Buludxan XƏLİLOV
filologiya üzrə elmlər doktoru, professor
filologiya üzrə elmlər doktoru, professor
Biz istənilən bir işi görəndə ürəklə ağlın vəhdətinə ehtiyac hiss edirik. Əks təqdirdə görülmüş işin nəticəsi yaxşı olmur. İnsanlar fərqinə varmasalar da, həqiqət budur ki, yazı yazanda da, işləyəndə də, ünsiyyətdə olanda da, bir sözlə, fəaliyyətin hər anında ürək, ağıl fəallığı ilə seçilir. Ancaq bu barədə çox vaxt fikirləşmirik.
İstənilən bir hərfi, yazını yazanda ürəyimizin döyüntüsünü eşitmirik. Halbuki ürək döyünür, yaşayır, nəfəs alır. Hətta hərfin xarakterindən, həcmindən, ölçüsündən asılı olaraq döyüntülərin sayı müxtəlif olur.
Məsələn, kiçik a hərfini yazanda ürək daha gərgin olur, nəinki böyük A hərfini yazanda. Yaxud, böyük və kiçik x (X, x) hərfini yazanda ürək daha gərgin olur. Deməli, hərflərin xarakteri, görünüşü, qrafikası ürəyin döyüntülərinin sayına təsir edə bilir. Ancaq bu barədə çox vaxt düşünmürük. Əksər vaxt bu barədə düşünmədiyimiz üçün dərs dediyimiz şagirdləri, tələbələri düşündürmək heç ağlımıza da gəlmir. Ancaq düşünmək və bunun sayəsində nəyisə tapmaq, eləcə də bildiklərini başqalarına öyrətmək inkişaf deməkdir. O insanlar irəli gedir ki, onlar düşünürlər. Burada XX əsrin görkəmli fiziki Rezerfordun bir təcrübəsini qeyd etmək yerinə düşər. Rezerford yeni fizikanın təməlini qoymaqla yanaşı, həm də laboratoriyası ilə dünyada məşhur olubdur. Belə ki, XX əsrin əvvəllərində onun laboratoriyasında çalışmağı, təcrübə aparmağı gənc fiziklər özlərinə şərəf hesab ediblər. Ancaq Rezerford hər gənc tədqiqatçını öz laboratoriyasına buraxmamışdır. O, laboratoriyasında işə qəbul edəcəyi hər bir gənc tədqiqatçı üçün sınaq müddəti müəyyən etmişdir. Həmin sınaq müddətində o, gənc tədqiqatçılara çətin bir problemin həllini tapşırmışdır. Tədqiqatçılardan bir qismi onlara tapşırılan problemi bir neçə gün ərzində həll etmiş və yeni problemin tapşırılması ilə bağlı Rezerforda müraciət etmişdir. Rezerford isə daha yeni bir problemi həll etmək üçün ona müraciət edən tədqiqatçılara demişdir ki, sizin sınaq müddətiniz qurtardı və sizin kimi işçi bizə lazım deyil. Ona görə lazım deyil ki, siz tapşırılan problemi həll edən zaman o problemdən yeni-yeni problemləri çıxarmalı və onları həll etməli, ya da ki, həlli yolunda mənə müraciət etməliydiniz. Siz isə tapşırılan problemi qısa bir müddətdə həll etmisiniz, ancaq həll etdiyiniz problemdən isə heç bir yeni problem yaranmayıbdır. Deməli, hər dəfə sizi problem həll etməyə yönəltmək, istiqamətləndirmək lazımdır.
Gənc tədqiqatçıların bir qismi isə otağa daxil olur, gecə-gündüz oxuyur və onlara tapşırılan problemi həll etmək istəyirlər. Rezerford bu qəbildən olan tədqiqatçılara deyir ki, siz də bizim laboratoriyada işləyə bilməzsiniz. Ona görə ki, siz zəhmət çəkib, gecə-gündüz oxuyursunuz, bəs oxuduqlarınız barədə nə vaxt düşünürsünüz? Deməli, insan oxuduqları, öyrəndikləri barədə düşünməyi də bacarmalıdır. Hətta müşahidə etdiklərini də təhlil etməlidir. Bundan başqa, bildiklərini öyrətməyi də qabiliyyətə çevirməlidir. Ancaq insanların bir qismi müşahidə aparmağı, müstəqil öyrənməyi və öyrətməyi bacarmırlar. Söhbət təkcə elm öyrənməkdən və elmi öyrətməkdən getmir. Ona görə ki, hamı elmi öyrənə bilməz və elm adamı ola bilməz. Söhbət o öyrənməkdən gedir ki, insanlar həyatı, məişəti, təbiəti, yaşadıqları mühiti öyrənsinlər. Bunu yaxşı öyrənənlər həm müstəqil yaşamağı bacarırlar, həm də öyrəndiklərini təhlil etmək, başqalarına öyrətmək gücündə, qabiliyyətində olurlar. Axı həyatın, məişətin, təbiətin, mühitin özü də elmdir. Bu elmin də öz konkret kitabları var: Həyat, Məişət, Təbiət, Mühit. Yazılan elmi kitablara qədər bu kitablar mövcud olub və oxunmaq üçün hər birimizlə üz-üzədir. Ancaq əksər vaxt bizim hər birimizlə üz-üzə olan elmdən uzaq düşürük. Bəzilərimiz qoynunda yaşadığımız təbiətin, üstündə gəzdiyimiz torpağın dilini bilmirik. Təbiətin qoynundakı, torpağın üzərindəki bitkilərin adını tanımırıq. Gəlin görək təbiətdə olan bu dağ pencərlərinin adını hamımız bilirikmi?
Güntürük yaz vaxtı torpaqdan zoğ formasında baş qaldırır, çəhrayi və yaşıl rəngin qarışığında olur. Dadı acıtəhərdir. Yağda qovrulur və sarımsaqlı qatıqla yeyilir. Mədə-bağırsaq sisteminə faydalıdır.
Süddü ispanağa oxşar bitkidir. Yazda bitir. Yağda qovrulur və sarımsaqlı qatıqla yeyilir.
Qulançar ağacın puçuru formasında olur. Yazda bitir. Qovrulur və sarımsaqlı qatıqla yeyilir.
Əvəlik əkin-biçin sahələrində bitir. Çox faydalıdır. Qurudulur və qışda istifadə olunur. Ondan əvəlikaşı (əvəlikliisti), kətə və s. bişirilir. Mədə-bağırsaq üçün böyük faydası vardır.
Əməköməci yazda bitir. Kətə, qutab bişirilir. Həm də qovrulub sarımsaqlı qatıqlı yeyilir. Bundan sulu xörək də hazırlanır. Belə ki, pörtlədilir, acı suyu çıxarılır (sıxılaraq), qaynadılmış suda kartof və düyü ilə birgə bişirilir, üzərinə yağ, soğan dağ edilir.
Lilpar su (bulaq) başında, ətrafında bitir. Qovrulur və sarımsaqlı qatıqla yeyilir.
Sozu sarımsağın cücərdilmiş göy hissələrinə oxşayır. Yazda bitir və yağış yağdıqdan sonra baş qaldırır. Sarımsaq dadı verir. Bişirilmədən yeyilir.
Qıjı bişirilmədən yeyilir.
Sirkən ən çox alaq otlarının arasında bitir. Bostan bitkilərinin arasında və kənarında olur. Pörtlədilir, suyu sıxılır və qovrulduqdan sonra sarımsaqlı qatıqla yeyilir.
Tirpək üz qabığı soyularaq yeyilir.
Tərpətöyün bostanın qırağında, yol kənarında, yurd yerlərinin kənarında bitir. Qovrulur və sarımsaqlı qatıqla yeyilir.
Dəvədabanı körpə vaxtı yeyilir. Üz qabığı soyularaq istifadə olunur.
Şıppırın dadı turşməzə olur. Yarpaqları iri olur. Qovrulur və sarımsaqlı qatıqla yeyilir. Bu bitki həm saplaqdan, həm də iri, dairəvi yarpaqdan ibarətdir. Əsasən çay kənarlarında bitir. Ancaq onun saplağından istifadə olunur. Saplağının üstü soyulur və sonradan saplaq bişirilərək istifadə olunur.
Şıppırın yarpağında sərinlik olan bitkidir. Ona görə də ərzaq məhsullarını yayda bir yerdən başqa yerə aparanda şıppırının yarpaqlarından istifadə olunur. Ərzaq onun yarpaqlarına bükülür. Məsələn, ət məhsulları, bal, yağ, şor, pendir və s.
Baldırğan bitkisinə bəzi şivələrdə özək də deyilir. Yazda bitir. Üz qabığı soyulur və sonra yeyilir. Baldırğandan turşu (şoraba da) hazırlayırlar.
Çaşır iki cür olur. Biri əsl çaşırdır. Bu çaşır yeyilir. Hətta ondan turşu (şoraba da) tutulur. İkinci çaşır isə dəli çaşırdır. Ondan istifadə olunmur. Ən çox çaşır dağdöşündə, xırlıq, qayalıq olan yerdə bitir.
Cəkləm əsasən çəpərlərdə bitir. Boyu alçaq olur. Onun kökü fındığın ləpəsinə oxşayır. Yerdən qazılıb çıxardılır. Üz qabığı palıd rəngində olur. Üz qabığı soyulur və yeyilir. Onun üz qabığı soyulduqdan sonra o, ağ rəngində olur. Gövdə hissəsi isə bir növ şüyüdü xatırladır.
Quzuqulağı turş olur. Yerdən qopardılıb yeyilir. Duzlanıb yeyildikdə daha dadlı olur.
Yolotu (buna xalq arasında yaloytu da deyilir) yuyulduqdan sonra duzla ovulub yeyilir. Eyni zamanda xörək kimi də hazırlanır. Suda pörtlədilir. Yağ, soğan, düyü, kartofla birgə bişirilir. Bunu qurudub qışa azuqə kimi də saxlayırlar. Yolotu yurd yerlərində və onun kənarında daha çox bitir.
Qazayağı qazın ayağına bənzəyir. Bu bitki yolotuna qatılıb bişirilir və yeyilir.
Cincilim yurd yerlərində bitir və ondan kətə bişirilərkən istifadə olunur.
Adoyul əkin sahələrində olur. Əkin sahələri şumlandıqdan sonra şumun altından üzə çıxır. Adoyul fındıq boyda və bəziləri ondan bir az iri olur. Yerdən yığıldıqdan sonra yuyulub yeyilir.
Gicitkən əsasən çəpərlərin ətrafında bitir. Yuyulduqdan sonra duzla ovulub yeyilir. Hətta ondan sulu yemək də hazırlanır. Çox faydalı bitkidir.
Yemlik otlaq sahələrində, əkin-biçin sahələrində bitir. Duzla ovulub yeyilir. Faydası çoxdur.
Alaf mal-qoyunun yemi, otu mənasında işlənir.
Alaq//alax əkin sahəsində, bostanda bitən artıq otdur.
Təbiət ahəng və gözəllik üzərində qurulubdur. Ancaq bu ahəngi və gözəlliyi hələ də elm öyrənib sona çatdıra bilməmişdir. Elm təbiəti öyrənə-öyrənə bir həqiqəti də etiraf edir ki, elmin ən böyük müəlliflərindən biri təbiətin özüdür. Doğrudan da, təbiətin özü çox yetkin bir əsərdir. Bunu təbiətin özündən başqa, heç kəs bu cür yaza bilməz, qoruya bilməz və gələcək nəsillərə çatdıra bilməz. Təbiəti öyrənməyən, bilməyən, onunla ünsiyyətə girməyi bacarmayan heç insanlarla da ünsiyyət, əlaqə qurmağı bacarmaz. Təbiətin qədrini bilməyən, təbiətə sadiq olmayan insanların da qədrini biləməz, onlara sadiq olmaz. Dünyada heç nə insan könlünü təbiət qədər fəth edə bilməz. Bizim hər birimiz əhəmiyyətinə varmadan təbiətdən mənəvi və maddi cəhətdən qidalanırıq. Ancaq bununla belə, təbiətin maddi və mənəvi qidası tükənmir, əksinə, insanlara səxavətlə xidmət edir. İnsanlar isə bunun müqabilində təbiətin yetirdiklərini öyrənmir, onların adlarını bilmirlər. Məsələn:
Bulğur ağ buğdadır, qurudularaq qış üçün tədarük edilir. Hədik kimi bişirilir.
Bulul biçin yerində bir yerə topa-topa yığılmış ot.
Çeyil//Cil bataqlıqda, sulu yerdə, torflu sahələrdə bitən ot.
Cumbuz//Çimbiz bitkilərin kökləri ilə bərkimiş torfdur. Onu kvadrat formada kəsirlər.
Cacıx yeməli, yabanı bitkidir.
Camax suyun içində bitən yağlı otdur. Balıqlar onu yeyir.
Cincilim yabanı bitən yeməli bitkidir.
Danaqıran Novruz bayramından sonra qarın altından çıxan çiçək.
Kağan tikanın bir növüdür. Düzənlikdə bitir.
Öküz möçüyü yeməli, özəkli bitkidir.
Pazı çuğundurdur.
Tubulğa dağda bitən koldur.
Dil bir modeldir. Həm də elə bir modeldir ki, o, dünyada mövcud olanların hər birinin məfhum adını özündə cəm edir. Yəni həyatda, məişətdə, təbiətdə, mühitdə nəyi görürüksə, nəyi varlıq kimi anlayırıqsa, onların hər birinin adı dildə bir söz modeli kimi olur. Ona görə də insanların heç birindən asılı olamayaraq söz modellərinin obyektiv real formaları dilin özündə yaranır. Sonralar bu söz modellərinin fonetik, leksik, semantik, qrammatik və s. xüsusiyyətləri mütəxəssislər-dilçilər tərəfindən araşdırılır. Ancaq mütəxəssislər – dilçilər də dilin bütün potensial imkanlarını son həddə qədər qiymətləndirə bilmirlər. Bunun səbəbi onunla bağlıdır ki, dilin potensial imkanlarının yalnız bir qismi aktiv olur, diqqəti cəlb edir və nəticədə mütəxəssis-dilçini düşündürür. Ancaq dilin potensial imkanlarının başqa bir qismi isə passiv olur, diqqəti cəlb etmir və nəticədə mütəxəssisi – dilçini düşündürmür. Məsələn, passiv olan, diqqəti cəlb etməyən mütəxəssisi – dilçini düşündürməyən nümunələr: çilikağac (oyun adı), aşıq-aşıq oyunu (oyun adı), sənək, güyüm (qab-qacaq adı), arxalıx (kişilərin geyindiyi ətəkli, yüngül paltar), araxcın//araxşın (başa qoyulan papaq), urğan (kəndir), tütyə (mis qab) və s. Bu qəbildən olan sözlər həyatımızda, məişətimizdə istifadə olunmayan, ya da çox az istifadə olunan məfhumların, anlayışların adlarıdır. Məhz obyektiv reallıq belə sözlərin tədqiqini arxa plana keçirir. Ona görə də belə sözlərin heç olmasa, aid olduğu sahələr üzrə lüğətini tərtib etməliyik. Əks təqdirdə, bu qəbildən olan sözləri gələcək nəsillər bilməyəcəkdir. Dilin potensial imkanlarının bu cür obyektiv olaraq geriləməsi obyektiv reallığın, inkişafın, tərəqqinin dilin başına oyun açması, dilə hiyləgərlik etməsidir. Bu mənada bəzən elm, elmi-texniki tərəqqi dilin potensial imkanına da ziyan gətirir. Hiyləgərlik alətinə çevrilərək dilin potensialına qılınc çəkir. Məhəmməd Füzuli demişkən: “Elm pis adamların əlində hiyləgərlik alətidir. Amandır, hiyləgər şəxslərə bilik öyrətmə. Fəsad əhlinə elm öyrətmək xalqı qırmaq üçün cəlladın əlinə iti qılınc vermək deməkdir”. Bu mənada elmi-texniki tərəqqi bütün üstünlükləri ilə yanaşı, həm də dilin potensial imkanlarına hücum edir. Keçmiş nəsillərin həyatında, məişətində olan sözlər indiki nəslin düşüncəsindən silinir.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.