Ziyəddin Novruzoğlu: "Yurdum Kəpənəkçi, elim Borçalı!.."

BORÇALI

Saydım gözəlliyin gəlmədi saya,
Dəyişmədim səni heç bir obaya,
Qoynunda göz açdım gəldim dünyaya,
Qoynunda açıldı dilim Borçalı,
Yurdum Kəpənəkçi, elim Borçalı!

Varlığına bağlı arzum diləyim,
Sənsən bərəkətli, duzum-çörəyim.
Ölləm - sənsizliyə dözməz ürəyim,
Üzülərsə səndən əlim Borçalı,
Yurdum Kəpənəkçi, elim Borçalı.

Saysız igidlərin ərənlərin var,
Yolunda canını verənlərin var,
Qoy alım nə qədər dərdi-sərin var,
Gözlərin yaşını silim Borçalı,
Yurdum Kəpənəkçi, elim Borçalı.

Heç vaxt sönməyəcək ocağın sənin,
Nə coxdur comərdin, qoçağın sənin,
Tərifə layiqdir hər çagın sənin,
Dil açar sazımda telim Borçalı,
Yurdum Kəpənəkçi, elim Borçalı.

Ziyadam, alışdim həsrətdən yenə,
Tərk edim qürbəti, dönüm vətənə,
Öpüb hər daşını mən dönə-dönə,
O cənnət qoynunda ölüm, Borçalı
Yurdum Kəpənəkçi, elim Borçalı!..

Ziyəddin Novruzoğlu
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: