Hacan HACISOY (1946): Borçalı bir qızıl üzük, Üzüyün qaşı Başkeçid!..

Hacan HACISOY (1946): Borçalı bir qızıl üzük, Üzüyün qaşı Başkeçid!.. Hacan Hacıyev (Hacısoy) -1946-cı il martın 19-da
qədim Qaraçöp mahalında - indiki Gürcüstanın Kaxeti bölgəsindəki Saqareco rayonundakı Keşəli kəndində dünyaya göz açıb.
1963-cü ildə Yor-Muğanlı kənd orta məktəbini qızıl medalla bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyasına) daxil olub.
1969-cu ildə təhsilini müvəffəqiyyətlə başa vururaq Qaradağ neft mədənləri idarəsində operator, mühəndis kimi çalışıb.
1982-ci ildə görkəmli alim, akademik A.Mirzəcanzadənin rəhbərliyi altında uğurla dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb.

Hacan müəllim uzun müddət doğma Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) pedaqoji fəaliyyətlə məşğul olub, elmi seminarlarda mühazirələr oxuyub, elmi-tədqiqat işləri aparıb. Onun bir sıra tədqiqatlarının nəticələri neft sənayesində tətbiq olunub.

H.Hacıyev 1993-1996-cı illərdə Azərbaycan Dövlət Neft Şirkətinin neft-qaz quyularının tədqiqi şöbəsinin aparıcı mütəxəssisi işləyib, müstəqilliyə qovuşmuş respublikamızın neft sənayesinin inkişafında qüvvə və bacarığını əsirgəməyib.

H.Hacıyev fəal ictimai xadim kimi də böyük nüfuz qazanıb. O, övladı olduğu torpağın Qaraçöpün sosial-iqtisadi və mədəni qayğılarına kömək məqsədilə 1989-cu ildə bu qrup həmfikri ilə birlikdə «Qaraçöp» Xeyriyyə Cəmiyyətini yaradıb və onun idarə heyətinin sədri seçilib.

H.Hacıyev 1996-2002-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı ilk fövqəladə və səlahiyyətli səfiri olub.

2002-ci ildən yenidən doğma ADNA-da (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) çalışır.

O, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində
“Neftin, qazın geotexnoloji problemləri və kimya”
Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi və
beynəlxalq nüfüzlu təşkilat olan Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının fəxri professorudur.

80-dən çox elmi məqalə və 5 ədəbi-bədii kitabın müəllifidir. O cümlədən, "Yurdum-yuvam..." (şeirlər və poemlar, Bakı: Pedaqogika, 2011. 196 səh.), "Var ilə yoxun arası" (Şeirlər, Bakı: "Naksuana”nəşriyyatı, 2016, 160 səh.) və "Üçleme" (Azerbaycan Kültür Evi Yayınları İstanbul, 2017, 343 səh.) adlı kitabları poeziya sevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Hacan Hacısoyun şeirləri Müşfiq Borçalının 3 cildlik "Sazlı-Sözlü Başkeçid" (2015) kitabında, 5 cildlik "Zirvə" Poeziya antologiyasında (2017,2018), "525-ci qəzet", "Ziya", "Şərqin səsi", "Elm və təhsil" qəzetlərində, "ZiM.Az", "Zirve.info" saytlarında da və s. dərc olunub.
Biz də Hacan müəllimə yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeeirini ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.


Müşfiq BORÇALI,
ZiM.Az



BORÇALI

Gözümün qarası, ağı,
Vətənimin bir budağı.
Başımın qeyrət papağı,
Ömrümün tacı Borçalı!


Haqqı-sayı itirməyən,
Şahdan da söz götürməyən.
İqbalı düz gətirməyən,
Taleyi acı Borçalı!

Sərhəddimin o yanısan,
Ancaq canımın canısan!
Sən bir səhvin qurbanısan,
Baxtı qıyqacı Borçalı!

Hər zaman parla, alış, yan,
Öz yerində möhkəm dayan.
Heç kəsdən qayğı ummayan,
Qayğı möhtacı Borçalı!

Hərə versin bir cür qərar,
Axı, kimdən sənə nə var.
Özün öz içində axtar,
Dərdə əlacı Borçalı!

Gözümün qarası, ağı,
Vətənimin şah budağı.
Başımın qeyrət papağı,
Baxtımın tacı Borçalı!

* * *

Borçalım – anam mənim,
Hüsnündən gözüm doymaz,
Sevgindən də ürəyim.
Könlüm tel-tel ötən saz,
Baş pərdəsi, simi – sən!
Sən də könül sazınla,
Füsunkar ecazınla,
Talen, alın yazınla,
Azərbaycan kimisən!

Sənə bəzək vurubdur,
Yaradanın fırçası.
Təbiətin qoynunda,
Sən bir zümrüd parçası.
Ləli-mərcan kimisən!
Səbrləri daşdıran,
Ağılları çaşdıran,
Gözləri qamaşdıran,
Azərbaycan kimisən!

Hansı gündə yarandın,
Donun hansı biçimdə?
Özün kiçik olsan da,
Sən bu cahan içində,
Böyük cahan kimisən!
Qovğası sovuşmayan,
Kamına qovuşmayan,
Cahana sığışmayan,
Azərbaycan kimisən!

Bir qapısan beləcə,
Həm açıq, həm kilidli.
Olsan da gözdən uzaq,
Bir az vüsal ümidli,
Bir az hicran kimisən.
Ögey gözlə baxılan,
Nahaq oda yaxılan,
Qəlbi şişə taxılan,
Azərbaycan kimisən!

Sənsən mənim ovqatım,
Sənsən mənim təhərim.
Səninlə aydınlaşır,
Açılır hər səhərim.
Üfüqdə dan kimisən!
Sifəti, üzü nurlu,
Düşüncəli, şüurlu,
Çılğın, məğrur, qürurlu,
Azərbaycan kimisən!

Sərt küləklər əssə də,
Nə əyilir, sınırsan.
Özün öz fırtınanda,
Döyünür, çırpınırsan!
Qəfəsdə can kimisən!
Kin-küdurət bilməyən,
Səsi eşidilməyən,
Son ümidi ölməyən,
Azərbaycan kimisən!

Gözümün qarası, ağı,
Vətənimin şah budağı.
Başımın qeyrət papağı,
Baxtımın tacı Borçalı!

BAŞKEÇİD

Qəlbin geniş, özün böyük,
El yüküdür ən ağır yük!
Borçalı bir qızıl üzük,
Üzüyün qaşı Başkeçid!

Gedib kimin, qalıb kimin,
Qəm havası çalır simin.
Nuhdan gələn tariximin,
Canlı yaddaşı Başkeçid!

Adın uca, mənan dərin,
Örnək olub əməllərin.
Bu daş-qaya heykəllərin,
Ustad nəqqaşı Başkeçid!

Bir nübarsan bağ yolunda,
Aşırımsan dağ yolunda.
Ulu türkün Ağ yolunda,
Keçidlər başı Başkeçid!

Babam haqqı alıb haqla,
Tikib, qurub diş-dırnaqla.
Sən də qoru, möhkəm saxla,
Daş üstdə daşı Başkeçid!..


QARAÇÖP

Çinarların düzülübdür, qatar-qatar yol boyunca,
Bu Süleyman bulağıdır, saf suyundan iç doyunca.
Girəcəkdə Şəhid oğlun heykəlləşib dönüb tunca,
Çox-çox ağır sınaqlara meydan mahalım Qaraçöp,
İgidlərə, ərənlərə ünvan mahalım Qaraçöp.

İnsanların etibarlı, qədirbilən, Hətəmtaydı,
Obaların oymaq-oymaq, naxış-naxış, yeddi saydı.
Arxan Töyrə – silsilə dağ, önün Qavrı – axar çaydı,
Dağ döşündən düzə baxan eyvan mahalım Qaraçöp,
İgidlərə, ərənlərə ünvan mahalım Qaraçöp.

Baş əyməli gör nə qədər ziyarətgah ocağın var,
Göz oxşayan, könül açan neçə guşən, bucağın var.
Ata evim, ana qoynum, nə mehriban qucağın var,
Hər tərəfi gül-çiçəkli, əlvan mahalım Qaraçöp,
İgidlərə, ərənlərə ünvan mahalım Qaraçöp.

Çox qədimdi tayfaların soy adları, əsilləri,
Gah oturaq, gah köçəri yaşamısan fəsilləri.
Sinən üstə at oynadır Qarapapaq nəsilləri,
Eyləyirsən bu minvalla cövlan mahalım Qaraçöp,
İgidlərə, ərənlərə ünvan mahalım Qaraçöp.

Dədə Qorqud hikmətindən xəlq olunmuş bir diyarsan,
Altay, Oğuz axınından qopub qalan yadigarsan.
Zaman, məkan ölçüsündə əbədiyyət qədər varsan,
Əbədiyə doğru gedən karvan mahalım Qaraçöp,
İgidlərə, ərənlərə ünvan mahalım Qaraçöp.

Oğulların kişi kimi, basdığını kəsən deyil,
Dizin düşmən qarşısında əsməyibdir, əsən deyil,
Çox obalar, ellər gördüm, fəqət heç biri Sən deyil,
Həqiqətə, ədalətə divan mahalım Qaraçöp,
İgidlərə, ərənlərə ünvan mahalım Qaraçöp.

Ümid çırağı olmusan üstünə kim gəlibdisə,
Ocağından od vermisən tüstünə kim gəlibdisə.
Oturtmusan öz yerinə qəsdinə kim gəlibdisə,
Düşmənini mənzilinə qovan mahalım Qaraçöp,
İgidlərə, ərənlərə ünvan mahalım Qaraçöp.

Həsrətinə, möhnətinə dözmək olmur nə sirdisə,
Günah deyil əgər könül sevdiyinə əsirdisə.
Nisgil qalmaz ürəklərdə Vətən bütöv, el birdisə,
Qəlbi geniş, yolu-izi rəvan mahalım Qaraçöp.
İgidlərə, ərənlərə ünvan mahalım Qaraçöp.

Kaş adını yaza bilim üfüqlərin dan yerinə,
Nə qaytara bilər övlad, ana verən can yerinə!
İgidlərin damarında qeyrət axır qan yerinə,
Səni belə yetiribdir dövran, mahalım Qaraçöp.
İgidlərə, ərənlərə ünvan mahalım Qaraçöp.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: