SƏDİ YARADANQULU (1954)

SƏDİ YARADANQULU (1954) SƏDİ YARADANQULU (Sədi Qədiroğlu, Sədi Borçalı,
Sədi Dağlaroğlu, Sədi Tənha) 1954-cü il aprelin 1-də
ulu Borçalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Salamməlik kəndində anadan olub.
1972-1974-cü illərdə hərbu xidmətdə qulluq edib.
1975-1980-cı illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universitetini) bitirib.
1968-ci ildən şeirləri yerli və mərkəzi qəzetlərdə çap edilib.
Daha sonralar isə şeirləri ilə yanaşı tarixi məqələləri də jurnallarda, almanaxlarda və dövrü mətbuatda
çap olunmaqdadır.
Bəzi şeirləri rus, özbək və türk dillərinə tərcümə edilib, kitablarda və almanaxlarda çap edilib.
9 kitabın - o cümlədən, “Bir ağacın pöhrəsiyik” (2000) və “Tarix övlad kimidir” (2015) adlı tarixi əsərlərin, “Əzizdir bu yerlər mənə” (2002), “Könlümə təsəlli söz axtarıram” (2003), “Ürəyimə dəyməyin” (2005), “Vətənin qucağında” (2011), “Sənə məhəbbətim dünyalar qədər” (2012), “Ömür ötüb gedib məndən xəbərsiz” (2014) və “Mənimlə yaşayan xatirələrdi” (2017) adlı şeirlər kitablarının müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər birliyinin üzvüdür.
2014-cü ildə “Qızıl Qələm” mükafatına layiq görülüb.
“S.Ə.Şirvani” və "Dirili Qurbanı” Ədəbi Məslislərinin fəal üzvü,
"Sazlı-sözlü Borçalı" Ədəbi Məclisinin isə yaradıcılarındandır.



ÜRƏYİMİN BAŞINDADI BORÇALI

Beyni kütlər, ağlı dayaz nə bilər,
Soruşsan ki, haradadır Borçalı?
Ürəyi buz, sözü ayaz nə bilər,
Soruşsan ki, haradadır Borçalı?

Çiynin çəkib, dodaq büzən çox olub,
Gözün döyən, gözün süzən çox olub,
Seyr eləyib, durub gəzən çox olub,
İndi niyə yaddan çıxıb Borçalı?
Bilməyirlər haradadır Borçalı?...

Yaylağında dincələnlər, gəzənlər,
Gül-çiçəyi yerdən dərib üzənlər,
Yar telinə bircə-bircə düzənlər,
İndi bilmir haradadır Borçalı?

Ey bilməyən, tanımayan, mənə bax!
Ey yan ötən, bircə dayan, mənə bax!
Ey yatmışlar, bircə oyan, mənə bax!
Diqqət ilə siz baxsanız, görərsiz,
Gözlərimin yaşındadır, Borçalı!
Ürəyimin başındadır, Borçalı!


ANAM BORÇALI

Gözəldir aranı, gözəldir dağı,
Hər sərin çeşməsi, hər bir bulağı,
Çiçəklə qarşılar gələn qonağı,
Açaraq qolunu, Anam Borçalı.

Suları loğmandı, havası dərman,
Yaşıl çöl-çəməndi, çıçəkdi hər yan,
Burada göz açan, burda doğulan,
Səni unudarmı, sonam Borçalı?!

Gözləri oxşaır yaşıl meşələr,
Kolların dibində tər bənövşələr…
Sədi Borçalı da gəlib döşənər
Güllü ətəinə, Anam Borçalı.


ATALAR DEMİŞLƏR…

Atalar demişlər bunu həmişə,
- Hikkəli ayqırdan köhlən at olmaz.
Tülküsüz, çaqqalsız olmaz bir meşə,
Kol-kosdan da meşə, bağ-bağat olmaz.

Sən bunu heç vədə yaddan çıxarma,
Gur yanan ocağın sönməyi də var.
Bu gün, “mənəm” deyib döşünə döyən,
Sonar öz başına döyməyi də var.

Yalan vədlər verib, yalan danışma,
Yalanın ömürü qırx gün sürməz.
Yalan danışmağa çox da alışma,
Yalan ayaq açar, ancaq yeriməz.

Sən çalış, sadə ol, əməlinə düz,
Namusdur, ismətdir üzün ağlığı.
Sözünə bütöv ol, ilqarına düz,
Təmizlik gətirər baş ucalığı.


AY QƏDİROĞLU

Düşünmə üzünə taleyin gülər,
Sənin də üzünə xoş günlər gələr,
Gözləmə, işlərin bir gün düzələr,
Düzələr, düzələr, ay Qədiroğlu.

Görüb gördüyünü heç zaman danma,
Əyri olanları sən də düz sanma,
Sözlə-əməlləri çəksən inanma,
Düz gələr, düz gələr, ay Qədiroğlu.

Yenə nələr düşüb, nələr yadına?
Söz açıb danışma doğma-yadına,
Düz başa düşməzlər, təmiz adına,
Söz gələr, söz gələr, ay Qədiroğlu.

Sənin dar günündə kim yaxın gələr,
Nə doğma, nə bir dost, nə yaxın gələr,
Öləndə tökülüb bir axın gələr,
Özgələg, özgələr, ay Qədiroğlu.


QƏRİB AXŞAMLAR

Yenə də tənhayam, yenə də təkəm,
Tənha ovqatımı gərib, axşamlar.
Yanımda yarım yox, nazını çəkəm,
Gəlib bir xəyal tək, gəlib axşamlar.

Almaz tək bəzəyib şeh, çiçəkləri,
Oxşayır naz ilə meh, çiçəkləri.
Bağçamda gül açmış, eh... çiçəkləri,
Dərib kimə verim, dərib, axşamlar!?

Döyür pəncərəmi narın yağışlar,
Qoyur pəncərəmdə min cür naxışlar,
Zülmətə zillənir, donan baxışlar,
Görüb yağışları, görüb axşamlar.

Pərvanəsiz şamlar, axşamlar qərib,
Solğun şöləsiylə bax, şamlar qərib,
Donmuş gözyaşıyla, ağ şamlar qərib...
Qərib mənim kimi, qərib axşamlar...

Yenə köklənmişəm qəm havasına,
Dönərək qəm yurda, qəm yuvasına,
Sədiyəm, oynaram qəm havasına,
Sərib yaylığımı, sərib axşamlar.


NİYƏ GƏLDİN...

Dindirirəm səni, niyə dinmirsən...
Ələ qələm götür yaz, niyə gəldin?
Yolunu gözlədim barlı payızda,
Şaxtalı qış ötüb, yaz niyə gəldin!?

Deyirdim bu eşqi saxlayaq pünhan,
Eldən ayıb olar, eyləsək bəyan,
Pünhan eşqimizi olarsa duyan,
Yayılar aləmə söz, niyə gəldin!?

Çətin, halımıza kimsə acıya,
Mənim tək dözən yox, ağrı-acıya,
Dözmüşdük bu qədər ağrı-acıya,
Dedim, bir qədər də döz, niyə gəldin!?

Sən göylərdən enmiş bir mələkmisən?
Xoş arzu, xoş istək, bir diləkmisən?
Köksümdə döyünən bir ürəkmisən...
Mənim həyatıma qız, niyə gəldin!?

Bu yaşda Sədini oda salmağa,
Qəmli çağlarımı yada salmağa,
Sükutlu dağıma səda salmağa,
Götürüb əlinə saz, niyə gəldin!?
Mənim həyatıma qız, niyə gəldin!?


***
Elə duyğular var ürəyimizdə,
Dodaq tərpənməyir, dil deyə bilmir.
Elə sevgi də var ürəyimizdə,
Yanıb külə dönüb, bir kimsə bilmir.
***
Sevgi var ömürü bir şam ömürü,
Yanından meh əssə vurub söndürər.
Elə sevgi də var, daş ürəkləri,
Yumşalda-yumşalda muma döndərər.
***
Ürəyi tərk edər cılız məhəbbət,
Böyük məhəbbətsə ürək yandırar.
Necə ki, küləklər şamı söndürür,
Söngümüş ocağı alovlandırır.
***
Sevgimiz Günəşdir, arzular dəniz,
Arzular tükənməz sevən ürəkdə.
Günəş əbədidir, müqəddəs dəniz,
Min bir arzular var hər xoş diləkdə....



OLMAZ-OLMAZ DEYİRSƏN

Deyirəm ki, gəl səninlə dost olaq,
Gülə-gülə, olmaz-olmaz deyirsən.
Həmdəm olaq, sirdaş olaq, dost olaq,
Gülə-gülə, olmaz-olmaz deyirsən.

Məcnun kimi elə düşüb harayım,
Boş görünür sənsiz evim, sarayım,
Deyirəm ki, qoy telini darayım,
Gülə-gülə, olmaz-olmaz deyirsən.

Heyran oldum sənin qönçə cağına,
Qonaq eylə bar-bəhrəli bağına,
Deyəndə ki, qoy toxunum tağına...
Gülə-gülə, olmaz-olmaz deyirsən.

Gül ətirin ağlım alıb, məst edib,
Alagözlüm, şirin sözün şəst edib,
Ay insafsız, sən Sədiyə qəst edib,
Bilə-bilə, olmaz-olmaz deyirsən...
Gülə-gülə, olmaz-olmaz deyirsən.


GÜL ƏTRİ QATMIŞSAN ŞEİRMƏ MƏNİM

Gündə neçə dəfə: - aşkar-gizlincə,
Səni görmək üçün göz, əlləşibdi.
Bu geniş aləm də, səni görüncə,
Gözlərim önündə gözəlləşibdi.

Gətirib ilhama, gətirib təbə,
Hicranlar əlindən qopardın məni.
Gündə pillə-pillə, neçə mərtəbə,
Sevgilim, Göylərə qaldırdın məni!

Gül ətri qatmışsan şeirmə mənim,
Sözlərim bal kimi şirinləşibdi.
Adın dodağımda, dilimdə mənim,
Elə Gündən-günə şeirləşibdi.

Nəğmələr qoşacam adına hər gün,
Car çəkib aləmlə bir eyləyəcəm.
Səni sevdiyimi,
Sevgilim!
Hər gün,
Nəğməylə, şeirlə mən söyləyəcəm.


AĞRIN ALIM...

Heç bilirsən nələr düşüb?..
Lal könlümə, ağrın alım!
Həsrətindən qoyma düşsün,
Xal könlümə, ağrın alım!

Sevinc birdi, həsrət mindi,
Qəlbim teli elə dindi...
Baxışınla çək sən indi
Yol könlümə, ağrın alım!

Sən də sevən bir aşıq ol,
Ömürümə yaraşıq ol,
Gözlərimdən nur-işıq ol,
Dol könlümə, ağrın alım!

Gəl, Sədiyə sən ol həmdəm,
Görməym dərd, çəkməyim qəm,
Sən həm təbib, həm də məlhəm,
Ol könlümə, ağrın alım!

SALXIM SÖYÜDLƏR

Söyüd bitməsəydi çay qırağında,
Günəşli havada düzdə yanardı.
Dərdi olmasaydı salxım söyüdün...
Kölgəsiz şamlar tək düz dayanardı.

Dərdi olmasaydı salxım söyüdlər,
İkiqat əyilib yerə dəyməzdi.
Ayağa dolaşan, alaq tək bitən,
Kol-kosun önündə qəddin əyməzdi.

Mətin göstərsə də qürur insanı,
Söyüd tək tez sınar, dərd dəyən kimi.
Heç kəs əyə bilməz məğrur insanı,
Qəddini ikiqat, dərd əyən kimi.

BАXIRАM

Həyatda görürəm çoxu dolanır,
Gecə də, gündüz də varın başına.
Başıma dolanır külleyi aləm,
Mənsə dolanıram yarın başına

Yаlаn şirin olur, həqiqət аcı,
Gədаlаr bаşınа qoymurlаr tаcı.
Görürsüz, təbiət qoyubdur tаcı,
Mеyvələr içində nаrın bаşınа.

Hər ili son bаhаr, güllər soləndа,
Dört tərəf sаrаlıb, xəzаn olаndа,
Sədi, bülbüllər də gülsüz qаlаndа,
Hər səhər dolаnır xаrın bаşınа.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: