Gənc Rəşid 1941-ci ildə Böyük Vətən müharibəsi başlayandan bir ay sonra hərbi xidmətə yollanmış, özünü qanlı-qadalı müharibədə alman faşistlərinin apardıqları ölüm-qalım vuruşlarının od-alovuna atmışdır. O, Qafqaz sıra dağlarından başlamış, Avropa ölkələrinin azad olunmasına qədər şərəfli döyüş yolu keçmişdir. Onun döyüş rəşadəti çoxsaylı orden və medallarla qiymətləndirilmişdir.
Müharibə başa çatdıqdan sonra doğma kəndində pedaqoji fəaliyyətini davam etdirən Rəşıd Hacallı 1947-1949-cu illərdə Tbilisi Müəllimlər İnstitutunun dil-ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir.
Həmin vaxt ali məktəbdə 2 il Rəşid müəllimlə bərabər oxumuş Yusif Yusifli sonralar xatirələrində bu barədə belə yazmışdır:
“Rəşid müəllim çox mehriban, çox səmimi, alicənab şəxs idi. Müharibədən qayıdan döyüşçünün ürəyindəki elm-təhsil almaq həvəsini, ölüm saçan müharibə söndürə bilməmişdi. Biz həmişə onun müharibə xatirələrinə saatlarla qulaq asardıq. Bizim aramızda 16 yaş fərq olmasına baxmayaraq, yaxın dost idik. O, çox zəngin biliyə malik olan müəllimiz - tədqiqatçı alim Ziya Borçalının təşkil etdiyi “Gənc yazarlar dərnəyi”nin ən fəal üzvü idi. Biz şeirimizi Ziya müəllimə göstərənə qədər, Rəşid müəllimə oxuyar, onun münasibətini öyrənərdik.
Tale elə gətirdi ki, 1952-1955-ci illərdə APİ-də yenə Rəşid müəllimlə birlikdə oxuduq...”
Y.Yusiflinin xatirəsindən də, göründüyü kimi, Rəşid Hacallı Borçalı Türk Pedaqoji Texnikumunu və ikiillik Tbilisi Müəllimlər İnstitutunu bitirməsinə baxmayaraq, sonralar da təhsilini davam etdirmiş, Bakıda Azərbaycan Dövət Pedaqoji İnstitutunda (indiki ADPU-da) ali təhsil almışdır.
Uzun müddət doğma kəndindəki orta məktəbdə müəllim və məktəb direktoru vəzifəsində çalışmış R.Hacallı Borçalıda həm də istedadlı şair kimi tanınmışdır. O, şair babası Alxas ağa kimi Tanrının verdiyi ilham və coşqun təb sahibi idi.
Alxas ağanın şeir-sənət çeşməsindən su içən, mənbəyini məhz o çeşmədən alan Rəşid Hacallının şeirləri müxtəlif dövri mətbuatda - «Azərbaycan gəncləri», «Ədəbiyyat və incəsənət», «Gürcüstan», «Qələbə bayrağı» qəzetlərində, «Dan ulduzu» və b. ədəbi məcmuələrdə özünə yer tapmış, oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.
Alovlandım müxənnətin odundan,
Ürəkləndim ərənlərin adından.
Çıxa bilməz hal əhlinin yadından,
Nə sözüm, söhbətim, nə yazım mənim.
(«Qələbə bayrağı» qəzeti, 15 oktyabr,1985.)
- deyən şair Rəşid Hacallının yaradıcılığının əsasını aşıq şeirləri üslubunda yazılmış əsərlər təşkil edir.
Onun şeirlərində Borçalının zəngin təbiətinin, Borçalı söz xəzinəsinin, Borçalı sazının ətri, nəfəsi duyulur. Bu şeirlər doğma mahnılarımız kimi, bu gün qanad açıb, bəstəkar dağların zirvəsinə qonur, tavar sazın simlərində, pərdələrində Borçalı ellərini dolaşır, insanların yaddaşında məskən salır:
Dağlara göndərdi saz havasını,
Dağlardan istədi yaz havasını,
Bəstəkar dağların saz havasını,
Nəğməkar dərələr çaldı dünyada.
Və yaxud:
Zimistan yerini verəndə yaza,
Təbiət təpinər şaxta-ayaza,
Şeir nəğmələnib qonanda saza,
Şair sözə, aşıq saza yalvarar.
Rəşid Hacallı bir nurlu ziyalı kimi, qarşılıqlı sevgini, qəlbə, quha bağlı məhəbbəti alqışlayır. Çünki xoşbəxt və möhkəm ailə həyatı bu saf, bu təmiz eşqin üzərində bərqərar olur:
Ürəklərdə qarşılaşsa məhəbbət,
Qız oğlana, oğlan qıza yalvarar.
Hər neməti qoşa verib təbiət,
Qartal qaşa, ceyran düzə yalvarar.
Şair Rəşidin şeirlərində yeni deyimlər, duyumlar, fəlsəfi fikirlər öz poetik həllini tapıb. Bu cəhətdən “Qəlbi dağların” şeiri daha səciyyəvidir.
Öz sevgilisinə qovuşmayan nakam aşiqlərin - dərdlərini çəkməkdən qəlbi göynəyən, bu dərddən qəlbi yara bağlayan dağların Şeyx Sənanların, Məcnunların, Yanıq Kərəmlərin küsgün taleyinə, nakam məhəbbətinə yanmasını şair qəmli pərdələrlə vəsf edir, Tbilisidəki Sənan dağını “Sevgilisinə qovuşmayan nakamların dağı” adlandırır:
Uçdu könül quşu yar sorağında,
Qondu zirvəsinə qəlbi dağların.
Sevgi daşa çaxdı Sənan dağında,
Ağrıdı, göynədi qəlbi dağların.
Məcnunun ahından titrədi dağlar,
Kərəmin odundan yandı saraylar,
Keçsə qərinələr, tükənməz aylar,
Sağalmaz yarası qəlbi dağların.
Rəşid Hacallının şeirlərindəki dərin məna, yığcam fikir, səmimi etiraflar, insanların həmişə dünyanın mövcud ziddiyyətləri ilə əhatə olunması, yoxsul təbəqənin, məzlumların bu çoxmərtəbəli təzadlarından yaxa qurtara bilməməsi kimi humanist fikirlər şairin yaradıcılığının əsas qayəsini təşkil edir:
Kiminin başında qızıldan tacı,
Kiminin durmağa yoxdu əlacı,
Kiminin dövranı zəhərdən acı,
Kiminin güzarı baldı dünyada.
Həyat idealı düzlük olan Rəşid müəllimin şeirləri ona görə oxucu qəlbinə tez yol tapır ki, bu şeirlər həyat reallıqları üzərində pərvəriş tapıb. Bu şeirlərdə fikir aydın, deyimlər orijinaldır. Şeirin dili əlvan və axıcıdır. Şeirdə atalar sözü və məsələlərdən səmərəli istifadə etmək bacarığı şairdə güclü olduğuna görə bu şeirlər məntiqi cəhətdən çox kəsərlidir. Məhz, elə bu məntiqin gücü ilə el-obaya müxənnətlik edən nanəcibləri özünə məxsus tərzdə tənqid edir şair:
Düz söz dərman kimi acıdır,
Nanəcibə söyüş söydün öyündü,
Elin möhnətinə güldü, söyündü,
Namərdin toxumu pərpətöyündü,
Sulasan da bitər, sulamasan da.
Onun az yazmasına baxmayaraq, bu şeirlərin didaktik-fəlsəfi, poetik-məntiqi tutumu o qədər güclüdür ki, oxucusuna ilk dəqiqədən paklıq, saflıq, haqq, ədalət dünyasına aparır. Bu dünya düzlük aşiqi Rəşid Hacallının poeziya, fikir-düşüncə dünyasıdır.
Borçalının ən qabaqcıl maarif xadimlərindən olan Rəşid müəllimin pedaqoji ustalığı həmişə təqdir olunar və məktəblərdə yayılardı. Onun yarıməsrlik pedaqoji fəaliyyəti, pedaqoji görüşlərinin, tərbiyəvi baxışlarının şeirlərinə qol-qanad verməsi onun qəlbində tuğyan edən bu nəcib, xeyirxah və pak arzuları şeirlərində özünü daha aydın göstərir:
Ustadını anmayan kəs,
Ustad olmaz, ay qadası.
Xalqı arif sanmayan kəs,
Ustad olmaz, ay qadası.
Sənətinə qul olmayan,
Təriqətdən dərs almayan,
Mərifətlə ucalmayan,
Ustad olmaz, ay qadası.
Rəşid müəllim təbiətən gözəl və məntiqli nitqə malik olmaqla yanaşı, onun söz-söhbəti həmişə öyüd-nəsihət üstündə qurulardı. Bu qiymətli insani keyfiyyətlərin onun şeirinə hopması heç də təsadüfi deyildi. Çünki bu sözlər kamil bir şəxsin zəkasından, fikir və düşüncə dünyasından süzülüb gəlirdi:
Heyrətimdən aləm dondu gözümdə,
Daşa dəydi, çilikləndi sözüm də,
Bir günahı dərk edəndə özümdə,
Baş ağıldan, ağıl başdan utandı.
Böyük Vətən müharibəsi illərində kiprikləri ilə od-alov götürmüş, al qanı ilə yalçın qayaları yaza-yaza şərəfli döyüş yolu keçmiş Rəşid müəllim özünün göstərdiyi rəşadətdən, ağır yaralanmasından, aldığı çoxsaylı orden və medallardan bir kəlmə belə yazmır. Bu təvazökar şair ürək ağrısı ilə müharibədən qayıtmayan, canını fəda verən nakam gənclərimizi belə xatırlayır:
Dağların tüstüsü, dumanı yatdı,
Ellərin ah-vayı, amanı yatdı,
Qayıdan qayıtdı, vüsala çatdı,
Qalanlar Vətənə oldu sadağa,
Elə bil dünyada yoxumuş dava.
Şair qəm-kədər içində “Çəkildi çən, duman, açıldı hava” şeirinin o biri bəndində yazır ki, bu dəhşətli müharibə bütün insanları pərən-pərən saldı, uzun illər milyonlarla insanlar didərgin, qaçqın, köçgün həyatı yaşamağa məcbur oldu. Hətta, müharibə əlçatmaz, ünyetməz səmalarda azad uçan quşları da kəməndə saldı. Savaş qurtardı, hamı isti ocağına, doğma yuvasına qayıtdı. Çünki Vətənin igid oğullarının rəşadəti nəticəsində düşmənin ölüm saçan yuvası dağıldı:
Zərbini göstərdi Vətən davası,
Dağıldı düşmənin qanlı yuvası,
Çəkildi torpaqdan ölüm havası,
Turac da, bülbül də qondu budağa,
Elə bil dünyada yoxuymuş dava.
Düşmənin dağıdıb viran etdiyi kəndi, şəhəri qadir insan əli yenidən bərpa edib, öz gözəlliyini özünə qaytardı. Bardan, bəhərdən düşmüş bağlar cana gəldi, dünyanın dərdini çəkən qocaman dağlar da rahat məfəs almağa başladı:
Dünyanın dərdindən qaraldı dağlar,
Dincəldi, dirçəldi, saraldı dağlar,
Gül açdı bağçalar, bar aldı bağlar,
Uçuşdu kəpənək qızanda hava,
Elə bil dünyada yoxuymuş dava.
Rəşid Hacallı ömrü boyu halal zəhmətlə önür sürüb, nümunəvi həyat tərzi yaşamış ən saf, ən pak şəxslərdən idi. Bu halallıq, bu saflıq onun şeirlərində də cücərib boy atmışdır. Şair həyatın mənasını hərislikdə, acgözlükdə, haram yolla var-dövlət toplamaqda görənlərə anladır ki, belə tamahkarlıqlar heç kəsə bu dünyada baş ucalığı gətirməyibdir:
Qucaqlama, dünya malı qalan döy,
Var-dövlətdən sənə qardaş olan döy,
Mal da, pul da gedərdir, qalan döy,
İnsan olan düz ilqarı gözdüyər.
Rəşid Hacallı İlahi sözün, mahnılarımızın, muğamlarımızın, bir də məclislər yaraşığı aşıqlarımızın vurğunu idi. Onun “Aşıq Əmrah”, “Aşıq Hüseyn Saraclı”, “Nəğməkar Balaoğlana”, “El içində”, “Ay qadası” və s. sərlövhəli şeirlərində nəcib və incə ruhlu şairin ilhamının necə qanadlandığını aydın duyuruq.
Aşıq Əmrah, çağla coşqun təbinlə,
Bir çeşməsən yüz bulağın içində.
Pərdələrdən abı-kövsər süzülür,
Qaynaq tapıb buz bulağın içində.
Rəşid Hacallı “Görək” şeirində yenicə şeir yazmağa başlamış gənc Zəlimxan Yaquba çox gərəkli məsləhətlərini və tövsiyələrini vermişdir. Əslində, bu faydalı tövsiyələr təkcə Zəlimxan Yaquba aid deyil, həmçinin yeni şeir yazmağa başlayan gənc şairlərə də aid idi. Bu şeir həm də Borçalının müdrik ağsaqqalı, kamil qələm sahibi Rəşid Hacallının nəvəsi gənc şair Zəlimxan Yaquba verdiyi xeyir-dua idi. Alxas ağa ocağı adından verilən bu xeyir-dua sonralar Azərbaycanın Xalq şairi fəxri adına layiq görülmüş Zəlimxan Yaqub üçün çox düşərli olmuşdur.
İşgəncə yağsa da yağış yerinə,
Xətər gəlməyəcək ilham pərinə,
Çəkinmə dalğadan gir ümmanlara,
Qorxuda bilməsin ləpələr səni,
Haqnan ədalət göyə qaldırar,
Yaltaqlıq, əyrilik ləkələr səni.
Xalq şairi Zəlimxan Yaqub isə öz müəllimi Rəşid Hacallı haqqında sonralar belə yazmışdır:
“...Haqqında söhbət açdığımız nəslin barlı budqalarından biri də bu gün adı Borçalıda hörmətlə çəkilən məşhur müəllim-pedaqoq, 50 il maarif sahəsində fəaliyyət göstərmiş Alxas ağanın oğul nəvəsi Rəşid ağa Hacallıdır. Rəşid müəllim çox işıqlı bir ziyalı, gözəl bir şair, sözün əsl mənasında, şəxsiyyət idi...”
Rəşidəm, şeirimlə səslənir adım,
Abbas, Zəlimxandı qoşa qanadım,
Babam Alxas ağa fəxri ustadın,
Bəllidi dərinim, dayazım mənim.
Onu da qeyd edək ki, Rəşid Hacallı XX əsrin 50-ci illərdən Bolnisi rayonundakı Kəpənəkçi (indiki Kvemo-Bolnisi) kənd orta məktəbində təşkil etdiyi «Yurd yeri» ədəbi dərnəyinə uzun müddət rəhbərlik etmişdir. Həmin dərnək ötən əsrin 80-ci illərdə Bolnisidə çıxan «Qələbə bayrağı» qəzetinin redaksiyası nəzdində fəaliyyət göstərmişdir. (Müşfiq Borçalı. Çağdaş Borçalı ədəbi məktəbi. B., “Azərbaycan” nəşriyyatı, 1994, səh.98-99)
Təcrübəli müəllim olaraq yarım əsrdən artıq maarif sahəsində pedaqoji fəaliyyət göstərən və həm də bir-birindən gözəl yüzlərlə poetik əsərlər yaradan şair Rəşid Hacallı 1995-ci ildə 81 yaşında dünyasını dəyişmişdir.
Şairin şeirləri ölümündən sonra oğlu Aydın Hacallı tərəfindən “Köklərdən budaqlara” adlı kitabda nəşr olunmuşdur.
Bolus Kəpənəkçi ziyalılarının yetişməsində böyük və əvəzsiz xidmətləri olan Rəşid müəllimin əziz xatirəsi ondan təhsil alanların, onunla dostluq və yoldaşlıq etmiş yüzlərlə adamların qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!.. Ruhu şad olsun!...
Müşfiq BORÇALI,
ZiM.Az
(Bax: Müşfiq Borçalı. Çağdaş Borçalı ədəbi məktəbi. B., “Azərbaycan” nəşriyyatı, 1994, səh.98-99)
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.