XIDIR ORUCOĞLU (1958): "Alçalmaq asandır, yüksəlmək çətin..."

XIDIR ORUCOĞLU (1958): "Alçalmaq asandır, yüksəlmək çətin..."
XIDIR ORUCOĞLU
(1958)

Xıdır Oruc oğlu Məmmədli
- 1958-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonun­dakı Darvaz kəndində dünyaya göz açıb.
Orta təhsillidir. Fəhlə işləyir.
Şeirləri «Ziya», «Gənc müəllim», «Qələbə bayrağı», «Gür­cüstan», «Ədəbiyyat qəzeti», «Borçalı», «Təh­sil» və s. qəzetlərdə, «Boradigah», «Dar­vaz» məcmuələrində işıq üzü görüb.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bir kitab müəllifidir. Kitabına Ön sözü Azərbaycanın Xalq şairi Məmməd Araz yazmışdır.
Xıdırın şeir­lərinin əsas mövzusunu doğma yurda bağlılıq, kənd zəhmət­keşlərinin əməyi, rastlaşdığımız problemlər, günümüzün əcaiblik­ləri və s. təşkil edir.

Xıdır Orucoğlu Bakıda yaşayıb-yaratmış həm­yerlimiz, şair Eldar Hacıyevə həsr etdiyi şeirdə deyir:

Nələr saldın indi mənim yadıma,
Xatirimdə günlər çözələndi, gəl.
Gözlərim önündən keçdi xəyaltək,
Ömrüm, günüm sanki təzələndi, gəl.

Seyr edib çəməni, dağlara çıxaq,
Boylanıb zirvədən Darvaza baxaq.
Lalələr toplayıb, nərgizlər yığaq,
Çöllərə bənövşə düzələndi, gəl…

X.Orucoğlunun «Dağlar», «Ormeşəndə görmüşəm», «Azad qadın heykəli», «Ana» şeirləri öz oxunaqlığı ilə seçilir.
Onun satirik şeirləri də diqqəti cəlb edir.

Alçalmaq asandır, yüksəlmək çətin,
Hər şərəfli yolda durasan mətin,
Babalardan qalmış adın, adətin
Tapdayıb zibilə qatma, amandı,

- deyən X.Orucoğlu üzdəniraq bəzi əliəyri avtobus sürüclərini tənqid etdiyi «Şofer» şeirində isə yazır:

Şair Xıdır söylər sözün düzündən,
Gəl salma özünü elin gözündən,
Bir gün olar, nişan qalmaz izindən,
Vurarlar arada təpik də, şofer.

Aşağıda Xıdır Orucoğlunun bir neçə şeirini dərc edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..
Müşfiq BORÇALI.



MÜƏLLİM

Orta məktəbdə tarix müəllimim olmuş
görkəmli dilçi-alim, filologyiya elmləri doktoru,
professor Mədəd Çobanova dərin məhəbbətlə


Uca dağlar başı daim qar olar,
Kövrəlmə, baxanda başa, müəllim.
Parlaq günləriniz hələ öndədir,
İlham al dünyadan, yaşa, müəllim.

Arzuların çiçək açıb, bar verib,
Sizə şöhrət kimi dövlət-var verib.
Hər əsərin bizə bir nübar verib,
Ötməyib illərin boşa, müəllim.

Xəyalın tarixi edərkən soraq,
Həmdəm olub sənə qələm və varaq.
Tarixin düyünlü sirrin açaraq,
Durdun alimlərlə qoşa, müəllim.

Bu gündən sabaha təzə iz saldın,
Keçmişdən bu günə daim söz saldın.
Sönmüş ocaqlara özün köz saldın,
Ad qoydun torpağa, daşa, müəllim.

Borçalı xalqına fəxri dayaqsan,
Tarixə bələdçi kimi oyaqsan.
Durmusan keşikdə əsgərsayaq sən,
Qoyma düşmən sərhəd aşa, müəllim!


MÜŞFİQ

(İlk şeirlərimin və ilk kitabımın çapına səbəbkar olmuş
xeyirxah eloğlum Müşfiq Çobanlının “Ağır elli Borçalı” kitabını oxuyarkən.)


Əl atıb bağından bir bar dərmişəm,
Bu sovqat mənə ilk nübardı, Müşfiq.
Fidan arzuların boy atan zaman,
Fərəhdən ürəyim qabardı, Müşfiq.

Oxuyub kitabın öpüb qoxlaram,
Əziz canım kimi təmiz saxlaram.
İlhamım dil açıb coşub çağlaram,
Aldı fikir məni apardı, Müşfiq.

Şair Xıdır ömrü sözə bağladı,
İllər ötdü, kədər onu haqladı.
Tutuldu yolları, gizlin ağladı,
Nicat yolun sizdə tapardı, Müşfiq.

“Addımlar” Poeziya toplusu,
N: 2, B., 1995.



SAHİB

Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində dünyaya gəl­miş
və Qarabağda qəhrəmancasına Şəhid olmuş
Sahib Almaz oğlu Məmmədovun
əziz xatirəsinə


Ömrünü yaşadın saf niyyət ilə,
Nə sərvət, nə şöhrət gəzirdin, Sahib!
Nə vaxt dərdli gördün doğma Vətəni,
Başının üstünü kəsərdin, Sahib!

Sən həm kövrək idin, həm ərköyündün,
Elin qüruruyla daim öyündün.
Vətən çağrışına hərbi geyindin,
Fərari kəslərdən küsərdin Sahib!

Ər atalardan da ər oğul törər,
Hünər meydanına mərd igid girər.
Vətən olan yerdə xalq şəhid verər,
Yaralı canınla dözərdin, Sahib!

Xeyir-dua aldın elin, obandan,
Mərdlik miras qalıb Namaz babandan.
Xalqına məhəbbət gəlibdir qandan,
Şöhrətinlə eli bəzərdin, Sahib!

Deyirlər olmayır əsgər yuxusu,
Səngərlərdə keçir vaxtın çoxusu.
Hər an güllə səsi, ölüm qoxusu,
Kim deyər o gündən bezərdin, Sahib!

Xaraba görəndə hər kənd evini,
Yamanca pozubdur sənin kefini.
Harada gördün o "insan div"ini,
Silahla başını əzərdin, Sahib!

Belə olub son vaxt səndə xasiyyət,
Gördün dəyişir o canda vəziyyət.
Qisas al düşməndən edib vəsiyyət,
Yeri-göyü gözlə süzərdin, Sahib!


KEÇİB

Heç nə silinməyib xalq yaddaşından,
Hər sözü elə bir ələkdən keçib.
Dahilər yetirib bizim xalqımız,
Hər birinin yolu bələkdən keçib.

Tarixin keçmişi uludan ulu,
Şüarımız olub ədalət yolu,
Keçilən yolları əzabla dolu,
Tarixin yazısı lələkdən keçib.

İgidlər süngüylə, şair qələmlə,
Qələbə çalıblar nasirlər elmlə.
Xətai çırpışıb ölüm-dirimlə
Qoç Babək qolundan, biləkdən keçib.


DEMƏ

Nadürüst bir kəsə yoldaş olmuşdum,
Altdan-altdan məndən yazırmış demə.
Bələd olmamışam onun halına,
Dostunu satmağa hazırmış demə.

Dosta sadiq bilib ona inandım,
Acıyıb taleynə daim yanandım,
Onu özümə ən əziz dost sandım,
Ayağım altını qazırmış demə.


BİLƏR

Nadan kəslə dostluq etsən,
Bir gün dönük çıxa bilər.
Dar günündə bəd ayaqda,
Gözlə səni yıxa bilər.

Hər insanda yox etibar,
Fitnə­karın yüz fəndi var.
Üzdə sənə şirin olar,
Dalda qaxınc qaxa bilər.

Nadan kəsin qayğısın çək,
Əzabına döz özün tək.
Tök pulunu ətək-ətək,
Sənə yandan baxa bilər.


A XURAMAN

(Ərzaq mağazasında işləyən
qonşu qızı Xuraman xanıma)


Zara gəldim belə dünya əlindən,
Hər zaman çəkmişəm mən axır-aman.
Ömrümün yolları hamar olmadı,
Gah dağa düşmüşəm, gah da xıra mən..

Bir bölük külfətə oldum mən ata,
Çətin gündə həsrət qaldım manata.
Dözüm yoxdur indən belə mana ta,
Çətin sağ qalam bu il axıra mən.

Ha istədim nisyə ərzaq az alım,
Bircə yolluq borcu nistən azalım.
Bilmirəm azalmır niyə a zalım,
Xıdırı üzür bu dərd a Xuraman.


GÖRDÜM

Bəhrəsi olmayan öz eli üçün,
Yurdunda bayquştək ulayan gördüm.
Fərasətsiz olan nadan kəsləri,
Dörd yanın həmişə dalayan gördüm.

Cəsarət, qeyrətdən onda səy hanı,
Beyninə batmaz sən ona sayanı.
Fikri, zikri vurmaq olur ziyanı,
Özgə malın daim talayan gördüm.

Arzusu, istəyi gözdə puç olar,
Nə şöhrəti, nə ad-sanı ucalar.
Görəndə, ziyalı, alim, qocalar,
Ona-buna quyruq bulayan gördüm.

Ondan ötrü millət nədir, zad nədir,
Fərqin bilməz soyad nədir, zat nədir.
Ögey nədir, doğma nədir, yad nədir,
Gündə yadın qabın yalayan gördüm.

Halal kəsə hər vaxt o qara yaxar,
Məqam güdüb xəlvət o dostu yıxar.
Üzə durub suçsuz üzü ağ çıxar-
Ara vurub meydan sulayan gördüm.

Çöldə fərə olub, evdə qoç olar,
Uşaq döyər, arvad ilə saç yolar.
Nə ölər, nə itər, nə də qocalar,
Qırx arxı bir yerə calayan gördüm.


İSTƏDİM

Pərişan görəndə kimsənin halın,
Dərdini öz dərdim bilmək istədim.
Dərdimi içimdə təkcə çəkmişəm,
Sevinci hamıyla bölmək istədim.

Əridi yox oldu üzlərdən həya,
İtirdik yaxşını biz duya-duya.
Kiçiklər böyüyü saymasa saya,
Kəndirdən boğaza ilmək istədim.

Ali cənab bildik biz müəllimi,
Bizə qanun olub əvvəl təlimi.
Satanda şagirdə verdiyi elmi,
Xəcalətdən vallah ölmək istədim.


MANANA

(Gürcü qızı müğənni Mananaya)


Məclislər içində bir gözəl gördüm,
Əcəb heyran oldum mən ona, Ana.
Feyziyab eyləyib məclis əhlini,
Gözəllik verirdi hər söz, Mənana.

Qəlbi təmiz, xətri əziz gəlindi,
Hünərinə alqış deyək gəlin di.
Dinləyib özünü bir an gəl indi,
Görək hansı eldən gəlib Manana.

Elə gözəl şövqlə mahnı oxuyar,
Könlüm mahnısını daim ox, uyar.
Hər sözündə deyər oxu, oxu yar,
Yaşasın deyirəm bax mən ənənə.


DEYİRSƏN

Xətrini dost, qardaş qədər əziz tutduğumuz müdirimiz
Cavanşir Güləhmədova dost zarafatı ilə.


Gözlərim qalıbdır Vətən yolunda,
Bü günümə də sən ömür deyirsən?!
Durmusan üstümdə bir müdir kimi,
Addım başı mənə əmr deyirsən.

Bir mərhəmət göstər qoy cavab olsun,
Səxavət əməlin bir savab olsun,
Fəhlənin yediyi xaş, kabab olsun,
Al əlinə sümük sümür deyirsən.

Xəbərimiz yoxdur zümrüd, daş-qaşdan,
Məvacibmiz çıxır elə bil daşdan,
Xıdır söz salanda nə vaxt ki, maaşdan,
“Götür süpürgə, yer süpür”, - deyirsən.


XIDIR ORUCOĞLU,
“Qızıl Qələm” və “Abdulla Şaiq”
mükafatları laureatı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
"ŞƏRQİN SƏSİ" qəzeti,
Dekabr, 2011.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: