Xaləddin YOLÇUYEV: Təkcə canım oldu dilimdə andım...

Xaləddin YOLÇUYEV: Təkcə canım oldu dilimdə andım...
TƏBRİK EDİRİK!..

XALƏDDİN YOLÇUYEV (1951)

Bu gün Gürcüstanda yaşayıb-yaradan
dəyərli ziyalılarımızdan biri, tanınmış ictimaiyyətçi,
Rustavi Azərbaycanlılarının
Mədəniyyət Mərkəzinin rəhbəri
Xaləddin Ələkbər oğlu Yolçuyevin
anadan olmasının
65 illik Yubileyi tamam olur.

O, 1951-ci il yanvarın 15-də qədim Qarayazının (indiki Qardabaninin) Candar kəndində anadan olub.

1972-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunu bitirib.
Tikinti sahəsində bir çox məsul vəzifələrdə çalışıb.
2000-ci ildən Rustavi şəhərində yaşayan azərbaycanlıların mədəniyyət mərkəzinin sədridir.
Şeirləri bir çox mətbu orqanlarda, o cümlədən "Ədəbi Gürcüstan" toplusunda və
"Şərqin səsi" qəzetində çap olunub.
Ailəlidir, iki övladı, dörd nəvəsi var.

Xaləddin müəllimi anadan olmasının 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, ictimai fəaliyyətində və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulamaqla yanaşı, aşağıda bir şeirini oxucularımızın ixtiyarına veririk!..
Müşfiq BORÇALI.


Xaləddin YOLÇUYEV: Təkcə canım oldu dilimdə andım... Neyləyim

Sevinci, kədəri, qəmi bölməyə,
Qəhətdir başıma adam, neyləyim.
Dostlar üz döndərib, qohum yapışmır,
Yadlara əzəldən yadam, neyləyim.

Günah özümdədir, yoxsa zamanda,
Bilirəm, yaşayır insan yananda.
Ötüb-keçmişləri hərdən ananda,
Elə bil alışan odam, neyləyim.

İşıqlı dünyadan insan doymayır,
Əllər yetməsə də, gözlər boylanır.
Sinəmdə ağrının ahı qoymayır,
Dünya ləzzətini dadam, neyləyim.

Bu fani dünyada yaxıldım, yandım,
Ömür keçdi, yəqin mən də usandım.
Təkcə canım oldu dilimdə andım,
Sağ gün görməyibdir o da, neyləyim?!
.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: