1966-cı ildə kənd orta məktəbinin 1-ci sinfinə gedib və 1976-cı ildə orta məktəbi bitirib.
1978-1980-ci illərdə Monqolustanda hərbi xidmətdə olub.
1981-ci ildə ali təhsil almaq üçün Litvaya Respublikasına gedib və Kaunas şəhərində avtolaşdırma zavodunda 7 aylıq təcrübə keçib. Həmin ili Kazis Preykşas adına Litva Dövlət Universitetinin filologiya fakultəsinə (rus dili ədəbiyyatı) qəbul olub. 1984 cü ildə ailə vəziyyətinə görə Gürcüstana qayıdıb və təyinatla A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsinə daxil olub. İnstitutu bitirdikdən sonra Yırğançay kənd orta məktəbində müəllimlik fəaliyyətinə başlayıb.
1991-ci ildən Marneuli şəhərinə köçüb və hal-hazırda Marneuli rayonunun Qızılhacılı kəndindəki N.Nərimanov adına ictimai orta məktəbdə müəllimlik fəaliyyətini davam etdirir.
Ailəlidır. Dörd övladı - üç qızı, bir oğlu var.
Dursun Borçalı müəllim işləməməklə yanaşı, həm də saza-sözə, şeiriyyata, bağlı bir insandır. Yeri gələndə qələmə sarılıb gözəl şeirlər yazır. El məclisində və el şənliklərində həm aparıcı, həm də bir gözəl müğənni kimi iştirak edir. Gözəl toy-nişan yola salır.
Bununla yanaşı Bakıda vəaliyyət göstərən “Sazlı-sözlü Borçalı” Ədəbi Məclisinin üzvüdür və imkan tapan kimi Marneulidən Bakıya gəlir və məclisin tədbirlərində yaxından iştirak edir.
Biz də Dursun Borçalıya yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini
ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik!..
ZiM.Az
GƏL, BAŞINA DOLANDIĞIM
Niyə qəmli dayanmısan?
Gül, başına dolandığım.
Niyə uzaq dayanmısan?
Gəl, başına dolandığım.
Gəl dayanaq biz baş-başa,
Tər gülləri taxım döşə,
Belə olaq qoy həmişə,
Gəl, başına dolandığım.
Dursun sevir səni dərin,
Heyranıdı o gözlərin,
Vurğunudu sən gözəlin,
Gəl, başına dolandığım.
GÖRÜM
Əlim səndə yaman qalıb,
Gəl əlimi qaytar görüm,
Sənin gözün tora salıb,
Tordan məni quptar görüm?
Mən səhranı vətən etdim,
Ağ çalmanı kəfən etdim,
Niyə qaçdım, niyə getdim...
Dedim, canan tapar, görüm?
Ay Dursun, sən dağ çapırsan?
Tənhalıqdan zövq alırsan?
Sevdiyinə od salırsan?
Gəl həsrəti qopar, görüm.
GÖZƏL
Canım yazdın, canı aldın,
Al canımı sən can gözəl
Bilirsənmi can üstəyən?
Sənsən dərdə dərman gözəl.
Qəm kəndiri boğazımda,
Sönür baxış, avazımda,
Boran oldu bu yazım da,
Verməlisən fərman gözəl.
Dərya dərin keçəmmirəm.
Şərbət ağı içəmmirəm
Sənsiz axı dözəmmirəm.
Qalıb sənə güman gözəl.
Dursun, dərdin səni yıxdı,
Ahın, nalən göyə çıxdı,
Düşmən gülüb, yaman baxdi,
Sənə qurban bu can, gözəl.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.