlı-sözlü Borçalının.
Həm sözlüdü, həm də sazlı,
Şirin dilli, xoş avazlı,
Çözəlləri işvə, nazlı,
Sazlı-sözlü Borçalının.
Ləhcələri yeməlidi,
Kəlamları deməlidi,
Naxışları ilməlidi,
Sazlı-sözlü Borçalının.
Sazı-sözü bol eyləyin,
Ürəklərə yol eyləyin,
Ləzzətini bal eyləyin,
Sazlı-sözlü Borçalının.
Rəşid uca tutur başı,
Arzulayır dost-yoldaşı,
Soyumasın ocaq daşı,
Sazlı-sölü Borçalının.
HƏLƏ OĞUL DEMƏ
Yad əllərdə qalan Vətən,
Həsrət çəkən, solan Vətən,
Gözü yaşla dolan Vətən!..
- Hələ oğul demə bizə.
Uzaqdan görünür dağlar,
Zirvəsində bəyaz qar var,
"Yeddiqat" dolanan yollar,
Hələ oğul demə bizə.
İtirəndən dost-yoldaşı,
Qurumur gözümün yaşı,
Ay soyumuş ocaq daşı…
Hələ oğul demə bizə.
Zirvənə ucalammırıq,
Namərddən bac alammırıq,
Vətənlə qocalammırıq,
Hələ oğul demə bizə.
Həsrətin sona yetməmiş,
Qamətini düzəltməmiş,
Sevinc yaşı axıtmamış,
Hələ oğul demə bizə.
ARANLI -DAĞLIYDI NƏNƏLƏRİMİZ
Aranlı-dağlıydı nənələrimiz,
"Ağzıgörkən"idi binə yerimiz.
Onda uşaqlığın odlu çağıydı,
Yox idi heç nədən dərdi-sərimiz.
Yay vaxtı nəhrələr əzizlənərdi,
Qış gəldi cəhrələr təmizlənərdi.
Bizə pay düşərdi hər ikisindən,
Ömrümüz-günümüz təzələnərdi.
Onda mənalıydı günlərimiz də,
Neçə xatirə var, - xatirəmizdə.
Daha o, günlərə çatmır əlimiz,
Amma, közü qalıb ürəyimizdə.
Daha olan olub, keçən də keçib,
İndi nənələr də şəhərə köçüb.
Ömrümün binəli-dağlı günləri,
Rəşidin qəlbini yurd yeri seçib…
DAĞLARA
Şair dostum Sədi Yaradanquluya cavab olaraq
Könlüm yenə qanadlanıb,
Uçur dağlara, dağlara.
Bu boyda şəhəri qoyub,
Köçür dağlara, dağlara.
Gözləyir sərt yoxuşları,
Bahar donlu naxışları,
Günəş gözlü baxışları,
Saçır dağlara, dağlara.
Töküb qışın his-pasını,
Yaz göndərib sədasını,
Baharın toy libasını,
Biçir dağlara, dağlara.
Çağırıram mən Sədini,
Yerinə yetirsin vədini,
Yerlə göyün sərhəddini,
Seçir dağlara, dağlara.
Ruh bədəndən qopan kimi,
Sevgi cana hopan kimi,
Rəşid imkan tapan kimi,
Qaçır dağlara,dağlara.
ŞƏHƏRƏ GƏLDİM
Ömrümün ən mənalı
uşaqlıq çağlarını,
Ayaqyalın gəzdiyim
baxçalı bağlarını,
Dadından doymadığım
o buz bulaqlarını,
Qoyub şəhərə gəldim.
Ürəyimi doyduran
meşənin nəfəsini,
Cəh-cəh vuran quşların
avazını, səsini,
Sevgimi həkk etdiyim
ağacın gövdəsini,
Qoyub şəhərə gəldim.
Dağı lərzəyə salan
qartalların qıyını,
Unuda bilmədiyim
"dirədöymə" oyunu,
Bir qızın göz oxşayan
qamətini, boyunu,
Qoyub şəhərə gəldim.
Yarpızı, cincilimi
min bir dərdin dərmanı,
Kəklikotu, qulançar
sağlamlığın fərmanı,
İnsana həyat verən
çəmənliyi, ormanı,
Qoyub şəhərə gəldim.
Gənclik qalıb arxada
yola verdim əlliyi,
Çağırıram, eşitmir
o şıltaq dəcəlliyi,
Günahkar mən özüməm
vaxtında gözəlliyi,
Qoyub şəhərə gəldim.
Məndən inciyən dağlar
barışmayır hələ də,
Zümzüməli bulaqlar
danışmayır hələ də,
Rəşid indi qalıbdır,
çapalayır tələdə,
Çünki, bulaq suyunu,
bir də dağ havasını,
Qoyb şəhərə gəldim.
MƏN DARVAZDAN DOYMAMIŞAM
Vurulmuşam yurda, elə,
Dönmüşəm dağlarda selə,
Ölüm tələsməsin hələ,
Mən Darvazdan doymamışam.
Havası bol, suyu təmiz,
Eşqi dərya, özü dəniz,
Yaddaşında salmamış iz,
Mən Darvazdan doymamışam.
Tökülsün könlümün pası,
Sağalsın ürək yarası,
Ən ağır dərdin çarası,
Mən Darvazdan doymamışam.
Ömrü verməmişəm yelə,
Əritmişəm gilə-gilə,
Üz tutsam da son mənzilə,
Mən Darvazdan doymamışam
Dünyanın qəddar üzünün,
İrdələmişəm yüzünü,
Rəşid deyir son sözünü,
Mən Darvazdan doymamışam.
QOCALIQ
Qüruba yan alır ömrün illəri,
Quş kimi üstümə səkir qocalıq.
Limana qayıdan gəmilər kimi,
Məni də torpağa çəkir qocalıq.
Yerişlər, duruşlar dünənki deyil,
Ürəyin atəşi həmənki deyil,
Saçıma yağan qar güman ki, deyil?...
İllərin yüküdür, tökür qocalıq.
Gəncliyin atəşi,odu azalıb,
Dünyanın ləzzəti, dadı azalıb.
Doğması, yaxını, yadı azalıb,
Gənclik tikdiyini sökür qocalıq.
Bu fani dünyadan bac almaq üçün,
Gələn nəsillərdən güc almaq üçün,
Sabah fidan kimi ucalmaq üçün,
Bu gün pöhrələri əkir qocalıq.
ATAMIN YÜKÜ
Narahat yatardı atam gecələr,
Evdə bir işimiz düz getməyəndə.
Bunun səbəbini sordum bir səhər,
Qəribə bir maraq oyatdı məndə.
Yaxa qurtarmaqçün kasıbçılıqdan,
Dedi, - fikirlərdir qoymur yatmağa.
Onunçün, sübhəcən hey daşıyıram
Mən “dağı arana, aranı dağa”.
Dağ boyda dağ çəkdi mənim sinəmə,
Atamın yanıqlı bu kəlmələri.
Yaşadı mənimlə ömrüm uzunu,
Həyatın dolaşıq bu ilmələri.
İllər ötüb keçir,mənim özüm də,
Hərdən gecələri yata bimirəm.
Dünyanın fırlanan çarxı dalınca,
Mən də, ha qaçıram, çata bilmirəm.
Anladım nə imiş atamın yükü,
Nəyi daşıyırmış arana, dağa.
Mən indi bildim ki, nədir qoymayan,
Gecə yuxuları rahat yatmağa.
ATA YURDU
Ata yurdu, görüşünə gəlmişəm,
Günahkaram, baxammıram üzünə.
Gözlərimdən çən-dumanı silmişəm,
Baxmaq üçün yol gözləyən gözünə.
Gec tanıdım, məni doğma sananı,
Çıraq kimi gecə-gündüz yananı,
Məndən küsmüş, bu balaca binanı,
Dəyişmərəm, sarayların yüzünə.
Neçə yol dillərin sorubdu məni,
Ayların, illərin sorubdu məni,
Şəhərin yolları yorubdu məni,
Qurban olum, yollarının tozuna.
Gəlmişəm ki, qucaq açım sənə mən,
Çox gərmişəm ayrılığa sinə mən,
And içirəm, saçımdakı dənə mən,
Daha bir də ağ olmaram üzünə.
DARVAZ DƏRƏSİYLƏ İNCƏ DƏRƏSİ
(Şair dostum Rəfail İncəyurda)
Ürəyimdə iki elin odu var,
Damağımda ləzzəti var, dadı var,
Bir-birinə yaraşan da adı var,
Darvaz dərəsiylə İncə dərəsi.
Biri, taleyimə haqdan yazıldı,
Biri, ürəyimə qanla süzüldü,
Hər ikisi ilqarına düz oldu,
Darvaz dərəsiylə, İncə dərəsi.
Darvaz ilə doğmalaşdı Kəmərli,
Dost yolunda dağlar aşdı, Kəmərli,
Qardaş kimi doğmalaşdı, Kəmərli,
Darvaz dərəsiylə, İncə dərəsi.
Ürəkdə arzu tək bitən oldular,
Dar gündə dadıma yetən oldular,
Rəşid Hacılara Vətən oldular,
Darvaz dərəsiylə, İncə dərəsi.
QƏZƏL
Səni sevib düşündüm ki, sevgi bizi bağlayacaq,
Bilmədim ki, məhəbbətin ürəyimi dağlayacaq.
Gül açmamış çiçək kimi, vaxtsız solan bu sevgiyə,
Şahid olan meşələr də, bulaqlar da ağlayacaq.
Addım-addım izləyəcək, kölgən kimi, hara getsən,
Taleyimə hopub qalmış ətirini qoxlayacaq.
Bu dünyada qovuşmayıb çatammasa arzusuna,
Məhəbbətim o dünyada səni rahat qoymayacaq.
Məni yolda qoyan sevgi ürəyimdə yuva salıb,
Rəşid onu əmanət tək, ömrü boyu saxlayacaq.
"GİZLƏNPAÇ" OYUNU
Bütün nəvələrə baba ömrü arzu edirəm
"Gizlənpaç" oynamağı,
Sevirdi gül balası.
Onunçün oynayırdı,
Onunla öz babası.
Babası gizlənəndə,
Nəvəsi axtarırdı.
Nəvəsi gizlənəndə,
Babası axtarırdı.
Babası gec tapanda,
Nəvəsi sevinirdi.
O, bunu özü üçün,
Qəhrəmanlıq bilirdi.
Bir səhər nəvə durub,
Babasını görmədi.
Elə bildi babası,
Yenə də gizlənibdi.
Axtardı künc-bucağı,
Amma, tapa bilmədi.
Axtardı baxça-bağı,
Yenə tapa bilmədi.
Nəvə düşündü, görən,
Baba hara gizlənib.
Amma, o bilmədi ki,
Oyunlar təzələnib
Hər kəsdən soruşsa da,
Nəvə öz babasını.
Heç kəs demədi, baban,
Dəyişib dünyasını.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.