Türk əsrinin türküləri
XXI əsri türk əsrinə çevirən türk gəncliyinə ithaf edirəm.
Başlanış
Bütün yollar Tanrıdağdan başlayır və bütün yollar Tanrıdağda bitəcək.
Biz əbədi bir yolun yolçuları kimi, göy altında uzanan yollar uzunu, əzəlimizi gəzə-gəzə sona doğru gedirik. Kim bilir əzəl hardadır, son harda? Bəlkədə, əzəl elə sondur, son da əzəl. Əzəlimizi gəzə-gəzə, ordu-ordu, tümen-tümen axırıq, Doğudan Batıya, Batıdan Doğuya axırıq.
Beləcə, dünya uzunu dayanmır bu axın. Əbədi bir çağırış haraylayır bizi bu axınlara. Biz axınçıyıq, biz axınlarda güclüyük, biz axınlarda mənalıyıq. Savaş var, ölməş bir savaş var axınlarımızda. Dinclik yalnız uyqulardadır. Yaddaşımızda yatır bu savaş, qanımızda yatır bu savaş, ruhumuzda yatır bu savaş. Ölməz sevda kimi yatır. Bu savaş bitən yerdə hər şey bitəcək, bu savaş bitən yerdə köləlik başlayacaq.Və biz gedirik Savaşımıza doğru gedirik. Yollar uzandıqca gedirik, dünya durduqca gedirik. Bu hərəkət üstündə durur dünya, bu nuzam üstündə durur dünya. Hərəkətin nizamı var olduqca, varlıq da var olacaq. Tanrı nizamıdır bu nizam, ölməzliyə gedən yoldur, alıb aparır bizi.
Gedirik, yolların sonuna doğru gedirik,. Yolların sonunda, əbədi bir el gözləyir bizi. Tanrı işığıyla aydınlanan əbədi bir el.
Ulu Turan eli, ölməz sevdamız!
Uyqularda butamı verdilər, ya hər dəfə vəslimizin anıları duyğulandırdı bizi, bilmirəm, amma var bu sevda. Kərəmin Əclisi kimi var, Abbasın Gülgəzi kimi var. Yüz nəsin başını toxum verdi torpağa bu sevda yolunda. Bu sevdanın istisindən, ölümün də ağuşunda sevdalandıq. Bu sevdaya söykəndi əzəmətimiz. Biz bu sevdayla güclüyük, biz bu sevdayla böyüyük. Hər dəfə bu sevdanı unudanda köləlik başladı. Köləlik baş alıb getdi sevdasız beyinlərdə. Beynimiz fəth olundu, əzəmətimiz özgənin oldu, zəfərimiz özgənin oldu. Böyük-böyük dövlətlər qurduq, özgənin oldu, evlək tikdik, şəhərlər saldıq, özgənin oldu. Özünə dön-dedi bilgələr, özünə dön və böyük ol. Dönəmmədik, içimizdəki özümüzü tapammadıq. Yaddaşımız kilidliydi, qıfıllamışdılar yaddaşımızı, içimizdə yatan sevdamızı xatırlayammırdıq. Nə yaxşı türkülər varmış, hərdən türkülər titrətdi bizi.
Məni məndə demə, məndə deyiləm,
Bir mən vardır məndə, məndən içəri.
Axtardıq, içimizi axtardıq, içimizdə özümüzü axtardıq. İçimizdə başqasını tapdıq.Yaşadıq, bilmədik niyə yaşadıq, savaşdıq, bilmədik niyə savaşdıq, qazandıq, niyə qazandıq. Min il yaddaş boxçamız bağlı qaldı, min il sevdamızın müjdəçisini gözlədik, pozulmuş yaddaşların quranını gözlədik, xilasçımızı-Boz Qurdu gözlədik. Göydən gələn göy yalmanlı atlar kimi, ruhumuz ölməz sevdamıza doğru çapdı. Təzədən sevdanın dadını duyduq, vəcdə gəldik bu sevdadan, qan iyindən duyğulanan kimi duyğulandıq. Göy səltənətinin yerdə dayaq duranı, ölməz eli xatırladıq - sevdamız Turanı.
Daha dağlar kimi dincliyimiz yox, daha buludlar tək yatmağımız yox. Yürüyəcəyik, ölməzliyin sonuncu dənizinə kimi yürüyəcəyik. Axın var, şanlı bir axın. Qazanmalara doğru axacağıq, ücalara doğru axacağıq. Zəbtimiz düşüncə zəbtidir, zəfərimiz zəkamızın zəfəridir. Səməndər tək kül altından duran bizlər, bir ölməzlik məmləkəti quracağıq. Bizi kimsə saxlayammaz.
Alıb aparır bizi bu yol, sevdalı duyğu kimi alıb aparır. Bu yol Ulu Turan yoludur, bu yol azad və xoşbəxt olmaq istəyən insanlığın yoludur, bütün yolların əzəli və sonu, tanrı yoludur bu yol. Gedirik bu yolu, nəfər-nəfər, tümenləşə-tümenləşə, savaşa-savaşa gedirik. Bu bizim taleyimizdi, bu bizim alın yazımızdı. Bizi kimsə saxlayammaz, bizi kimsə döndərəmməz. Zaman bizim zamanımız, əsr bizim əsrimisdir.
***
Yürü, qardaşım yürü,
Ərin yorulmaz dizi.
Əbədi bir çağırış,
Cəngə səsləyir bizi.
Alplar zamanı gəldi,
Hızlı əsrin başıdır.
Ölümlə ölməzliyin,
Sonuncu savaşıdır.
Savaş var, ölməz savaş,
Yuxuda gör dincliyi.
Savaşın bitən yerdə,
Başlayır köləliyin.
***
Şaman təbili
Cəngin zamanı gəldi,
Tonqalı yandır!...daram!
Daram, daram, dam-daram.
Yuxlamış ruhumuzu,
Titrət, oyandır...daram!
Daram, daram, dam- daram.
Cəng səsi nurdan incə,
Ölüm türkə əyləncə,
Dözümü qoyub dincə,
Qorxunu dandır..daram!
Daram, daram, dam- daram.
Atlananda ruhumuz,
Bulud deşir tuğumuz,
Çağırır baş buğumuz,
Gedək, Bayandur...daram!
Daram, daram, dam- daram.
Tanrı türklüyə başdı,
Bu savaş, son savaşdı,
Bozqurdların ulaşdı,
Nə qutlu andır...daram!
Daram, daram, dam- daram.
Tanrıdağdan Təbrizə,
Bir yol uzanır bizə,
Axırıncı dənizdə,
Əmri dayandır...daram!
Daram, daram, dam- daram.
Savaş qılınca qındır,
Dünya elxanlığındır,
Sən bizə haqqı qandır,
Ardı əyandır...daram!
Daram, daram, dam- daram.
***
Gegənlər vardı getdi,
Qalanlmız varmı? Gəl.
Yazı göydə yazılır,
Yerdəki pozarmı? Gəl.
Paslsndırma qılıncı,
Yorma döşək- balıncı,
Qazanmalar inancı,
Dönüb uduzarmı? Gəl.
İnsan dünyanın eşi,
Eşqdən yorulmaz kişi,
Ərlərin dincəlişi,
Bir soyuq məzarmı? Gəl.
Yaşadıq alplar təki,
Alpı sevər göydəki,
Bağrının üstündəki,
Bitirdiyinin narmı? Gəl.
Ülkü sazın dinməsə,
Baş qızıb isinməsə,
Türklüyün bilinməsə,
Dünyü bizə yarmı? Gəl.
***
Göylər səltənətindən,
Sürüşüb qalan bizik.
Yenilməz orduların,
Cəngini çalan bizik.
Öcümüz var acunda,
Uğur gəzdik hucumda,
Yolların sonucunda,
Kamını bulan bizik.
Bu eldə hərə bir ər,
Türkün eşidir hünər,
Millətlər gəldi-gedər,
Əbədi qalan bizik.
Acun - dünya (qədim türk)
***
Ruhumuz cəngə varanda,
Ad üstünə ad gələcək. Get.
Qan iyini alan kimi,
Ağzımıza dad gələcək. Get.
Ərənlər nərə çəkəndə,
Silahımız pas tökəndə,
Tanrıdağdan, Ötükəndən,
Gözlənən imdad gələcək. Get.
Bizə çatmaz əsrin hızı,
Qəzəbimiz qan qırmızı,
Dadlı, qızıl almamızı,
Bulan bir elat gələcək. Get.
At belində gələn yarın,
Öc günüdür elxanların,
Türklüyə çəp baxanların,
Güzgüsünə çat çələcək. Get.
Biz alanda öcümüzü,
Görəcəklər gücümüzü,
Yığa bilsək üçümüzü,
Yüz tümən Kürşad gələcək. Get.
***
Budur türkün ordusu,
Bayrağında ay gəlir. Çök.
Ölümə qənşər duran,
Basılmaz alay gəlir. Çök.
Min ərən, gözündə qan,
Nə yağma var, nə talan,
Ölümsüzlük axtaran,
İgidlər kolay gəlir. Çök.
Şarkı türkün qardaşı,
Axınların yoldaşı,
Türkü deyir minbaşı,
Min ağızdan hay gəlir. Çök.
Doğma duyar ərkimi,
Tanrı, qoru türkümü,
Yürüyən hünər kimi,
Ən qara kurmay gəlir. Çök.
***
Göydən alma dərən könlüm,
Göylənməyə ad istəyir. Uç.
Unutduğum alplığım var,
Söylənməyə ad istəyir. Uç.
Biz az qımız, biz az buzu,
Əridər candakı buzu,
Ruhumun savaş qobuzu,
Ələməyə od istəyir. Uç.
Yarğan yonar dərdin dağı,
Ərən, tərgit ağlamağı,
Sinələrin dərd yumağı,
Deşilməyə çat istəyir. Uç.
Yan cibinə dürt tabını,
Bağlı qoyma kitabını,
Hər suçunun hesabını,
Göylər yeddi qat istəyir. Uç.
***
Mən tanrının elxanıyam,
Elxan elə baş olur. Bil.
Tanrısından dönən türkün,
Axırı çıxdaş olur. Bil.
Əskəriyik elimizin,
Göy tanrıdan aldıq izin,
Düşmənləri dizin-dizin,
Süründürmək xoş olur. Bil.
Ömrü göydən aldıq muzda,
Divlər yatır yolumuzda,,
Ölüm ilə aramızda,
Əbədi savaş olur. Bil.
Yaranmışın bizik xanı,
Bir el bilmlşik cahanı,
Ülkümüzə xor baxanın,
Aqibəti puç olur. Bil.
Dad alanda ağ qımızdan,
Ağrı çıxır yadımızdan,
Cəngqabağı bir ağızdan,
Türkü demək xoş olur. Bil.
Tanrıya bağlıdır bəndə,
Can güc alır nur çəkəndə,
Tanrıya doğru gedəndə,
Türk, türkə qardaş olur. Bil.
***
Qarmaq tullayırıq göy bürclərinə,
Yorğun sokaklara təpik döyürük.
Savaşçı ruhların cəng xoruzları,
Fontanlı parklarda pipik qızardır.
Savaş var, savaş var, ölməz savaş var,
Dinclik yatıqları uyqulandırır.
Yolları yumaq tək ttutub yığırıq,
Qorxunun gözünə barmaq soxuruq.
Uzaq şəhərlərin fəthi yaxında,
Sibir də, Altay da dizimiz altda.
Fatehlik duyğusu qanımızdadır,
Gedəndə qayıtmaq üçün gedirik.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.