QIRXILI AŞIQ HÜSEYN MƏRDANƏ (1924-2008)

QIRXILI AŞIQ HÜSEYN MƏRDANƏ  (1924-2008)REDAKSİYAMIZIN ARXİVİNDƏN:

QIRXILI AŞIQ HÜSEYN MƏRDANƏ (1920-2008)


Bu günlərdə ağır elli, saz-söz diyarı Borçalıda ezamiyyətdə olarkən bir el sənətkarı ilə görüşdüm. Adını çoxdan eşitsəm də, üzünü görmədiyim saz-söz qəh­rə­manı Qırxılı Aşıq Hüseyn əmi ilə tanış olduğum üçün çox şad və məmnun oldum.
Şirin söhbətləri, şaqrar nəğmələri ilə Borçalıda neçə-neçə toy məc­lis­lə­rini zinət­ləndirən, minlərlə sənətsevərin qəlbini oxşayan Aşıq Hüseyn hə­min gün sədəfli sazını kökləyib sinəsinə basdı, kirpiklərini qaldırdı... və hə­zin bir səs mülayim-müla­yim ətrafa ya­yıldı. Hüseyn əmi çalıb-oxuyur və oxu­duqca da sazın sehrilə uyuyur, gəzib dolaşdığı barlı-baharlı Borçalı yay­laqları, məşhur Qarayazı meşələri, zirvələri buludlardan su içən, başı hə­mişə düm ağ, qarpapaqlı Başkeçid dağları, durna gözlü buz bulaqlar göz­ləri önündə canlanır, sanki, o, ruhlanaraq bir qədər cavanlaşır, daha gur səs­lə könlümüzü oxşayır, bizi, necə deyərlər, bir anlığa bütün aləmdən ayırır və həmin dəqiqələrdə özünün yaşadığı şirin xəyallar aləminə apa­rırdı...
Qırxılı Aşıq Hüseyn həmin gün «Baş sarıtel», «Borçalı», «Dilqəmi», «Du­­beyti», «Yurd yeri», «Kərəmi», «Göyçə gülü», «Gəraylı», «Misri», «Ru­­hani», «Şah Xətai» və s. havalarını özü­nəməxsus şirinliklə, ürək yan­ğısıyla ifa etdi...

Qırıxlı Aşıq Hüseyn Əli oğlu Kərimov 1924-cü il mayın 20-də Borça­lının Qırxılı kəndində dünyaya göz açıb. 13 yaşından Şair Ağacanın şəyirdi olub. Saysız- hesabsız ustadnamələri, dastanları, divaniləri, təcnisləri, mü­xəm­­­məsləri, gəraylıları, dodaqdəy­məzləri, qoşmaları, rəvayət­ləri və s. sinə­dəftər edən Aşıq Hüseyn az bir vaxtda bütün Borçalıda el sənətkarı kimi tanınıb. O, Aşıq Hüseyn Saraçlının, Mikayıl Azaf­lının, Aşıq Kamandarın, aşıq Ədalətin, sevimli şairlərirmizdən S.Vurğunun, O.Sarıvəllinin, H.Ari­fin və b. saz-söz ustadlarının qiy­mətli incilərindən nümunələri xal­qa çatdırıb. Şair Ağa­ca­nın, Faxralı Şair Nəbinin, Aşıq Şennikin, Porsunlu Məzahirin və başqalarının yazılı ədəbiyyatda hələ də öz əksini tapmayan şeir­lərini məclislərdə oxuyur, unudulmağa qoymur. Borçalı saz məktəbini daim yaşatmaq üçün əlindən gələn köməyi gənclərdən əsirgəmir. O, eyni zamanda «Mərdanə» təxəllüsü ilə şeirlər də yazır...

Hüseyn əmi söhbət zamanı ustadı Şair Ağacanın adını tez-tez, həm də xüsusi hör­mətlə xatırlayaraq, onun böyük əməyini heç vaxt unutmayacağını qeyd etdi ki, «Ustadımın 13 şəyirdi olub, səkkizinci şəyird mən olmuşam. Xındı Məmməd, Quşçu İbrahim Aşıq Ağacanın sonuncu şəyirdləri oldular. Bəli, Şair Ağacanın necə ustad olduğunu onun şəyirdlərinin bacarığına görə təyin edə bilərsiniz...»

«- Qadan alım, bir üç il əvvəl gələrdin, görərdin Hüseyn əmin necə çalıb-oxu­yurdu»,
- deyərək Aşıq Hüseyn ah çəkdi. - «Oğul, bu xaçpərəstlər belimi qırdı. Oğlum Əhmədi 1989-cu ildə Borçalıda baş vermiş məlum olaylarda millətçilik üstə günahlan­dırıb həbs etdilər. Nəydi günahı? Bir dəstə adam, bəlkə də «gürcüləşmiş» ermənilər (belələri, yəni ad və soya­dı­nı dəyişdirib «gürcüləşdirən» ermənilər Gürcüstanda çoxdu! - M.Ç.) gəlib Borçalıda hay-küy saldılar ki, bura gürcü torpağıdır, siz qonaq­sınız, qonaq qalmaq isə nə qədər olar? Oğlum Əhməd isə «dəli­qanlılıq» edib, deyib ki, xeyr, Borçalı bizim dədə baba torpağı­mızdır!.. Allaha şükür, indi qayıdıb gəlib. Mən də bir az özümə gəl­mişəm. Amma deyim ki, hələ tam açılma­mışım. Qadan alım, inşallah, qurban demişəm, cənnət Qarabağımız murdar düşmən­lərdən təmizlənsin, ulu ustadımız Ələsgərin qəbri üstə üçrəngli milli bayrağımız sancılsın, gör nə çalıb-çağıracam!..».

Amin!.. Hüseyn əmi, darıxma, o gün də uzaqda deyil. Görünən dağın dibi yaxın olar, deyiblər.
Sağlıq olsun, əlbəttə, inşallah, arzuladığın o gün də görəcəyik!..


Müşfiq BORÇALI,
1992


Bax: Müşfiq Çobanlı. «Qırxılı Aşıq Hüseyn». «Ziya» qəzeti, 1992-ci il;
Müşfiq Çobanlı. "Çağdaş Borçalı Ədəbi Məktəbi". Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh. 79-80.
«Qırxılı Aşıq Hüseyn».

P.S.: Qırxılı Aşıq Hüseyn Mərdanə 2008-ci ildə vəfat edib. Allah rəhmət eləsin!..

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: