Dünyadan gileyli getdi Nəsimi...

Dünyadan gileyli getdi Nəsimi... Səidə Əliyeva,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Rusiya Yazıçılar Birliyinin üzvü


Dik baxdı şair ölümün gözünə...


Əbədiyyət beşiyi ana vətən,
Şeir sənət ocağı lap əzəldən
Tarixə bəxş edib dünya vüqarlı
Nizami, Füzuli, Nəsimiləri.

Xalqının qüruru, bəşərin fəxri,
Neçə ölməz dahi sənətkarları,
Tarix yaraşığı, dünya şöhrətli
Əbədi qalan sənət əsərləri.

Nəsimi dünyası, Nəsimi irsi
Söz mülkünün möhtəşəm şah zirvəsi
Cəsarət, hünər, mərdlik nişanəsi
Əsil həqiqət, hikmət əfsanəsi.

Fədakar şair dahi Nəsiminin
Dərdi öz dərdidi bəşəriyyətin
Qəm-qübarı şeir, qəzəllərinin
Üstündə tər bənövşə məzarının.

Qərib məzarına göz yaşı tökər,
Karvan-karvan göydən keçən buludlar.
Vətən torpağından salam gətirər
Qatarlaşıb eldən köçən durnalar.

Cahana sığmazam söyləyən şair
Ölməzlik möhürü tale yazısı
Könüllər fəth edən möcüzə, sehir
Yazdığı qəzəllərin hər misrası.

Yaddaşlara yazıldı sətir-sətir,
Hər kəlamı əbədiyyət nəğməsi.
Soyulsada qarış-qarış mərd şair
Həqiqət carçısı, düz əqidəsi.

Misilsiz xəzinəsi əsərləri
Nəsillərdən nəsillərə yadigar
Silib ürəklərdən qəmi-kədəri
Günəş tək dünyaya zirvədən baxar.

Çiynində həyatın ən ağır yükü
Dik baxdı şair ölümün gözünə.
Utandırdı aciz zaman özünü
Baş əymədi cəhalətin hökmünə.

Ən mahir söz sərrafı Nəsimidi
Keçməkeş ömrünün şeir mənası
Şeirdi həyatı müqəddəratı
Fikir, düşüncə, təfəkkür aynası.

Əvəzsiz şeir yaradıcılığı,
Göydəki günəş qədər nur işığı.
Ən zərif duyğu, zövqü, hissiyatı
Bənövşə qoxulu şeir, qəzəli.

Qələmindən süzülən şeirləri
Ürəyinə tökülən göz yaşları.
Gözünün nuru, qəlbinin şəfqəti
Sevinc, kədər boylanan baxışları.

Puç arzu, ümidi, nakam sevgisi
Səadət gecikdi, hicran tələsdi.
Pərişan könlünün qəm şikəstəsi
Bir şair ömrünün şeir cələngi.

Yaz gəlməmiş qış tələsdi ömrünə,
Çən-çiskini gözlərində həsrətin
Əbədiyyət yazıldı taleyinə
Azərbaycan şairi Nəsiminin.

İmadəddin Nəsimi poeziyası
Mərdanəlik, mətinlik nümunəsi.
Əbədi qalan əvəzsiz töhfəsi
Şeir, qəzəl ən qiymətli misrası.

Nəsimi dövrünün söz sərkərdəsi
Döyüşdə qələmi güclü silahı.
Düşməni diz çökdürən hər kəlməsi
Şeir, qəzəli, cəsur iradəsi.

Nə imiş günahı? Bəşər övladı
Sənətin sultanı, eşqin qartalı.
Dünyanın özündə özü bir dünya
Şeirləri qəmli durna qatarı.

Həyatın sınağı, sərt imtahanı
Barışa bilmədi zaman şairlə
Könlünün səsi, incə duyğuları
Şeirləri bənövşə köynəyində.

Nə istədilər? Nə idi günahı?
Vaxtsız töküldü ömrünün yarpağı.
Tələsik yükləndi köçü, karvanı
Son mənzili qoynu qara torpağın.

Dünya istəmişdi yuva özünə,
Özü boyda şəfqəti yer üzünə.
Bir həyat eşqinə, sevgi naminə
Nöqtə qoya qəm-kədərin izinə.

Şair xəyalının sevgi dünyası
Dünyanın özünü sehirləmişdi.
Tükənməz ilhamı, könül aynası
Bütün kainatı tilsimləmişdi.

Dövrü zamanın mövhumat aləmi
Nə istəmişdi görən Nəsimidən?
Qürur, təmkin, varlığının hakimi
Söz cəngavəri, fədakar şairdən.

Sözün qüdrəti, sehiri hikmətdir
Ən nadir söz incisidir şairin.
Yarımçıq qəzəli, misra şeiri
Hər yuxusuz gecəsidir şairin.

Əsrin əzəməti, qüruru, fəxri
Qartal misraları şeir, qəzəli.
Əbədiyyət var imiş qismətində
Əbədi bir dünya söz aləmində.

Elə bir dünya ümidlər sabaha
Qanadlanan qaranlıqdan işığa
Təlatüm, tufan, təlaş dolu dünya
Bir şair otağı asiman boyda.

Məkirli dünyanın haqsızlıqları
Bir şair ömrünə qələm çəkildi.
Sönən bir baxışda saysız arzular
Cahana sığmadı həyatdan köçdü.

Təbiət pərişan, bəşər ağladı
Külli kainat, aləm yasa batdı.
Dünyadan gedən sadə insan deyil
Vətənpərvər şairim, cahan getdi.

Rüzgar kimi gəlib, keçən ömürü
Həyatın sərt sınağı, çətin günü
Təsəlli kağız parçası, qələmi
Dünyadan gileyli getdi Nəsimi.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: