ZiM.Az xəbər verir ki, aksiya Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında başlayıb.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Aksiyada çıxış edənlər Azərbaycan Ordusunun qələbəsindən danışıb, erməni işğalı altındakı torpaqlarımızın tezliklə azad olunacağına əminliklərini bildiriblər.
Çıxışlarda vurğulanıb ki, Gürcüstanda yaşayan soydaşlarımız, xüsusən də gənclərimiz bu ağır və çətin, həm də şərəfli bir gündə Azərbaycan Prezidentinin ətrafında sıx birləşib, ehtiyac yarandığı halda Qarabağ, tarixi Vətənimiz uğrunda döyüşməyə hazırdırlar.
Sonra aksiya iştirakçıları Azərbaycanın Gürcüstandakı səfirliyinədək yürüş ediblər.
Yolboyu iştirakçılar əllərində Azərbaycanın, Gürcüstanın və Türkiyənin bayraqlarını dalğalandırıb, “Qarabağ bizimdir, bizim olacaq!”, “Azərbaycan, biz səninləyik!”, “Vur keç səngəri, Azərbaycan əsgəri!” şüarları səsləndiriblər.
Səfirliyin binasının qarşısında Azərbaycanın dövlət himni oxunub.
Səfirliyin birinci katibi Anar Rəsulov aksiya iştirakçıları ilə görüşüb, nümayiş etdirdikləri dəstəyə görə Azərbaycan dövləti adından onlara təşəkkür edib.
Diplomat diqqətə çatdırıb ki, Azərbaycan Ordusu zəfər çalmaqda davam edir. Silahlı Qüvvələrimiz uğurlu əməliyyatlar aparır. Azərbaycan əsgəri işğal altında olan bütün torpaqlarımızı azad edəcək.
A.Rəsulov soydaşlarımızı ayıq-sayıq olmağa və təxribatlara uymamağa çağırıb.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.