Təhsil Nazirliyində
kollegiya iclası
keçirilib.
Tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin məsul işçiləri, müvafiq struktur bölmə və şöbələrin rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.
Kollegiya iclasında ali təhsil müəssisələrinə 2016-2017-ci tədris ili üçün tələbə qəbulu yerlərinin proqnozlaşdırılması, formalaşdırılması və təkmilləşdirilməsi, “Thomson Reuters” elmi məlumat bazasından səmərəli istifadənin təşkili məsələləri müzakirə edilib.
İclasda kolleclərin ali təhsil müəssisələrinin nəzdinə verilməsi ilə orta ixtisas təhsili müəssisələrinin strukturunun rasionallaşdırılması, ali təhsil müəssisələrinin 2014-2015-ci illər üzrə akkreditasiyalarının nəticələri, xarici vətəndaşların Azərbaycanda təhsilinin genişləndirilməsi istiqamətində ali təhsil müəssisələri tərəfindən tədbirlərin hazırlanması və həyata keçirilməsi ilə bağlı mövzulara toxunulub.
Sonra nazirliyin aidiyyəti qurumları rəhbərlərinin kollegiya iclasının gündəliyindəki məsələlərlə bağlı məruzələri dinlənilib, təklif və tövsiyələr səsləndirilib.
Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasında çıxış edib, məruzə olunan mövzularla bağlı fikirlərini bildirib. Təhsil naziri bu il ali təhsil müəssisələrində payız imtahan sessiyasının şəffaf keçdiyini və cəmiyyət tərəfindən razılıqla qarşılandığını vurğulayıb.
Ali təhsil müəssisələrində işgüzar mühitin, tədris etikasının, tələbə-müəllim münasibətlərinin möhkəmlənməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirən nazir bütün bunların təhsilin inkişafı baxımından vacib olduğunu qeyd edib.
Daha sonra Mikayıl Cabbarov Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribovu yeni təyinat münasibətilə kollegiya üzvləri adından təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Sonda nazir qarşıdan gələn Novruz bayramı münasibətilə kollegiya üzvlərini və iclas iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb.
/
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.