BAHAR RİTMLƏRİ

BAHAR RİTMLƏRİ Novruz bayramınız mübarək, əziz dostlar!..
Gün — bulud əsiri, dan yeri küskün,
Yağır, yal-yamacın çəməni yağır.
Göydən Yer üzünə kəkotu, yarpız,
Göydən Yer üzünə səməni yağır.

Hələ yumuludur bahar əlləri,
Qaranquş gəlməyib, dimdiyində su.
Novruz xonçasından bağ ətri gəlir,
Gəlir, gözlərində bahar yuxusu.

İncimi səpilir qar dənəsində?! —
Bənövşə dodağı qaçır torpağın.
Gecikmiş qış baba hər dənəsində,
Elə bil mirvari saçır torpağa.

Üşüyür qar altda aldanmış çiçək,
Bu sazaqlı gün də nahaq deyilmiş.
Əyninə qar geyib gülən təbiət,
Aprel yalanıymış, bahar deyilmiş.

…Elə cilvələnir aşığın təbi,
Əli üzüləmmir saz ətəyindən.
Açır boxçasını axır ki düzlər,
Bənövşə tökülür yaz ətəyindən.

BAHAR RİTMLƏRİ Sinəsi atlanan çəməndən, çöldən,
Çiçək ətri gəlir, yaz ətri gəlir.
Daha şairlərin qələmindən də,
İncə, lətafətli söz ətri gəlir.

Firuzə MƏMMƏDLİ.



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: