RUHUN ŞAD OLSUN, VALEH MÜƏLLİM!...

RUHUN ŞAD OLSUN, VALEH MÜƏLLİM!...
REDAKSİYAMIZIN ARXİVİNDƏN:

VALEH HACILAR (HACIYEV)
(1951-2010)

Bəli, o, mənim, eləcə də A.P.Puşkin adı­na (sonralar S.S.Or­­be­liani adına) Tbilisi Dövlət Pedaqoji Univer­sitetinin Azərbaycan şöbəsinidə təhsil alan onlarla, yüzlərlə tələ­bənin se­vimlisi idi. Təkcə biz tələbə­lərin­mi?! Əlbəttə ki yox! Onun istər elmi, istər­sə də bədii əsərlərinin oxu­cuları arasın­da da özünü Valeh müəllimin tələbəsi hesab edən min­lərlə gənc var... Axı, Valeh müəl­limin elmi-bədii yaradıcılığı özü ayrıca bir mək­təb­dir. Təəssüflər olsun ki, Valeh müəllimin məktəbinin tə­ləbələri, mü­davim­ləri bundan sonra onunla canlı ünsiyyətdə ola bilməyə­cəklər...
Yaşasaydı indi 60 illik yubileyini qeyd edəcəydik. Təəssüflər olsun ki, düz bir il əvvəl Azərbaycan təhsilinə, ədəbiyyatına, poeziyasına böyük və ağır bir itgi üz verdi. Görkəmli ədəbiy­yatşünas alim, tanınmış tədqiqatçı, bacarıqlı təşkilatçı, istedadlı şair-tərcüməçi, gözəl ailə başçısı, ictimai xadim və xeyirxah insan, Valeh Hacılar uzun sürən xəstəlikdən sonra 59 yaşında aramızdan getdi...

Valeh Əlipaşa oğlu Hacılar (Hacıyev)
1951-ci il aprelin 15-də qədim Borçalı qarapa­paqlarının ağır ellərindən olan Bolus rayonunun Darvaz kəndində anadan olub.
1968-ci ildə Darvaz kənd orta məktəbini bitirib və elə həmin il Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnstitu­tunun rus-Azərbaycan filologiyası fakültəsinə daxil olub. 1973-cü ildə ali təhsilini bitirib. Azərbaycan və Gür­cüstan Yazıçılar İttifaqları­nın zəma­nətləri ilə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun (sonralar S.S.Or­beliani adı­na Tbilisi Dövlət Pedaqoji Universitetinin Azərbaycan şöbə­sin­dəki Azərbaycan dili və ədəbiyyatı kafedrasına işə gön­dəri­lib.
Bir müddət burada müəllim kimi çalışıb. 1985-ci ildə "Azər­baycan di­lin­də şeir qoşan gürcü aşıqları" möv­zusunda namizəd­lik dissertasiyası mü­­dafiə edib. 1985-ci ildə Azərbaycan dili və ədəbiyyatı kafedrası­nın do­senti, 1993-cü ildə isə professoru se­çilib. 1989-cu ildən ömrünün sonuna kimi həmin kafedraya rəh­bərlik edib. 2000-ci ildən Gürcüstan Ədəbiy­yatşünaslıq Aka­de­miya­sının həqiqi üzvü idi. Azərbaycan-gürcü ədəbi-mədəni əla­qələrinin inkişafındakı şəxsi xidmətlərinə və səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1998-ci ildə Gürcüstan Prezidenti tə­rəfindən "Şərəf" orldeni ilə təltif edilib.

Öz elmi-bədii yaradıcılığı, poetik sözü, hə­yatı müşahi­dəet­mə erudi­siyası ilə fərq­lə­nən qələm sahiblərindən olan V.Ha­cıların yara­dıcılığı iki cəhətdən maraqlıdır.
O, həm bədii yara­dıcılıqla, həm də elmi tədqiqatla məşğul olmuşdur. Elmlə yana­şı poeziya da həmişə onun yol-yoldaşı idi.

Bədii yaradıcılığa 1967-ci ildən başlayan şair V.Hacıye­vin şeirləri müxtəlif mətbuat or­qanlarında, «Çeşmə», «Dan ulduzu», «Ağır elli Borçalı» ədəbi məcmuələrində, «Bayraq və Günəş», «Bir sinədə iki ürək» alma­naxla­rında işıq üzü gör­müşdür. Doğ­ma yurda, tor­pağa, insanlara bağlılıq, həyat həqiqətlərin­dən do­ğan şair narahatlığı, milli-mənəvi saflığa ça­ğırış, dil şirinliyi və axı­cılıq şairin əsərlərini səciyyələndirən əsas cəhətlər­dəndir.

«Gözlərimə inanmadım - qəribə hal,
Təbəssümün xəyalımda nə tez doldu?..
İllər boyu sirli qalan çətin misal
Bircə anlıq təbəssümlə həll olundu!».


Bircə bənddən ibarət olan bu şeir haq­qın­da görkəmli ali­mi­miz Əkrəm Cəfər «Çeşmə» ədəbi məcmuəsindən söhbət açar­kən yaz­mış­dır:
«V.Hacıyevin «Təbəssüm» şeirində qəribə və mənalı bir ahəng var. Şeir bu ahənginə, həm də yeni səslənən vəzninə və qafiyəsinə borcludur.
Bu qısaca şeir, demək olar ki, uzun bir əhvalatın məğzidir».


Bu sözləri Valehin digər şeirlərinə də adi etmək olar.

O, həmişə az sözlə daha böyük fikirlər söyləməyə çalışıb. «Ürə­yimdə», «Qa­yı­da bilsək», «Danışma», «Pərvanə» və s. şeir­ləri bu qəbildəndir.
V.Hacıyevin sevimli sənətkarımız Aşıq Vəkilə ithaf etdi­yi «Şi­rindi» sərlövhəli şeirin­­dən açıq-aydın görsənir ki, o, saz-söz vur­ğu­nu­­ idi:

Sazdan ötrü darıxmışam, qardaşım,
De, hardasan, yenə sənin yerindi.
Ha səslədim - səsim sənə çatmadı,
Boylananda qarlı dağlar göründü…


Şair bu beş bəndlik şeirdə bir neçə möv­zunu tərənnüm etmişdir. Belə ki, əgər birin­ci bənddə saza, aşığa müraciət olu­naraq, qar­lı dağlar yada düşürsə, ikinci bənddə tə­biət gözəllikləri, insan keyfiyyətləri xatırlanır:

O dağlarda çiçək zərif, qar gözəl,
O düzlərdə bağça dolu bir gözəl,
Qardaş şirin, dost vəfalı, yar gözəl,
Məhəbbəti dəryalardan dərindi.

Tükənməzdi söhbətimiz, sözümüz,
Görüşməsək, günahkarıq özümüz,
Başkeçidin yolundadı gözümüz,
Düşünmə ki, dost arası sərindi.


- deyən şair sonrakı bəndlərdə yazır:

Kərəm hələ Ərzuruma getməyib,
Aşıq Qərib Şahsənəmə yetməyib,
Neçə dastan tamamlanıb bitməyib,
Neçə muraz gözləyirik gör indi.

Zili bəmə, bəmi zilə yaraşır,
Dili sözə, sözü dilə yaraşır,
Vəkil saza, saz Vəkilə yaraşır,
Hər ikisi Valeh üçün şirindi.


V.Hacıların bu səpkili şeirləri çoxdur. Xü­susilə də «El havaları» silsi­ləsindən olan «Tellayı» çal, Alı dayı», «Ağ­lama, gəlin, ağ­lama» və s. şeirləri də maraqlı və oxu­naq­lı­dır.

V.Hacıların 2000-ci ildə Tbilisidə nəşr olun­­muş «Hərşənin ocağı» adlı kitabına müx­­təlif illərdə yazdığı şeirlərindən seç­mə­lər və eyniadlı poeması daxil edil­mişdir. Şeirlər «Qa­rapapaq elləri», «Ürəyi ağrıdan gördük­ləridi», «Gözlərini dolan gördüm, dol­du mə­nim ürəyim də», «Çaylar haradan başla­nır?» sərlövhəli ya­rım­başlıqlar altında cəmlən­miş­dir.

Kitabın «Valeh həzin havasını çaldı mə­nim ürəyimdə» bölməsində istedadlı şair­lə­ri­mz Səadət Butanın, Mədəd Coş­ğunun və Ra­fiq Hümmətin öz qələm dostları Valeh Ha­cı­lara həsr etdikləri «Şair səsi - dost töh­fəsi» olan ithaf şeirləri veril­mişdir.

Valeh Hacıyev həm də gözəl tərcüməsi kimi tanınır. Onun gür­cü ədəbiy­yatından, xüsusilə də A.Sereteli, R.Margiani, R.Ama­şukeli, L.Su­­­­­laberidxe, B.Xaranauli və başqalarının əsər­­lərindən, eləcə də rus, ukrayna və abxaz paeziyasından dilimizə çevirdiyi çoxsaylı tər­cü­mələr oxucular tərəfindən maraqla qarşılanmışdır.

Qeyd etdiyimiz kimi, ən əsası V.Hacılar tədqiqatçı-alim kimi şöhrət tap­mış­dırdir. O, Azərbaycan - gürcü ədə­­bi əla­qələri və folklorşünaslıq sahə­lərində geniş elmi-tədqiqat işi aparmışdır. V.Hacıların bu sahədəki yaradıcı fəaliyyətini müx­təlif mət­buat səhifələrində dərc olunmuş sanballı yazı­lardan aydın gör­mək olar («Ulduz» jur­nalı­nın 1989-cu il 1-ci sayında işıq üzü gör­müş «Azər­­baycan folklo­runun gürcü toplayıcı­ları», «Ulu sənətin qüd­rəti» və s. məqalələri xü­su­si­lə maraqlıdır). Onun 1991-ci ildə Bakıda nəşr olunmuş «Folk­lorumuzun üfüqləri», 1992-ci ildə Tbilisidə işıq üzü gör­müş «Azər­baycan folk­loru örnəkləri» kitabları fi­­lologiya fakül­təsinin tələbələri üçün nə­zər­də tutulsa da, geniş oxucu kütləsi üçün də ma­raq­­lıdır...

Valeh müəllimin "Kəndim Lecbəddindi, özüm İbrahim..." (Tif­lis, 1999), "Qarapapaq Mehralı bəy tarixi həqiqətlərdə" (Tiflis, 2001) və s. kitabları da oxucuların böyük marağına sə­bəb olmuşdur... İstər bu kitablar, is­tərsə də Valeh müəllimin di­gər əsərləri haqqında, bir sözlə, həyatı və yaradıcılığı ilə bağlı müxtəlif mətbuat orqanlarında bir sıra müsbət rəylər, mə­qalələr çap olunmuşdur.

Elə mən özüm “Ağır elli Borçalı” (Bakı, 1990; Ərzurum,1996) “Çağdaş Borçalı ədəbi məktəbi” (Bakı, 1994), “Gürcüstanda Azərbaycan mət­buatı” (Bakı, 1998) və b. kitab­la­rımda, eləcə də qəzet məqalələrimdə Valeh müəl­limin yara­dıcılığına yüksək qiymət vermiş, əsərlərindən nümu­nələri oxu­cularımıza ərmağan etmişəm.

2003-cü ildə isə tanınmış türk alimi, istedadlı Borçalışünas dr. Semra Alyılmaz Ankarada Valeh müəllimin həyat və yaradı­cılığı haqqında “Borçalılı bilim adamı egitimçi şair Valeh Hacı­lar (həyatı-sənəti-şeirləri) adlı ayrıca və həm də çox dəyərli bir monoqrafiya çap etdirmişdir.

Valeh müəllim həm də nümunəvi ailə başçısı, gözəl ata idi. Ömür-gün yoldaşı Rüx­sarə xanımla birlikdə Fəxri Na­miq kimi zəhmətkeş, ali təhsilli, yurdunu və millətini sevən iki oğul böyüdüb boya-başa çatdırmış­dır...

Valeh müəllimin arzuları, planları, qar­şı­da görüləsi işləri hələ çox idi...

Təəs­süflfr ol­sun ki, amansız ölüm imkan ver­mədi...

Allah rəhmət eləsin! Bir daha ruhunuz şad olsun, Valeh müəl­lim! Sizin əziz xati­rəniz biz tələbələrinizin, çoxsaylı oxucu­la­rınızın, ədəbiyyat və poeziyasevər insan­ların, dost­larınızın, qohumlarınızın, bir söz­lə, bütün qə­dirbilən xalqı­mızın qəlbində əbədi yaşa­yacaqdır.


Tələbəniz
Müşfiq BORÇALI.

«Şərqin səsi» qəzeti, № 02 (231), fevral, 2010-cu il.
«Elm və təhsil» qəzeti, № 03 (232), fevral, 2010-cu il.
«Bütöv Azərbaycan» qəzeti, Yanvar, 2011-ci il.


P.S.: Aşağıda Valeh Hacıların bir neçə şeirini oxucularımıza ərmağan edirik.


Yenə Darvaz yada düşdü...

Yenə Darvaz yada düşdü,
Nə susmusan, din, ay könül.
Xəyalları gerçək elə-
Köhlənini min, ay könül.

Yollarına yar olginən,
Əhdə düz ilqar olginən,
Sellərdən axar olginən,
Yellərdən yeyin, ay könül.

Əllini haqladı yaşın,
Şəhərlərdə nədir işin?
Darvaz ilə hər görüşün,
Olar toy-düyün, ay könül.

İllər ötür-zaman çəkir,
Günlər ötür-güman çəkir,
Bu kənd məni yaman çəkir,
Çəkir günbəgün, ay könül.

Valeh dözməz fərağına,
Dönər yanan çırağına,
O halalca torpağına,
Qovuşsan, sevin, ay könül.


Dünya

Əmim, şair Eldar Hacıyevin
unudulmaz xatirəsinə


Bir ömürlük tamaşadı
Gözəllərin gözü dünya.
Nəsillərin görüş yeri,
Milyonların izi dünya.

Yaraları sarınmadı,
Hesabları sorulmadı,
Onnan qalan görünmədi,
Ondan gedən-düzüdünya.

Kimi axdı bulaq kimi,
Kimi yandı çıraq kimi,
Sinəsi boz varaq kimi-
Yazdı, pozdu bizi dünya.

Valeh, qüdrət qələmdədi,
Haq deyəni qələm dedi,
Neyləsə də, siləmmədi,
Siləmmədi sözü dünya.


Səni düşünürəm mən

ABŞ-da yaşayan Nəzirəyə


Xatirələr üşüyür
Dekabrın qarıyla,
Səni düşünürəm mən
Ürək ağrılarıyla.
Sən yanımda olanda
Səni düşünməməmişdim,
Mənə güvən-desən də,
Sənə güvənməmişdim.
Mənə şeir qoş,-dedin,
Sən yanımda olanda,
Mən səni duymamışdım,
Səni düşünməmişdim
Güləndə, ağlayanda...
Tale səni ayırdı
Ömrümün parasından,
Ağından, qarasından.
İndi gözüm dikilib
Dünya xəritəsinə,
Dünyanın məndən uzaq
Sənli bir nöqtəsinə,
Səni düşünürəm mən;
Dünyaya sığmayan qız
Bir nöqtəyə sığarmış,
Səni düşünürəm mən,
Duyğular, düşüncələr
Məni məndən çox uzaq
O nöqtəyə aparmış,
Səni düşünürəm mən;
Demə, insan insanı
Düşünəndə taparmış...
Xatirələr üşüyür
Dekabrın qarıyla,
Səni düşünürəm mən
Ürək ağrılarıyla.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: