ŞƏHİD AYDIN NƏBİ oğlu ZEYNALOV - SADAXLI (1973-1993)

ŞƏHİD AYDIN NƏBİ oğlu ZEYNALOV - SADAXLI (1973-1993) Ana Vətənimizin ərazi bütövlüyü uğrunda
qəhrəmancasına şəhid olmuş
cəsur döyüşçülərindən biri də
Azərbaycan Respublikası Daxili Qoşunlarının
sabiq sıravisi Aydın Zeynalovdur.


Sıravi Aydın Nəbi oğlu Zeynalov 1973-cü ildə
qədim Borçalı mahalında - indiki Gürcüstanın
Marneuli rayonundakı Sadaxlı kəndində
anadan olub.
Orta təhsilini Sadaxlı kənd orta məktəbində
başa vurub. Hələ uşaq yaşlarından sənətə
böyük maraq göstərərən Aydın elə bu
arzusu ilə də, 1990-cı ildə Bakıya üz tutub.
Texniki peşə məktəbini bitirib, Bakı İxtisaslaşdırılmış
Elektrik Quraşdırma İdarəsində elektrik mantyoru
kimi işə də başlayıb...

1992-ci ilin iyun ayında Aydın Nizami RHK tərəfindən hərbi xidmətə çağırılanda, tərəddüd etmədən doğma Vətəninin əsgəri olmağa hazır olduğunu bildirib.
Tezliklə, A.Zeynalov Daxili Qoşunların 67987 saylı hərbi hissəsinin əsgəri kimi torpaqlarımızın müdafiəsinə yollanıb.

Sıravi A.Zeynalov şərəfli bir döyüş yolu keçib. Bu barədə ailəsinə və müvafiq orqanlara ünvanlanmış rəsmi sənədlərdə də qeyd olunub. Belə ki, 67987 saylı hərbi hissə komandiri (mayor M.Hacıyev) tərəfindən 13.07.1993-cü il tarixdə şəhidin qardaşı Möylə Zeynalova verilmiş arayışda, həmçinin 21.07.1993-cü il tarixdə Nizami Rayon İcra Hakimiyyətinə və Hərbi Komissarlığına göndərilmiş rəsmi məktublarda sıravi A.Zeynalovun Ağdərə və Ağdam rayonlarının müdafiəsi uğrundakı döyüşlərdə fəal iştirak etməsi öz əksini tapıb:

“... sıravi A.Zeynalov 1992-ci ilin iyul ayından respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda Ağdərə və Ağdam rayonları ərazisində döyüş bölgələrində fəal iştirak edirdi. O, 1992-ci ilin iyul ayında Ağdərə rayonunun erməni quldurlarından təmizlənməsində öz rəşadəti və qorxmazlığı ilə fərqlənmişdir. Ağdərə rayonunun Möhrataq, Kasapet kimi yaşayış məntəqələri ətrafında gedən döyüşlərdə əl pulemyotundan məharətlə istifadə edərək, öz silahdaşları arasında dərin hörmət qazanmışdır. 1993-cü ilin yanvar-fevral aylarında Sırxavənd yaşayış məntəqəsi və ona yaxın strateji əhəmiyyətli yüksəkliklərin erməni quldurlarından təmizlənməsində misilsiz cəsurluq göstərmişdir...”.

21 iyun 1993-cü il tarixdə Ağdamın Boy Əhmədli yaşayış məntəqəsi uğrunda gedən döyüşlər isə
Aydının son döyüşü olub...
Bu döyüşlər zamanı ağır qəlpə yarası alan sıravi A.Zeynalov, 25 iyun 1993-cü il tarixdə
Qaradağlı səhra qospitalında gözlərini əbədi yumub...

Şəhid Aydın Zeynalov Ana Vətəni olan doğma Borçalı torpağında - Sadaxlı kəndində dəfn olunub.

Allah rəhmət eləsin... Ruhu şad osun...

Mərhum şair Yetim Mahmud şəhid Aydın Zeynalovun xatirəsinə şeir həsr edib.


Müşfiq BORÇALI,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: