Zərəngiz Dəmirçi (1962): BORÇALI

Zərəngiz Dəmirçi (1962): BORÇALI Zərəngiz Dəmirçi Qayalı (Zərəngiz Dəmirçi qızı Mansurova) 1962-ci il yanvarın 20-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub.
1992-ci ildə M.Ə.Rəsulzadə adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) filologiya fakültəsini bitirib.
İlk şeiri 1979-cu ildə Qazax rayonunun mətbu orqanı olan "Qalibiyyat bayrağı" qəzetində dərc olunub.
"Gənclik", "Ulduz", "Məhsəti", "Qoşa qanad", "Sevgi", "Ozan Dünyası" jurnallarında, "Ədəbiyyat və İncəsənət", "Bakı", "Kaspi", "Kredo", "525-ci qəzet", "Azərbaycanın səsi", "Açıq söz", "Sirrlər xəzinəsi", "Səs", "Palitra", "Paritet", "Şərqin səsi" qəzetlərində, "Zirvə" poeziya antologiyasında, bir çox şeir almanaxlarında şeirləri dərc olunub, radio, televiziya verilişlərində əsərləri səsləndirilib.

İlk kitabı - "Haqqı sevdim" 2001-ci ildə "Nurlan" nəşriyyatında dərc olunub. Bir-birinin ardınca "Nurlan" nəşriyyatında 2006-cı ildə "Vəfam mənim", "Güllələnmişlər", "Uni-Print" nəşriyyatında 2008-ci ildə "Qayalı" kitabları çapdan çıxıb.


ZiM.Az

MÜSABİQƏ ÜÇÜN

(2011-ci il iyul ayının 26-da "Qafqaz" Media İctimai Birliyi bir qrup qadın jurnalistlə məni də
qədim Borçalı mahalının uca dağlar qoynunda yerləşən və əsrarəngiz gözəllikləri ilə məşhur olan
Başkeçid (indiki Dmanisi) rayonundakı dəniz səviyyəsindən 1785 metr yüksəklikdə yerləşən
Armudlu yaylağında keçirilən “Elat bayramı”a qonaq apardı.
Gördüklərim məni vəcdə gətirdi).


Getdikcə uzandı, uzanan yollar,
Ey qədim torpağım, ey gözəl diyar?
Sanki bir anasan açdığın qollar,
Sarıldı boynuma anam, Borçalım!
Çəkilsin başından duman, Borçalım!

* * *

Ocağın da doğma, odun da doğma,
Yaxının da doğma, yadın da doğma,
Arın şirə çəkər, dadın da doğma,
Gəl, ol dərdlərimə dərman, Borçalım!
Çəkilsin başından duman, Borçalım!

* * *

Ətirli otların bir təbib, loğman,
Bağçanda güllərin dərdlərə dərman,
Doğmaya, yaxına söylədin ”Can, can!”
Övladın olmasın peşman Borçalı!
Çəkilsin başından duman Borçalım!

* * *

Gün döyən çiçəkdən bal yığar arın,
Min nəğmə söyləyər qırçın suların,
Tükənməz sərvətin, tükənməz varın,
Qucağın var-yatır, ümman, Borçalım!
Çəkilsin başından duman, Borçalım!

* * *

Sənə alqış deyir ulduzlar, aylar,
Şeirdi çeşmələr, nəğmədi çaylar,
Nağıldır bağlarda alma, heyva, nar,
Bar verən bağlara bağban, Borçalım!
Çəkilsin başından duman, Borçalım!

* * *

Səmanda taya tək pənbə buludlar,
Göy üzü tərtəmiz, gülər ruzigar,
Abi-həyat imiş çeşməndə sular?
Güldən rəng toxuyur orman Borçalı,
Çəkilsin başından duman Borçalı!

* * *

Tərlanlar qıy vursun asimanında,
Bülbüllər oxusun gülüstanında,
Köhlənlər kişnəsin, gen meydanında,
Sevinsin təbili çalan, Borçalım!
Çəkilsin başından duman, Borçalım!

* * *

Dinsin qara zurna, qaynasın ürək,
Duil açsın qəlblərdə min arzu, dilək,
Gül-gülə yaraşsın, çiçəyə-çiçək,
Açılsın ayna tək səman, Borçalım!
Çəkilsin başından duman, Borçalım!

* * *

Çalınsın təbilin oynasın qanım,
Durnanın telindən gəlsin nişanım,
BaşınadöndüyümAzərbaycanım!
O da, sənin doğman, anan, Borçalım!
Çəkilsin başından duman Borçalım!

* * *

Gəlin tək “atlaz” don gördüm əynində,
Gül üzlü körpələr bəslə qoynunda,
Namərd qurğusundan, düşmən oynundan,
Gəl olma ürəyi sınan, Borçalım!
Çəkilsin başından duman, Borçalım!

* * *

İgidlər at çapsın, nəmərin alsın!
Gözəllər çəmənə xalılar salsın,
Zərəngiz yazdı ki, yadigar qalsın,
Sığmayır qoynuna cahan, Borçalım!
Çəkilsin başından duman, Borçalım!

Zərəngiz Dəmirçi Qayalı (Mansurova)

27/7 2011-ci il.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: