Qasım Abbasəli 1944-cü ildə qədim Borçalında - indiki Gürcüstanın Marneuli rayonundakı Quşçu kəndində anadan olub. BDU-nın jurnalistika fakültəsini bitirib. Marneulidə çıxan «Kvemo Kartli» qəzetinin əməkdaşıdır. «Qeyrət» Xalq hərəkatının və «Qeyrət» qəzetinin əsasını qoyanlardan biri idi. Şeirləri «Çeşmə», «Dan ulduzu», «Ağır elli Borçalı», «Azərbaycan», «Dağlar dərdə düşsə…» ədəbi məcmuələrində, müxtəlif qəzet və jurnallarda çap olunub, radio və televiziya verilişlərində səslənib. Şeirlərinin əksəriyyəti xalq yaradıcılığı ruhunda yazılmış, vətən, torpaq, yurd, el-oba məhəbbətinə həsr olunmuşdur.
«Torpağım mənim», «Ləlvərin», «Dünya, səni yenəsiyəm», «Ötən çağa nə baxırsan», «Bu sevda başımı qatacaq mənim», «Atdan, süsənim, atdan», «burda hər həyətdə bir tonqal yanır», «Dağlar, mənə həyan olun», «Dünyanın işi belədir», «Qıpqaç oğlu» və s. kimi bir-birindən qiymətli sənət əsərlərinin müəllifi olan Qasım Abbasəli "Atdan, süsənim atdan..." (1983) şeirində yazmışdır:
«Atlandırma» atlandırır,
Atdan, süsənim atdan.
Gör harada axşamladım,
Şaddan, Süsənim şaddan,
Atdan, süsənim atdan.
Bu köçün yönü haradı,
Dünya gözümdə qaradı.
Saçını kimlər daradı
Oddan, Süsənim oddan,
Atdan, süsənim atdan.
Bu yazı beləmi yazıldı,
Bu pozu beləmi pozuldu,
Bu yozu beləmi yozuldu,
Şaddan, Süsənim şaddan,
Atdan, süsənim atdan.
Karvanın yönü o yana,
Yanaram bu dərdə ay ana.
Gözlədim Taleyim oyana…
Atdan, süsənim atdan.
Atdan, süsənim atdan.
Bu dünyanın yolu dörddü,
Atdan, süsənim atdan.
Hara getsən yenə dərddi,
Şaddan, Süsənim qaddan,
Atdan, süsənim atdan.
Şair «Ağır bir gün olar…» sərlövhəli şeirində necə də gözəl deyir:
Bir gün olar, çuxurundan
Sükut çəkilər-çəkilər.
Maviləşər göy üzümüz,
Bulud çəkilər-çəkilər.
Cücərər kökü qeyrətin,
Başlar ağ günü millətin,
Bu kabusun, bu zillətin,
Bağrı sökülər-sökülər.
Mizrab vurar Cunun telə,
Səda düşər neçə elə,
Qoç dəlilər Çənlibelə
Axar, tökülər-tökülər.
Burda qeyli-qalı görər,
Keykavusu, Zalı görər,
Ucalar tonqalı görər,
Yağı əkilər-əkilər.
"Allah murazınıza çatdırsın, şair qardaşım!.. Sizə uğurlar diləyirik!.." -
Bu sözləri mən hələ 1994-ci ildə Bakıda çap olunmuş "Çağdaş Borçalı Ədəbi Məktəbi" adlı
kitabımda yazmışdım...
Təəssüflər olsun ki, bir az sonra dəyərli ziyalımız, istedadlı şair-jurnalist Qasım Abbasəli
avtomobil qəzasında dünyasını dəyişmiş, onun yazılmamış neçə-neçə şeiri, tamamlanmamış
neçə-neçə əsəri, arzusu... yarımçıq qalmışdır.
Qasım Abbasəliyə Allahdan rəhmət diləyir və aşağıda onun öz ifasında
bir neçə şeirini dəyərli izləyicilərimizə təqdim edirik.
Xatırladırıq ki, həmin səs yazısını vaxtılə Gürcüstan radiosunun
Azərbaycan dilində səslənən verilişi üçün tanınmış tədqiqatçı-jurnalist Mirzə Maşov yazmış
və indiyədək öz şəxsi arxivində qoruyub saxlamışdır.
Müşfiq BORÇALI,
ZiM.Az
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.