Əmir Muxtar oğlu üç il dövrünün ustad aşıqlarından sayılan Məşədi Söyünə şagirdlik etmişdir. Sonralar bu sənətdə kamilləşən Aşıq Əmir Borçalı aşıq məktəbində tanınan Qoşaisəli Aşıq Əhmədə, Dəllər Aşıq Mehdiyə və Qafqaza ustadlıq etmişdir. Ömrünün sonlarına yaxın nəvəsi Səbinə də babasına şagirdlik etmişdir. Hamamlı Alı Qara düz on il Aşıq Əmirə balabançılıq edərək, onunla birlikdə yüzlərlə ağır toy şənlikləri aparmışlar.
Aşıq Əmir 1992-ci ildə dünyasını dəyişmişdir.
Allah rəhmət eləsin!..
Aşıq Əmir ciddi şeir yaradıcılığı ilə məşğul olmasa da, onun bəzi qoşmaları bu gün də aşıqlar tərəfindən məclislərdə oxunur. Aşağıda həmin qoşmalardan bir neçəsini dərc edirik.
BU DAĞLARDA
Köhlən yorub ilham aldım
Bu dağlarda, bu dağlarda.
Dostlar ilə süfrə saldım
Bu dağlarda, bu dağlarda.
Aşiq olan bələn aşar,
Sular kimi axıb, daşar,
Sevənlərin təbi coşar
Bu dağlarda, bu dağlarda.
Ceyran, cüyür enər düzə,
Göy çəməndə gəzə-gəzə,
Yaşıl otlar çıxır dizə
Bu dağlarda, bu dağlarda.
Torpağında gözüm qaldı,
Ocağında közüm qaldı,
Deyilməmiş sözüm qaldı
Bu dağlarda, bu dağlarda.
Gör nə gözəl kef, damaqdı,
Bülbül ötür səhər vaxtı,
Aşıq Əmir bir qonaqdı
Bu dağlarda, bu dağlarda.
SORAQDADIR
Əyriqara kölgə salan
Şamdüyəmiz qabaqdadır.
Yurd yerində ağır ellər,
Gözəl kefdə, damaqdadır.
Dağlarımın göy yaylağı,
Əskik olmur heç yığnağı.
Ləzzət edir bal-qaymağı,
Dadı, tamı dodaqdadır.
Aşıq Əmir ilham alır,
Şeir qoşub sazda çalır.
Hər il yayda qonaq qalır,
Adı dildə, soraqdadır.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.