Gənc yaşlarından Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Аşıq Ələsgər, Аşıq Hüseyn Saraclı, Аşıq Əmrah Gülməmmədov, Аşıq Kamandar Əfəndiyev kimi ulu ozanların günümüzə ötürdüyü qayim-qədim aşıqlıq sənətini şərəflə daşıyan gənc Ziyəddin Budaqov bu sənətin təbliğatçılarından birinə çevrilib. Ustadı aşıq Murad Kövrək ona çox şey öyrədib.
Jurnalist İradə Sariyevanın da yazdığı kimi, Xalq şairi Zəlimxan Yaqubun, şair Abbas Abdullanın şeirlərindən də ilham alıb Ziyəddin.
O yaxşı bilir ki, məclisdə özünü sanballı aparmalı, ağsaqqallıq, dədəlik etməli, həyatı boyu aşıqlıq sənətinin şərtlərinə sadiq qalmalıdır. Ustaddan şəyirdə miras qalan bu ənənə, təəssüf ki, indi bir qədər unudulub.
Ustadı aşıq Murad Kövrək deyir ki, Aşıq Ziyəddin, gənc olmasına baxmayaraq, məclis aparmaqda, saz çalmaqda, söz deməkdə heç kəsdən geri qalmır. О, el məclislərində, toy-düyündə tez-tez olur. Təkcə ifaçılığı, səsilə deyil, yeri gələndə, məclis əhlini söz-söhbətilə də ovsunlayır Ziyəddin. Ustadı aşıq Murad Kövrəkdən öyrəndiyi klassik aşıq havalarını ifa edir cavan aşıq. Ustadın sözlərinə görə, hətta bir neçə ay əvvəl Borçalı toylarından birində şəyirdini sınağa da çəkib. Şəyird də ki, elə-beləsindən deyilmiş, ustadın imtahanına yaxşı hazırlaşıbmış...
Biz də öz növbəmizdə gənc aşıq Ziyəddin Budaqova uğurlar arzu edirik. Sazın-sözün heç zaman sinəndən əskik olmasın, aşıq!..
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.