Ədəbiyyat dərslərində şagirdlərdə vətəndaşlıq keyfiyyətlərinin formalaşdırılması

Ədəbiyyat dərslərində şagirdlərdə vətəndaşlıq keyfiyyətlərinin formalaşdırılması
Bilal Həsənli
ADPU-nun dosenti,
pedaqoguka üzrə fəlsəfə doktoru,
Əməkdar müəllim



Azərbaycan Respublikasında aparılan təhsil islahatlarında vətənpərvərlik mühüm sosial dəyər, cəmiyyətin mənəvi-əxlaqi birliyinin, dövlətçiliyimizin möhkəmləndirilməsinin əsası kimi ön plana çəkilir. Gənc nəslin ideya-mənəvi tərbiyəsinin əsasında vətənpər-vərlik tərbiyəsi, vətəndaşlıq keyfiyyətlərinin formalaşdırılması durur. Vətəndaşlıq keyfiyyətlərinin formalaşdırılması dedikdə, ilk növbədə hər bir gəncin dövlətçiliyə, dövlət hakimiyyətinə, qanunun aliliyinə hörmət etmək vərdişlərinə yiyələnməsi, xalqa, xalq işinə sədaqət ruhunda tərbiyə olunması, öz «Mən»inin ləyaqət və şərəfini dərk etməsi, onu uca tutması başa düşülür.


Zəngin mənəviyyat xəzinəsi olan folklorumuzda vətənpərvərlik motivləri ön plana çəkilmiş, atalar sözləri, bayatılar, mahnılar, dastanlarda vətənə məhəbbət şəxsiyyətin başlıca keyfiyyətlərindən biri kimi tərənnüm edilmişdir. Ədəbiyyat dərslərində vətən mövzusunda atalar sözləri («Vətənə gəldim, imana gəldim», «Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır», bayatılar («Əzizinəm, dilən gəz, Bağda gülü dilən gəz, Qürbətdə xan olunca, vətənində dilən gəz», “Əzizim, vətən yaxşı, Geyməyə kətan yaxşı, Gəzməyə qürbət ölkə, Ölməyə vətən yaxşı”, “Burda yolum oldu tən, varmı bu yoldan ötən, Bu dünyada şirin şey, Bir anadır, bir vətən» və s.) geniş təhlilə cəlb edilməli, xalqın dünyagörüşündə, mənəvi dəyərlər sistemində vətənpərvərliyin, vətəndaşlıq keyfiyyətlərinin əhəmiyyəti açılmalıdır.

VI, VII, VIII, X siniflərin ədəbiyyat proqramlarında «Kitabi-Dədə Qorqud» dastanlarının öyrədilməsinə xüsusi dərs saatları ayrılmışdır. Ulu babalarımız olan oğuzların yurda məhəbbətinin, igidliyinin, vətənin birliyini göz bəbəyi kimi qorumasının, mənəvi saflığının geniş epik lövhələrdə əks olunduğu bu dastanın öyrənilməsi zamanı şagirdlərdə vətənpərvərlik, milli qürur və ləyaqət hissinin formalaşdırılması üzrə iş aparılmalıdır.

Ədəbiyyat dərslərində vətənə məhəbbət və sədaqət, öz xalqına, onun dilinə, mənəvi dəyərlərinə, mədəniyyətinə ehtiram hissi tərbiyəsi müxtəlif yollarla həyata keçirilir:

- Sənətkarın şəxsiyyəti, həyat yolu, vətənpərvərliklə bağlı fikirlərinin öyrənilməsi;

- bədii əsərin öyrənilməsi zamanı vətənpərvərlik tərbiyəsi imkanlarının reallaşdırılması;

- vətənpərvərlik mövzsusunda əsərlərin sinifdənxaric oxusunun təşkili;

- vətənpərvərlik mövzusunda əsərlər üzrə ədəbi-bədii kompozisiyalar, kitab müzakirələri, disputlar, inşa yazı müsabiqələri, ədəbi ölkəşünaslıq dərnəkləri və s. sinifdənxaric işlərin təşkili.

Əlbəttə, bu və ya digər dərs, sinifdənxaric tədbir nə qədər səmərəli olsa da, onun şagird şəxsiyyətinə təsiri, tərbiyə işinin həqiqi nəticələrinin üzə çıxması uzun vaxt, zaman tələb edir. tərbiyə işi uzunmüddətli prosesdir. Tərbiyə işinin nəticələrinin üzə çıxması bəzən uzun zaman tələb edir. Bu mənada “Dama-dama göl olar” atalar sözünü tərbiyə işinə də aid etmək doğru olar. Gənc nəslin bədii ədəbiyyatla tərbiyəsini, o cümlədən vətənpərvərlik tərbiyəsini ara-sıra deyil, sistemli, müntəzəm iş aparmaqla həyata keçirmək mümkündür.

Təlim prosesində bədii əsərlərin ideya-məzmunundan çıxış edərək şagirdlərdə vətəndaşlıq keyfiyyətləri formalaşdıran məqamlar, milli özünüdərk formalaşdıran sual və tapşırıqlara geniş yer verilməli, inteqrativ təlim imkanları reallaşdırılmalıdır.

C.Məmmədquluzadənin yaradıcılığı şagirdlərdə vətəndaşlıq keyfiyyətlərinin formalaşdırılması baxımından geniş imkanlar açır. Ədibin öz xalqının taleyi, gələcəyi, gənc nəslin vətənpərvər ruhda böyüməsi ilə bağlı düşüncələri bədii, publisistik əsərlərində, o cümlədən, «Anamın kitabı» tragikomediyasında tapmışdır.

Sənətkarın yaradıcılığının tədrisi zamanı «Azərbaycan» və «Millətlər» məqalələri üzərində xüsusi dayanılır. Şagirdlərin nəzərinə çatdırılır ki, keçən əsrin əvəllərində vətənə xidmət, vətəndaşlıq keyfiyyətləri kimi məsələlər bütün kəskinliyi ilə qarşıda dururdu. Bu problemə ədəbiyyat və incəsənət, mətbuat, satirik jurnallar da geniş yer verir, vətənpərvər sənətkarlar qələmi süngüyə çevirib bu amal uğrunda cəmiyyətdə hökm sürən nadanlıq, cəhalət, eqoizmlə çarpışırdı.

Eyni zamanda belə bir cəhət də qeyd edilir ki, həmin dövrdə ölkəmiz rus imperiyasının tərkibində, ikibaşlı qartalın caynağında idi. Belə bir şəraitdə milli ideallardan, vətənpərvərlikdən, vətəndaşlıq keyfiyyətlərindən söz açmaq çar hakimiyyəti orqanları tərəfindən basqılar, təqiblərlə üzləşən sənətkardan böyük cəsarət tələb edirdi.

C.Məmmədquluzadə xalqın azadlıq, müstəqillik idealını əks etdirən «Azərbaycan» məqaləsində yazırdı: «Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oynıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini bina etməyə üz qoydular. Bəs sən haradasan, ay biçarə vətən?!»

Məqalədə ədib nicat yolunun bu sözlərlə bağlı olduğunu göstərir: «Vətən, Vətən, Vətən; dil, dil, dil; millət, millət, millət! Dəxi bu dairələrdən kənar bəni-noi-bəşər üçün nicat yolu yoxdur.»

Məqalədən gətirilən aşağıdakı nümunə də şagirdləri Vətənin taleyi ilə bağlı acı həqiqətlər barədə düşünməyə sövq edir:”Bəzi vaxt otururam, papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram. Özümdən soruşuram ki:

- Mənim anam kimdir?

Öz-özümə də cavab verirəm ki:

- Mənim anam rəhmətlik Zəhrəbanu bacı idi.

- Dilim nə dilidir?

- Azərbaycan dilidir.

- Yəni Vətənim haradır?

- Azərbaycan Vilayətidir.

- Haradır Azərbaycan?

- Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən. Qalan hissələri də Gilandan tutmuş qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxilindədir.”

Müəllifin sözlərinə əlavə olaraq müasir Azərbaycanın xəritəsinə nəzər salınır, erməni-rus birləşmələri tərəfindən torpaqlarımızın daha 20 faizinin, Qarabağ və ətraf rayonların işğal edildiyi, bir milyondan çox həmvətənimizin doğma yurd-yuvasından qaçqın düşdüyü qeyd edilir.

«Anamın kitabı» əsərinin dərsdə təhlili zamanı aşağıdakı məsələlərin müzakirəsinə (qruplar üzrə və kollektiv) xüsusi diqqət yetirilir:

1. Əsərin yazıldığı dövrdə Azərbaycanın ictimai-siyasi, mədəni vəziyyəti (tarix, coğrafiya, din, incəsənətlə əlaqə yaradılmaqla)

2. Zəhrabəyim ana əsərdə nəyi təmsil edir? O, öz övladlarına necə münasibət bəsləyir?

3. Bəs övladların (oğulların və Gülbaharın) anaya münasibəti necədir?

4. Oğulların anaya münasibətinin kökündə nə durur?

5. Doğma torpağa bağlılıq, milli mənəvi dəyərlərin daşıyıcısı hansı obrazlardır?

6. Atanın vəsiyyətindəki başlıca fikir nədən ibarətdir?

7. Sizcə, əsl vətəndaş hansı keyfiyyətlərə malik olmalıdır?

Müzakirə nəticəsində şagirdlərə aydın olur ki, əsərdə ananın kitabı əslində vətənin rəmzidir. Ananın kitabından bixəbər oğulların axırda onun başı üstündə göz yaşı tökməsi ibrətamizdir. Müəllif bununla vətənin taleyinə biganə insanların bir gün bu vətəni itirəcəyini, sonrakı peşmançılığın fayda verməyəcəyini, vətənin nicat yolunun yalnız xalqın birliyində olduğunu göstərir.

Ədəbiyyat dərslərində bədii təhlil prosesində qəhrəmanların daxili aləmi, hərəkət və davranışları, əməlləri vətəndaşlıq mövqeyindən təhlil olunmalıdır. Bədii mətndəki mənəvi ideyanın mənimsə-nilməsi şagirdləri müxtəlif həyati situasiyalarda davranış təcrübəsi ilə zənginləşdirir, onlar yalnız məntiqi nəticələr çıxarmaqla məhdudlaşmır, əsərdəki hiss və düşüncələrə canlı, emosional münasibət bildirir, fəal vətəndaşlıq mövqeyinə yiyələnirlər.

Təcrübə göstərir ki, müasir gənc nəsillə yalnız nəsihət dili ilə danışmaq fayda vermir, ədəbiyyat dərslərində bədii əsərlərdə qaldırılan, şagirdləri düşündürən mənəvi-estetik problemlər üzrə dialoq, diskussiya aparılması daha faydalı və zəruridir.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: