SƏRİNGÜL SADƏ (1958)

SƏRİNGÜL SADƏ (1958) SƏRİNGÜL SADƏ
(Səringül Ömər qızı
İsmayılova)
1958-ci il
aprelin 13-də Ulu Borçalımızın
qədim və cənnət Başkeçd
(indiki Gürcüstanın
Dmanisi) rayonundakı
Qızılkilsə kəndində
anadan olub.

O, şeir-sənətlə nəfəs alan
bir ailədə, dağlar qoynunda böyüyüb boya-başa çatıb.

Səringül Sadə hələ kişik yaşlarında ikən anası Xanımın çaldığı laylaları dinləyib, atası Ömər müəllimin dediyi
bayatılara qulaq asıb,
qardaşı İladi Öməroğlunun,
bacısı Səadət Butanın şeirlərini oxuyub. Qanda-canda ilham olduğu üçün,
o da hələ orta məktəbdə oxuduğu illərdən əlinə qələm alıb, öz ürək sözlərini şeirlə deməyə başlayıb.

1975-ci ildə orta məktəbi, 1990-cı ildə Bakıda Texniki Peşə məktəbinin şirniyyat ixtisasını,
1992-ci ildə isə Mühasbat uçotu kursunu bitirib.

Səringül xanımın bəxtinə sanki qürbət ellər yazılmışdır. O, Türkiyəni, daha sonra Avropa və Ərəb dövlətlərini gəzmiş, Kamboca, Tailand, İndoneziya, Malayziya və s. ölkələrdə olmuşdur. Harada yaşamasından asılı olmayaraq, Səringül xanımın qəlbi həmişə vətənlə, yurdla, el-oba ilə döyünmüşdür.
O, vətən həsrətli yüzlərlə şeirlər, bayatılar yazmışdır.

Səringül Sadə hazırda Bakıda yaşayıb-yaradır.

Doğma yurdun gözəlliklərindən, yam-yaşıl yamaclardan, başı qarlı dağlardan, diş göynədən buz bulaqlardan və eləcə də, dup-duru bulaq kimi coçub-çağlayan şairə bacısı Səadət Butadan ilham alaraq "Səringül Sadə" imzası ilə şeirlər, bayatılar yazan Səringül xanımın "Könlümün barı" adlı şeirlər kitabı artıq çapa hazırdır.

Biz də aşağıda Səringül xanımın qələmə aldığı bir neçə bayatını dərc edir, ona uzun ömür,
möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


Bayatılar

Sən bax hər bir insana,
Baş əyir Yaradana.
Ana da yaradandı,
Səcdə edək biz ona!

Vurulmuşam mən dağa,
Doğma yurda-torpağa.
Mən qurbanam, ay ellər,
Ay-ulduzlu bayrağa!

Oğlum cahi-cəlalım,
Ay dövlətim, ay malım.
Gəl sən mənim yanıma,
Bitsin dərdim, məralım.

Zimistandı baharım,
Çoxdu dərdim-azarım.
Bəxtim gedib yuxuya,
Bağlanıbdır bazarım.

Yuxum ərşə çəkildi,
Dan yeri də söküldü.
Ömrüm-günüm, gəlsənə,
Gözüm yola dikildi.

Haqdan alıb sur Əli,
Bir möcüzə, sirr Əli.
Əlində zülfiqarı,
Ağzı dolub surəli!

Ay Tanrım, kərəm eylə,
Mənə az sitəm eylə.
Məni Əsli eyləsən,
Yarımı Kərəm eylə!

Ya dəli,
Ya axmaqdı, ya dəli,
Tanrımıza əyandı,
Bu işdə var yad əli!

Namərdin qolu düşsün,
Bağına dolu düşsün,
Əzrayılın onlara,
Həmişə yolu düşsün!

Əyrilər-düzlər məni,
Kotantək düzlər məni.
Taftalama tağımı,
Dərirsən düz dər məni.

Eşq alınmaz bir qala,
Qoy mən ölüm, yar qala.
Tanrm canı bizlərə,
Bir veribdi, bir ala!

Bəxtə bax,
Daşı yaran bəxtə bax.
Uçub getdi bəxt quşu,
Ha dalınca bax da bax.

Gülə bəxt,
Ola iqbal, gülə bəxt.
Yazı yazan nədənsə,
Yazmayıbdır gülə bəxt.

Meşənin kolu mənəm,
Cığırı-yolu mənəm.
Çıxan eşqin bağından,
Xurcunu dolu mənəm.

Qübətdən vətən olmaz,
Hayına yetən olmaz.
Açsa qönçə gülləri,
Bülbülü ötən olmaz.

Əvəzi yox Quranın,
Bəzəyidir cahanın.
Yerə dəysin tək dizi,
Namazda müsəlmanın.

Kaş elə bir gün olsun,
Arzularım çin olsun.
Deyirəm dünyamızda,
İslam vahid din olsun!

Yerləri hey baş olsun,
Sadəyə sirdaş olsun.
Kəbədə olanların,
Könülləri xoş olsun.

Tikib yaradıb qursun,
Ziyarətə baş vursun.
İslamı sevənlərin,
Xudam üstündə dursan.

Vətən sarı,
Dərd-qəmi çəkən sarı.
Ölsəm qiblə gəzməyin,
Basdırın vətən sarı.

Aşıq, Butamı gördüm,
Yatdım butamı gördüm.
İçdim eşqin camını,
Mən də bu tamı gördüm.

Daşda məni,
Daş götür daşda məni.
Qəmdən bir saray qurub,
Oturtma başda məni.

Kərəm Lələli dağlar,
Ağır şələli dağlar.
Özgə evin yıxanın,
Öz evicə dağılar.

Yad ocaq,
Can qızıdrmaz yad ocaq,
Oğul düşmən toxumağı,
Qız qalayar yad ocaq.

Ağlaram, gülərəm mən,
Tanrıdan dilərəm mən.
Qürbətdə yox Vətəndə,
Rahatca ölərəm mən.

Doğulmuşam fevralda,
Hər yan qardı bu ayda.
Bəxtim borana düşüb,
İsitmir məni yay da.

Duman sürünər gedər,
Dağa bürünər gedər.
Ömür yuxuya bənzər,
Bir an görünər gedər.

Gül mənə,
Ağla mənə, gül mənə.
Mən gülə bənzəmirəm,
Bənzəyibdir gül mənə.

At gedər nalı düşər,
Boynuna yalı düşər.
Kürkümü suya salsam,
Qar yağar, dolu düşər.

Keçər gedər,
Hər gələn keçər gedər.
Kimsəyə rəhm eyləməz,
Əzrayıl biçər gedər.

Yeri dağlar,
Od yanar yeri dağlar,
Məcnuna səhra düşdü,
Fərhadın yeri dağlar!

Hər ata,
Bel bağlama hər ata,
Atalıq edə bilməz,
Hər oğula hər ata.

Quran vursun,
Haqq döysün Quran vursun.
Könül evi yıxanı,
Mən kiməm vuran vursun.

Əyri qarı,
Düzəlməz əyri qarı.
Mən yuxumda görürəm,
Ləlvəri, Əyriqarı.

Eləmi dərdi məndə,
Dərdi de dərdiməndə.
Dərd dolu gəmi gəldi,
Lövbəri saldı məndə.

Ağacın barı oldum,
Bəxtsizin yarı oldum.
Yaşım qırxı keşməmiş,
Qocaldım qarı oldum.

Belə üz, belə sinə,
Zülflərin beləsinə.
Qoy Tanrım tay eyləsin,
Yaxşını beləsinə.

Dağda su sərin olar,
Dərələr dərin olar.
Ana dilin dinc saxla,
Narahat yerin olar.

Oy yara,
Mən deyim o yara.
Bimüvətin əlindən,
Qara bağrım oy, yara.

Adam var hey tər tökər,
Araya güllər tökər.
Adam var dost başına,
Ələyib küllər tökər.


Hər ocağda köz olmaz,
Hər deyilən düz olmaz.
Qonşu paxıl olmasa,
Evdə qalan qız olmaz.

Ay qəriblər,
Dərd-qəmə tay qəriblər,
Bu fələkdən alıblar,
Göz yaşı pay qəriblər.

Qandısa,
Get al, qana qandısa.
Tüpürmə görən olar,
Ağzın dolu qandırsa.

Nizami Leyli yazdı,
Oldu gileyli yazdı.
Məcnun qanı axdıqca,
Səhrəda Leyli yazdı.

Araz çayı bulandı,
Könül evim talandı.
İndi bildim dünyamız,
Bihudədi-yalandı!

Aşıq siri söylədi,
Düşdüm geri söylədi.
Fələk pislik etdisə,
Sonra yeri söylədi.

Axıtsın sellər məni,
Aparsın yellər məni.
Atsın Şindi dağına,
Bürüsün güllər məni.

Gül üzə,
Yar yarını gül üzə.
Ənlik, kirşan nə lazım,
Haqq yaradan gülüzə!

Haşa çəkər,
Xəncəri daşa çəkər.
Qaynananın əlindən,
Gəlinlər haşa çəkər.

Qora torpaq,
Eyb örtər qara torpaq.
Yaz yaşıla bürünər,
Qışda da qara torpaq.

Qızılgülsən tikanlı,
Dərsin bir dəliqanlı.
Tanrım sənə yar yazsın,
Ağıllı və vicdanlı.

Çoxu lap ağ eylədi,
Sadəyə lağ eylədi.
Qohumun bir neçəsi,
Dərdini dağ eylədi.

Çəkmişəm çox kədəri,
Görmüşəm qəm-qəhəri.
Belində dərd şələsi,
Gəzmişəm kənd-şəhəri.

Eləmə altdan-altdan,
Bizləyir altdan-altdan.
Hər telindən bir şeytan,
Boylanır altdan-altdan.

Eləmi kövşən yeri,
Can yanmış kövşən yeri.
Od qarsalar dörd yanı,
Yandırar düşən yeri.

ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: