İşçi qruplarının rəhbərləri arasında yeni seçilmiş deputatlar da var.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri seçilib.
Modern.az saytına danışan deputat bu istiqamətdə görüləcək işlərin anonsunu verib.
O qeyd edib ki, bu fəaliyyət sahəsi yeni olsa da, bundan əvvəl onun rəhbərliyi ilə Azərbaycan-Gürcüstan jurnalistləri arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində layihələr həyata keçirilib.
“Bu sahə kifayət qədər iş, fəaliyyət tələb edir. Çalışacam ki, Gürcüstan parlamenti ilə əlaqələrin möhkəmləndirilməsində qrupumuz öz töhfəsini versin. Gürcüstanda yarım milyona yaxın azərbaycanlı yaşayır. Həmin insanlar, onları təmsil edən təşkilatlarla görüşləri planlaşdırıram, onların problemlərinin həlli yolları ilə bağlı araşdırmalar aparmağı düşünürəm.
Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin yerli icra hakimiyyəti, məmurlar, millət vəkilləri ilə görüşlərdə diqqətlərinə çatdırmağı düşünürəm”.
Deputat qeyd edib ki, gələcək fəaliyyətində diqqət yetirəcəyi əsas məqamlardan biri də dillə bağlı olacaq. “Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dili müəllimlərinin yaşı 50-dən yuxarıdır. Elə müəllim var ki, yaşı 70-ə yaxındır. Həmin müəllimlərin əvəz edilməsi istiqamətində işlər görülməlidir. Gürcüstanda təhsil sistemi başqa olduğundan, burada təhsil alanlar Azərbaycanda fəaliyyət göstərən ali məktəblərə daxil ola bilmirlər.
Bunun müqabilində düşünürəm ki, müəyyən razılaşma olmalıdır. Gürcüstanda yaşayan gənclər müəyyən güzəştlərlə, məsələn, testdən keçmədən ali təhsil müəssisələrinə qəbul olunsunlar.
Bunun qarşılığında onlar təhsil aldıqdan sonra Gürcüstana qayıtsınlar. Bunu təkcə Azərbaycan dilinə deyil, bəzi vacib fənlərə aid etmək olar”.
Ə.Amaşov gələcək fəaliyyətində Azərbaycanın Gürcüstandakı səfiri və Gürcüstanda fəaliyyət göstərən diaspor təşkilatları ilə birlikdə fəaliyyət qurmağı düşünür. “Çalışacam ki, bu sahədə üzərimə düşən misiyanı yerinə yetirim”.
Aytən ZƏHRA
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.