Qoy hədər getməsin bircə anın da,
Ey könül, usanma dözümün olsun.
Deyirəm, bu yollar kəhkəşanında,
Bir kiçik cığır da özümün olsun!
-deyən duyğulu insan - tanınmış neftçi-alim, bir neçə poetik toplu müəllifi - Hacan Hacısoy (Hacan Qulu oğlu Hacısoy)
1946-cı ildə qədim Qaraçöp mahalında indiki Gürcüstanın Kaxeti bölgəsindəki Saqareco rayonunda anadan olub. Orta məktəbi doğma kəndində bitirib, sonra ali təhsilini Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda (1964-1969, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) alıb.
Müxtəlif illərdə baş mühəndis və laboratoriya müdiri olub.
1982-ci ildən texnika elmləri üzrə fəlsəfə doktorudur.
1996-2004-cü illərdə Azərbaycan Respublikasının Gürcüstandakı Fövqalədə və Səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Hazırda isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosentidir.
80-dən çox elmi məqalə və 5 ədəbi-bədii kitabın müəllifidir.
Maraqlır ki, bir neçə şeir və poemalar kitabının müəllifi olan bu təvazökar insan heç bir yerdə özünü şair kimi tanıtmır. "Yurdum – yuvam...” (şeirlər və poemalar, Bakı: Pedaqogika, 2011) kitabının annotasiyasında oxuyuruq: "Müəllifin heç nəyə iddiasi yoxdur. O, öz daxili aləminin, söz dünyasının göstəricisi, duyğularının ifadəsi kimi, bu şeirləri sizin diqqətinizə təqdim edir ".
Ancaq onun poetik topluları ilə tanış olan hər kəs poeziya aləmində özünəxas ədəb-ərkanı olan "çiynində söz yükü daşıyan bir yolçu” görür, başqa sözlə, narahat şair qəlbinin döyüntülərini eşidir. H.Hacısoy poeziya aləminə gələnəcən dünyanın bir çox haqsızlıqlarını görüb, əsrin faciələrinin şahidi olub. Heç şübhəsiz, millətini, dövlətini sevən bir ziyalı kimi, qəlbindən gələn haqq səsini yazıya almaya, o müdhiş olaylari poeziyanın məhkəməsinə verməyə bilməzdi.
Onun uşaqlıq illəri dünyaya göz açdığı Qaraçöp elində keçib. Söykəndiyi Töyrə təpəsinin ab-havası, əfsanəvi Qavrı çayının axar-baxarı onun ruhuna qida verib. O, doğuya, batıya, quzey, güney Azərbaycana, baxtının tacı Borçalıya məhz "eyvan mahallı Qaraçöp”dən baxıb. Dillərdə gəzən bu el basdığını kəsməyən ər kişilərin güc-qüdrəti sayəsində tarixin sərt sınaqlarından uğurla keçib zəmanəmizə qədər gəlib çıxa bilib.
H.Hacısoy bədii yaradıcılığında mövzu dairəsi çoxşaxəli deyil. Əsasən Vətən, Torpaq, Dünya, Zaman və insan mənəviyyatının müxtəlif probləmləri onun şeirlərinin kökü və mayasıdır. Əsərlərinin bir hissəsi kövrək, nisgilli ovqata köklənmiş şeirlərdir. O, heca vəznində yazdığı şeirlərində klassik janrın uğurlu nümunələrini yaradıb. H.Hacısoyun "Arasında”, "Örkən doğanaqdan keçir”, "Ömür sünbül üstə dəndir”,”Olmasa”, "Nə vecinədir”, "Arzu” və b. gəraylıları aşıq şeir şəkillərinə məxsus keyfiyyətləri özündə ehtiva edən maraqlı sənət nümunələridir. Bu şeirlərdə folklordan gələn motivlər müasir düşuncə ilə birləşir. Şair müxtəlif həyat hadisələrini, günah, savab, tamah haqqında düşüncələrini içindən keçirərək şerin məzmun qatına yerləşdirir.
Baxtı alın tərində gəz,
Ləl-gövhəri dərində gəz.
Hər şeyi öz yerində gəz,
Yağ atxarma şor içində.
Heç şübhəsiz, bu ənənəviliklə yanaşı, müəllifin başqa şeirlərində yeni məzmun keyfiyyətləri də diqqəti çəkir. Qarabağ savaşının ağrı və sarsintıları içində boy atan misralar vətəndə qərib olanların içində yol taparaq lirik "mən”in ağrılarına şərik olur:
Əldən gedən, gözdən itən,
Kimə qaldı o yurd Vətən.
Dərd əlindən dil-dil ötən,
Sarı bülbül nə kefdəsən?
"Yurd yerində” şerində Laçından qaçqın tələbə yoldaşının dedikləri isə "El-obanın xəzan ömrü”nə oxunan elegiyadır. ”Dərd üst-üstə, qalaq-qalaq,”//Dərmanın hardan alaq?//Göz yaşıtək axan bulaq,//Yurdu ağlar yurd yerində”. Doğma nəfəsə möhtac sarayların harayı, "tənha qalmış ocaq daşının çarəsizliyi” şerin mayasıdır. Təkcə didərgin ömrü yaşayanlar yox, qız-gəlin yığnağından uzaq bulaqlar qəm-kədər çökmüş dərələr, sükuta qərq olmuş sıra dağlar "Matəm saxlar yurd yerində”.
Gəraylılar, adətən, şən-şux notlar üzərində köklənir, ancaq Hacanın gəraylılarında zəmanənin etibarsızlığından, insanın nəfsindən, kişiliyin sındırılmasından, bir sözlə, mənəviyyatda gedən cılızlaşmalardan dil açan misralar çoxdur. Nə yaxşı ki, ruhuna kədər, yanğı, ümidsizlik hopmuş bəndlər axıracan davam etmir. Son bənddə nikbin ümid yer alır.
Könül, olma ürəyi dar,
Bir boşalan, bir də dolar!
El qayıdar, bərpa olar,
Köhnə çağlar yurd yerində.
Göründüyü kimi, lirik yaradıcılığında heca vəzninə üstünlük verməklə müəllif milli şerimizin çoxəsrlik təcrübəsinin qorunub saxlanmasına yardım göstərib.
H.Hacisoy insan, insanlıq haqqında düşüncələrində əsasən nikbin qalsa da, çiy insanların xəyanətini, unutqanlıq və biganəliyi görəndə məyus olur. Yerdəkilərdən əli üzüləndə çıxış yolu kimi Tanrıya üz tutur:
...Bizə düşmən nə lazım ki,
Öz-özümüzə tələyik,
Tanrım, biz niyə beləyik?!
Zaman-zaman ədəbiyyatımızı düşündürən suallar bu şeirdə fərqli şəkildə qoyulub. Şeir hadisələrə vaxtında reaksiya vermək baxımından da maraq doğurur. Bu ədəbi tablodatamahın, nəfsin önə keçdiyi günümüzün illüstrasiyası çəkilib. Onun çizgiləri şerə bol təəssüf hissi, bir də ironik münasibət gətirməklə oxucunu xeyli düşündürür.
Mövcud reallıqlar H.Hacisoya "Bu yol bizi hara aparır görəsən?!”sualına cavab tələbini qoyur. Şeirdə cəmiyyətin mənəvi durumu sərgilənsə də, ən başlıcası "Yalan tərəziyəpərsəng daşısa,//İblis insanlığa yol yoldaşısa” bu ağrı, sorğu davam edəcək. Lirik qəhrəman bəzən "Yollar ayrıcında çaşıb qalsa” da sonda əsas keçidləri dəqiq nişan verməyi bacarır:
Üzə çıxmaq üçün yeraltı sular,
Süzülür, durulur keçir yüz qatdan.
Ömür yollarında iki keçid var:
Ya qılıncdan keçmək, ya saqqal altdan!
Lirik "mən” "Çaqqal kölgəsində məst olmaqdansa”, ”Qılınc kəsərində qanım axaydı!” istəyində qalır.Çünki saqqal altdan keçmək nankorluq, mənəviyyatsızlıqdır. Digər keşid isə kişiliyin, ucalığın bədii təsdiqidir. O səbəbə bu əxlaqi keyfiyyət oxucuya əminliklə ötürülür.
Göründüyu kimi,"Yollar gördüm: dərə keçdim, dağ aşdım”- deyən müəllifin şeirlərində Yol obrazı diqqəti cəlb edir. Bu yollar oxucunu qədim yurd yerlərinə-Borçalıya, Azərbaycana, Xudafərinə oradan Turana aparıb çıxarır. Ancaq, "Xırdalandım dənə-dənə,// Yol qalmadı məndən mənə”, misralarındakı həsrət, nisgil bizi qarsıyır. Çünki əzəli torpaqlarımız Qarabağın yolları indi üzümüzə bağlıdır.
Qurulsa da neçə tələ, gedirəm,
Övladımla mən əl-ələ gedirəm,
Sonu ölüm olsa belə, gedirəm.
Döndər məni Qarabağın yoluna!
Şeirdə iki hiss vəhdətdədir: yurd yerləri, şəhid ruhunun çağırışı ilə lirik qəhrəmanın üsyankar çıxışı. Fikrin əyaniliyi, istəyin aliliyi şerin poetik intonasiyasinda aydıca duyulur. Yollar üzünə nə qədər qapansa da, lirik qəhrəman ümidsizləşmir, çünki bu yol həm də haqqın-ədalətin yoludur. İnanırıq ki, gözləri yolda qalan yurd yerlərimizin yollarında tezliklə yaşıl işiq yandırılacaq.
Doğma vətəndən-onun qayğı və ağrılarından yazan Hacan Hacısoy ovqatının nikbin anlarında ara-sıra sevgi mövzusuna da üz tutur. Onun sevgi şeirləri "Yaşadığım günlər ömür adlanar, Ancaq sənə görə, sənin xətrinə” bölməsində toplanıb. "Məni bu sevgi yaşatdı”, "Mənim eşqim”, "İkimiz bir yerdə”, "Bir tamın iki hissəsiyik”,”Qovrulmuşa rəhmin gəlsin”,”Sözümdən yaman qorxuram”,”Hər şirin dilə aldanma”,”Məhəbbət halallıq sevir”,”Ona haram qatmaq olmaz”, Allah, bu sevgini günaha yazma” istəyi müəllifin sufi düşüncəsindən, təsəvvüf işığından süzülüb gəlir.
Bütün ucaların ucası budur,
Dilimin kəlməsi, hecası budur.
Könlümün yeganə ricası budur,
Allah, bu sevgini günaha yazma.
İlahi sevgi Tanrının öz bəndəsinə verdiyi pay olduğunundan inanırıq günaha yazılmayacaq.”Qısqanclıq” şerində Qısqanclıq və Məhəbbət obrazlaşır. Qısqanclıq sevənlər üçün həddini aşıb ürəyə ləkə salanda dərddir, əksinə "Qısqanclıq olmayan yerdə bəlkə,//Sevgi də yurd salıb yaşaya bilməz”. Bu baxımdan müəllifə görə qısqanclıq həm də sevgidə meyar, ölçüdür.
Eşqin oduna hey yanıramsa,
Gərək qorxutmasın kədər,qəm səni
Mən səni nə qədər qısanıramsa,
Demək, o qədər də sevirəm səni!
Əlbəttə, müəllifin qısqanclığına belə münasibət bəsləməsi onu estetik dəyər səviyyəsində qiymətləndirmək niyyəti ilə bağlıdır. Çünki bu obraz sevginin nəsə tapdığı səbəblərdən biridir.
Ənənəvi formada yeni məzmun çalarlarını davam etdirən şair "Həmişə bir yerdə, həmişə ayrı" şerində düşüncələrini antitezalar üzərində qurmağa çalışır.
Biri digərinin əksi olan qütblər oxucu düşüncəsini yerindən tərpətməklə ona narahatlıq hisslərini də yaşadır:
Ömrümüz, günümüz qalıb gumanda,
Bir eşqin dözülməz hicran qəmiyik.
Olsaq da həmişə eyni ümmanda,
Hərəmiz bir səmtə üzən gəmiyik...
H.Hacısoy özünümühakimə edən, həm də özünə hesabat verən ziyalı, harada düz, harada səhv etdiyini etiraf edən şəxsiyyətdir. Oxucu müəllifin poetik aləmi ilə tanış olduqca kövrək duyğuların doğurduğu etiraf və hesabatların şahidi olur:
Hər nəyin var verib bada,
Qul oldum bir təmiz ada.
Bu əqidə yolunda da,
Öldünmü Hacan Hacısoy?
Digər şeirlərində hesabatla kifayətlənməyən müəllif için dərin qatlarına enir. "Asılı”, "Məni öz əlimdən qurtar, İlahi” şeirləri lirik qəhrəmanın taleyi haqqında ciddi fikirləri özündə ehtiva edir. "İçim nəhəng bir məngənə//Çölüm içimdən asılı”- deyən müəllifin təbiəti ilə zəmanənin gedişatı təzad təşkil edir. Qeyrət və haqsızlıq... Bunlar bir-birini təkzib edən qütblərdir. Hacan özünə qarşı o qədər tələbkardır ki, hətta özündən qurtarmaq üçün İlahiyə müraciət edir:
Dəyirmanım özüm, dənim özüməm,
Vallah, öz-özümə qənim özüməm.
Məni dara çəkən mənim özüməm,
Məni öz əlimdən qurtar, İlahi.
Misralardakı fikirlər ümidsizliyin, acizliyin əlaməti deyil, əksinə daxili psixoloji yaşantıların məzmunlu ifadəsi, başqa sözlə, mənəvi əzabların poetikləşdirilməsidir.
Hacan Hacısoyun şeir dilində İlahi, Tanri, Ya Rəsulallah kəlimələrinə sıx-sıx rast gəlirik. Bu, müqəddəs Həcc ziyarətində olmuş adamın müdriklik səviyyəsinin, həm də din, iman adamı olduğunun göstəriciləridir. Odur ki, "Var ilə yoxun arası”kitabının ("Naksuana” nəşriyyatı, Bakı, 2016)bir bölməsi "Allah-Rəsulallah-Müqəddəs kitab, üçü bir vəhdətə səcdə qılıram” adlanır. Bu hissədə toplanmış "Kainatın iftixarı Mühəmməd Mustafanın mövlud gününə (Nat-i şərif), "Ziyarət”, "Ruh”, "Nəfs”,”Tövbə”,”Səcdə”,”Haqqın ulu dərgahı”,”Allah məni bağışla” və s. şeirlər dini-irfani mövzuda yazılmışdır. Əməlində, fəaliyyətində pak olan müəllif həmişə Haqqın ulu dərgahına tapınıb:
... Qıfıldı - söz gəzdirib, yalan deyən dillərə,
Qandaldı-əyri yolla pis iş görən əllərə.
Şeytanın mədh etdiyi bütün bəd əməllərə,
Tovbə, tövbə, tövbədir,
Haqqın ulu dərgahı!
Şeir, əlbəttə, oxucunu paklığa sövq edən cizgilərin dolğunluğu ilə diqqəti cəlb edir. Dinimizin gücü, qüdrəti, müdrikliyi bütün səciyyəsi ilə mənalandırılır. "Kainatın iftixarı Mühəmməd Mustafanın mövlud gününə"(Nat-i şərif) şeri Yer üzünün sonuncu Peyğəmbərinin möcüzələri, müqəddəs əməllərinin işıqlı cazibəsi üzərində yazılmışdır. Önəmlisi odur ki, Mühəmməd Rəsulallah əsasən ”ilahi kəlmələrin tərcümanı”nın öz ifadələri ilə mədh edilir:
Tanrı təsdiq edibdir doğru, dürüst dindəsən,
Rəbbinə qulluq edən ən şərəfli bəndəsən!
"Şübhəsiz, sən böyük bir əxlaq üzərindəsən!”1
Könüllər sultanısan, sənsən hər qəlbə pənah,
Lə ilahə illallah, Mühəmməd Rəsulillah!
(Quran ayəsidir: Qələm surəsi, ayə 4)
Dini motivlərin bədiiliklə sintezindən hasilə gəlmiş şeir həcmcə cox böyükdür, İslam və onun banisinin mənəvi zənginliyi axarında davam edir.
Şair H.Hacısoy un şeir dili sadədir. Xüsusən lirik şeirlərində şifahi poeziyanın dilinə məxsus təbiilik, axıcıliq diqqəti cəlb edir. Əlvan təşbehlər, atalar sözü, zərb məsələlər, cinaslar təzadlı qarşılaşdırmalardan məqamında istifadə onun şeir dilinə şirinlik gətirib:
Dəyirmanım düzənlikdə,
Dəhnəsi dayanıb dikdə.
Daş-daşı yedi, dənlikdə,
Dənim olmadı neyləyim.
Birinci bənddə cinasla yanaşı, xalq dili üçün səciyyəvi olan "cızdağ olub” frazeoloji diyalektizmi şerə yeni ifadə çaları gətirmişdir. 2-ci bənddə "d” cingiltili samitinin yaratdığı alliterasiya şerin daşıdığı məna yükü ilə yanaşı rəvan səslənməsini də təmin etmişdir.
Daha sonra mövzuya uyğun digər ifadə tərzlərinin tapılması da müəllifin yaradıcılıq uğurlarındandır. Bir gəraylıda həyatın təzadlı məqamlarının ustalıqla ifadəsi şerin maraqlı oxunaqlığını təmin etməklə bərabər, həm də müəllifin fərdi dəsti-xəttini müəyyənləşdirir.
Bədii yaradıcılığını əsasən kövrək duyğulu, didaktik ruhlu şeirlər təşkil edən şair H.Hacisoyun poemaları Vətən yarayının əks-sədasıdır. Dərin yanğı hissi ilə qələmə alınmış "Dərd örnəyi-Vətən” poemasında xəyanət, unutqanlıq və biganəliyə qarşı güclü ittiham var. Çünki "Könlü qıyma-qıyma doğranan Vətən”dən yazmaq, "Vətənində vətən həsrəti çəkmək”dən ağır iş ola bilməz. Odur ki, əsərdə coşqun hiss və həyacan sonadək davam edir. Giley , etiraf nə qədər güclüdürsə, bir o qədər təsirlidir. Poema proloqəvəzi xitab-nəvazişilə başlayır:
Qəlbi para-para, sinəsi şan-şan,
De, haran ağrıyır Vətən, can Vətən!
Qayğısı, qovğası başından aşan,
Yarası yüz yerdən sızlayan Vətən!
Daha sonra Xocalı faciəsi, Daşaltı xəyanəti xatırlanır. "Kəsilib Şuşaya gedən yolumuz,// Daşaltı hələ də daş altındadır”. Bu xəyanəti kim bağışlasa da, nə torpaq, nə də onun ər kişilərinin ruhu bağışlamayacaq.
Bir azca düşünün ağıllı başlar,
Babaların ruhu didəcək biz.
Dəlidağda yatan abidə daşlar,
Oyanıb daşqalaq edəcək bizi.
Müəllifin təhkiyəsi ilə nəinki babaların ruhu tarixin daş yaddaşı da torpağın müqəddəslik rəmzi kimi poetik görüntüyə gətirilir. Kimdir Vətəni, milləti bu günə salan? "Təqsirkar tək ancaq fələkmi, babam?!”- sorğusu ilə ortaya çıxan müəllif erməni və onun havadarlarını göstərməklə yanaşı, tarixdə buraxdığımız səhvləri də sərgiləyir.
Dadına çatmadıq tək qalanların,
Öyünüb demə ki, başlara tacam.
Günahkarı kimdir axan qanların,
Xocalı, Xocavənd necoldu Xocam?!
Bəzən müəllif tarixin şanlı səhifələrini vərəqləyərək keçmişin həyat həqiqətlərinə ayna tutur. Babalarımızın fədakarlığı hörmətlə xatırlansa da, bu günlər onların layiqli xələfi olmadığımızı etitaf edir.
O vaxt götürmədi bu torpaq ləkə,
Qılıncla pozuldu düşmənin səfi,
Soltan bəy dərs verdi Andranikə,
Biz ola bilmədik onun xələfi..
Oxucu intizarda çox qalmır, sonraki bəndlərdə bəzi xarakterik səbəblərlə tanış olur. "Dəyərlər qiymətdən düşüb endikcə,// Tükənir inamın suyu dəhnədən.// Kişi qırıqları kişiləndikcə,// kişilik çəkilib gedir səhnədən ...”
Yenə də ən çox qınaq obyekti özümüzük. Axı kişilik çəkilib gedən yerdə hər hansı qeyrətdən danışmaq çətindir. Nə qədər ki, bir milyon vətəndaşımız vətənində vətənsiz qalacaq, yeraltı, yerüstü sərvətləri talan olacaq, "Sona bülbülləri” doğma yuvasından perik düşəcək bu qınaqlar bizi təqib edəcək. Bu məqamda istiqlal poeziyamızın istedadlı nümayəndəsi xalq şairi Z.Yaqubun müdrik kəlamlarını xatırlamaq yerinə düşərdi:”Yazılan hər əsər, nəşr olunan hər kitab bizə dostumuzu və düşmənimizi aydın və sərrast tanıtmalıdır. Haqqımızı almaq, istiqlalımızı qorumaq üçün qolumuzdan tutmalı, bizə düzgün istiqamət, aydın yol göstərməlidir.” (Bax. Z.Yaqub. Bir əli torpaqda, bir əli haqda. Bakı, Azərnəşr, 1999 səh 6-7).
Müəllifin ikinci poeması "Yurdum-yuvam...” adlanır. Əsərdə Azərbaycanın ağrı-acısına geniş əhatəli prizmadan yanaşılır. Poemanın məziyyətlərindən danışarkən xalq şairi Nəriman Həsənzadə haqlı olaraq yazır ki, "poemanızda sanki bütün Azərbaycanının xəritəsini cızmısınız”. (Bax Hacan Hacısoy. Üçleme. Azərbaycan kültür Evi Yayınları. İstanbul,2017, səh. 8)
Əsər milli ağrılarımızın poetik tərcümanıdır. Müəllif poetik düşüncələrini, xalqımızın sinəsinə çəkilən çalın- çarpaz dağları yenidən göründüyə gətirməklə ədəbiyyatımızda ”Azərbaycannamə” ənənəsinə sadiq qalıb.
Poemada qədim dövrdən bu günə kimi xalqımızın tarixi yoluna işıq salmaqla bizə taleyüklü məsələlər barədə bir daha ciddi düşünməyə sövq edir. Müəllif milli mövzuya digər ciddi motivlər də əlavə edib. Onun Vətən haqqında düşüncələrində təkcə bir xalqın deyil, bütün türk xalqlarının istəyi poetik əksini tapıb:
Harda məskunlaşıb.
Pərən düşən el-uluslar?
Hardadırlar Məhsətilər,-
Yurdu varkən o yurdsuzlar?!
Bu misralarda türküçülük şüuruna qayıdış çağırışı lirik "mən”in qayə və məramının aydın göstəriciləridir. Poemanın sonrakı davamında da Azərbaycan tarixinin səhifələri poetik dillə vərəqlənməkdə davam edir. Qərbi Azərbaycanın düşmən tapdağında olmasına, yüz minlərlə soydaşımızın öz əzəli ata-baba yurdundan didərdin salınmasına yanıb-yaxılır. İndi”İrəvan çuxuru”, "Uzundərə”, "Göycəgülümuz”öz doğma beşiyindən uzaq musiqi alətlərimizin pərdələrində məqam tutub. "İrəvan xanlarının canını alan xallar indi hara düzülür?!” poetik sualına cavab almayanda böyük ustada üz tutur: "İnsaf elə, oxuma, o mahnını Xan əmi”deyir.
Bütün bunların hamısı erməni sovinistlərinin qana bulanmış əlləri ilə edilib. Bu azmış kimi:
İndi də Qarabağ... axı bəs niyə,
Dərdimin üstünə bir dərd də gəldi?
Tarix təkrar oldu, döndü geriyə,
Yenidən ah-naləm göyə yüksəldi... -
-deyən müəllif ah-ufla kifayətlənmir. Qarabağ probleminin mənbəyini poetik təfəkkürün işığında təqdim etməyə çalışır, əsasən də buna nail olur. Bölmənin sonunda da xaraktercə nikbin olan müəllif səsini müasirlərinin çağırışına qoşur:
De, nə çıxır inləməkdən, ahu-zardan,
Ər igidlər qisas alsın yağılardan!
Torpaqların azad olsun, çıxsın dardan,
Ayağa qalx, dirçəl sən, ey Azərbaycan!
Bəndlər həm də ümidsizklidən, bədbinlikdən xilas olub səfərbərliyə çağırış marşı, həm də əsir torpaqlarımızın gec-tez azad olunmasına inamın poetik ifadəsidir.
Poemanın ikinci hissəsi Vətənin digər parası"Gözümün ağı-qarası Borçalıya” həsr olunub. Onu da qeyd edək ki, Borçalı müəllifin bədii yaradıcılığında əzəli-əbədi mövzulardan biridir. Bu ağır elin Başkeçid, Qaraçöp, Qarayazı və digər bölgələrinin dəfələrlə vəsf edilməsi fikrimizi bir daha təsdiq edir. Bu qədər sevgi məhəbbətə bölmənin əvvəlində bir müəllif işarəsi var:
Bu bağlılıq bir müqəddəs,
Ana mehrindən gəlir!
Bu bağlılıq göy üzündən,
Tanrı sehrindən gəlir...
Daha sonra müəllif "Sən bir səhvin qurbanısan,// Baxtı qıyqacı Borçalı” yanğısı ilə İran şahının ədalətsiz bir fərmanıni qınayır və Azərbaycanın tarixi abidəsi olan "Sınıq körpü" sərhəd məntəqəsinin adına işarə edərək deyir:
Dərd içində qəm yeməkdi,
Ayrılıq, həsrət deməkdi.
İki yerə bölünməkdi,
Sənin adın-mənim könlüm!
Tarixi faktlara söykənən bu acı olaylar poemanın tərkibini təşkil edir. Onu da qeyd edək ki, ədəbiyyatda Borçalı taleyinə reaksiya ardıcıl olmayıb. Ayrı-ayrı yazarların ədəbi dünyasında bu mövzu müxtəlif cür öz ifadəsini tapıb. Ancaq bu poema bədii ümumiləşdirmə etibarilə xeyli fərqlidir. "Sınıq körpü!... o tay, bu tay-iki övlad, Atası bir, anası bir” poetik qənaəti ilə yaddaşın gizlinlərini bədii sözün qüdrəti ilə bir daha aşkarlayır.
Bir qapısan beləcə,
Həm açıq, həm kilidli...
Olsam da gözdən uzaq,
Bir az vüsal ümidli,
Bir az hicran kimisən.
Ögey gözlə baxılan,
Nahaq oda yaxılan,
Qəlbi şişə taxılan,
Azərbaycan kimisən!
Poemada paralanmış Borçalının qayğı və iztirabları ilə yanaşı milli qürur və iftixar hissi də aparıcı mövqedədir. Əxlaqi-mənəvi dəyərlərimizi indi də qoruyub saxlayan Qarapapaq kişiləri, xalqımıza görkəmli şəxsiyyətlər bəxş etmiş Borçalı məktəbləri lirik ovqatda tərənnüm edilir:
Elin arxalandığı,
Cüssəli dağ kişilər!
Qarapapaq əsilli,
Qarapapaq kişilər!
Müəllif əski yer-yurd adlarını poemada olduğu kimi verməklə, elin arxalandığı kişiləri bir daha xatırlamaqla tariximizə, qədimliliyimizə, keçmişimizə sevgisini göstərir. Əsərdə milli dərdlə fəxarət, sevinclə ağrı birləşir. Bu təzadların vəhdətində yurd sevgisi, Vətən məhəbbəti boylanır.
Əsər yazılarkən süjetli poema yox, süjetli şeirlər kimi düşülünüb. Belə ki, poemalardakı "Azərbaycan”, "Borçalı”, "Bu yol bizi hara aparır görəsən”,”Tanrım, biz niyə beləyik” və s. şeirləri müəllifin vətəndaşlıq lirikasının bir qolu olmaqla yanaşı poemada lirik qəhrəmanın istək və arzularını, ağrı və iztirablarını əks etdirməyə xidmət edir.
Neftçi-alim Hacan Hacısoyun elmi təfəkkürü ilə yanaşı bədii-poetik təfəkkürü də itidir.
Bədii yaradıcılığında ənənəvi mövzulara yeni poetik baxış düşündürücü və ibrətamizdir.
O, həm də inam, ilqar şairidir, dini motivli şeirləri İlahi nuruna boyanaraq gənclərdə dini düşüncənin, inamın formalaşmasına kömək edir.
Ədəbiyyat:
1.Hacan Hacısoy. Yurdum-yuvam...(şeirlər və poemlar).Bakı: Pedaqogika, 2011. -196 səh.
2. Hacan Hacısoy, Var ilə yoxun arası, Şeirlər,Bakı: "Naksuana”nəşriyyatı, 2016, 160 səh.
3. Hacan Hacısoy. Üçleme. Azerbaycan Kültür Evi Yayınları İstanbul, 2017, 343 səh.
4. Zəlimxan Yaqub. Bir əli torpaqda, bir əli haqda. Bakı, ”Azərbaycan" nəşriyyatı, 1997 – 488 səh.
5. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı. 2 cilddə. I-II cild. Bakı, "Elm və təhsil”, 2016, 1088 səh.
Fərhad XUBANLI,
Pedaqogika üzrə fəlsəfə doktoru,
Gürcüstan
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.