Bütün dövrlərin dahisi Nizami Gəncəvi sənətin mahiyyətini haqq və həqiqətin ifadə olunmasında görür. Füzuli elmsiz şeiri bünövrəsiz divara bənzədir, öz qəhrəmanlarının faciəsini zamanın hökmü ilə bağlayır. Süleymanın anladığı “quş dili”ndə danışdığını bildirən Nəsimi və digər mistik şairlər öz mücərrəd ideyalarını xüsusi rəmzlərlə bildirsələr də, həyatdan, özünəməxsus məntiqdən tam aralanmırlar. Elm və sənətin, məntiq və fəhmin, idrak və duyğuların tənasübü ədəbiyyatımızın maarifçilik mərhələsində, realizm dövründə idraki qavrayışın, gerçəkçiliyin xeyrinə həll olunur. Ədəbiyyatın, sənətin vəzifəsi gerçək həyatın, tarixin, mühitin obyektiv dərki və oxucunun vacib mətləblərdən agah edilməsi, yeni insanın formalaşdırılmasından ibarət olur.
Bu kimi diskursiv gəlişmələr XX əsrin ilk onilliklərində Qərb və Şərq ədəbi məktəblərində və əsrin ortalarında da davam etmiş, keçmiş sovet məkanında isə “fiziklər və liriklər” arasında geniş mübahisələrə gətirib çıxarmışdır. 1959-cu ildə o dövrün nisbətən sərbəst və populyar mətbu orqanı olan “Komsomolskaya Pravda” qəzetində məşhur yazıçı, publisist İlya Erenburq və MN Baş Artilleriya İdarəsinin Elmi Tədqiqat İnstitutunun mühəndis-podpolkovniki, kibernetika haqqında ilk sovet kitabının müəllifi İqor Poletayev arasında polemika “fiziklər və liriklər arasında diskussiya” adı ilə geniş miqyas almışdır. İllər keçdikcə yeni dövrün prosesləri, xüsusən müasir virtual internet məkanının, internet şəbəkəsinin yaranması ilə bu diskussiyalar başqa müstəviyə keçmişdir. Lakin elmi-texniki tərəqqi və humanitar fikir arasında tənasüb, elektron kommunikasiya vasitələrindən, xüsusən, müasir telefonlardan ifrat istifadə müəyyən diskussiyaların mövzusu olsa da, proses öz artan axarı ilə getmiş və günümüzün qlobal hadisəsi – pandemiya ilə əlaqədar virtual məkanda ünsiyyət daha geniş miqyas almışdır. Bu proseslər isə klassik dövrdən gələn qədim mövzunu – elm və sənət, texnika və sənət, məntiq və duyğu arasında tənasüb məsələsini yenidən aktuallaşdırdı və bu sahədə müzakirələrə rəvac verdi.
Bütün bu deyilənlər baxımından, tədqiqatçıların marağını doğuran evristik hadisə – ədəbi yaradıcılıqla məşğul olan texnokratların, təbiri caizsə, lirikaya meyl edən “fizik”lərin bədii yaradıcılığı xüsusi maraq doğurur. Öz fəaliyyətində bədii-estetik və elmi-texniki yaradıcılıq formalarını birləşdirən belə şəxsiyyətlərdən biri – tanınmış ziyalı, alim və şair Əli Əmirlidir. Əli müəllimin tərcümeyi-halı özü onun şəxsiyyətinin çoxşaxəliyini, elmi-texniki fəaliyyətində hələ məktəb dövründən xüsusi istedad nümayiş etdirdiyini, bu sahədə böyük uğur qazandığını və elmi-texniki karyerasını davam etdirməklə, zəngin bədii yaradıcılıqla da məşğul olduğunu aşkarlayır.
1948-ci ildə Hacıqabul rayonunda anadan olmuş Əli Mənsimalı oğlu Əmirov orta təhsilini 1965-ci ildə medalla, ali təhsilini Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) 1970-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. İxtisasca o dövrdə yeni formalaşan qabaqcıl sahə – "avtomatika və telemexanika" üzrə mühəndisdir. Əmək fəaliyyətinə 1970-ci ildə Sumqayıt şəhərində, tanınmış elm ocağı olan "Neftkimyaavtomat" ETLİ-də (indiki "Neftqazavtomat" EİM) başlamışdır. 1983-cü ildə Ukrayna EA Elektrodinamika İnstitutunda dissertasiya işini müdafiə etmiş, texnika elmləri namizədi alimlik dərəcəsi və böyük elmi işçi adı almışdır. 1986-87-ci illərdə "Neftqazavtomat" EİB-in tabeliyində olan Əli-Bayramlı "Cihazlar" zavodunda direktor vəzifəsində işləmişdir.
