filologiya elmləri doktoru, professor
AZƏRBAYCAN ƏDƏBİYYAT TARİXÇİLİYİ
(2019-cu il materialları əsasında)
II HİSSƏ
ƏVVƏLİ BURADA!..
IV.2 Azərbaycan mühacir ədəbiyyatın tədqiqi
Mühacirətdə yaranmış ədəbiyyatımıza maraq daim özünü göstərməkdədir. Azərbaycan mühacir ədəbiyyatı nümunələrinin tədqiq edilməsi ədəbiyyatımızdan kənar düşmüş ədəbi nümunələrin izlənilməsinə imkan yaradır. Müahicərət ədəbiyyatı da Azərbaycan ədəbiyyat tarixçiliyinin izlənilməsi baxımdan əhəmiyyət kəsb edir. Müacirət ədəbiyyatı nümunələrində əsasən, qürbət duyğuları, baş vermiş tarixi hadisələrə müxtəlif bucaq altında yanaşma özünü göstərməkdədir. Bu əsərlərin tədqiq edilməsi bu baxımdan ədəbiyyat tarixçiliyi üçün gərəklidir. Buna baxmayaraq, mühacirət ədəbiyyatının tədqiq edilməsi sahəsində addımlar 2019-cu ildə qənaətbəxş deyildir. Yalnız Abid Tahirlinin qələmə aldığı “Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu” monoqrafiyası Azərbaycan yazıçı-publisist, mühacirətdə ömür sürmüş Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq fəaliyyətini əks etdirir. Üç fəsildən ibarət olan “Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu” monoqrafiyasında ədibin mühacirətəqədərki yaradıcılığı, mühacirət dövrü yaradıcılığı tədqiqata cəlb edilmişdir. Müəllif bədii yaradıcılığı və publisistikası, həmçinin yazıçı-publisistin ədəbiyyatşünaslığa, folklora, tarixə aid araşdırmaları da tədiqi edilmişdir. Ceyhun Hacıbəylinin, mətbuat, mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığına aid əsərləri, tərcüməçilik fəaliyyəti də kitabda işıqlandırılmışdır. Abid Tahirli Ceyhun Hacıbəylinin ömür yolunu öyrənərək, ədibin yaşadığı ictimai-mədəni mühiti və bu mühitdə onun tutduğu mövqeyi də tədqiq etməyə cəhd etmişdir. Müəllif Ceyhun Hacıbəylini “Azərbaycan maarifçi -realist nəsrinin” nümayəndəsi kimi mətbuatdakı imzaları ilə bağlı yaranmış dolaşıqlıqlara da aydınlıq gətirmişdir. Müəllif ədibin müxtəlif imzalarla, “D..”, “Dj”, “Dj. D.- ni”, “Dj.Dağıstani”, “C.Dağıstani”, “Cey Dağıstani” imzaları ilə yazılar verməsi faktına da toxunmuşdur.
Müəllif Ceyhun Hacıbəylinin publisistikasının tarix və ənənələrimizi öyrənilməsi baxımından zəngin mənbə olmasını, müasir jurnalist-publisistlər üçün məktəb olması faktlarını vurğulaması həqiqəti əks etdirir. Müəllif ədibin mühacirətəqədərki dövrünə aid “Hacı Kərim” povestini 1909-1910- cu illərdə qələmə almasını, “Kaspi” qəzetinin səhifələrində hissə-hissə çap etdirməsi faktlarının vurğulanması Azərbaycan ədəbiyyat tarixçiliyi baxımından əhəmiyyət kəsb edir.
Monoqrafiyada Abid Tahirlinin “Hacı Kərim” və ya “Zaqafqaziya müsəlmanlarının həyatından etüdlər” əsərinin Qleb Uspenskinin (1843-1902) əsərlərini xatırlatması fikrinini səsləndirməsi əsassız görünür. Müəllif fikirlərində haqlı ola bilər. Lakin Abid Tahirli Ceyhun Hacıbəylinin Qleb Uspenskidən bəhrələnmə fikrini iddia etsə də, əsaslandırmağa nail ola bilməmişdir: ““Zaqafqaziya müsəlmanlarının həyatından etüdlər” öz üslubuna və janr xüsusiyyətlərinə görə XIX əsr rus yazıçısı Qleb Uspenskinin (1843-1902) əsərlərini xatırladır. Onun əsərlərində (xüsusən də “Rasteryayeva küçəsinin məişət və adətləri” silsilə hekayələrində) dövründəki rus meşşanının həyatı naturalist bir tərzdə təsvir edilir və xüsusi koloritmi ilə diqqəti cəlb edir. C.Hacıbəylinin povestindəki kompozisiya fraqmentallığı Q.Uspenskinin qeyd etdiyimiz əsərinin quruluşu ilə eynidir. Q.Uspenskinin qəhrəmanlarından Proxor Porfiriç rus meşşanını, onun həyat tərzini, məişətini təmsil etdiyi kimi, C.Hacıbəylinin qəhrəmanı tacir Hacı Kərim də müsəlman şəhərinin adi sakinlərindən biridir. Əsərdəki müxtəlif hissələri məhz bu əsas surət birləşdirir və demək olar ki, bütün hadisələr onun ətrafında cərəyan edir. Rus ədəbiyatında Q.Uspenskinin adı ilə bağlı olan bu cür naturalist bədii oçerkhekayələr silsiləsi çox güman ki, C.Hacıbəyliyə tanış idi və o həmin bədii formadan məharətlə bəhrələnmiş, Azərbaycan ədəbiyyatı üçün tamam yeni olan bu bədii formanı milli ədəbiyyatımıza daxil etmişdir”. [1, 124]
Monoqrafiyada ziddiyyət təşkil edən fikirlərdən biri də müəllifin “Hacı Kərim” əsərini povest kimi, hissələrini isə hekayə kimi təqdim etməsidir. Müəllif əvvəl qeyd etmişdir ki, “Hacı Kərim” povesti altı hissədən ibarətdir: 1. Hacı Kərimin səhəri; 2. Zəruri şər; 3. Hacı Kərim iş başında; 4. Hacı Kərim qonaqlıqda; 5. Hacı Kərimin məhəbbəti; 6. Hacı Kərimin səfərə hazırlığı”. [1, 125] Daha sonra isə müəllif povestin altı hissəsindən biri olan “Hacı Kərim iş başında” hissəsini hekayə kimi təqdim etməsi bu ziddiyyətin qabarıq nümunəsidir: “Hacı Kərim iş başında” hekayəsi qəhrəmanın hiyləgər, fırıldaqçı, mənəviyyatca kasıb, eyni zamanda, zirək, çevik, ayıq olduğunu göstərir”. [1, 131] Belə ki, “Hacı Kərim” əsəri ya povest, ya da hekayələr toplusu kimi təqdim edilir. Əsəri gah povest kimi təqdim etmək, gah da hekayə kimi təqdim etmək elmi qüsur kimi dəyərləndirilməli, əsərin janr baxımından düzgün qiymətləndirilməməsinin nəticəsi hesab edilməlidir. Ümumiyyətlə, müəllif ədibin povestinə daxil olan hissələri hekayə kimi təqdim edir: ““Hacı Kərimin məhəbbəti” adlı hekayədə əsərin qəhrəmanı tamamilə yeni tərzdə və keyfiyyətdə təqdim olunur”. [1, 138]
Abid Tahirlinin böyük ədib Ceyhun Hacıbəyliyə həsr etdiyi monoqrafiya əhəmiyyət kəsb edir. Lakin müəllif bəzən elmi mübahisələr yaradacaq məqamlara meydan verir. Belə ki, müəllif qeyd edir ki, “yanılmıramsa, Azərbaycan mühacirət irsində ilk və yeganə, həm də sənədli sinopsisin müəllifi də C.Hacıbəylidir. Sinopsis yunan sözüdür, “bir baxışla oxuna bilən” mənasını verir, Avropada, o cümlədən Fransada filmin ssenarisinin ilkin mərhələsi, yaxud xülasəsi anlamında işlədilir. Sinopsis oxucuda gələcək film haqqında, onun mövzusu, məzmunu, ideyası barədə müəyyən təəssürat yaradır, ssenarist üçünsə sinopsis, müasir dillə desək, bir növ “yol xəritəsi”dir, filmin süjet xəttini cızan, göstərən mətndir, onun əsasında filmin ssenarisi ərsəyə gəlir. Burada bədii təsvir və ifadə vasitələrindən, dialoqlardan, monoloqlardan istifadə edilmir, qısası ssenarinin, belə demək mümkünsə, eskizidir, “quru” mətndir”. [1, 197] Müəllif fikrində qətiyyətlik bildirmir. “Yanılmıramsa” ifadəsi tədqiqatçıya aid olan ifadə ola bilməz. Yəni tədqiqatçı fikirlərini monoqrafik tədqiqatlarda qətiyyətlə bildirməlidir.
IV.3 Şifahi xalq ədəbiyyatının tədqiqi
Xalq ədəbiyyatından gələn poetik ifadə mədəniyyətinin təbliği sahəsində tədqiqatçılarımızın fəaliyyətləri sevindiricidir. Ağız ədəbiyyatını yazılı ədəbiyyata əhəmiyyətli dərəcədə təsir göstərməsi tədqiq edilməkdədir. Səadət Məmmədin “Nağıl mövzu və obrazları bədii ədəbiyyatda”monoqrafiyasında Azərbaycan ədəbiyyatında nağıl mövzusuna müraciətin ədəbi-tarixi zərurəti, ayrı-ayrı tarixi mərhələlərdə nağıl mövzusunun yerinə yetirdiyi ədəbi-estetik funksiya, bu mövzuya istinadın forma və üsulları geniş araşdırılır. Monoqrafiyada diqqəti cəlb edən ilk amil əsərin adıdır. Belə ki, monoqrafiyanın adını nəzərdən keçirdikdə bir natamamlıq özünü göstərir. Belə ki, “Nağıl mövzu” “nağıl mövzusu” kimi təqdim edilməlidir. Monoqrafiyanı da mütaliə edərkən nağıl mövzusundan bəhrələnməsini müşahidə edirik.
Müəllif monoqrafiyanın fəsil və yarımfəsillərində istifadə etdiyi nağıl mövzu anlayışını işlətmişdir. Bu cür kobud səhv kitabın adında özünü göstərmişdir. Nağıl mövzusundan bəhrələnmə özünü bütün dövrlərdə və bütün xalqlarda göstərmişdir. Monoqrafiyanın adına çıxarılmış, yəni “Nağıl mövzu və obrazları bədii ədəbiyyatda” adlanan monoqarfiyada bədii ədəbiyyat ümumi şəkildə götürüldüyü üçün, digər xalqlar arasında, xüsusilə türk xalqları arasında yayılmış nağıl mövzularına da toxunulmalıydı. Lakin müəllif, konkret olaraq, bunu “XX əsrin müxtəlif mərhələlərində nağıl mövzusuna müraciətin ədəbi tarixi zərurəti və “Nağıl mövzusuna müraciətin forma və üsulları” kimi yarımfəsillərdə, həmçinin “Ədəbi-tarixi təcrübədə və XX əsrin birinci yarısında nağıl mövzusunun bədii ədəbiyyatda yeri”, “Nağıl mövzusuna müraciətin keyfiyyətcə yeniləşməsi”, “Nağıl mövzusunun ənənəvi-maarifçi təqdimatındakı sənətkarlıq axtarışları”, “Nağıl mövzusuna müraciət mətnaltı manera kimi” yarımfəsillər şəklində təqdim etmişdir. Fəsil və yarımfəsillərə diqqət yetirdikdə nağıl mövzusunun bədii ədəbiyyatda əksini, nə də obrazların təsnifatını görmək mümkün deyil. Səadət Məmmədin “Nağıl mövzu və obrazları bədii ədəbiyyatda”monoqrafiyasının adı mündəricatda özünü əks etdirə bilmir. Monoqrafiyada nağıl mövzusunun və nağıl obrazlarının təsnifatı aparılmamışdır. Müəllif mövzuyla bağlı olan yanaşmalarında pərakəndliyə yol vermişdir. Həmçinin konkret hansı janrlarda özünü göstərməsi və janrlar üzrə təsnifatının verilməməsi müəllifin fikirlərinə ifadə etməkdə təzad yaratmasına səbəb olmuşdur: “Nağıl bir yazı manerası, forma kimi yazıçını, sənətkarı axtarışlara və bu yolu seçməyə istiqamətləndirirdi.” Müəllif konkret olaraq nağıl mövzusnun bədii ədəbiyyatda işlənilməsini, yoxsa müəlliflərin nağıl qələmə almalarına münasibət bildirməsi monoqrafiyada qaranlıq qalır. Ona görə ki, nağıl bir forma kimi nəzərə alsaq onda müəlliflərin qələmə aldıqları nağılları təhlilə cəlb etmək lazımdır. Nağıl mövzusunun işlənilməsu məqamını açıqlamaq lazım olduqda, müəlliflərin buna niyə müraciət etmələri, necə müraciət etmələri, hansı janr qarışıqlığı yaratmaları faktoruna da toxunulmalıdır. Məsələn, Mövlud Süleymanlının “Köç”, Anarın “Ağ qoç, qara qoç” romanlarında nağıl mövzularına müraciət etməsi heç də bu müəlliflərin nağıl yazmaları deyil. Yəni, Səadət Məmməd qələmə aldığı monoqrafiyasında bunlara aydınlıq gətirməliydi. N.Kəsəmənlinin «Biri vardı, biri yox» şeirində nağıl mövzusu və ya obrazı ilə əlaqələndirməyə cəhdlər absurddur, müəllifin bu tip əsərlərdə “...mətnin alt qatında, bir istiqamətdə mahiyyətində bunları ehtiva edir və fikrin, məramın dolayı şəkildə çatdırılması məqsədini” [25, 59] daşımasını axtarmaqdan uzaq olmalıdır.
Almara Nəbiyevanın “Qarabağ aşıq mühiti” adlı monoqrafiyası müəllifin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş “Müasir dövr aşıq yaradıcılığı (Qarabağ aşıq mühiti materialları əsasında)” dissertasiyanı əhatə edir. Azərbaycan xalqının bədii yaradıcılığının ayrılmaz tərkib hissəsi olan Qarabağ aşıq mühitinin ayrıca tədqiq edilməsi və kitab şəklində nəşr edilməsi olduqca zəruridir. Kitabda Qarabağ aşıq mühitinin ustad aşıqları və el şairləri haqqında maraqlı məlumatların yer alması və araşdırılması təqdirəlayiqdir. Maraqlı məqam kitabda Qarabağ aşıq mühitinin müasir dövr aşıq yaradıcılığının izlənilməsidir.
Monoqrafiyada el şairləri termininin işlənilməsi diqqəti cəlb edir: “Qarabağ aşıq mühiti sənətkarlarının (el şairləri və aşıqlar) yaradıcılığının müqayisə və paralellərlə filoloji təhlili və araşdırılması”. [5, 7] “El şairləri” termini monoqrafiyada işlənilməsinə baxmayaraq, müəllifin Qarabağ aşıq mühitinin sənətkarları hesab etdiyi el şairləri haqqında məlumat verilmir. El şairləri və aşıqlar arasında fərqli və ya oxşar xüsusiyyətlərə aydınlıq gətirilmir. Tədqiqata cəlb edilən Qarabağ aşıq mühitinin sənətkarlarının el aşığı və ya aşıq olması aydınlaşdırılmamışdır.
Müəllif “Azərbaycan aşıq poeziyasında Qarabağ aşıq mühitinin yeri” adlı fəsli “Müasir dövr Qarabağ aşıq mühitinin digər aşıq mühitləri ilə oxşar və fərqli cəhətləri“ və “Qarabağ aşıq mühitinin mövzu, məzmun xüsusiyyətlərin” adlı yarımbölmədə işləmişdir. Müəllif “müasir dövr aşıq yaradıcılığı klassik aşıq sənətinin davamı” kimi qəbul edərək “Azərbaycan mədəniyyəti və incəsənəti tarixində Qarabağ aşıq mühiti XVII - XIX əsrlərdə özünəməxsus yer tutmasını” [5, 18-19] və “yüksəliş dövrünü” keçirməsini vurğulamışdır.
Kitabın “Müasir dövr Qarabağ aşıq yaradıcılığında klassik ənənələr və yeni yaradıcılıq üslubları” adlı ikinci fəslində Qarabağ aşıq yaradıcılığında təbiətin tərənnümü, məhəbbət mövzusu ilə bərabər köçkünlük, didərginlik və vətən həsrətinin təsviri, həmçinin yeni dövr dastan yaradıcılığına baxış özünü göstərmişdir. Müəllif regional dastanlar termini işlədərək, onların da klassik dastan ənənəsinə uyğun davam etdirilməsi amilinə də monoqrafiyada toxunmuşdur: “Qarabağ aşıq mühitində də regional dastanlar, daha doğrusu, el sənətkarlarının dastan yaradıcılığı əsas yer tutur. Xalq nəsrinin iri həcmli janrı olan dastanların yaranmasında Qarabağ aşıqlarının da rolu danılmazdır. Diqqət yetirsək görərik ki, bu mühitdə dastan yaradıcılığı klassik ənənəyə uyğun davam etdirilir”. [5, 198]
Monoqrafiyanın “Müasir dövr Qarabağ aşıq şerinin sənətkarlıq xüsusiyyətləri” adlanan ücüncü fəslində vəzn və qafiyə məsələləri, bədii ifadə və təsvir vasitlərinə nəzər salınmışdır. Monoqrafiyada Aşıq Məhəmməd, Aşıq Əli, Aşıq Zeynal, Aşıq Həmid, Ağabəyim ağa, Aşıq Pəri, Aşıq Nabat, Aşıq Bəsti, Aşıq Sənəm, Nübar Mədətli, Aşıq Xosrov, Adil Cəfakeş, Aşıq Xaspolad, Aşıq Umbay və başqaları haqqında məlumatların verilməsi Azərbaycan ədəbiyyat tarixçiliyini izlənilməsi baxımından əhəmiyyət kəsb edir.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 28 oktyabr 2016-cı il tarixli qərarı ilə nəşr olunmasını tövsiyyə edilməsi olan Xoşbəxt Əliyevanın “Dədə Qorqud” obraz və süjetləri bədii ədəbiyyatda” monoqrafiyası 2019-cu ildə nəşr edilməsinə baxmayaraq, əvvəlki dövrlərdə qələmə alınması, 2007-ci ildə tamamlanaraq ictimaiyyətə təqdim edilməsi ilə diqqəti cəlb edir. Azərbaycan bədii ədəbiyyatında “Dədə Qorqud” mövzu, obraz, süjetləri ilə bağlı XX əsr Azərbaycan ədəbiyyatında qələmə alınmış nümunələrdə əksini tapmasının izlənilməsi təqdirəlayiqdir. Lirik, epik və dramatik növlərdə qələmə alınmış bədii nümunələrdə Azərbaycan mədəniyyətinin tarixi yaddaşı olan “Dədə Qorqud”la bağlı olan mövzu, obraz və süjetlərin əsərlərdəki poetik-üslubi dəyərləri izlənilərək təqdim edilmişdir. Dədə Qorqud” obraz və süjetləri bədii ədəbiyyatda” monoqrafiyası “Dədə Qorqud” eposunda əksini tapmış milli-mənəvi dəyərlərin dövrümüzdə aktuallıq kəsb etməsinin təzahürü kimi müasir ədəbiyyatda “Dədə Qorqud “da aid obraz və mövzuların, süjetlərin yazılı ədəbiyyatda əks etdirilməsidir. X.Əliyeva poeziyada Dədə Qorqud obrazının kamil nümunələri kimi Məmməd Arazın “Məndən ötdü, qardaşıma dəydi”, Hüseyn Arifin “Göyçəlilər, dağılmayın Göyçədən” kimi şeirlərini təhlil obyektinə çevirmişdir. Müəllif Səhəndin “Dədəmin-kitabı” poema-dastanında, “N.Xəzrinin “Əfsanəli yuxular”, A. Abdullazadənin “Ulu Qorqud”, N. Kəsəmənlinin “Dəli Domrul” poemalarını da təhlil süzgəcindən keçirmişdir. Nəsrdə Dədə Qorqud obrazını Mikayıl Rzaquluzadənin “El gücü” kitabında toplanmış hekayələrində əksini tapmasını vurğulayır. Müəllif “Kitabi-Dədə Qorqud” mövzularının bədii ədəbiyyatda inikas etməsinin iki mərhələdə olmasını qeyd etmişdir. Bunlardan birincisinin, yəni birinci mərhələni qeyd edərək vurğulamışdır ki, “ötən əsrin 40-cı illərin əvvəllərindən başlayır və bu mərhələdə yalnız nəsr və dram əsərləri yazılır. Bunlar “Kitabi-Dədə Qorqud” mövzularının bədii ədəbiyyata gətirilməsində ilkin təşəbbüslər idi”. [14, 8] İkinci mərhələni isə Stalin rejiminin çöküşündən sonrakı baş verən siyasi dəyişikliklərdən sonrakı dövrə aid edir: “bədii qorqudşünaslıq sahəsində ikinci mərhələ məhz bundan sonra başlandı. Bu elə bir dövr idi ki, ədəbiyyatımızın özündə yeni bir mərhələnin əsası qoyulurdu”. [14, 11]
X. Əliyeva “Dədə Qorqud” obraz, mövzu və süjetlərin bədii ədəbiyyatda özünü göstərməsin amilini qruplaşdırmış, Dədə Qorqud obrazının ön planda durması, dastanın boyları əsasında müasir mövzulu əsərlər qələmə almaları amilini qabartmışdır.
IV.4. XIX əsrin sonu – XXI əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının tədqiqi
Azərbaycan ədəbiyyatının XIX əsrin sonu XXI əsrin əvvəllərini əhatə edən ədəbi məsələləri tədqiq edilməkdədir. Salatın Əhmədovanın “Böyük ömrün salnaməsi” kitabı dövlət xadimi, etno-mədəni düşüncə sistemində məxsusi yeri olan Səmədağa Ağamalıoğlunun həyatı və fəaliyyətini əks etdirir. Qeyd etməliyik ki, kitab həmçinin oxucuların ixtiyarına rus dilində “Летопись большой жизни” adı ilə təqdim edilmişdir. Cümhuriyyətə qədər, Cümhuriyyət dövründə, Cümhuriyyət dövründən sonra (sovet dövründə) ölkənin ictimai –siyasi, mədəni həyatında rol oynamış Səmədağa Ağamalıoğlunun şəxsiyyətinə, xalqı qarşısındakı fəaliyyətinə işıq salan kitabda bu tarixi şəxsiyyətin real obrazı yaradılmışdır. S. Əhmədova S. Ağamalıoğlunu tarixi faktlarla açmağa nail ola bilir.
“Yeni dövr Azərbaycan ədəbiyyatı: araşdırmalar” məqalələrdən ibarət kitabda XIX və XX əsrin əvvəllərində Azərbaycan ədəbi mühitini əks etdirən məqalələrin yer alması Azərbaycan ədəbiyytaı tarixçiliyini izlənilməsi baxımından maraq kəsb edir. “Yeni dövr Azərbaycan ədəbiyyatı: araşdırmalar” məqalələr toplusunda İsa Həbibbəylinin “Eynəli bəy Sultanov”, İslam Qəriblinin “Əkinçi”nin Moskva müxbiri”, Asif Rüstəmlinin “Poetik düşüncəmizin Səhhəti”, Cavanşir Yusiflinin “Formanın müqəddəs sirri -Seyid Əzim Şirvani”, Elmira Qasımovanın “Hacı Səlim Səyyah Qasımzadə”, Şahbaz Musayevin “Xurşidbanu Natəvan: həyatı və mühiti”, Nəzakət Qafqazlının “Əbdül Müin Niyazinin lirik yaradıcılığı” və digər müəlliflərin məqalələri toplanılmışdır. Bu məqalələr Azərbaycan ədəbiyyatı tarixçiliyinin XIX əsr və XX əsrin əvvəllərini əhatə edən dövrünü izləməyə imkan verən maraqlı mənbə kimi özünü göstərir.
İsa Həbibbəylinin “Eynəli bəy Sultanov” adlı məqalədə publisist, yazıçı, maarifçi realizmin formalaşmasında xidməti olan ziyalı Eynəli bəy Sultanovun fəaliyyəti işıqlandırılmışdır. Naxçıvan ədəbi mühitində “maarifçi mühitinin formalaşmasına hələ gimnaziya şagirdi ikən xidmət” [29, 6] göstərməsi, “buradakı teatr hərəkatı bilavasitə onun rəhbərliyi ilə formalaşması” [29, 7] kimi faktlar da əksini tapmışdır.
İslam Qəriblinin Ə.Gorani haqqında “Əkinçi”nin Moskva müxbiri” məqaləsi ədəbiyyat elminə xidmətləri olmuş, amma az tanınan Ə. Goraninin şəxsiyyətinə aydınlıq gətirmişdir. Müəllif onun “məşhur “Qarabağnamə” əsərinin müəllifi kapitan Mirzə Adıgözəl bəyin oğul nəvəsi Ə.Gorani” [29, 21] olmasını təqdim edir. İslam Qəribli Əsgər Goranini həm də “ ...yazıları ilə özünü vətənpərvər təbiətşünas alim, həm də qeyrətli jurnalist kimi təsvir edə” [29, 35] bilməsi amili işıqlandırılmışdır.