1994-cü ildən başlayaraq, 25 il ərzində "Neftqazavtomat" elm-istehsalat müəssisəsində direktor və baş direktor vəzifələrində işləmişdir.
2020-ci ildən Azərbaycan Milli Aerokosmik Agentliyində şöbə rəisi və eyni zamanda Azərbaycan Texniki Universitetində dosent vəzifələrində işləyir.
Əli müəllimin rəhbərliyi altında neft, qaz, neftkimya və energetika sənayesi sahələri üçün çox sayda avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemləri, cihaz və qurğuları yaradılaraq, Respublikamızda və xaricdə geniş surətdə tətbiq edilmişdir. Eyni zamanda, onun təhbərliyi ilə müdafiə sənayesi sahəsində bir sıra məmulatlar yaradılmış, seriyalı istehsala buraxılmış və silahlı qüvvələrimizin istifadəsinə verilmişdir. İxtiraçı-alimdir, bir çox elmi məqalələrin və ixtiraların müəllifi kimi keçmiş sovet məkanında tanınan Əli müəllim Sumqayıt şəhərinin ictimai həyatında da fəal iştirak edir, Yeni Azərbaycan Partiyasının Sumqayıt təşkilatının Siyasi Şurasının və Sumqayıt Ağsaqqallar Şurasının üzvüdür.
Səmərəli fəaliyyətinə görə 2009-cu ildə "Axərbaycan Respublikasının Əməkdar Mühəndisi" fəxri adına, 2017-ci ildə "Tərəqqi" medalına və müxtəlif illərdə Sumqayıt şəhər rəhbərliyinin bir sıra Fəxri Fərmanlarına layiq görülmüşdür.
Bütün bunları sadalamaqda məqsədimiz Əli Əmirlinin öz rəsmi fəaliyyət sahəsində həm elmi, həm texniki, həm də təşkilatçılıq və idarəçilik baxımından kifayət qədər uğur qazanmış alim, müəllim, mühəndis, idarəçi, ictimaiyyətçi olduğunu və bu sahələrdə fəaliyyətini bu gün də davam etdirdiyini vurğulamaqdır.
Ancaq Əli müəllimin həyat yolundakı bu karyera yüksəlişi, elmi-texniki uğurları onun daxili aləmini, yaşantılarını, mühitini və özünü dərk üçün yetərli olmamışdır. Mühəndis, texnokrat alim Əli Əmirov onu düşündürən və duyğulandıran, elmin ifadə edə bilmədiyi mətləbləri Əli Ələmi təxəllüsü ilə imzaladığı bədii əsərləri, ilk növbədə qəzəllləri ilə aşkarlamış və həmdəm oxucuları ilə bölüşmüşdür.
Şair-qəzəlxan, yüzlərlə qəzəlin müəllifi kimi tanınan, iki şeir kitabının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin, "Məcməüş-Şüəra" və "Vahid" ədəbi məclislərinin üzvü olan Əli Ələmi həm də sənət və elmin vəhdətindən yaranmış unikal bir nəzəriyyənin, Azərbaycan əruzunda rəqəmsal modelləşdirmə nəzəriyyəsinin müəllifidir. Riyaziyyatın ədəbiyyata tətbiqinə əsaslanan bu nəzəriyyə klassik əruz vəznini daha asan mənimsəməyə və onu müasir kompüter texnologiyası vasitəsilə geniş surətdə tədqiq etməyə imkan verir. Bu şaxəli ədəbi yaradıcılıq fəaliyyətinə görə Əli müəllim bir sıra ictimai təşkilatların fəxri mükafatlarına, o cümlədən “Qızıl qələm” mükafatına layiq görülmüşdür.
Lakin təvazökar insan olan Əli müəllimin ən böyük mükafatı onun qəlbini, daxili aləmini ifadə edən əsərlərinin məhrəm oxucu tərəfindən oxunub duyulması, içindən gələn dəruni sözünün eşidilməsidir. Mütəxəssislərin dediyi kimi, Əli Ələmi Azərbaycan qəzəlxanlarının yeni, milli-xəlqi nəslinə aiddir. Onun qələm yoldaşı, tarix elmləri doktoru, professor, “Məcməüş-şüəra” ədəbi məclisinin sədri, beş Divan bağlamış məşhur qəzəlxan Şahin Fazil “milli və xəlqi qəzəl nümünələrini məhz hamının başa düşdüyü dildə yazan qəzəlxanlar” adlandırdığı “Mirmehdi Seyidzadə, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Ənvər Nəzərli, İlqar Fəhmi, Gülarə Münis, Yasin Xəlil, Əli Ələmi, Vidadi Arif, Əşrəf Pirşağılı kimi milli və xəlqi şair-qəzəlxanlarımız” cərgəsində gördüyü Əli Əmirlinin müasir qəzəl yaradıcılığında yenilikçi mövqeyi, “mühafizəkar… əruz şairlərindən tamamilə fərqli” yaradıcılıq xüsusiyyətlərini vurğulayır. İstedadlı qəzəlxan şair və alim Şahin Fazil həmkarı Əli Ələminin bu yaradıcılıq xüsusiyytələrini ilk növbədə onun əsərlərinin dil və üslub aydınlığında, xəlqiliyində, zərurət olmadıqda ərəb və fars sözlərini mətndə daxil edilməməyində, bədii vasitələrin milli ənənəyə uyğunluğunda görür. Əli Ələminin, digər yenilikçi qəzəlxanlarımızın yaradıcılığının bu baxımdan gələcək araşdırmaları klassik poeziyamızın aparıcı janrı olan bu ənənəvi poetik formanın müasir ədəbi prosesdə yerini, bədii özəlliklərini anlamaq üçün dəyərli mənbədir.
Təbii ki, dil və üslub bədii mətnin məzmunundan, mənasından, mahiyyətindən kənar formal tərəf deyil və Əli Ələminin yaradıcılığının yalnız dili deyil, onun əsərlərinin məğzi, mahiyyəti də yenidir. Bu baxımdan, Əli müəllimin yaradıcılığının aparıcı mövzusu olan məhəbbət mövzusu onun əsərlərində klassik poeziyaya xas obrazlılıq, rəmz və işarələrlə bədii təfsirini tapsa da, müəllif hətta bu klassik mövzuya, qəzəl janrının kanonik sevgi motivinə də bir çox hallarda yeni mövqedən yanaşır, bu mövzunu dövrümüzün cari reallıqları, aktual problematikası ilə bağlayır.
Buna nümunə olaraq şairin 2016-cı ilin may ayında yazdığı aşağıdakı şeirdə klassik eşq motivi və buna uyğun poetik vasitələrin Qarabağ savaşı, Vətən, Əsgər anlayışları ilə üzvi şəkildə bağlanmasını, klassik poetikanın bu yayğın motivlərinin ustalıqla müasir mövzunun ifadəsinə yönəldilməsini qeyd etmək istərdik:
"Sevdim səni!" – yaz yarə bu dəmdə, bu məqamda!
Al könlünü, et çarə bu dəmdə, bu məqamda!
Əsgər Vətən eşqiylə hücum əmrini gözlər,
Minnət nədi dildarə bu dəmdə, bu məqamda?
Səngərdə, keşikdə Vətən oğlu sənə həsrət,
Qoyma gələ zinharə bu dəmdə, bu məqamda.
Bülbül gül üçün canını qurban eləyirsə,
Yer varmı daha xarə bu dəmdə, bu məqamda?
Göylərdə, şəhid ruhu, bizə düz yolu göstər!
Sənsən bizə səyyarə bu dəmdə, bu məqamda!
Öpdükcə şəhid sinəsini qanə boyanmış
Bayraq, sağalar yarə bu dəmdə, bu məqamda!
Eşq ilə parıldar, Ələmi, bayrağımızda,
Ulduz ilə ayparə bu dəmdə, bu məqamda.
Mətndə insani sevgi, iki gəncin həsrət və vüsal duyğuları maraqlı tərzdə Vətən məhəbbəti ilə bağlanır, onların fərdi hissləri və bayrağımızda “eşq ilə parıldayan ulduz ilə aypara” arasında original assosiativ əlaqə yaradılır. Beləliklə, “Vətən eşqiylə səngərdə hücum əmri gözləyən” əsgərin vətənpərlik hissləri və şəxsi insani sevgisi çulğaşır, yəni fərdi və milli duyğular qovuşur, fərdi hiss ictimailəşir, ictimai anlam fərdiləşir.
Bəzən bayraq sevdası, ay-ulduz simvolikası ilə təbiət arasında da psixoloji paralellik yaranır, mühit, təbiət, səmalar canlandırılıb mənəviləşdirilir və milli amalları ifadə edir:
Bax, yaşıldır o çəmən, aldır üfüq, mavi – səma,
Qızıl Ayla qızıl ulduz necə məmnun biz ilə!
Bu əziz bayrağımızdır, Ələmi, dalğalanır,
Boylanır pəncərəmizdən, baxır Ay ulduz ilə!
Lakin şair Ələmi yaradıcılığında klassik motivlər bütövlükdə kifayət qədər geniş və mənalı yer tutur, ənənəvi motivlər şairin incə duyğularını, romantik kədərini müəyyən məqamlarda anlamaq dərdini aşkarlayır:
Ol şəm' neçün ağlar qəmxanə bucağında?
Pərvanəsi yas saxlar, yandıqca ocağında!
Hərdən ki, mənə dar olur aləm, Ələmi, bil,
Qəlbim sıxılır,.. qönçə gülüm ağlayır orda!
Buna görə də, şairin məhəbbət şeirlərində sevgi əsasən insani, fərdi-psixoloji səciyyə daşısa da, klassik ənənənəmizə xas ümumiləşmiş, mücərrəd, fəlsəfi məramları bildirən məfhum kimi də aşkarlanır, lirik qəhrəman gecə ilə gündüz, zaman və məkan arasında qalır, klassikaya xas zamansızlıq ortaya çıxır:
Gecə yorğun, kəsilibdir əl-ayaq, gözləyirəm!
Kimi, neyçün, düzü bilməm, bu sayaq gözləyirəm!
Gündüz hey gözləyirəm ki, bu gecə tez gələ kaş,
Gecə də gündüzü mən yazıq oyaq gözləyirəm…
Bu ənənəvi motivlər Ələminin yenilikçi qələmində bəzən sadə, adi, bəzən danışıq dilinə yaxın leksika və üslubi formalarda verilir və bununla da klassik qəzəl ənənəsi vaxtilə Əkrəm Cəfərin möhürlədiyi Azərbaycan milli əruzu meyarlarına uyğun xəlqi üsluba düşür:
Sevda nədi bilməzdim, sevda məni aldatdı,
Şirin yuxular gördüm, rö'ya məni aldatdı.
***
Sallandı yenə dilbərimin qaşqabağı,
Vurdu aramı dilbər ilə zalim uşağı!
***
Yarəbb, nolar, qoyma ki, gəlsin gözə yarı!
Təxmin elədim, kimdi qoyan göz, gözəyarı!
Belə gerçəkçi ruhlu məqamlarda Əli Ələmi realist yazı tərzinə və üslubuna keçir, öz həyat yolunun, hətta şəxsi fəaliyyətinin böyük hissəsini həsr etdiyi, gözləri önündə dirçəlib kamala çatmış sevimli şəhəri Sumqayıtı anır, bu yeni müasir şəhəri qədim qəzəl ruhunda vəsf edir:
Gəl gör, necədir Sumqayıtın abü həvası!
Gül ətri yayır hər tərəfə badi-səbası.
Canlandı o cansız quru səhra,.. şəhər oldu!
Dünyayə də artıq yayılır yaxşı sədası!
Bir vaxt "ölü zona" dedilər, bəlkə də düzmüş,
Çox dərdə, yəqin, var buranın indi dəvası.
Sahildə xiyaban, Xəzəri, gör, necə qucmuş,
Küsmüşdü dəniz, bəs, neçə il, nəydi cəzası ?!.
Şair mövzudan asılı olaraq, bəzən klassikada geniş yer tutan alleqorik satira üslubunu seçir, hətta mahiyyət etibarilə klassik qəzəl poetikasına yad olan ifadələri mətnə daxil etməklə, mətni gerçəkliyə yönəldir, üstüörtülü tərzdə həyatda qarşılaşdığı müəyyən mətləbləri və tipajları canlandırır:
Yenə saçyolduya çıxdı o buludlar deyəsən,
Hirs-hikkə boğaraq, hər birini ağlatdı!
Əsdi-coşdu, ucadan danladı şimşək, çaxdı,
Çırpdı od qamçısını, vurhavuru saxlatdı.
Tökdü göz yaşı buludlar çəkilib bir tərəfə,
Şimşəyin qəlbini, naz eyləyərək, dağlatdı…
Lakin bu kimi şeirlərində ilhamını mühitindən, çevrəsindən alan Ələminin qəzəl yaradıcılığının başlıca qayəsi onun şəxsi yaşantılarıdır və şair məhrəm duyğu və düşüncələrinin qaynağını ilk növbədə öz daxili dünyasında tapır, “qəflət yuxusundan” ayılmış lirik qəhrəman kənara aşikar olmayan iç dünyasının mistik əhvalını yaşayır və müdriklik çağına çatıb şükranlıq edən lirik “mən” tənhalığın və faniliyin bədbin ovqatını sakit, ancaq əzmli və əmin avazla səsləndirir:
Gözləmirdim belə tezliklə, xəzanım gəldi!
Xoş baharımla olan əhdi pozanım gəldi!
Yatmış idim, hələ qəflət yuxusunda, bilməm,
Nəydi gördüm bu yuxu, varmı yozanım, gəldi?
Dinlə ahəstə bu son zümzüməmi, ey könlüm,
De, bəyaz saçlı və saqqallı ozanım gəldi.
Bir mələk-afət əzəldən məni hey izləmədə,
Vaxtımız bitdisə, qoy rahət uzanım, gəldi?
Sanki, "əhsən" deyərək, baxdı təbəssümlə mənə,
Endi çiynimdən iki haqqı yazanım, gəldi.
Başqa dünyayə məni də'vət edən vardı, nə qəm!
Gəldi ruhun səsi tək ordan azanım, gəldi!
Şükr edək ki, Ələmi, ömr baharın yaşadıq,
Bu nə qəm, gəldisə, vaxtında xəzanım gəldi!
Şair belə məqamlarda ilbəil ötüb ilğım kimi keçən ömrün yaşantılarını anır, zamanın dönməzliyini duyur, lakin Sara kimi selə gedən, “küləyə verdiyi… yelə dönən” illərin acısını çəkməyin əbəsliyini, “qəm yemədən” bu əbədi gedişatı qəbul etməyin vacibliyini müdrikcəsinə anlayır:
Bir il də yuvarlandı, ömürdən belə getdi,
Verdim küləyə heyf onu, döndü yelə, getdi…
…Bir Xançobanam mən, hələ də Saraya həsrət,
Zalım qızı illərlə qoşuldu selə, getdi.
Etmə, Ələmi, qəm, gedəni saxlamaq olmaz!
Əfsus, ömür-gün belə gəldi, belə getdi!
Şair Əli Ələmi bu məqamda ilahi həqiqətə, əbədi məkana sığınır, ruhun əbədiliyini anır, “Cism üçün ölüm var, Ələmi, ruh isə ölmür, Kimlə gedəcəksən, de nəhayət, mən öləndə?!” deyərək, axirət sirdaşı ilə sonsuzluğa can atır.
Bu motivlər Ələmini mistik duyuma yönəldir, sirdaşlarına agah, yadlara isə nabələd olan, anlamazların heç bilməmələri gərəkən “quş dili”nə, “çiçək dili”nə, “pıçıltı”, bəzən “sükut”la danışmağa sövq edir. İncə qəlbli şair Əli Ələminin bu “pıçıltı dili” isə insana məhəbbət, xalqına məhəbbət, bəşərə məhəbbət dilidir, yadların anlamadığı çiçək dilidir:
Elə pıçıldaşaq bilən olmasın,
Bu dəli sevdaya gülən olmasın,
Sevgidən bizim tək ölən olmasın
Çiçək aləmində, çiçək selində!
Pıçıldaş mənimlə çiçək dilində!
Şairin nəzərində bu çiçək dili ilə pıçıldaşmaq dünyanı dərk, özünü dərk, həqiqəti dərk yoludur, bu yol sözdən keçir, insan “Ol” və “Öl” sözləri ilə açılıb qapanan iki qapı arasında “uzun incə” yol gedir, bu yolda sözlər doğulur və ölür, bu iztirablı idrak və sevgi yolu, Haqq yolu söz əhlinin, şairlərin əzabkeş qəlbindən, ruhundan keçir:
Söz əhli nə qəmgin düzülüb yol qırağında!
Göz yaşları dərya,.. süzülüb yol qırağında!
Məğrur duruşlar necə sınmış, necə qəmgin,
Çökmüş yerə qəmdən, büzülüb yol qırağında!
"OL!"-dan "ÖL!"-əcən yol gedənik, söz yoludur bu!
Eyvah, sükut!.. Bir SÖZ ölüb yol qırağında!
Yoldan çıxarılmış o, "ƏDALƏT" sözüdür heyf!
Qəsd etmiş ona kim?.. Əzilib yol qırağında!
Həq sözlə bəzənsəydi bu yol rahət olardı,
Yoldan çəkilib, çox üzülüb yol qırağında!
Qiymətli ikən, heyf ki, düşmüş o, dəyərdən,
Yandırmış özün, bir köz ölüb yol qırağında.
Bizlər onu öldürmüşük,.. öz nəfsimiz ilə!
Heyhat, Ələmidən tez ölüb yol qırağında!
Şair Əli Ələminin bu sevgi və haqq yoluna nur, şair təbinə ilham, yaradıcılığına uğurlar və əsərlərinə tükənməz oxucu sevgisi arzulayıram.
Asif Hacılı,
filologiya elmləri doktoru,
professor
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.