Asif Rüstəmli “Poetik düşüncəmizin Səhhəti” məqaləsində Abbas Səhhətin “mövzu etibarilə bir-birinin davamı olan” “Əndişeyi-rindanə”, “Rəddiyerindanə” şeirləri, həmçinin “Cümlə qayğı” əsəri, “Azərbaycan” şeiri və s. oxuculara təqdim edilmişdir.
“Yeni dövr Azərbaycan ədəbiyyatı: araşdırmalar” məqalələr toplusunda toplanılmış bütün məqalələr Azərbaycan ədəbiyyatı tarixiçiliyinin müəyyən səhifələrini işıqlandırmağa qadir olmuşdur. Məqalələr toplusunda ədəbiyyat sahəsinə az tanış olan imzalar ictimaiyyətə təqdim edilmişdir. Elmira Qasımovanın “Hacı Səlim Səyyah Qasımzadə” adlı məqaləsində şair, nasir, publisist Hacı Səlim Səyyah Qasımzadə haqqında məlumatın ilk dəfə Əliabbas Müznib tərəfindən verilməsi əksini tapmışdır. Elmira Qasımova ədibin 63 beytdən ibarət “Eşq” məsnəvisini, 42 beytlik “Heyyi ələl-fəlah” şeirini təqdim etmişdir.
Sabir Bəşirovun “Ləyaqətlə yaşanmış ömür” məqalələr toplusunda müəllifin yaradıcılığını əks etdirən məqalələləri və xatirələri toplanılmışdır. Məqalələr toplusunun üçüncü bölümündə əksini tapmış “Portretlər və düşüncələr” başlıqlı bölümdə Əlabbas, Aslan Quliyev, Nəriman Əbdülrəhmanlı, Əsgər Rəsulov, Əli Rza Xələfli haqqında yazılar ədəbiyyat üçün maraq kəsb edir. Müəllif ədəbiyyat sahəsində özünü göstərən biganəlik məsələsini qaldırmağa nail ola bilmişdir. Bu problemə nəzər salan Sabir Bəşirov bunu real fakt olmasını açıqlaya bilir: “Çingiz Abdullayev 108 roman müəllifidir. Ümumü tirajı 13 milyondan çox olan 67 kitabı çap olunub, dünya ədəbi arenasına çıxan hələlik yeganə yazıçımızdır. Bəs biz neynirik? Susur, ya ötəri qeydlə adını çəkir, ya da haqqında olmazın fikirlər deyirik. Fəlsəfə elmləri doktoru Firuz Mustafa istedadlı nasirdir, oxunaqlı, maraqlı nəsr əsərləri var, 20-dən çox pyesi tamaşaya qoyulub, ancaq hələlik onu da “görmürük””. [23, 190]
Sabir Bəşirov “Ləyaqətlə yaşanmış ömür” məqalələr toplusunda müəlliflərin qələmə aldıqları əsərlərdən imtima etmə probleminə işıq sala bilmişdir. Bu əməli müəllifin qələmə aldığı əsərin həqiqəti əks etdirməməsi ilə əlaqələndirmişdir: “Yazıçının nə vaxtsa öz əsərlərindən imtina etməsi zamana – məhdud zamana – yarınmağı, yalanı həqiqət kimi qələmə verməyi etiraf etməkdir... Bilmədən edilmiş səhv bağışlanandır. Bilərəkdən gerçəkliyi təhrif etmək şeytanilikdir, onun zövqünü korlamaqdır”. [23, 196]
“Sənətin Füruzəsi”-II məqalələr toplusunda şair, tərcüməçi, publisist-yazıçı, Beynəlxalq Poeziya Festivalının “Əlişir Nəvai” mükafatçısı Füruzə Məmmədlinin yaradıcılığı haqqında müasirlərinin qələmə almış olduğu məqalələr toplanılmışdır. Kitabda görkəmli ədəbiyyatşünas və dilçi alimlərin, söz, sənət adamlarının 1987-1990-cı illərdən etibarən müxtəlif adda mətbuat səhifələrində Firuzə Məmmədlinin elmi və bədii yaradıcılığına həsr etdikləri məqalələr tarixi-xronoloji ardıcıllıqla təqdim edilmişdir. Kitab 2010-cu ildə işıq üzü görmüş «Sənətin Firuzəsi» məqalələr toplusunun davamıdır. Kitabda Vaqif Yusiflinin, Dayandur Sevginin, Qulu Ağsəsin, Buludxan Xəlilovun, Təyyar Salamoğlunun, Qəşəm Nəcəfzadənin, Mərziyyə Nəcəfovanın və digər müəlliflərin Firuzə Məmmədli haqqında məqalələri toplanılmışdır. Məqalə toplusu müəllifin deyil, müəllif haqqında məqalələr toplusu kimi diqqəti cəlb edir. Azərbaycan poeziya sənətində imzasını qoya bilmiş qadın şairlərimizdən biri haqqında qələmə alınmış məqalələrin toplu halında toplanaraq ictimaiyyətə təqdim edilməsi təqdirəlayiqdir. Xalq yazıçısı Anar Füruzə Məmmədlinin yaradıcılığını dəyərləndirərkən qeyd edirdi ki, “Firuzə Məmmədli Azərbaycan poeziyasının zəngin ədəbi ənənələrini davam və inkişaf etdirən şairlərimizdəndir”. Təyyar Salamoğlunun Firuzə Məmmədli haqqında “Sənətin Füruzəsi”-II məqalələr toplusunda yer almış “Ümidlə inamın işığında” məqaləsində Firuzə Məmmədlini poeziyamızda “qəm poeziyasını” yaradanlardan hesab etmişdir:”Çağdaş şeirimizdə “qəmin poeziyası”nı yaradanlar sırasında Firuzə Məmmədlinin özünəməxsus yeri vardır”.
Alxan Məmmədovun “Milli istiqlalın carcısı və tərənnümçüsü- Məhəmməd Hadi” kitabı 112 səhifədən ibarətdir. Kitabda daim ədəbiyyatşünaslığımızın maraq dairəsində olan Məhəmməd Hadinin yaradıcılığına nəzər salınmışdır. M. Hadinin bədii yaradıcılığı, həmçinin həyatı ona həsr edilmiş tədqiqat əsərlərində əsaslı şəkildə tədqiq edilməsi faktı danılmazdır. Məhəmməd Hadinin ədəbi irsi və fəaliyyəti Seyid Hüseynin “Ədəbiyyatımız tarixindən: Əbdülsəlimzadə Məhəmməd Hadi”, Mir Cəlalın “Şair vətəndaş”, Məmməd Cəfərin “Səni kim unudar?” və “İşıqlı düşüncələr şairi”, Əziz Mirəhmədovun “Məhəmməd Hadinin tərcümeyi-halına dair mənbələr” və “Məhəmməd Hadi”, Bəxtiyar Vahabzadənin “Sənətkarın faciəsi”, Kamal Talıbzadənin “Mən bir kitab...”, Abbas Zamanovun “Ülvi əməllər şairi”, İslam Qəriblinin “M. Hadi poeziyasında Birinci Dünya müharibəsi mövzusu” kimi əsərlərdə əksini tapmışdır.
Alxan Məmmədovun Hadi yaradıcılığına həsr etdiyi kitabda ədibin ömür yoluna nəzər salınmış, şairin naməlum müxbir yazılarına, “...Əlvahi-intibah” poemasına, həmçinin cümhuriyyət dövrü yaradıcılığına qısa nəzər salınmışdır. Hadinin “Türkün nəğməsi” şeirinin çapında yol verilmiş nöqsanlara aydınlıq gətirilməsi təqdirəlayiqdir. Lakin 112 səhifəlik kitabın yarısından çox hissəsində (səh. 68-110) “şeir və məqalələrindən seçmələr” başlığı altında Məhəmməd Hadi yaradıcılığından nümunələrin verilməsi məqsədəuyğun deyil. Bu kitabın səhifələrinin süni şəkildə şişirdilməsinin göstəricisidir. Kitab müəllifin müxtəlif illərdə dövrü mətbuatda Hadi haqqında nəşr edilmiş məqalələr toplusudur.
Kitabda Məhəmməd Hadinin Cümhuriyyətə qədər və Cümhuriyyət dövrü yaradıcılığına nəzər salınması maraq kəsb edir. Müəllif şairin Cümhuriyyət dövrü yaradıcılığında marş və hərbi vətənpərvərlik ruhlu şeirlərin çoxluq təşkil etməsi amilini vurğulaması şairin o dövr yaradıcılığına verilən dəyərdir. Müəllif Yavuz Akpınar tərəfindən Əli bəy Hüseynzadənin Türkiyədəki arxivindən tapılmış, Məhəmməd Hadiyə aid olan “Qəhrəman türk əsgərinə” şeirini də şairin bu dövr yaradıcılığıa aid etmişdir. Alxan Bayramoğlu “Qəhrəman türk əsgərinə” şeirinin dil probleminə toxunaraq qeyd etmişdir ki, “Məhəmməd Hadi “Qəhrəman türk əsgərinə” şeirində məhz Azərbaycan və Anadolu türkcəsinin ortaqlığından yararlanmışdır. Nəticədə şeir həm yazıldığı marş janrına, həm də azərbaycan və Anadolu türkcəsinə uyğun olaraq bədii-estetik baxımdan təntənəli, ləngərli, anlaşıqlı, vətənpərvərlik ruhlu, döyüşkənlik və qələbə əzmli bir əsər kimi meydana çıxmışdır”. [4, 51]
Gülxani Pənahın “Ədəbiyyatdan əbədiyyətə” kitabında Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin tənqidçilik fəaliyyəti, ədəbiyyatşünaslıq konsepsiyaları nəzərdən keçirilmişdir. N.Şəmsizadənin ədəbi tənqidi və nəzəri-fəlsəfi görüşlərini əks etdirən monoqrafik tədqiqat alim haqqında fikir yaratmağa, onun fəaliyyətini göz önündə canlandırmağa nail ola bilir. Gülxani Pənah alim həmkarı Nizaməddin Şəmsizadənin elmi yaradıcılığına nəzər salmış, qələmə aldığı “Azərbaycan ədəbiyyatşünaslığı: mərhələlər və konsepsiyalar”, “Tənqidin ədəbi prosesdə rolu”, “İdrakın üfüqləri”, “Azərbaycançılıq”, “Azərbaycan ideologiyası”, üçcildlik “Seçilmiş əsərləri”, “Ədəbiyyat nəzəriyyəsi” kimi kitabları təhlil süzgəcindən keçirərək oxuculara təqdim etmişdir. G.Pənah N.Şəmsizadənin yaradıcılığını yüksək qiymətləndirərək qeyd etmişdir ki, “ Nizaməddin Şəmsizadə Azərbaycan ədəbi-tənqidi, ümumiliklə Azərbaycan ədəbiyyatşünaslığı tarixində öz fərdi elmi-nəzəri təfəkkürü ilə seçilən, çağdaş alimlər arasında nüfuzu olan, dərin ədəbi, elmi-nəzəri araşdırmalarında zəngin fəlsəfi mühakimələri ilə də elmi-nəzəri dünyagörüşümüzü zənginləşdirən alimdir”. [12, 7]
V. DƏRS VƏSAİTLƏRİNİN ƏDƏBİYYAT TARİXÇİLİYİNİN İZLƏNİLMƏSİNDƏ YERİ
Vaqif Aslanın “Türk xalqları ədəbiyyatı üzrə mühazirələr” adlı dərs vəsaiti Azərbaycan ədəbiyyatı tarixçiliyini izlənilməsi baxımından əhəmiyyət kəsb edir. Dərs vəsaitində Azərbaycan ədəbiyyatı tarixçiliyi ilə yanaşı ümumtürk kontekstində ədəbiyyat tarixçiliyini izləmək mümkündür. Dərs vəsaitində türk xaqları ədəbiyyatının istedadlı qələm sahiblərinin ədəbi nümunələri tarixi-müqayisəli şəkildə təhlil süzgəcindən keçirilmişdir. Vaqif Aslanın apardığı təhlillər nəticəsində türk xalqlarının ədəbi-bədii yaddaş kodlarının ayrı-ayrı zaman kəsiklərində təşəkkül tapması və tərəqqisi amili açıqlanmışdır. Vaqif Aslan eyni zamanda eyni mənbədən qaynaqlanan lirik,epik mətləri də müqayisə etməyə nail ola bilmişdir. Vaqif Aslan türk xalqlarının şifahi xalq ədəbiyyatı arasında oxşarlıq və eyniliklərə nəzər salmış, dsatna yaradıcılığını incələmiş, İmadədin Nəsimi və digər türk dahilərinin yaradıcılığını nəzərdən keçirmişdir. Müəllif Nəsiminin irfani ədəbiyyatda yerini müəyyənləşdirməsinə cəhd etməsi özünü tam şəkildə ortaya qoya bilməmişdir. Müəllif bu problemi başlığa çıxartsa da buna cavab verə bilmir, ədibin irfani ədəbiyyatdakı mövqeyini müəyyənləşdirməyə nail ola bilmir.
Almaz Binnətovanın (Almaz Ülvi) dərs vəsaiti kimi nəşr etdirdiyi “Şərq təzkirəçilik tarixindən” kitabında təzkirəçilik ənənələrinin tarixi kökləri tədqiq edilmişdir. Müəllif məhz Şərq təzkirəçilik tarixini nümunələr müstəvisində tədqiq etmişdir. B.M. Ovfinin farsca yazılmış “Lübab ül-əlbab” təzkirəsi, Ş.Ə.X.Tərazinin türkcə yazılmış “Fünun ül-bəlağə” təzkirəsi, D.Səmərqəndin “Təzkürət üş-şüəra”, Ə.Caminin “Nəfahət ül-üns” və “Baharıstan” təzkirələri, Ə.Nəvainin “Nəsaim ül-məhəbbət” təzkirəsi haqqında elmi-nəzəri fikirlərin irəli sürülməsi diqqəti cəlb edir. Bu təzkirələrdə Azərbaycan klassikləri haqqında məlumatlar diqqətə çatdırılır. “Şərq təzkirəçilik tarixindən” kitabı Azərbaycan ədəbiyyatı tarixçiliyini izləmək baxımından yardımçı ola bilir.
Almaz Ülvi “Əlişir Nəvainin “Nəsaim ül-məhəbbət” təzkirəsində” başlıqlı yazıda Nəvai “Nəsaim ül-məhəbbət” (“Nasoyim ul-muhabbat min shamoyim ul-futuvvat”) təzkirəsiində 770 sufi şeyxdən biri hesab etdiyi Əhməd Yəsəvi, Nəsimi haqqında məlumatları tədqiq etmişdir. Müəllif ədibin təzkirəsi haqqında qeyd edir ki, ”...ustadı Ə.Caminin “Nəfahət ül-üns min-həzarət əl-qüds” əsərini cığatay türkcəsinə çevirərkən mətnləri xeyli dolğunlaşdırır və 152 məşhur sufi şair haqqında əlavə edir”. Müəllif Əlişir Nəvai haqqında geniş məlumat vermişdir. Əlişir Nəvanini türkcə əsərlərini “Nəvai”, farsca isə “Fani” imzalarıyla yazması faktını vurğulamışdır. Bədii əsərlərində sufiyanə fikirləri daha qabarıq şəkildə nəzərə çarpması amilinə də toxunmuşdur.
“Şərq təzkirəçilik tarixindən” kitabında maraq kəsb edən amillərdən biri də, Əlişir Nəvainin qələmə aldığı təzkirənin “şairlər haqqında türkcə yazılmış ilk təzkirə-Əlişir Nəvainin “Məcalis ün-nəfais” təzkirəsi”ni ilk təzkirə kimi dəyərləndirilməsidir.
Nəticə
2019-cu il Azərbaycan ədəbiyyat tarixçiliyinin tədqiqi zamanı bir sıra problemlərin özünü göstərməsini müşahidə etdik. İlk növbədə, diqqəti cəlb edən “Nəsimi ili” ilə bağlı Nəsimi haqqında elmi tədqiqatların qələmə alınmasının tendensiyaya çevrilməsi ənənəyə bağlılıqla yanaşı, ədəbi ənənələrin yaddaşlarda yaşamasının göstəricisinə çevrildilər. Məsələn, akademik İsa Həbibbəylinin “Cahana sığmayan Azərbaycan şairi” kitabının oxuculara üç dildə Azərbaycan, rus və ingilis dillərində təqdim edilməsi, hürufizmin böyük ideoloqu Fəzlullah Nəiminin təlimini davamçısı olan İmadəddin Nəsiminin tədqiq edilməsi varisliyin izlənilməsinin əks etdirilməsidir.
İkinci problem, 2019-cu il Azərbaycan ədəbiyyat tarixçiliyini izləyərkən diqqəti cəlb edən amil, əvvəlki dövrlərdə olduğu kimi, məsələn, keçən ildəki, yəni 2018-ci ildə olduğu kimi ədəbiyyat tarixinin müxtəlif tarixi dövrlər baxımından tam şəkildə tədqiq olunmaması özünü göstərmişdir. Nəşr edilmiş kitablarda polemikaya az yer ayrılmışdır. Məsələn, Gülnar Ramizin “Azərbaycan nəsrində milli tarix konsepti”, Aynurə Paşayevanın “Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”, Səadət Məmmədin “Nağıl mövzu və obrazları bədii ədəbiyyatda”, Almara Nəbiyevanın “Qarabağ aşıq mühiti” və digər tədqiqatlarında elmi polemikaya az yer ayrılması, xarici elmi nəzəriyyəyə diqqət yetirilməməsi diqqəti cəlb edir.
Ən çox tədqiq edilən “Nəsimi ili” ilə bağlı Nəsimi dövrünü əhatə edilməsi təqdirəlayiq hadisədir. Tədqiq edilən folklorşünaslıq, XIX əsrin sonları - XX əsrin əvvəllərini əhatə edən yeni dövr ədəbiyyatı və müasir dövr ədəbiyyatının tədqiq edilməsi təqdirəlayiq hadisə olsa da, yenə də tədqiq edilən ədəbiyyat tarixi dövrlərinin azlığı təəssüf doğurur. Əvvəlki illərdə Orta əsr ədəbiyyatı geniş tədqiq edilməsinə rəğmən orta əsrlər dövrünə diqqətin azalması özünü göstərmişdir. 2019-cu ildə də yenə də mühacirət ədəbiyyatına, nəzəri və mətnşünaslıq problemlərinə toxunan kitab və monoqrafiyaların sayı azlıq təşkil etməkdədir.
Üçüncü problem, əvvəlki dövrlərdə olduğu kimi, 2019-cu il də Azərbaycan ədəbiyyat tarixçiliyi əsasən, əvvəlki illərdə doktorluq və namizədlik dissertasiyaları müdafiə etmiş müəlliflərin tədqiqatlarının kitab şəklində nəşr edilməsi, həmçinin əvvəlki dövrlərdə nəşr edilmiş kitab və monoqrafiyaların təkrar və başqa ad altında nəşr edilməsinin, həmçinin müxtəlif dövrlərdə nəşr edilmiş məqalələrin toplu halında nəşr edilməsi say baxımından çoxluğu da diqqəti cəlb etməkdədir. Bu təqdirəlayiq olsa da, Azərbaycan ədəbiyyatı tarixçiliyini izləmək baxımından Müasir Azərbaycan əbəbiyyatına dair yeni monoqrafiya və kitabların azlığı təəssüf doğurur. Müasir Azərbaycan ədəbiyyatına aid kitablar azlıq təşkil etsə də, ədəbiyyat nəzəriyyəsinə aid tədqiqatların olmaması, eyni zamanda ədəbiyyatla bağlı sözlüklərin kifayət dərəcədə təbliğ olunmaması, tekstilogiya aid kitabların az olması təəssüf doğursa da günümüzün reallığıdır. 2019-cu il Azərbaycan ədəbiyyat tarixçiliyini izləyərkən ədəbi tərcümə problemlərini əhatə edən tədqiqat işlərinin olmaması da diqqətdən yayınmır.
Dördüncü problem kimi, 2019-cu il Azərbaycan ədəbiyyat tarixçiliyinin izlənilməsi baxımından, sosrealizmin müasir ədəbiyyata təsirinin işlənilməsi, təhlili edilməsi, ədəbiyyatşünaslığa müsbət və mənfi təsirləri araşdırılmamışdır. Sosrealizmin bu günkü ədəbiyyata təsirinin təhlil olunmaması ədəbiyyata, ədəbiyyatşünaslığa mənfi təsir edir. Sosrealizmin əhəmiyyət kəsb etməsinə rəğmən buna diqqət yetirilməməsi təəssüf doğurur.
İstifadə edilmiş ədəbiyyat
1. Abid Tahirli. Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yolu. Bakı, “Elm və təhsil”, 2019, 344 səh.
2. Akademik Məmməd Cəfər Cəfərov - Ədəbiyyat nəzəriyyəçisi. Bakı, “Elm və təhsil”, 2019. 306 səh.
3. Akademik Məmməd Cəfər Cəfərov şəxsiyyəti və yaradıcılığı. Bakı “Elm və təhsil”, 2019. 208 səh.
4. Alxan Məmmədovun “Milli istiqlalın carcısı və tərənnümçüsü- Məhəmməd Hadi”. Bakı, Ləman Poliqrafiya Nəşriyyatı MMC, 2019. 112 səh.
5. Almara Nəbiyeva. Qarabağ aşıq mühiti. Bakı, “Təknur” nəşriyyatı, 2019, 328 səh.
6. Almaz Binnətova. Şərq təzkirəçilik tarixindən. Dərs vəsaiti. Bakı “Avropa”, 2019. 166 səh.
7. Cənubi Azərbaycanın xanım şairləri / tərtib edən Solmaz Daşdəmirova. Bakı, “Ulu”, 2019, 172 səh.
8. Əziz Səlami. “Qərib külək / tərtib edən Zəminə Zeynalova. Bakı, “Ulu”, 2019, 132 səh
9. Fəridə Əzizova. İmadəddin Nəsimi – Tədqiqlər, məqalələr, məruzələr. Bakı. Elm. 2019. 404 səh.
10. Firudin Qurbansoy. “İmadəddin Nəsimi” Bakı Elm, 2019. 136 səh.
11. Gəncəli Sabahi. Gül dəstəsi / tərtib edən Elmira Bağırova. Bakı, “Ulu”, 2019, 128 səh.
12. Gülxani Pənah. Ədəbiyyatdan əbədiyyətə. Bakı. SkyE, 2019, 436 səh.
13. Gülşən Əliyeva Kəngərli. “Hüsnü-cəmal, əqli kamal (Nəsimi poetikasından incilər).” Məqalələr toplusu. Bakı, Qanun nəşriyyatı, 2019, 96 səh.
14. Xoşbəxt Əliyeva. “Dədə Qorqud” obraz və süjetləri bədii ədəbiyyatda. Bakı, 2019, 192 səh.
15. İsa Həbibbəyli. Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri. Bakı.”Elm”, 2019. 452 səh.
16. İsa Həbibbəyli. Cahana sığmayan Azərbaycan şairi. Bakı, “Elm və təhsil”, 2019. 108 səh.
17. Qəzənfər Paşayev. Nəsimi: edamdan sonrakı həyat. Bakı, “Şərq-Qərb”, 2019, 184 səh.
18. Lətifə Mirzəyeva. Kərim Məşrutəçi Sönməz. Bakı, “Elm və təhsil”, 2019, 184 səh.
19. Mahirə Quliyeva. Nəsimi və söz. Bakı, Elm və təhsil, 2019, 160 səh.
20. Mahmizər Mehdibəyova. Cənubi Azərbaycan dünən və bu gün. Bakı, “Elm və təhsil”, 2019, 184 səh.
21. Məmməd Cəfər Cəfərov. Füzuli düşünür (ədəbi-tənqidi məqalələr). Bakı: Azəruşaqgəncnəşr, 1959, 336 səh.
22. Rza Bərahəninin yaradıcılığından seçmələr / tərtib edən Pərvanə Məmmədli. Bakı, 2019, 318 səh.
23. Sabir Bəşirov. Ləyaqətlə yaşanmış ömür. Məqalələr toplusu. Bakı, Qanun nəşriyyatı, 2019, 360 səh. (16 səh. rəngli şəkil).
24. Salatın Əhmədova. Böyük ömrün salnaməsi. Bakı, “Elm və təhsil”, 2019. 176 səh.
25. Səadət Məmməd. Nağıl mövzu və obrazları bədii ədəbiyyatda. Bakı, “Təhsil”, 2019, 176 səh.
26. Teymur Kərimli. Çağdaşımız Nəsimi. Bakı, “Elm və təhsil”, 2019, 278 səh.
27. Vaqif Aslan. Türk xalqları ədəbiyyatı üzrə mühazirələr. Bakı, “Renesans-A”, 2019, 488 səh.
28. Vüsal Hətəmov. Nəsiminin şeirləri nə deyir? Bakı, Zərdabi LTD MMC, 2019. 320 səh.
29. Yeni dövr Azərbaycan ədəbiyyatı: araşdırmalar. Bakı, “Avropa” nəşriyyatı, 2019. 260 səh.
30. Иса Габиббейли. Литература. Время. Современность. Москва.: Худож. лит., 2019. 464 с.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.